AXTAR

TORPAĞIN SAHİBİ

Article Index

ХIX əsrin ikinci yarısı... Rusiya imperiyasının zülmü altında inləyən Azərbaycanın feodal dövlətlərindən ən mükəmməli olmuş Qarabağ xanlığının keşməkeşli tarixinin soluxmuş payız dövrü. Xan ailəsinin şəcərəsinə daxil olan kiçik bir qolun tarixindən qısa hekayət.

Qəzənfər ağa Cavanşir

 

 

Qezenfer aqa

 


Qəzənfər ağa Cavanşir Qarabağın məşhur Cavanşir nəslinin parlaq ziyalı nümayəndələrindən biri olmuşdur. Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşirin böyük oğlu İbrahim xanla kiçik oğlu Talıbxan xanın nəvəsidir. Təxminən 1860-65-ci illər arası Ağdamın II Yüzbaşılı kəndində anadan olmuşdur. Talıbxan xanın oğlu (yaxud da nəvəsi-müəl.) olan atası Nəcəfqulu ağa Cavanşir öz qoçaqlığına görə seçildiyi üçün mahalda Bığlı Nəcəfqulu kimi tanınırmış. İbrahim xanın 5-ci oğlu Səfiqulu ağanın qızı olan anası Münəvvər xanım atasının əmisi oğlu Mehdiqulu xanın qızı Xurşid banı Natəvanla təkcə qohum yox, həm də hamisi tək güvəndiyi yaxın rəfiqə olmuşdur.
XIX əsrdə işğal etdiyi torpaqlardakı tarixi dövlətlərin yağmalanması hesabına əldə etdiyi qüdrətin kulminasiya nöqtəsinə çatmış Rusiya imperiyası özünü vahid və sarsılmaz dövlət kimi aparırdı. İmperiyanın velikorus şovinist təfəkkür sahiblərinin haqsızlıq təkəbbürünə nə qədər riyakarlıq hopsa da fakt faktlığında qalırdı. Koloniyaçılar əsarətə aldıqları koloniyaları assimilyasiyaya uğradıb tarixdən silmək yolunu tutmuşdular.
Həmin dövrün əzilmiş dövlətlərindən biri də Azərbaycan ərazisində intişar etmiş Türk Xanlıqlarından (feodal dövlətlərindən) olan Qarabağ Xanlığı idi. Lakin artıq istila və uzun müddət istismar sayəsində dövlətçiliyi yalnız kağız üzərində qalan və statusunun möhtəşəmliyi çar məmurlarının riyakar təzimləri səviyyəsində nəzərə çarpan Xanlıq ailəsi reallığı aydın düşüncə ilə qiymətləndirir, tarixi boyu çalışıb-vuruşub qanları bahasına yaradıb qazandıqları dövləti, dövlətçilik ənənələrini və kübar davranış ədalarını qoruyub saxlamaq və gələcəyə ötürmək üçün tədbirlər görürdülər.
Xanlıq tarixinin öləziyən sonluğunda əsil-nəcəb sahibi olan Xan ailəsinin, onun yaxın çevrələrinin qayğısına qalmaq, yüksək milli ədəb normaları çərçivəsində daim naz-nemət içərisində yaşamış bir nəslin nümayəndələrinin kimlərinsə sədəqəsinə möhtac olmamaları, ayaqlar altında əzilib rişxənd və istehza ünvanına çevrilməmələri üçün hələ ki ayaq üstə olan nəslin qan daşıyıcıları məqsədyönlü strategiya yürüdürdülər. Ən yaxın çevrədə olan ailələrə Xanlığın idarəsindəki torpaq sahələrindən pay verilir, bütöv kəndlər bağışlanır, xanlıq səviyyəsində vaxtilə qüdrətli paytaxt olmuş Şuşadan