Azadlıq uğrunda mübarizənin keşməkeşli yolu...
Biz bilirdik ki, SSRİ imperiyadır. Moskva hakimiyyəti bu düşüncəyə qarşı nə qədər mühafizəkar davransa da, bu haqda açıq danışmaqdan çəkinmirdik. Amma mübarizənin qalibiyyətlə bitəcəyindən əmin deyildik. Çünki, sovet hakimiyyətinin gücü haqqında bizdə elə bir mif yaradılmışdı ki, onun dağılmasını təsəvvür edə bilmirdik. Yadımdadır, 1979-cu ildə, S.M.Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlər Universitetinin jurnalistika fakültəsinin 4-cü kursunda oxuyarkən bu barədə tez-tez müzakirə aparırdıq. Arzulayırdıq ki, “kaş, Böyük Buzlaq dövrü təkrarlanaydı, bəlkə, onda Rusiya buz altında qalar və biz irticanın əsarətindən qurtulardıq”.
Rusiyanın hökmranlığı altında SSRİ hökuməti Azərbaycanın sərvətlərini daşıyıb aparmaqla kifayətlənmir, üstəlik ermənilərin başına xalta keçirərək tula kimi böyründə bəsləyir və tez-tez ərazi iddiaları ilə bizim üstümüzə hürdürürdü. Bu, açıq-aşkar imperiya siyasəti idi. Xalqların arasına nifaq salıb “böyük qardaş” simasında onların arasına girmək və sülh adı altında istismar etmək. Mən jurnalistika fakültəsində təhsil alsam da, iqtisadiyyatı səylə öyrənirdim. Xüsusilə, Karl Marksın “Kapital” əsəri mənim üçün iqtisadi və bunun üzərində siyasi həyatı dərk etməyin açarı idi. Bu əsəri oxuyub öyrənəndən sonra anlamışdım ki, sosializm cəmiyyətini bəh-bəhlə tərifləyən SSRİ dağılacaq. Çünki, iqtisadiyyatı zəif olan ölkənin gələcəyi olmur, ya başqa ölkə tərəfindən əsarət altına alınır, ya da öz-özünə dağılıb parçalanır və müstəqilliyini itirir. Hətta sosialist iqtisadiyyatının qeyri-legitimliyi haqqında fikirlərimi seminarlar zamanı açıq bildirirdim. Bu danışıqlar hökumət əleyhinə deyildi, sadəcə, iqtisadi qeyri-məntiqsizliyi deyir və geriliyin əsas səbəbi sayırdım. Bir dəfə iş o yerə çatdı ki, seminar müəllimimiz Ramazan Filiyev tənəffüsdə məni yanına çağırıb bu cür fikirlərdə ehtiyatlı olmağı tövsiyə etdi. “Biz də bilirik, ancaq hökumət bu cür düşünənləri sevmir, ehtiyatlı ol”-dedi.
İndi elə bir zaman gəlib çatmışdı. SSRİ dağılmaq ərəfəsindəydi. Hər şey barədə ölkənin hər yerində açıq müzakirələr gedirdi. Hətta ittifaq ( oxu “imperiya”-müəl.) mətbuatında da. 1990-cı ildə Moskvada çıxan “Literaturnaya qazeta”da bir səhifəlik yazı dərc olunmuşdu. Müəllifi keçmiş DTK (KQB) səlahiyyətlisi idi. O, faktlarla xəbər verirdi ki, hələ Andropovun dövründən SSRİ DTK-sı gizli şəkildə ölkə iqtisadiyyatını təhlil edərək belə bir nəticəyə gəlmişdi ki, iqtisadi göstəricilərə görə ölkə tezliklə uçuruma yuvarlanacaq, yəni, dağılacaq. Bunun qarşısını almaq üçün plan da hazırlanmışdı: rəhbərlik müxtəlif yollarla ölkəni dağıdır, vəhşi kapitalizm yaradır və sonradan “zəhmətkeşlərin” tələbi ilə imperiya yenidən qurulur. Bu haqda siyasi büro üzvlərinə müvafiq arayış da təqdim olunmuşdu.
Belə bir başıpozuq situasiyada Azərbaycan, ümumiyyətlə müttəfiq respublikalar, ilk növbədə müsəlman-türk respublikaları, açıq şəkildə bəyan edilməsə də, ayaqlar altında əzilməli və nəticə etibarı ilə daha böyük ölçüdə təcavüzə məruz qalaraq əsarətə razı olmalıydı. Mən jurnalsit kimi bu cür məsələləri diqqətlə izləyir, təhlil edir və belə qənaətə gəlirdim ki, biz bu situasiyadan istifadə edərək azadlığa nail olmalıyıq. Lakin işi çətinləşdirən problem vardı. Beynəlxalq siyasi mafiya kimi strukturlaşan erməni diasporu Qərbə və Rusiyaya ciddi təsir imkanları yaradaraq Ermənistanın ərazilərini Azərbaycan hesabına genişləndirmək istəyirdi. Bunun üçün də Moskvanın və Avropa ölkələrinin, habelə ABŞ-ın razılığı və yardımı ilə Azərbaycanın Qarabağ bölgəsini ələ keçirmək planıı işə salınmışdı. Kreml strateqlərinin məqsədi ilk növbədə Azərbaycanı daha iri zəncirlərlə hörümçək toru kimi bürümək idi. Çünki, “Ermənistan” adlı əldəqayırma dövlət məhz Azərbaycanın əzəli torpaqlarında yaradılmışdı və vaxtilə bəşəriyyətə meydan oxumuş Türk sivilizasiyasının mərkəzində çürümüş appendisit rolunu oynayırdı. Onu aradan qaldırmaq olmazdı, əks halda Türk dünyası yenidən dirçələrdi və Rusiya imperiyası və Qərbin gözqamaşdırıcı inkişafı kölgədə qalardı. Əslində isə Türk dünyasının baş qaldırması imperiyaların müstəmləkə siyasətlərinə güclü zərbə olardı. Dünya gücləri üçün ən böyük təhlükə bu idi.
