Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasətinin parçalanaraq məhv olmasından iki il keçir. Bu müddətdə Cənubi Qafqaz regionunda və dünya siyasətinin yeni düzənində ciddi dəyişikliklər baş verib. İlk növbədə geostrateji qüvvələr balansı əsaslı şəkildə deformasiyaya uğrayaraq yeni güc mərkəzlərinin yaranması ilə nəticələnib. Bu prosesi izləyib qiymətləndirmək nə qədər asan olsa da, siyasi baxımdan çətin başa gələn prosesdir və olduqca böyük enerji, siyasi uzaqgörənlik və düzgün işlənmiş taktika və strategiya tələb edir.
Cənubi Qafqaz regionunda gedən prosesin əsasında müxtəlif qüvvələrin təhriki və indi artıq hamıya aydın olan səbəblərdən Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsi və bu siyasətin iflasa uğraması durur. Qüvvələr balansı baxımından Ermənistan heç vaxt Azərbaycana qarşı təcavüz planını həyata keçirə bilməzdi. Bu faktı nəinki yerli, beynəlxalq hərbi ekspertlər öz təhlilləri ilə dəfələrlə sübut ediblər. Elə məsələnin məğzi də bundadır. Yəni, Azərbaycanın qarşısında Ermənistan, Ermənistanın arxasında isə Rusiya, ABŞ, Avropa kimi iri güc mərkəzləri dayanıb. Və, Azərbaycan ağıllı, təmkinli, uzaqgörən dinc siyasəti ilə belə bir dairədə özünə bütün tərəflərə çıxışı olan mövqe qazanıb. Məhz, iki il əvvəl, 2020-ci il sentyabrın 27-də bu siyasət qəsbkarın məhv edilməsi ilə nəticələnən müharibəyə gətirib çıxarıb. Özü də necə? Azərbaycanlıların haqlı olaraq “Vətən” adı verdiyi 44 günlük müharibənin səbəbkarı elə Ermənistanın özü olub.
Müdriklər deyirlər ki, “axmaq o şəxs deyildir ki, səhv edir, axmaq odur ki, bir dəfə etdiyi səhvi ikinci dəfə təkrarlayır”. 2016-cı ilin aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan tarixi torpaqlarının işğalı ilə barışmayacağını öz əməli ilə nümayiş etdirdi. Lakin Ermənistan bu döyüşlərdən nəticə çıxarmağı bacarmadı, Azərbaycana qarşı diversiyaları davam etdirdi və erməni siyasətçiləri xalqımıza qarşı aşağılayıcı və təxribatçı bəyanatlarına davam etdilər.
2020-ci il 27 sentyabr tarixində ermənilər növbəti hərbi təxribata əl atdılar. Həmin gün atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəvrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Bununla da Azərbaycanın “səbr kasası bir daha daşdı”, düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Sadalanan faktlardan göründüyü kimi, Vətən müharibəsinin bütün arqumentləri məntiqi surətdə tam əsaslıdır. Üstəlik, Azərbaycan bu müharibəni ərazisinə top-tüfənglə soxulmuş qaniçən düşmənə qarşı aparırdı.
Müharibə Azərbaycanın qələbəsi və düşmənin tərksilah edilməsi ilə dayandırıldı. Bu qələbə sayəsində “Azərbaycan-Türkiyə-Pakistan üçlüyü” tarix səhnəsinə dostluq və əməkdaşlığın yeni formatını gətirdi. Bəzən kimlərsə ölkəmizin bu formatdakı yerinə kölgə salmağa çalışırlar. Lakin anlaya bilmirlər ki, məhz Azərbaycan öz siyasəti ilə tarixin dərin qatlarından genetik əlaqələri üzə çıxararaq özündən iri dövlətləri ətrafında birləşdirib, müasir dövrün formatını yaradıb. Bu, tarixi nailiyyətdir. İndi Cənubi Qafqazda bu formatın böyük təsiri aydın görünür. Digər amil isə Azərbaycanın müharibəyə yeni, müasir tələblərə cavab verən strategiya və taktika gətirməsi, texniki nailiyyət kimi innovativ silahlardan səmərəli istifadə etməsidir. Təsadüfi deyil ki, 44 günlük müharibə dövründə Azərbaycan Ordusunun keçirdiyi uğurlu əks-hücum əməliyyatının gedişi Pentaqon tərəfindən təhlil olunub. ABŞ Quru Qoşunlarının Baş Qərargah rəisi general Ceyms Makkonvil Azərbaycan Ordusunun pilotsuz uçuş aparatlarından uğurla istifadə etməsini misal gətirərək deyib: "Qarabağda pilotsuz uçuş aparatlarının aktiv istifadə olunması ABŞ Ordusunun, xüsusən, hava hücumundan istifadə sisteminin təkmilləşdirilməsinin vacibliyini ortaya qoyub. Qarabağdakı döyüşlər, digər yerlərdə gedən döyüşlər gələcək müharibələrdə ölümcül PUA-larla üzbəüz gələcəyimizə dəlalət edir".
44 günlük Vətən müharibəsinin ikinci ildönümü ərəfəsində Ermənistan və onun artıq tam yox, bəzi havadarları tərəfindən Cənubi Qafqazda gərginliyin artırılması ilə müşahidə olunan hərəkətlər Azərbaycanın Böyük Zəfərinin kölgəsində əriyib aradan çıxmağa məhkumdur.
Novruz Novruzov