uzaqlaşdırılaraq xanlıq ərazisinin müxtəlif bölgələrində məskunlaşdırılırdılar. Bu strategiyanı əsaslandıran amillərdən biri də müstəmləkəçilərin “vahid dövlət” prinsipini bəhanə gətirərək torpaqları öz əllərinə keçirmələri idi. Əslində xanlıq torpaqları adlandırılan ərazilər elə əvvəldən Cavanşir tayfasına məxsus olmuşdı. Lakin Xanlığın əsasını qoymuş Pənahəli xan Cavanşir tarixin həmin dövründə artıq formalaşmanın son dövrünə qədəm qoymuş Azərbaycan xalqının mənafeyini əsas götürərək bütün torpaqları yaratmış olduğu dövlətin əmlakıl kimi təsbit etmişdi. İndi isə Rusiya xalqın dədə-baba torpağını əlinə keçirməklə bütövlükdə Azərbaycanı öz mülkiyyətinə çevirmək yolunu tutmuşdu. Buna heç cür yol vermək olmazdı. Vəziyyətdən çıxış yolu qabaqlayıcı siyasət yeritməyi tələb edirdi. Bu da vərəsəlik hüququ altında torpaqları yenidən keçmiş sahiblərinə qaytarmaq yolu ilə gələcək nəsillər üçün qoruyub saxlamaq idi.
Xanlıq torpağının bu vərəsəlik bölgüsündə İbrahim xanın oğul-uşaqlarına, nəvələrinə Qarabağın məhsuldar sahələrindən sayılan və indiki Ağdam və Ağcabədi rayonlarının ərazisinə düşən bir sıra kəndlər miras qalmışdı. İbrahim xanın 5-ci oğlu Səfiqulu ağanın oğlu Hüseynqulu ağa Cavanşirin (1848-ci ildə anadan olmuş, XX əsrin birinci onilliyinin dəqiq bilmədiyimiz ilində vəfat etmişdir-müəl.) idarəçiliyinə Zəngişalı-Mahrızlı kəndləri, qızı Münəvvər xanım Cavanşirə isə I və II Yüzbaşılı kəndləri (əri, atasının əmisi nəvəsi Nəcəfqulu ağa Cavanşirlə birgə) düşmüşdü. Yeri gəlmişkən, bu kəndlərin qonşuluğunda yerləşən Xındırıstan kəndi klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Cavanşir nəslindən olan Qasım bəy Zakirə mənsub olmuşdur.
HAŞİYƏ:Səfiqulu ağanın 8 oğlu və 1 qızı olmuşdur. Ağdam rayonunun Zəngişalı-Mahrızlı kəndləri başda böyük oğul Hüseynqulu ağa olmaqla onun 4 oğluna verilmişdir.
Hüseynqulu ağanın ailəsi üçün Zəngişalı kəndinin kənarında bir neçə yüz hektarlıq sahə ayrılmış, “ağalıq” (yəni, ağalara məxsus) adlanan həmin sahədə meyvə və bəzək ağaclarından ibarət gözəl bağ salınmışdı. Həmin kəndin sakinlərinin şahidliyinə görə təkcə nar ağaclarının tutduğu sahə 10 hektara yaxın idi. Ağalıqda 4 qardaşın hər birinin ayrıca malikanəsi olmuşdur.
Yaşına və ailədəki yerinə görə idarəçiliyi həyata keçirən Hüseynqulu ağanın malikanəsi daha böyük idi. İkimərtəbəli malikanədə hər mərtəbədə 6 otaq olmaqla cəmi 12 otaq vardı. Arxitekturasına görə bina elə tikilmişdi ki, ev adamları dəvət edilən məmurlar və iş üçün ağanın yanına gəlib gedənlərlə rastlaşmasınlar. Hər iki mərtəbənin tən ortasından bu başdan o başa uzanan əsas divar və otaqlar boyunca hərləməhər