Vəziyyət nə qədər ağır olsa da, Moskvadan Bakıya beynəlmiləlçilik adı altında nə qədər təzyiq olsa da, imperiyanın siyasəti Azərbaycanda asan yerimirdi. Xalq ayağa qalxmışdı. Qarabağın rus-erməni quldur dəstələri tərəfindən işğalı prosesi rəvan getmirdi. İttifaq və dünya siyasətçiləri heyrət içində idilər. Onlar gözləmirdilər ki, bir neçə əsr rus şovinizminin zülmündən əziyyət çəkən Azərbaycan xalqı bu qədər əzmkar ola bilər. Buna görə də azərbaycanlılara dərs vermək lazım idi. Bu səbəbdən də Sov.İKP-nin baş katibi Mixail Qorbaçov və onun ermənipərəst ətrafı, yəni Kreml ictimaiyyətdə belə bir rəy formalaşdırmağa çalışırdılar ki, guya SSRİ-də demokratiya qurulur, xalqlar azadlığa çıxır və bu konteksdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər müstəqil dövlətlərini qurmaq istəyirlər. Hamı – biz, ruslar, qərbdə yaşayan alimlər yaxşı bilirdilər ki, Qarabağ Azərbaycan torpağıdır. Hamı bilirdi ki, ermənilərin heç vaxt dövlətçiliyi olmayıb. Onların tarixləri də, Ermənistan respublikası da saxtadır. Amma uzun əsrlər boyu ermənilərə imkan yaratmışdılar ki, özlərinin qədim və “dənizdən-dənizə” uydurma dövlətləri haqda yalan salnamələr yazıb muzeylərin və kitabxanaların arxivlərini doldursunlar.
Ermənilər Kremlin və Qərbin planlarından xəbərdar idilər. Buna görə də Qarabağda yaşayan azərbaycanlılarla söhbətlərində yarızarafat-yarıciddi deyirdilər ki, bu torpaqlar bizimdir, yaxşı olar ki, başqa yerlərə köçüb gedəsiniz. Hətta onlar Azərbaycan əleyhinə mitinqlərə başlayandan sonra bildirdilər ki, Qarabağı Fələstinə çevirəcəklər, yəni, daimi münaqişə ocağı yaradacaqlar.
1988-ci ildə Stepanakertdə (Xankəndidə) separatçıların mitinqi tüğyan edəndə Ağdamda yaşayan və məşhur 1 nömrəli məktəbdə 35 ilə yaxın idman müəllimi işləyən, yeri gəlmişkən, o, mənə də idmandan dərs deyib, Dorik Baqdasarov adlı erməni öz hökmü ilə Stepanakertə gedib mitinqdə çıxış etdi və erməniləri “ağıllarını başlarına yığmağa” çağırdı. O deyirdi: “Biz bu torpağın çörəyini yeyirik, onun sahiblərinə qarşı çıxmağımız ağılsızlıqdır”. Birinci dəfə ermənilər Doriki fitə basıb tribunadan düşürdülər. Lakin bir həftə sonra o, yenidən eyni məzmunda çıxış edəndən sonra separatçılar onu meşəyə aparıb qətlə yetirdilər.
Bütün bunların fonunda Azərbaycan xalqı ayağa qalxdı və var gücü ilə erməni separatizmini müdafiə edən Kreml siyasətçilərinin əleyhinə güclü nümayişlərə başladı. Nümayişçilərin gözünü qorxutmaq, erməni silahlı quldurlarının işini asanlaşdırmaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet silahlı qüvvələri Azərbaycana yeridildi. Həmin vaxt mən “Azərelektromaş” Elm-İstehsalat Birliyində dərc olunan “Sabah yeli” çoxtirajlı qəzetinin redaktoru, eyni zamanda kommunist partiyasının rayon partiya komitəsi hüququnda olan birlikdəki partiya təşkilatı katibinin ideoloji işlər üzrə müavini idim. Ayın 19-u səhər “Kommunist” nəşriyyatının mətbəəsində qəzetin növbəti nömrəsini çapa hazırlayırdım. Saat 8-də işə başlamışdım və qrafik üzrə saat 12-də qurtarmalı idim. Ancaq saat 10.30-da xəbər gəldi ki, artıq sovet qoşunları Bakının ətrafına toplaşıb. Başa düşdüm ki, erməni separatizminə və imperiya əleyhinə mitinq edənləri edam gözləyir. Çünki, məlum məsələ idi ki, şəhər ətrafındakı qoşunlara şəhərdaxili hərbi hissələrdəki qoşunlar da qoşulacaqdılar. Amma sonra aydınlaşdı ki, şəhərdəki hərbi hissələrə Rusiyadan xeyli əsgəri bölmələr gətirilib. Baş verə biləcək mümkün qırğının qarşısını almaq üçün Xalq Cəbhəsinin çağırışı ilə şəhərdəki hərbi hissələrin ətrafına toplaşıb əsgərlərin küçələrə çıxmasının qarşısını almaq lazım idi. Buna görə də mətbəədəki işi yarımçıq saxlayıb iş yoldaşlarım və həmfikirlərimlə birlikdə Bakının mərkəzində yerləşən və əhali arasında “Salyanski kazarma” adlandırılan hərbi hissəyə getdim. Açığı bildirim ki, mən cəbhəçi deyildim, cəbhəçilərin fəaliyyətini də təqdir etmirdim, çünki, onların taktiki və strateji cəhətdən fəaliyyət istiqamətlərini səhv sayırdım. Məni bir neçə dəfə Azərbaycan Xalq Cəbhəsinə qoşulmağa dəvət etsələr də, razı olmamışdım. Lakin rus qoşunlarının hücumlarına qarşı durmağa gedəndə qəlbimdəki vətən məhəbbəti və vətəndaşlıq borcunun məsuliyyəti altında qərar vermişdim.
Hərbi hissənin ətrafı hasar idi və şəhərə çıxış üçün bir neçə qapısı vardı. Mən əvvəlcə “taksimotor” müəssisəsi tərəfdə olan qapıya yaxınlaşdım və saat 17:00-a qədər orada keşik çəkənlərlə birgə oldum. Buraya toplaşanların sayı təxminən 200 nəfərə yaxın idi. H/hissənin hasarı dəmir cağlardan qurulmuşdu və bu səbəbdən onun həyəti aydın görünürdü. Həyətdə nizami ordunun əsgərlərinə oxşamayan, amma əsgər geyimində olan adamlar vardı. Saat 16:00-da hasara yaxınlaşaraq həmin adamlardan birini yaxına çağırdım. Məqsədim onun kimliyini öyrənmək idi. Bizim aramızda rus dilində belə bir dialoq oldu:
“-Salam.
-Salam.
-Siz burada nə edirsiniz?
