İkinci Qarabağ müharibəsində Azərbaycan xalqının verdiyi ilk şəhidlərinin şərəfinə Füzuli rayonu ərazisindəki təbii abidə bizi tam qələbəyə aparan yolun and yeridir. 27 sentyabr anım günündə Azərbaycanın dövlət başçısı, ictimaiyyətin nümayəndələri 44 günlük müharibənin ilk günündə azad edilmiş Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı və Cəbrayıl rayonunun Böyük Mərcanlı Nüzgar kəndlərinin azadlığı uğrunda canlarından keçmiş şəhidləri qürur hissi ilə yad etmişlər.
İşğalçılara qarşı mübarizədə böyük Zəfərin ilk sədası məhz bu yerlərdən gəlmişdir. İlk səda isə qansız olmamış, adı çəkilən torpaqlara ilk şəhidlərimizin qanları tökülmüşdür. Həmin yerdə fədakarlıqları qaya parçası üzərinə həkk edilmiş igidlərimizin ardınca ordumuzun əsgərləri torpaqlarımızın hər qarışını qanları hesabına işğaldan azad etmişlər. Şəhidlərimiz öz adlarını tarixə həkk etməklə bərabər Azərbaycan xalqının qəhrəmanlıq dastanını yazmış, dövlətimizin qüdrətini dünyaya çatdırmışlar.
Qarabağ düzündəki bu abidə torpaqlarımızın son qarışına qədər azad ediləcəyinin and yeridir. Əminik ki, xalq-ordu-dövlət birliyinin gücünü göstərən “Dəmir yumruq” Azadlıq andına sadiq qalaraq tezliklə Xankəndidə bayrağımızın dalğalanmasını təmin edəcək.