dəhlizlər malikanənin idarə və yaşayış bölümlərini bir-birindən ayırırdı. Yəni, əslində tikilinin bir üzü ailənin, digər üzü idarəçilərin ixtiyarında idi və hər iki tərəfin giriş-çıxışı bir-birindən əks istiqamətdə yerləşirdi. Binanın birinci mərtəbəsi idarə kantoru, anbar, şikayətçilərin qəbulu, habelə anbar üçün ayrılmışdı. İkinci mərtəbədə isə mətbəx, yataq, yemək, istirahət və qonaq otaqları yerləşirdi.
HAŞİYƏ: Azərbaycan (sovet) kinosunun incilərindən olan “Qaraca qız” filminin süjeti həmin bağda və malikanədə cərəyan edən hadisələrdən yaranmışdır. Ağdamda doğulub boya-başa çatan yazıçı Süleyman Sani Axundovun eyni adlı povestinin əsasında yazılmış ssenari üzrə çəkilən filmin süjeti qondarma əhvalatdan yox, məhz Hüseynqulu ağanın malikanəsində baş verən real hadisədən qaynaqlanmışdır. Qaraca qızı övladlığa götürən Piri baba üçün bağın ərazisində tikilmiş ev 20-ci əsrin ortalarına qədər dururdu. Əlimizdə olan məlumatlara görə, əslində, oktyabr inqilabından əvvəlki dövrdə yazılmış hekayədə Hüseynqulu ağanın yüksək səviyyədə ziyalı obrazı yaradılmışdır. Ancaq sovet dövrünün ab-havasına uyğun olaraq ideoloji mübarizəyə xidmət edən ssenariyə sosializm realizmi baxımından yanaşılmış, reallıqdan su içən süjeti saxtalaşdıraraq qaraçı köçündən himayəyə götürülmüş Qaraca qızın simasında əzilənlər, Hüseynqulu ağa simasında əzənlər obrazı yaradılmışdır.
Həqiqətdə isə Hüseynqulu ağa haqq-ədaləti qoruyan şəxs kimi rəiyyətinin və müasirlərinin qəlbində rəğbətlə iz salmışdır. Hüseynqulu ağa haqda belə bir rəvayət də danışılır ki, “onun bir Quran(ı) vardı, üstündə ilan yatırdı. Ağanın özündən başqa kimsə o kitaba yaxın dura bilməzdi”. Rəvayət tipli olsa da belə bir faktın reallığı hansısa formada tamamilə mümkündür. Ancaq bunun yalnız nədənsə qaynaqlanan adi rəvayət olması da istisna deyil. Lakin bu əhvalatın mahiyyətində camaatın Hüseynqulu ağaya hüsn-rəğbəti açıq-aydın duyulur.
Hüseynqulu ağanın arvadı Cəvahir xanım, oğlu Zülfüqar bəy və qızı Asyabəyimdən ibarət kiçik ailəsi bu sakit, lakin ağayana malikanədə o dövrün kübar həyatını yaşayırdı. Cavahir xanım da Xan ailəsinə mənsub adlı-sanlı ailənin nümayəndəsi idi. Onun atası, çar ordusunda qulluq edərək polkovnik rütbəsinə qədər yüksələn Qasım xan Cavanşir Xocavənd (sovetlər dövründə adı dəyişdirilib Martuni qoyulmuşdu) uyezdinin Yemişcə, Əsgəran, Naxçıvanik kəndlərinin sahibi idi.
Səfiqulu ağa Cavanşirin digər oğlanları - Əşrəf ağa, Həmzə ağa və Məhəmməd ağa da Hüseynqulu ağaya məxsus ərazinin qonşuluğunda məskunlaşmışdılar.
O dövr Qarabağın kübar ailələri yaşayış və düşüncə tərzinə əsasən 3 zadəgan titulu daşıyırdılar.