-Bizə deyiblər ki, burada yaraqlılar dinc erməniləri qırırlar, gətiriblər ki, onları müdafiə edək.
-Erməniləri qırırlar?!
-Bəli, bizə belə məlumat verilib.
Mənim əynimdə kostyum, köynək və qalstuk vardı, paltoda idim. Paltonun düymələrini açıb yana fırlatdım.
- O yaraqlı deyilən adam mənəm. Bax, gör mənim silahım var?
O diqqətlə baxıb, yoxdur dedi.
-Əgər silahım yoxdursa, mən erməniləri necə öldürə bilərəm?
O çiyinlərini çəkdi.
Mən SSRİ Jurnalistlər İttifaqının bütün SSRİ-də hörmət bəslənilən üzvlük biletini çıxarıb ona göstərdim.
-Mən jurnalsitəm, qatil deyiləm, əslində isə bizi öldürürlər, yəni bizim Qarabağ bölgəmizdə yaşayan ermənilər azərbaycanlıları öldürür, evlərindən qovur, torpaqlarımızı Ermənistana birləşdirmək istəyirlər.
-Mən də adam öldürən deyiləm, Saratov şəhər partiya komitəsində təlimatçı işləyirəm. Gecə ilə həyəcan siqnalı verib, hərbi vəzifəliləri hərbi komissarlığa çağırdılar və harasa apardılar. İndi bilmişik ki, bu şəhərdəyik.
-Ailəlisən?
-Hə, iki qızım var, 32 yaşındayam.
-Təsadüfə bax, mən də 32 yaşımdayam və iki qızım var.
Həmsöhbətim dərhal bildirdi ki, onlar baş verənlərdən xəbərsizdirlər və bu haqda ətraflı öyrənmək istəyirlər. Buna görə lazımdır ki, biz hərbi hissənin klubunda hərbçilərə məsələnin həqiqi mahiyyətini izah edək. Bunun üçün o, qərargaha getdi ki, komandirdən icazə alsın və h\hissənin klubuna yığışıb məni dinləsinlər. Ancaq bir dəqiqə sonra komandirin əmri ilə hərbi hissənin içərisində hasardan 10 metr məsafədə, bayırdan isə 5 metr məsafədə dayanmaq əmri verildi. Məlum məsələ idi ki, imperiya siyasətçiləri həqiqəti xalqdan və ordudan gizlədirdilər.
Dəstəmizə AXC adından tez-tez əlaqələndiricilər gəlir, rus qoşunlarının hərəkət istiqamətləri barədə dəqiq olmayan səthi məlumatlar verir, postumuzda möhkəm durmaq çağırışı edirdilər. Mən həmin adamların sözlərinə əhəmiyyət vermir, daha çox müstəqil hərəkət etməyi düşünürdüm. Ancaq, hər bir halda 5 min nəfərin çalışdığı bizim istehsalat birliyinin əksər üzvləri mənimlə məsləhətləşir və sözlərimə diqqət edirdilər. Onların sırasında AXC üzvləri də vardı. Bunun səbəbi o idi ki, mən jurnalist kimi həmişə fəhlələrin mənafeyini müdafiə edirdim və dəfələrlə məmurların haqsızlığına məruz qalmış şəxslərin işdən qovulmasının qarşısını almışdım. Onlar mənə inanırdılar.
Saat 17:00-da biz dostlarımızla danışdıq ki, evə gedib yemək yeyək və axşam saat 20:00-da qayıdaq postumuza. Sadə şəkildə düşünürdük ki, sovet ordusu öz “xalqına” güllə atmaz. Bütün bu həngamələr bizi qorxutmaq üçündür. Ancaq, bəzi hallarda soldatların atəş açacaqları barədə də fikirləşirdik və bu fikir bizi qeyzləndirirdi. Özümüzə söz verirdik ki, atəş açılacağı təqdirdə geri çəkilmək söhbəti yoxdur. Ölərik, amma torpaqlarımızı düşmənə vermərik. Silahımız, ordumuz olmadığı üçün özümüzü qurban verməklə qalib gəlmək arzusu bizdə güclü idi.
Axşam saat 8-də danışdığımız kimi “Nizami” metrostansıyasının qarşısında toplaşdıq. Bəzi yoldaşlarımız gecikdiyindən onları təxminən yarım saat gözlədik. Həmin müddətdə bir neçə dəfə təxribatçı qrupların həmlələri ilə qarşılaşdıq. Məsələn, bir neçə yeniyetmənin əyləşdiyi avtobus dəstəmizə yaxınlaşaraq bərkdən elan etdilər ki, gəlin gedək filan yerə, sizlərə silah paylanacaq və qoşunlara silahlı müqavimət göstərəcəyik. Onlar cəbhənin adından danışır, cəbhəçilər isə onların guya Ayaz Mütəllibovun adamları olduğunu bildirirdilər. Mən isə anlayırdım ki, bu təxribat Moskvaya işləyən KQB-nin (DTK) işləridir. Kremldə yaxşı bilirdilər ki, azərbaycanlılarda silah yoxdur. Onlar öz işğalçı planlarına həqiqət donu geyindirmək üçün bu cür təxribatlara əl atırdılar. Camaat onların bu təxribatlarına uymadılar.
Saat 21:30-da biz müəssisəmizin “dyadya Kolya” deyə çağırdığımız rus sürücünün idarə etdiyi “İkarus” markalı avtobusla Salyan kazarmasına getdik, amma bu dəfə Dövlət Statistika Komitəsinin qarşısından keçən yolla kazarmanın digər qapısı ağzında keşik çəkməyə başladıq. Hərbi hissənin darvazası qarşısında bizimkilər də daxil olmaqla azı 500 nəfər vardı. Biz gəzişir, söhbətləşir, müzakirələr aparırdıq. Yanımda elm-istehsalat birliyinin hüquq şöbəsinin müdiri, hüquqşünas, əslən Gəncədən olan Telman Rüstəmov vardı. Daha sonra mühasibatlıq şöbəsi müdirinin müavini ağdamlı Seymur Abdullayev və birliyin rəssamı Həmid Cəfərov ( o, Füzulidən idi) mənə yaxınlaşdılar. Vəziyyət barədə soruşdular, nə etməli olduğumuzu öyrənmək istədilər. Əsas sual bu idi ki, rus soldatları bizə atəş açacaqlar, ya yox? Mən cavabı dəqiq bilməsəm də, yerimizdə möhkəm dayanmağı tövsiyə edirdim. Açığı, özüm artıq ölümü gözümün altına almışdım, çünki, düşünürdüm ki, bu gün biz düşmənə heç olmasa mənən qalib gələ bilsək, onda ölkəmizin azadlığı, müstəqilliyimiz barədə açıq fikirləşə bilərik. Yəni, bu axşam istibdadın qırılma anı ola bilər.
