Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdədir. O, bu şəhərdə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirib.
Görüşə dair ən müxtəlif və fraqmental xəbərlər yayılmaqdadır. İstər Ermənistan, istərsə də Azərbaycan qaynaqları bu görüşlə bağlı davamlı və bəzi hallarda, iddialı məlumatlar yaymaqdadırlar.
Musavat.com bildirir ki, həmin məlumatların analizi və mötəbər qaynaqlardan əldə edilən məlumatlar onu göstərir ki, Ermənistanın tərəfi görüşdə bir sıra fraqmentlər üzrə ciddi müqavimət göstərib. Paşinyan sanki ona öncədən verilən təlimat əsasında Brüssel görüşündə real nəticələrin əldə olunmasına maneçilik törətmək cəhdləri edib.
Musavat.com-un Azərbaycan hakimiyyəti içində olan qaynaqları xəbər verir ki, “bu müqavimətə və oyunpozanlığa ...baxmayaraq, Prezident İlham Əliyev Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticələr əldə edib’’.
Təbii ki, burada əsas istiqamət sülh razılaşması ilə bağlı məsələlərin müzakirəsi və mərhələlərin qarşılıqlı razılaşdırılması olub.
Bizə verilən məlumatda bildirilir ki, Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirliklərinin xətti ilə bir ay ərzində sülh razılaşmasının mətni üzərində iş aparılması üçün işçi qrupların yaradılması razılaşdırıldı. Bu, olduqca mühüm məqamdır və Ermənistanın aylardır bu istiqamətdə prosesi ləngitməsinə baxmayaraq, prosesin irəliyə doğru ciddi məsafə qət etməsi sayılmalıdır.
Musavat.com-un əldə etdiyi səhih məlumata görə, yeni sənəddə Qarabağ mövzusu, ATƏT Minsk qrupu barədə heç nə yoxdur. (https://www.consilium.europa.eu/en/press/press-releases/2022/08/31/press-statement-by-president-charles-michel-following-the-trilateral-meeting-with-president-aliyev-of-azerbaijan-and-prime-minister-pashinayn-of-armenia-31-august-2022/ ) Azərbaycanın səyləri nəticəsində Minsk qrupunun formatını dirçəltmək, reanimasiya etmək cəhdləri hər dəfə iflasa uğrayır. Rəsmi Bakı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Avropa İttifaqının vasitəçiliyini qəbul edir, ona üstünlük verir. Həm də bütün Brüssel görüşlərində Qarabağ mövzusu gündəmə gətirilmir, bu mövzu Azərbaycanın daxili işi hesab olunur.
Onu da xüsusi ilə vurğulayaq ki, sülh müqaviləsi Azərbaycan tərəfindən irəli sürülən və Ermənistanın qəbul etdiyi beş prinsip üzərində qurulur.
Həmin şərtləri yenidən xatırladırıq:
1. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
2. Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
3. Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Musavat.com hesab edir ki, Şarl Mişelin moderatorluğunda Aİ formatında aparılan danışıqlar və onların nəticələri Azərbaycanı qane edir və bu formata alternativlərin axtarılmasına lüzum yoxdur.