 

 

asyabeyim

 


1. Xan(lar). Birinci titulun daşıyıcıları adətən yüksək dövlət qulluğunda (yaxud yüksək hərbi vəzifədə) çalışan və külli miqdarda sərvətə sahib olanlar idi.
2. Bəy(lər). Bu qrup döyüşkən, vurub-tutan, çalıb-çapan, döyüşkən, daim igidlik göstərməyə meyl edənlərdən ibarət olurdu.
3.Ağa(lar). Üçüncü qrup isə daha çox ağayanalıq, yüksək mədəniyyətli, elmə və təhsilə ciddi diqqət yetirən maarifpərvər, ziyalı adamları ehtiva edirdi.
Cavanşir nəslinin bu qoluna məxsus ailə üzvlərinin əksəriyyətinin “ağa” adlandırılması da təsadüfi deyildi. Qarabağ xanlığının tarixi faktlarını əks etdirən mənbələrdə və nəsil-kök xatirələrində İbrahim xanın böyük qardaşı Talıb xan (haqqında bəhs etdiyimiz Qəzənfər ağa Cavanşirin ata babası) gülüb-danışan, sözü daim yerində və güclü məna çaları ilə işlədən, satirik və yumorlu atmacaları ilə məşhur olan bir şəxs kimi təqdim olunur. Hakim ailəyə mənsub olmasına baxmayaraq Talıb xan haqq-ədalət aşiqi, kasıb-kusub tərəfdarı olmuşdur. Buna görə də o, dəbdəbəli həyat tərzini həmişə müəyyən limit daxilində cilovlamış, bu xarakteri ilə də rəiyyətin ünsiyyətini və rəğbətini qazanmışdır. Onun övladları da bu ruhda tərbiyə almış, nəslin qanı ilə gələn düzlük və ədalətlilik prinsipləri, azadlıq və müstəqillik arzuları onların həyat amallarına çevrilmişdir.
İbrahim xanın nəvəsi Hüseynqulu ağa da tabeliyindəki xidmətçilər, ona məxsus kəndlərin camaatı olan rəiyyətlə rəftarında ölçü-biçini gözləsə də kiminsə xətrinə dəyməz, ortaya çıxan problemləri sakit və tədbirlə yoluna qoyardı.
Xanlıq ailələri qışı aranda, öz evlərində keçirər, yayda mütləq Şuşa şəhərinə yaylağa qalxar, bütün yayı onlar üçün ayrılmış mülklərdə dincələrdilər. Təbii ki, kübar ailənin nökər-naibi də onlarla birgə yaylaqda olardılar.
HAŞİYƏ: XIX əsrin sonlarında (təxminən 1894-cü ildə) anadan olmuş Asya bəyim Hüseynqulu ağa qızı Cavanşir bolşeviklərin Azərbaycanı işğal etdiyi dövrədək yaşadığı xanlıq həyatını ahıl yaşlarında (1960-1976-cı illər) tez-tez xatırlayar, o günlərin həsrəti və nostalji hisslərilə həmin dövrün hadisələrini nəvələrinə “bunlar sanki bir nağıl imiş” deyə danışardı: “Qalaya yaylağa qalxanda düz 40 araba yola düşərdi. 30 arabada yükümüz olardı. 10 arabada gədələr öz əyalları ilə oturardı. Cavahir anam üçün bir fayton, mənim üçün də dayəmlə bir fayton qoşulardı. Ağam (Hüseynqulu ağa) bizimlə getməzdi, məhsulun yığılması, anbarlara vurulması, ya da bazara göndərilməsi işlərinin təşkili üçün ağalıqda qalardı. O həmişə bizdən 3-4 həftə sonra gələrdi yaylağa.
Faytonlarımızı qaçaq-quldurdan qorumaq üçün köçümüzü həmişə Hüseyn bəy başının atlıları ilə müşayiət edərdi.”
MÜƏLLİFDƏN: Mən Hüseyn bəyi görmüşdüm. Ötən əsrin 60-cı illərinin sonları idi. Asyabəyimin kiçik oğlu Emin Cavanşirov Ağdamın M.Ə.Sabir küçəsində tikdirdiyi şəxsi yaşayış evində anası üçün öz mətbəxi və artırması olan ayrıca otaq ayırmışdı. Evin planı “ağalıq” malikanəsinə çox bənzəyirdi. Xanım-xatın Asyabəyim nənənin otağının giriş-çıxışı tam əks tərəfə idi. Havaların xoş vaxtı o, həyət darvazasının ağzında nəvələrinə düzəltdirdiyi daş səkidə oturub həsrət hopmuş gözlərini üfüqlərin hardasa gizlənmiş qeyri-səlis istiqamətinə zilləyər, bəzən gəlib-gedən tanış simalarla hal-əhval tutardı.