Axşam saat 10-da kazarma ətrafında yaşayan rus zabitlərinin ailələri (arvad-uşaqları) silahlı əsgərlərin müşayiəti ilə kazarmanın içərisinə aparıldı. Bu ərəfədə bir polkovnik kazarmadan çıxaraq nümayişçilərin əllərində olan və rus dilində yazılmış “Əsgərlər, dinc nümayişçilərə atəş açmayın”, “Sovet əsgərləri, bizi erməni yaraqlılarından qoruyun!” kimi şüarların yığışdırılmasını tələb etdi. O bildirdi ki, guya AXC rəhbərliyi ilə danışıqlarda razılığa gəlinib ki, heç bir təbliğat aparılmasın. Uşaqlar bu tələbə əməl etdilər. Sonra isə hərbi hissənin həyətində zirehli texnikanın manevrləri başladı. Texnikanın saldığı səs-küy adamın beyninə işləyirdi.
Saat 23:45-də əvvəlcə taksimotor tərəfdən ilk atəş səsləri gəldi. Dəqiqələr keçdikcə atəşin intensivliyi də artır və genişlənirdi. Güllələrin uçuş trayektoriyasından görünürdü ki, havaya atəş açılır. Seymurla Həmid mənə yaxınlaşıb orada qalıb qalmamağı soruşdular. Bildirdim ki, heç yana getmək lazım deyil. Lakin onlar öz aralarında məsləhətləşib getdilər. Sonra Telman mənə yaxınlaşdı. Soruşdu ki, orduda olmusan. Bildirdim ki, universitetdə hərbi kafedrada dərs keçmişəm, 5-ci kursdan sonra isə 3 aylıq hərbi toplanışda olub, hərbi və taktiki təlimləri öyrənmişəm. Axırda da dövlət imtahanı verib leytenant rütbəsi qazanmışam. Hərbi vəzifəm vzvod komandiridir. O dedi ki, atılan güllələr qadağan olunmuş işıqsaçan güllələrdir. Cavab verdim ki, hər nə olur olsun, biz ölümlə də olsa ordunun qarşısından qaçmamalıyıq. Daha sonra AXC üzvü olan maştağalı mühəndis Mikayıl və Füzulidən olan fəhlə Barat mənə yanaşdılar. Mikayıl cibindən bir RQD qumbarası çıxarıb göstərdi və soruşdu:
-Camaata atəş açılsa qumbaranı soldatlara tərəf atsam necə olar?
-Bu səndə hardandır? -təəccüblə soruşdum.
-Cəbhədən veriblər – dedi.
-Neçə dənə qumbara varındır?
-Elə budur, - dedi.
-Bir qumbara ilə nə edəcəksən? Uzağı iki-üç soldat öləcək, amma bunu bəhanə edib minlərlə soydaşımızı öldürəcəklər. Qətiyyən olmaz!
Mikayıl mənimlə razılaşdı. Saat 23:55-də qəfildən əsgərlər hücuma keçərək üzərimizə gəldilər. Əsgərlərin haradan hücuma başladıqları ilk anda bilinmədi. Qarşımızdakı darvaza bağlı idi. Heç demə, darvazanın sağ tərəfində, hasarın küncündə piyadalar üçün kiçik qapı da var imiş, hücuma oradan keçiblər. Hücum edənlər əllərində avtomat, atəş aça-aça üstümüzə yüyürürdülər. Bir anda aləm bir-birinə dəydi. Güllə yağışı altında adamlar hara gəldi, necə gəldi qaçıb canını qurtarmağa çalışırdı. Mən isə var gücümlə qışqıraraq əllərimi yana açıb “Hara qaçırsınız?” -deyə, camaatı saxlamağa çalışırdım. Heç cür inanmağım gəlmirdi ki, soldatlar adamlara atəş açarlar. Bir neçə saniyə içərisində meydan seyrəldi və baxdım ki, əllərim havada soldatların qarşısında tək dayanmışam. Bu vaxt dyadya Kolya “ikarusu” götürüb aradan çıxmağa çalışdı. Artıq avtobusun içərisində iki meyit vardı. Bunlar tatar balası Ferqat Tutqamışev və xaçmazlı Abdullayev idilər. Avtobusun içərisi nisbətən hündür olduğu üçün güllə onlara dəymişdi. Yol basırıq olduğundan avtobus çox aşağı sürətlə hərəkət edirdi. Bir soldat avtomatla arxadan “ikarus”un gövdəsinə atəş açdı. Digər maşının ani düşən işığında güllələrin avtobusun gövdəsinə necə dəydiyini gözlərimlə gördüm. Maşın yolu tutulduğundan adamların bir qismi adi addımlarla üzüaşağı getməyə başladı. Lakin hərəkət etmək çətin idi, səkilərdə camaatı bura gətirən avtobuslar dayanmışdı. Daha onları hərəkətə gətirib getmək mümkün deyildi. Buna görə də avtobusların arxasındakı hasar boyunca bir adamın güclə gedə biləcəyi dar cığırla bir-bir getməyə başladıq. Mən birinci dayansam da, adamları bir-bir yola verib, axırda getməyi düşünürdüm. Məndən əvvəlki sonuncu kişi keçəndə əynindəki gödəkçə (teleqrika) avtobusun buferinə ilişdi. Əvvəl bunu sezmədim, keçmək istəyəndə kişi məsələni izah etdi və mən geri çəkildim ki, o, gödəkçəsini çıxarda bilsin. Bu vaxt kürəyimə nəyinsə toxunduğunu hiss etdim. Geri dönəndə baxdım ki, soldat avtomatın lüləsini kürəyimə dayayıb. O hər an atəş aça bilərdi. Nə edəcəyimi bilmədim, çox həyəcanlansam da əlacsız vəziyyətdə astadan gülüb “Ə, bir az cəld ol, bu köpəkoğlu avtomatı dirəyib belimə”, - dedim. Ancaq atəş açılmadı və mən kazarmanın qarşısından sonuncu olaraq uzaqlaşdım. Ancaq çox uzağa getmədim. Mitinqçilərdən təxminən 35-40 nəfər 20-25 metrlik məsafədə ayaq saxlayıb Moskvanın, kommunist partiyasının, baş katib M.Qorbaçovun ünvanına ittihamedici şüarlar səsləndirməyə başladıq. Biz artıq bilirdik ki, orada xeyli sayda yaralılar var və küçələrdə fırlanan təcili yardım maşınlarını oraya göndərməyə çalışırdıq. Yaralılardan xəbərimiz yox idi. 6 təcili yardım maşınını kazarmanın qarşısına, yaralılara kömək üçün göndərsək də, onları geri qaytardılar.
Uzun illər ərzində döyüş qabiliyyətinin yüksək olması ilə fəxr etdiyimiz sovet ordusunun soldatları qarşımızda, 20-25 metrlik məsafədə diziüstə atəş mövqeyi tutaraq silahlarını bizə tuşlamışdılar. Güllə yağışının saçdığı işıqlar atəşfəşanlığı xatırladırdı və təəssüf ki, bu mənzərə insanlara sevinc yox, ölüm bəxş edirdi. Təxminən yarım saat həmin ərazidə qaldıqdan sonra dəstəmizdə qərara gəlindi ki, mərkəzi komitənin qarşısına gedək. Çünki, xəbər gəlmişdi ki, orada böyük kütlənin iştirakı ilə etiraz mitinqi keçirilir.
Hardansa uşaqların urcahına keçmiş sovet dövrününü təcili yardım maşınının markasından olan UAZ-a 15-ə yaxın adam doluşmuşdu. Biz Sovetski küçəsi ilə MK-nın binasına doğru hərəkət etdik. Nərimanovun heykəlini keçəndən sonra maşından düşdük və yolumuza piyada davam etdik. MK-nın təzə binasının yarımçıq qalmış ikinci korpusunun karkasları arasında əlində silah ora-bura hərəkət edən soldatların gecə qaranlığında siluetləri güclə sezilirdi. Artıq mən başa düşürdüm ki, vəziyyət olduqca gərgindir və sovet ordusu hər cür qəddarlığa hazırdır. Axı, biz nə etmişdik? Sadəcə, torpaqlarımızın işğal edilməsinə qarşı çıxırdıq.
MK-nın qarşısında bəlkə də 15-20 min adam vardı. Orada mikrofon qoyulmuşdu və natiq “Qeyrət” adlı təşkilatın adından danışırdı. Bu, tanınan mübariz təşkilat deyildi və birdən-birə meydana atılması mənə qəribə gəldi. Məndə olan məlumata görə, təşkilatın sədri universitetin filologiya fakültəsində dərs deyir və tələbələrin onun haqqında fikri mənfidir. Düşündüm ki, KQB-nin planıdır. Aydın görünürdü ki, xalqın üzərinə qoşun yeridənlər hər bir detalı fikirləşmişdilər. Mikrofondan danışan şəxs Avropada yerləşən Qərbin “Azadlıq” radiosunun Azərbaycan bölməsinin rəhbəri Mirzə Xəzərlə əlaqə yaradır və meydandakılar Mirzənin səsi ilə sovet qoşunlarına qarşı respublikamızın müxtəlif regionlarında quraşdırılmış barrikadalardakı vəziyyət barədə məlumat verirdi. Elə oradaca mikrofondan soldatların atəşlərindən həlak olmuş vətəndaşlarımızın harada basdırılması müzakirə edilərək yer seçildi. Bunun üçün Dağüstü park məqbul sayıldı. Adamlar gərginlik içərisində yeni xəbərləri gözləyirdilər. Bu arada yeniyetmə bir oğlanın hardansa tapıb geyindiyi əsgər şineli diqqətimi cəlb etdi. Şinel onun əyninə böyük idi və yerlə sürünürdü. Yeniyetmənin əlində içərisinə yarıya qədər kerosin tökülmüş butulka vardı. Guya ki, bu, “molotov” kokteylidir və oğlan tanklarla müharibəyə hazırlaşıb. Təbii ki, bu yalnız görüntü yaratmaq üçün idi və uşaq fantaziyasının məhsulu ola bilərdi. Yaxud da təxribatçılar əldə dəlil etmək üçün onu belə aldadıcı hərəkətə sövq etmişdilər.
Kənardan baxanda belə görünürdü ki, ortada xaotik fəaliyyət var və nə etmək lazım olduğunu kimsə bilmir. Ancaq az-çox prosesin mahiyyətini bilənlər, məsələn, mən özüm görürdüm ki, hadisələr gizlincə idarə olunan ssenari üzrə inkişaf edir. Çünki, təxminən saat ikinin yarısında MK-nın qarşısına ZİL-130 markalı yük maşını sürətlə daxil oldu. Mikrofondan elan edildi ki, AXC-nin Nəsimi təşkilatının Daşqın adlı sədri gəlib və yeni xəbərlər gətirib. Həmin şəxs çıxış etdi və həyəcanla bildirdi ki, soldatlar müxtəlif istiqamətlərdən şəhərə hücum ediblər, insanlara atəş açıblar, yüzlərlə adam ölüb və onun sürdüyü yük maşını da atəşə məruz qalıb, sadəcə təsadüf nəticəsində ona güllə dəyməyib. Üstəlik bəzi yerlərdə mitinqçilərin barrikada quraraq ciddi müqavimət göstərdiklərini, tezliklə sovet tanklarının bu meydana daxil olacaqlarını sözlərinə əlavə etdi. Dərhal kimlərsə müzakirələrə başladı və qərara aldılar ki, burada da barrikada qurulsun. Daşqın adlı şəxs gətirdiyi yük maşınını işə saldı və dala-qabağa sürməklə ajiotaj yaradıb əvvəlcə küçənin tinində olan gözətçi budkasını vurub aşırdı, maşını da çəpəki saxlayaraq yolu kəsdi. Yaxınlaşıb güllələnmiş avtomaşını nəzərdən keçirdim. Sürücü tərəfdən qapı açıq idi və qapının astarı nədənsə çıxarılmışdı. Qapının aşağı tərəfində 3 deşik vardı. Yəqin ki, güllələrin açdığı dəliklər idi. Düşündüm ki, necə ola bilər ki, sürücüyə güllə dəyməsin. Bu bir az müəmmalı görünürdü.