Günlərin xoş bir vaxtında, axşamüstü doqqazın ağzından keçən cüssəsi kiçilmiş xeyli qoca kişiyə ərklə “Boy, bəri bax görüm, sən Hüseyn bəy deyilsən?” deyən Asyabəyim nənənin “bəy” sözü məni sakitcə pıqqıldayıb gülməyə məcbur etdi. Kişinin başında yayın istisində motal papaq, ayağında yalnız ucqar dağ adamlarında rast gəlinən çarıq vardı. O, adını eşidən kimi dərhal geri döndü, bir xeyli diqqət edəndən sonra həlimliklə ”Asyabəyim!?” deyib keçmiş əyyamlarda ağasının qabağında olduğu kimi kirimişcə əmrə müntəzirsayaq yerində durdu.
“Nə var, nə yox, ay Hüseyn bəy, övladdan, nəvədən, nəticədən nəyin var, harda yaşayırsan, dolanışığın nə təhərdir?” deyə Asyabəyim onu sorğu-suala tutdu. Kişi suallara eyni həlimliklə, sanki üst-başından və halından utanırmış kimi qısaca və çəkingən cavab verib sağollaşdı və əvvəlki ahənglə sakitcə yoluna davam etdi.
Uşaq sadəlövhlüyü ilə “Bunun harası bəy oldu, bu lap dilənçiyə oxşayır ki...?” sualıma Asyabəyim nənə ağır-ağır başını tərpədib, əvvəlcə:”Eh, ay bala, sən bunun hansı gününü görmüsən ki!?” deyə yenidən simasını çulğalayan qüssə ilə cavab intonasiyalı sual verdi. Sonra da öz-özünə danışırmış tək dodaqlarının arasında “Budeyyy, bir də görürdün tor-tozanaq göyə qalxdı, dördnala çapan atların ayaq tappıltıları aləmi qarışdırdı, nökər-naib bir-birinə dəydi. Nədi-nədi, Hüseyn bəy başının atlıları ilə burdan çapıb keçir!”
Hüseynqulu ağanın oğlu Zülfüqar bəy həyatını erkən, təsadüfi faciə və düşmənin hiyləgər fitnəkarlığı nəticəsində itirmişdir.
ХХ əsrin əvvəli, təxminən 1903-cü il idi. 17 yaşına çatmış oğlu Zülfüqarın gələcək taleyi Hüseynqulu ağanı ciddi düşündürürdü. Ailənin mülkiyyətində olan kəndlərin inzibati idarəçiliyini öyrənən gəncin yüksək təhsil alması, feodalizm dünyagörüşündən yeni intişar tapan burjua dünyagörüşünə yiyələnməsi, əldə olan var-dövləti nəinki qorumaq, onun daha da artırılması qayğısına qalmaq üçün Hüseynqulu ağa müvafiq plan hazırlamışdı. Ağanın arzusu oğlunu bir müddətə xaricə göndərib, onun həyat təcrübəsinin və savadının artırılması idi. Ancaq o dövrdə Avropa təlim-tərbiyəsinin Şərq mühitində qəbuledilməz olan mənfi tərəfləri onu təşvişə salırdı. Buna görə də istəyirdi ki, Zülfüqarı evləndirib sonra təhsil dalınca xaricə göndərsin.
Bu məqsədlə də çox götür-qoy edəndən sonra qardaşı Əşrəf ağanın qızı Hədiqə bəyimin namizədliyi üzərində dayanmışdı. O dövrdə hakim zümrədə qohumla evlilik hamının arzusu idi. Həm ailədə genetik qana naməlum yad qan qarışmırdı, həm var-dövlət kənara axmırdı, həm də izdivac daha möhkəm, stabil və kənar təzyiqlərə davamlı olurdu. Xoşbəxtlikdən Zülfüqar bəy də doğma əmisi qızına meylli olduğunu gizlətmirdi və bu vəziyyət ağanın niyyətini tez reallaşdırmağa yardım edirdi.
HAŞİYƏ:”Bir həftə idi ki, Zülfüqarın toy hazırlığı gedirdi. Qapıda bir qələbəlik vardı ki, gəl görəsən. Eh.., ağam 3 gün toy vurduracaqdı. Həyətdə düyü arıtlayan kim, qoyun-quzunu kəsib doğrayan kim, abqora üçün çərəzi təmizləyən, mer-meyvə tədarükü görən... Sədri düyüsünü ağam İrandan gətirtmişdi. Hökumət əhli üçün Gürcüstandan şərab göndərilmişdi. Zülfüqarın bəy dostlarına ismarış edilmişdi, bütün mahallardan cavanlar toya gələsiydi... Asyabəyimin xatirələrindən.”
Həmin il əkin-biçin üçün düşərli olub. Bağ-bağatın, zəmilərin məhsulu yığıb-yığışdırmaqla qurtarmırmış. Təbiətin görünməmiş səxavəti adamları sevindirməklə yanaşı həm də qayğılandırırmış. Zülfüqar ağa tez-tez deyərmiş ki, bu qədər məhsulun qar-qadası kimin başında çatlayacaq görən?!