Mitinq davam edir, sovet hökumətinin, rus ordusunun, istibdadın əleyhinə şüarlar səsləndirilirdi. Daha bir neçə dəqiqə keçdi. Bu vaxt uzaqdan tankların gurultusu eşidilməyə başladı. Gurultu getdikcə yaxınlaşır, kütlənin həyəcanı və narahatlığı artırdı. Saat 3-ə 20 dəqiqə işləmişdi. Kommunist küçəsinin aşağısından yuxarıya doğru işıq seli sürünəndə hamıya agah oldu ki, tanklar “Baksovet”ə yaxınlaşır. Bir anda adamlar labüd ölüm qarşısında meydandan qaçıb uzaqlaşmağa çalışdı. Mən birinci dəfə idi ki, insan kütləsinin canını qurtarmaq üçün kütləvi qaçışını görürdüm. Bu əsil fəlakət mənzərəsi idi. Adamlar vahimə içərisində neçə gəldi özlərini kol-kosa vuraraq Fəvvarələr bağına, oradan isə İçərişəhərə dürtülməyə can atırdı. Yer dar, minlərlə insan, qaranlıq, bir basabas vardı ki, gəl görəsən. Təxminən 3 dəqiqə ərzində meydandakı adamların sayı yarıbayarı azaldı. Amma gözəyarı hesablamaya əsasən meydanda 5-6 min insan qaldı. Artıq tanklar Bakı Şəhər İcraiyyə Komitəsinin tininə çatmışdı və ilk olaraq üzərlərində quraşdırılmış güclü projektorlar hər yanı işıqlandırdı. Güclü işıq gözlərimi qamaşdırdığı üçün daha çox ətrafa baxırdım. Baxır və düşünürdüm ki, bu daha sondur. “Nə edim” sualına bir an içərisində cavab verməli idim. Ya qaçıb canımı qurtarmaqla ömür boyu öz qəlbimdə gözükölgəli yaşamalı, ya da ölümü qəbul edib həyatıma şərəflə son qoymalıydım. Qətiyyətlə ikincini seçdim. Özümə təskinlik verdim ki, mən müvəqqəti, vətən isə əbədidir. Əgər tankın qabağından qaçmayıb könüllü ölümə getsəm, bu, işğalçıların inamına böyük zərbə olacaq. Bu fikirlərlə qəddimi düzəltdim və yolun ortasında şax dayanıb gözümü tanklara dikdim. Hamı kənara çəkilmişdi, yolun ortasında cəmi 3 nəfər qalmışdıq. Ölümü düşünə-düşünə valideynlərim və körpə qızlarım gözlərim önünə gəldi. Mən qəddar insan deyildim. Uşaqlıqdan doğmalarımın dərd-sərini görəndə Allaha yalvarırdım ki, onlara gələn qada-bəla mənə gəlsin. Ata-anam mənimlə nəfəs alırdılar. Qızlarım doğulandan çalışırdım ki, vətən üçün can yandıran vətəndaş kimi böyüsünlər. Düşündüm ki, əgər mənim ölümüm vətənin azadlığına zərrə qədər xeyir versə, övladlarım azad ölkədə böyüyəcəklər. Ümid edirdim ki, valideynlərim də Qarabağın işğalına qarşı çıxdığım üçün fəxr edəcəklər. Nə qədər ürəyiyumşaq olsam da azadlıq uğrunda hər cür cəfaya dözməyə təpərim vardı.
Tanklar metronun önünə çatanda səkilərdə qərarlaşmış kütlənin içərisində bir hərəkətlilik yarandı, görünürdü ki, hamı nəyin baş verə biləcəyini duyurdu. Birdən müxtəlif istiqamətlərdən təxminən 10-12 nəfər yeniyetmə və cavan oğlan küçənin ortasına qaçdı və dəstə halında bizdən qabağa keçib qol-qola girdilər, cəsarət və mətanətlə tankın qarşısında canlı divar qurdular. Ölümün başları üzərində fırlandığı bir məqamda insanların bu fədakarlığı adamı riqqətə gətirirdi. Həmin səhnə vətən məhəbbətinin necə ülvi hiss olduğunun təbii göstəricisi idi. Tankların canlı divara çatmasına bir neçə metr qalmış bizimlə yanaşı səkidə hadisələri izləyənlər arasında bir silkinmə baş verdi və təxminən 18-20 yaşlarında gənc bir qız onunla qol-qola dayanmış iki yaşlı qadının əlindən sıyrılıb çıxdı. Bu zaman onu tutmağa çalışan qadınların əlində qızın paltosu ilişib qaldı və o səkidən qaçaraq gəlib hamıdan qabağa keçən qız yolun tən ortasında sinəsini irəli verib tankların qarşısında dayandı. Onun əynində ağ sviter və uzun qara yubka vardı. Uzunboğaz çəkmələri də qara rəngdə idi. Başını dik tutub qürurla durmuşdu. Bir anda meydanda möhtəşəm vətənpərvərlik səhnəsi yarandı. Mənzərənin nəfəskəsən mübariz sükutunu tankların gurultusu batıra bilmirdi. Əksinə, projektorların gur işığı fonunda gənc qız əzəmətli azadlıq rəmzi kimi görünürdü. Görünürdü yox, bu, məhz belə idi.
Öndə gələn tankın sürücüsü qızın lap burnunun ucunda əyləci kəskin basdı, ağır texnika yerində irəli-geri yırğalandı və tankın uzun lüləsi qızın qarşısında baş əyirmiş kimi aşağı-yuxarı yelləndi. Həmin an kütlənin içindən gələn iniltili uğultu qəlbləri titrətdi. Çoxları elə düşündü ki, tankın lüləsi indicə qızın başını əzəcək. Ancaq təhlükə sovuşdu və nə edəcəklərini bilməyən insanlar çaşqınlıqla baş verənləri izləyirdi. Mikrafonda pafosla danışanlar əhalini sakitliyi qorumağa çağırırdı. Lakin onlara qulaq asan yox idi. Çünki, həmin adamların hadisələrə müdaxiləsi sıfır vəziyyətində idi. Qızın qarşısında müticəsinə dayanan tankın üst qapağı açıldı və oradan başını çıxaran hərbçi (o, özünü təqdim etdi, ancaq soyadını yox, rütbəsini eşidə bildim, polkovnik idi) bildirdi ki, əgər onun tanklarına doğru bircə daş atılsa, hamını gülləbaran edəcəklər. O da əhalini sakitliyi qorumağa çağırdı. Görünür, onun da başını doldurmuşdular ki, Bakıda yaraqlılar küçələrdə erməniləri qırır-çatır, banditizm baş alıb gedir.
Əslində əhali sakit idi, yəni, bizim dərdimiz torpaqlarımızın işğalına qarşı dinc mübarizə idi. Təəssüf ki, Kreml əsl niyyətini pərdələyərək ictimaiyyətə və digər ölkələrin əhalisinə tərs məlumatlar çatdırırdı. Azərbaycanın isə xaricə çıxışı məhdud idi və biz öz dərdimiz içərisində boğulurduq.
Polkovnikin əmri ilə tanklardan tökülüşən və bir hissəsi də hardansa peyda olan boy-buxunlu, ilk baxışda parad geyimli soldatlar tankların əhatəsində dövrə vuraraq əllərində avtomat döyüşə hazır vəziyyətdə dayandılar. Əllərində ağ əlcəklər olsa idi, deyərdin, bəs, paraddan keçəcəklər. Acı-acı fikirləşdim ki, gör imperialistlər nə qədər qəddardırlar ki, insanlara ölümü geyim-kecimdə gətirirlər. Onların əllərində avtomat Kalaşnikov vardı, dümbəklərindən bizə Qazaxıstanda 1986-cı ildə sovet ordusunun törətdiyi qanlı qırğından tanış olan itiuclu, kiçik saplı bel asılmışdı. Məncə, üsyançıları asanlıqla qətlə yetirmək üçün hazırlanmış xüsusi təyinatlı (rusca biz onlara qısaca “spesnaz” deyirdik) dəstənin üzvləri idilər. Yerlərindən tərpənmədən səhərə qədər durdular. Sübh çağı saat yeddidən hava tədricən işıqlanmağa başladı. Saat 8:00-da artıq hər şey aydın görünürdü. Buna görə ehmalca soldatlardan birinə yaxınlaşdım. İşğalçı ordunun soldatı olduğu üçün ona “sabahın xeyir” deməyə dilim gəlmədi. Sakitcə, rus dilində ondan “Soldat, sən bura niyə gəlmisən?”-deyə, soruşdum.
Cavab vermədi. Gözlərini düz qabağa zilləyib baxırdı.
-Səninləyəm, axı, niyə gəlmisən?
Gözlənilmədən sakit və cəld:
-“Siz erməniləri öldürürsünüz” - dedi.
Mən başa düşürdüm ki, soldatlarda düzgün informasiya yoxdur. Bu da təbii idi, axı, onlar əmri yerinə yetirirdi, komandirin əmrləri onun üçün qanun və həqiqət idi. Komandirlər isə Kremlin siyasətinə qulluq edirdilər. Gözümü onun üzünə zilləmişdim. O isə gözlərini qırpmadan düz və irəli baxırdı. Donuq və ifadəsiz simasından nə isə anlamaq mümkün deyildi.
-Biz erməniləri yox, onlar bizi öldürür, Qarabağ regionundan azərbaycanlıları qovur, torpaqlarımızı işğal etmək istəyirlər,- dedim. Sadəcə, elə-belə, çünki, aydın məsələ idi ki, bu sözlərin heç bir təsiri olmayacaq.
Nisbi sakitlik idi. Yuxusuzluqdan və yorğunluqdan, üstəlik də çıxılmazlıqdan evə getməyə qərar verdim. Metro işləyirdi. “Neftçilər” metrosundan bir avtobus dayanacağı dikdirdə yerləşən binamıza çatanda saat 9 idi.
3 yaş 2 aylıq kiçik qızım yatmışdı. 4 yaş 11 aylıq böyük qızım isə səhərə qədər yatmayıb anasının məsləhəti ilə Allaha yalvarıb ki, atamı hifz elə. Bacılarım hər beş dəqiqədən bir zəng edib soruşurdular ki, Novruzdan nə xəbər var. Ağdamda yaşayan valideynlərimə bu barədə heç bir söz deməmişdilər. Xalq yüksək əsəbi gərginlik və həyəcan içərisində idi. Yaşlı və xəstə insanlar baş verən qırğınlara dözməyib həyatlarını itirirdilər. Ortancıl bacımla telefon söhbətində onun həyəcanla dediklərinə sakit qulaq assam da, qeyri-ixtiyari gözlərimdən yaş süzüldü. Dostlarımız, yoldaşlarımız həlak olmuşdu. Sovet qoşunları soydaşlarımızı amansızcasına gülləyə “qonaq” edirdilər. Ancaq ağlamaq vaxtı deyildi. Divanda uzanıb yuxulamaq istədim. Lakin yata bilmədim. Dostlardan xəbər tutmaq üçün geyinib həyətə düşdüm. Axşam bizim həyətə də zirehli texnika daxil olmuş, səs-küy salaraq sakinləri əməllicə qorxutmuşdu.