Ailənin bu şad günlərində Zülfüqar bəyin toyuna ilk gələn dostları Lənkəranın gənc bəyləri olur. Ertəsi gün səhər yeməyindən sonra qonaqlar kəklik ovuna çıxmağı arzulayırlar. Ev sahibinin göstərişi ilə ova tədarük görülür. Atlar yüyənlənir, ov üçün bəslənən xüsusi təlim görmüş gözübağlı qartallar qollar üzərində qəfəslərdən çıxarılır, ov tulalarının boynuna zınqrovlar asılır. Fərasətlərini göstərmək üçün qanları qaynayan gənclər bir-birlərinə aman-iman vermədən atlarını şahə qaldırırlar. Dostlarından geri qalmayan Zülfüqar bəy nökərin məşğul olduğunu görüncə onun kiçik oğlunu öz otağında divardan asdığı ov tüfənginin dalınca göndərir. Özü isə yaxınlıqdakı sahəyə baş çəkməyə gedir, tapşırır ki, yaraq-yasağını dalınca gətirsinlər. Uşaq əmri eşidən kimi ikinci mərtəbəyə qaçır, tüfəngi divardan götürüb gətirir. Taleyin gərdişindən tüfəng ayaqda imiş. Uşaq ova gedən dəstənin dalınca qaçıb tarlada onlara çatır. Amma şəraitin gərdişindən təntimiş uşaq ehtiyatsızlığa yol verir, barmağı tətiyə toxunur və tüfəng açılır. Güllə Zülfüqar bəyin topuğuna dəyir.
Toyqabağı ova çıxan gənc bəyin dostlarının qucağında yaralı geri qayıtması malikanəni təlatümə gətirir. Zülfüqar bəy qara-qışqırıq salıb qaraçılıq etməmələri üçün nökər-naibə təpinir. Dərhal həkim dalınca fayton göndərilir. Təbii ki, toy təxirə salınır və görülən tədarük saxlanılır. Ortada düşmənçilik olmadığından, hadisənin təsadüfi xarakterindən dolayı nökərin uşağı da bağışlanılır, ona cəza verilmir.
3 həftəyə Zülfüqarın yarası xeyli sağalır. Artıq o, ayağı sarıqlı olsa da yavaş-yavaş kənd içərisində görünməyə başlayır. Onun sağalması üçün əhd edilmiş qurbanlıq heyvanları kəsməyə hazırlaşırlar. Bu arada Hüseynqulu ağanın qardaşı Əşrəf ağa qəfil vəfat edir. Bundan istifadə edən kəndin yüzbaşısı onun dul qalmış arvadı Fatmanı özünə arvad etmək fikrinə düşür.
Lakin Zülfüqar bəyin qorxusundan fikrini acıb-ağarda bilmir. Əslində yüzbaşının əsas məqsədi ailəyə daxil olub var-dövləti ələ keçirmək idi. Məqsədinə çatmaq üçün o, yollar axtarır və Zülfüqarın ayağını müalicə edən erməni həkim Simon bu məsələdə onun karına gəlir. Yüzbaşıdan sanballı məbləğdə qızıl alan Simon Rusiyaya getməyini bəhanə gətirərək Hüseynqulu ağaya daha Zülfüqar bəyin sağaldığını və müalicəsinin yalnız sarğını dəyişməkdən ibarət olduğunu bildirir. Bunun üçün o, Cəvahir xanıma toz halında dərman verib, sarğını dəyişəndə oğlunun yarasının üstünə tökməyi tapşırır. Bundan sonra Simon kəndi tərk edir və bir daha onu “gördüm” deyən olmur.
Elə ilk sarğıdəyişmədən bir neçə saat sonra Zülfüqar bəyin əhvalı qarışır. Bunun səbəbini bilməyən ev adamları bir az səbr etməyi qərara alırlar. Ancaq səhərisi bəyin vəziyyətinin ağırlaşdığını görüb onu Ağdama, Fərrux həkimin yanına aparırlar. Əsaslı müayinədən sonra məlum olur ki, yaraya tökülən “toz” zəhər imiş. Lakin artıq gec idi, güclü zəhər qana daxil olmuşdu və bu səbəbdən gənc əsilzadəni xilas etmək mümkün olmur. Zülfüqar bəy həyatdan kam almamış vəfat edir.
Zülfüqar bəyin vaxtsız ölümü Hüseynqulu ağanı sarsıtmaqla bərabər həm də onun əsas varisini itirməsi demək idi. İndi o da bu dünyanın vəfasızlığına məruz qalsaydı, onda yeniyetmə qızı Asyabəyim tək qalacaqdı. Oğul itkisi ağanın belini əymişdi və hadisələrin düşündüyü istiqamətdə inkişafı ehtimalı onu qayğılandırırdı. Buna görə də Asyabəyimi tezliklə yaxın qohumlardan biri ilə evləndirmək artıq vacib məsələyə çevrilmişdi. Çox götür-qoy etdikdən sonra Hüseynqulu ağa bacısı Münəvvərin ikinci oğlu Qəzənfər ağanın namizədliyi üzərində durdu. Amma Qəzənfər xeyli uzaqda-Dağıstanın Mahaçqala şəhərində müəllim işləyirdi.