8-ci km yaşayış sahəsindəki bazarın yaxınlığında yerləşən AXC Nizami rayon şöbəsinə getdim. AXC üzvü olmasam da, onlarla əlaqə saxlayırdım. Tələbəlik yoldaşım, qazaxlı İsmayıl rayon şöbəsinin ən fəal üzvlərindən idi, güman edirdim ki, onlarda dəqiq məlumat ola bilər. Çünki, televizor işləmirdi, ruslar bir gün əvvəl stansiyanı partlatmışdılar, əhali tam məlumatsız idi. Bundan başqa İsmayılın xahişi ilə Tovuz rayonu ilə sərhəddə Ermənistan tərəfdən edilən quldur hücumlarının qarşısını almaq üçün vuruşan yerli özünümüdafiə dəstələrinə döyüş sursatı tapmaqda yardım edirdim. Moskvanın tələbi ilə azərbaycanlılarda olan ov tüfəngləri tamamilə müsadirə olunmuşdu. Ermənilərdə isə kifayət qədər kalaşnikov avtomatları, mərmilər və toplar vardı. Onların silahlanmasına Kreml nəinki göz yumur, hətta silah əldə etmələrinə yardım edirdi. Buna görə də biz məcbur olurduq gizli yolla gücümüz çatan silahı əldə edək. 1989-cu ildə “Azərelektromaş” EİB-nin baş zavodu olan Bakı elektrik maşınqayırma zavodunda çalışan fəhlələr (yeri gəlmişkən, birliyin rəhbərliyi və redaksiya bu müəssisənin 7 mərtəbəli inzibati binasında, eyni mərtəbədə (4) yerləşirdi) zavodda çalışan bir erməni gəncin özü üçün tapança düzəltdiyini bilib mənə xəbər etmişdilər. Mən operativ surətdə bu haqda müvafiq şöbələrə, o cümlədən zavoddakı I şöbənin rəisi Kolyaya (adı Nikolay idi, ləqəbi “alkaş) bu haqda məlumat verdim. Bu, ciddi cinayətkar fəaliyyət idi. Lakin həmin erməniyə qarşı heç bir tədbir görülmədi və mən başa düşdüm ki, yalnız özümüz özümüzə gün ağlaya bilərik. Bundan sonra ixtisaslı fəhlələr, mühəndislər, texnoloqlarla söhbət edib, silah istehsalı üzrə müəssisənin imkanlarını öyrənməyə çalışdım. Bildirdilər ki, bunun üçün düzəldiləcək silahın çertyoju lazımdır. Ancaq nə avtomat, nə də tapançanın çertyojunu tapa bildik. Əvəzində yalnız RQD qumbarasının cizgilərini əldə edə bildik. Bu, kustar üsulla hazırlanan partlayıcı idi. Əslində biz onun yalnız korpusunu hazırlaya bilərdik. Bunu İsmayılla razılaşdırdım. Detonator tapmağı Ağdamdan olan bir nəfər keçmiş hərbçi öz üzərinə götürmüşdü. Fəhlələrlə danışdım, qutqaşınlı Əzizulla Ziyadov torna dəzgahında bu işi görməyi boynuna götürdü. Ancaq şərt qoydu ki, rəhbərlik buna imkan yaratmalıdır. Cəsarətlə birliyin baş mühəndisi Akif Mirzəyevin yanına getdim və bildirdim ki, vətənimizin başı üzərində təhlükə var. Bizə silah lazımdır. Müəssisəmizdə müəyyən işlər görmək imkanı var. Mən bu işi təşkil edəcəm, ancaq gərək rəhbərlik xəbər tutsa göz yuma, mane olmaya, çünki, bu iş bizim hamımızın borcudur. O, vətənini sevən adam idi, mənimlə razılaşdı ki, mane olmayacaq, ancaq işin üstü açılsa, “onların xəbəri yoxdur”. Bütün məsuliyyəti öz üzərimə götürdüm. Biz xeyli miqdarda qumbara gövdəsi hazırlayıb AXC Nizami rayon təşkilatının vasitəçiliyi ilə Tovuza göndərdik. Yanvarın 17-də Əzizulla redaksiyaya gəlib dedi ki, zavodda yad adamlar var, onlar bütün sexləri gəzirlər, hiss olunur ki, nə isə axtarırlar. 10 ədəd hazır qumbara gövdəsi var. Ola bilər ki, biz növbədən gedəndən sonra sexi axtarsınlar. Tapsalar çox adamı qazamata göndərəcəklər. Dedim, gətir qoy redaksiyaya, sexdə qalmasın. Təbii ki, redaksiyanı da yoxlaya bilərdilər. Konspirasiyanı qorumaq üçün iş gününün sonunda qumbaraları kip bağlayıb nazik kəndirlə sarıdım. İri sellofan torpanın içərisinə qoydum, ancaq içəridən iplə tutacaq düzəltdim ki, bağlamanı əllə tutmaq mümkün olsun. Yəni, torba elə görünürdü ki, sanki içərisində yüngül bir əşya var. Halbuki, 10 dənə dəmir gövdə azı10 kilo idi. Düşündüm ki, yad adamlar (təbii ki, onlar DTK (KQB) agentləri idi) keçidi nəzarətə götürəcəklər. Şübhə oyatmamaq üçün torbanı Nərgiz adlı müxbirə verib, keçiddən keçirtdim və çıxan kimi ondan aldım, birbaşa İsmayılın yanına gedib ona təhvil verdim.
İsmayılın yanına saat 10-da çatdım. Onların dəstəsindən 3 nəfər öldürülmüşdü. Şöbənin qərargahını dağıtmışdılar. Sovet əsgərləri harada AXC qərargahı görürdülərsə, dağıdırdılar. Hamı kədərli idi. Arada qumbaraları soruşdum. İsmayıl bildirdi ki, baş qarışıq olduğundan qumbaraları təyin olunmuş yerə çatdıra bilməyiblər. Sovet qoşunlarının şəhərə basqını ərəfəsində isə ələ keçməsin deyə həyətdə torpağa basdırıblar. Çünki, soldatlar qərargahda onu tapsaydılar, “atom bombası” kimi qələmə verib böyük məhkəmə qurardılar.
İsmayılın yanında çox qala bilmədim. Ürəyim sıxılırdı. Durub getdim zavoda. Hamı kommunist partiyasının biletlərinin yandırılmasından danışırdı. Partiya üzvləri yanıma gəlir, nəyi necə etməyi soruşurdular. Partiya biletlərinin yandırılmasının qəti əleyhinə idim. Buna görə partiya komitəsi rəhbərinin ideoloji iş üzrə müavini kimi iclas çağırıb bildirdim ki, biz kommunist partiyasına üzv olanda onun proqramını qəbul etmişik. Proqramda isə “öz xalqını qanına qəltan etmək” kimi bir maddə yoxdur. Sov.İKP Siyasi Bürosunun qərarı ilə Bakıya qoşun yeridilməsi, dinc əhalinin gülləbaran edilməsi partiya proqramının kobud şəkildə pozulması və cinayətdir. Bu cinayətin başında isə kommunist partiyası durur. Buna görə də mən kommunisr partiyası sıralarını tərk edirəm. Təşkilatda olan 526 üzvdən iclasda 174 nəfər iştirak edirdi. Onların hamısı ərizə yazdılar. Sonradan iki nəfər qorxaraq geri çəkildi və biletini məndən aldı. 172 partiya biletini səliqəli şəkildə bağlayıb, ərizələrlə birlikdə Moskvaya göndərmək üçün katibin köməkçisinə təqdim etdim. Partiyadan çıxanlar biletlərdəki şəkillərini cırmışdılar ki, daha geri qaytarmaq söhbəti olmasın.
Novruz İbrahim oğlu Novruzov
jurnalist
22 yanvar 1990-cı il.