***
Səfiqulu ağanın yeganə qızı Münəvvər xanım Cavanşir İbrahim xanın böyük qardaşı Talıb xanın oğlu Nəcəfqulu bəylə ailə qurmuşdu. Onların İbrahim, Qəzənfər, Həsən adında uç oğulları və Əfrus adında bir qızları vardı. Nəcəfqulu bəy qoçaqlığı və mərdliyi ilə mahalda ad çıxarmışdı və el arasında “Bığlı Nəcəfqulu” kimi tanınırdı. Ancaq “qabağından yeyən” olmadığı üçün onun düşmənləri də çox idi. Elə bu səbəbdən də gənc yaşında düşmənləri tərəfindən öldürülür və yeniyetməlik yaşında olan uşaqları atasız qalır. Ailənin böyük sıxıntı içərisində yaşamasına rəğmən az sonra üç qardaşdan iki böyüyünü-İbrahimi və Qəzənfəri Münəvvər xanımın əmisi qızı Xurşidbanu Natəvan öz himayəsinə götürür, təlim-tərbiyələri ilə məşğul olur.
Xan qızının sayəsində Qəzənfər ağa gimnaziyada oxuyandan sonra Rusiyada (Peterburqda, ya da Mahaç-Qalada) ali təhsil alır və 1894-cü ildə Kizlər şəhərində müəllimlik fəaliyyətinə başlayır. Həmin dövrün inqilabi hərəkatına qoşulan Qəzənfər ağanın dünyagörüşü maarifçi-demokrat kimi formalaşır. O, kökü etibarilə hakim nəslə mənsub olsa da haqq-ədalət tərəfdarı idi və cəmiyyətdə inkişafın əsasını xalqın maariflənməsində görürdü. Təbii ki, X1X əsrin sonlarında hələ çar Rusiyasının mütləqiyyət quruluşuna qarşı mübarizə gedirdi. İnqilabi hərəkata qoşulanları bir amal birləşdirirdi:söz, vicdan azadlığı, sosial ədalət və s. Mübarizənin önündə gözüaçıq ziyalılar, vətənpərvər qüvvələr dururdu. Ümumi hərəkatda xalqçılar, maarifçilər, anarxistlər başda olmaqla bir çox cərəyanlar yer alırdı. Hələ imperiyanın əzdiyi xalqların milli azadlıq ideyaları təzə-təzə cücərirdi. Hələ inqilabçılar bolşeviklərə, menşeviklərə və trotskiçilərə bölünməmişdi. Hərəkata qoşulanların ümumi koordinasiya nöqtəsi yalnız ölkəni dəyişdirmək strategiyasında kəsişirdi.
Təhsili artdıqca, dünyanın bilik xəzinəsinə baş vurduqca, başqa ölkələrdə yetişmiş öncül dünyagörüşə yiyələndikcə gənc Qəzənfər də feodal-patriarxal dünyagörüşündən uzaqlaşır, qabaqcıl burjua-demokratik düşüncəyə sahib olurdu. Bu yeni təfəkkür tərzi isə onu inqilabi hərəkata çəkirdi. Sonralar o, tələbəlik və ilk müəllimlik fəaliyyəti barədə danışarkən apardığı inqilabi təbliğat barədə ailəsinə danışarmış.
HAŞİYƏ:Qəzənfər ağa student olan vaxtı hökumətin qadağan etdiyi kağızları oxuyurmuş. Bir dəfə yasovullar onların qaldığı yataqxanaya hücum edəndə oxuduqları vərəqləri gizlətməyə yer tapmayıblar, məcbur olub tikə-tikə edərək öz aralarında bölüşdürüb udublar. Xəfiyyələr studenlərin yataqlarını, kitab-dəftərlərini alt-üst etsələr də heç nə tapmayıb kor-peşman qayıdıb gediblər... Asyabəyimin xatirələrindən.
Elə həmin illərdə inqilabi ruhun atəşi ilə Qəzənfər ağa Kizlərdə Zeynəb adlı ləzgi gözəlinə aşiq olur və çox keçmədən onunla ailə həyatı qurur ( bu nikahın hansı şəraitdə, ailənin razılığı ilə, yoxsa “inqilabçılıqla” baş tutduğu haqda əldə məlumat yoxdur). Bir il sonra onun bir qız övladı dünyaya gəlir. Həyatının məqsədini xalqın cəhalətdən qurtulmağı uğrunda azadlıq mübarizəsində görən gənc müəllim övladına Hürriyyət (azadlıq) adı verir.
Ağız məlumatına görə gənc müəllim bir müddət Qusarda, daha sonra Ağcabədidə müəllimlik edib, amma hansı illərdə məlum deyil. Ümumiyyətlə, Qəzənfər ağanın həmin dövr ictimai-siyasi fəaliyyəti barədə məlumat çox azdır. Fakt odur ki, dayısı oğlu Zülfüqar vəfat edəndən sonra dayısından qəti və zəhmli qərar alan Q.Cavanşir təxminən 1906-cı ildə Qarabağa, Zəngişalı kəndinə gəlir.
Bu dövrdə baş verən hadisələrin dəqiq xronikası, ailənin fikir və düşüncələri, ailə üzvləri arasında polemika barədə tam təfərrüatı ilə informasiya olmasa da o məlumdur ki, sonda Qəzənfər ağa 1906-cı ildə dayısı Hüseynqulu ağanın qızı Asyabəyimlə evlənir. Bu izdivacdan bir müddət sonra Zeynəb də qızı ilə birgə Dağıstandan Azərbaycana gəlir. Cavanşir ailəsi Zeynəbi qohum qismində hörmətlə qarşılayır, onun yaşayışını tam təmin edir. Ancaq bununla belə Qəzənfər ağa ilə birgə yaşayış barədə söhbət belə getmir, yalnız ailənin yaxın üzvü kimi ana-balanın ehtiyacları ödənilir və malikanədə yaşayırlar.
Vətəndə ictimai fəaliyyətini daha da genişləndirmək arzusunda olan gənc ziyalı həyatına Zəngişalı kəndində maarifçilik islahatı ilə başlayır. O, dayısının (həm də qaynatasının) 12 otaqlı malikanəsinin qonaqlar üçün nəzərdə tutulmuş 72 kv.metrlik böyük otaqda kasıb balaları üçün məktəb açır. Bir sinifdən ibarət olan məktəbdə oxumaq arzusunda olan kasıb balaları təhsil alır. Şagirdlərin pal-paltarı, dəftər-qələm ləvazimatı ağanın hesabına alınır. Hətta hər gün uşaqlara günorta yeməyi verilir. Həmin şagirdlərdən sovet dövründə təhsilini davam etdirib vəzifə əldə edənlər çox olub. Onlar haqqında hələlik məlumat toplamaq mümkün olmayıb. Ancaq sonralar kolxozda çalışıb Sosialist Əməyi Qəhrəmanı adını alan Turab kişinin adı bəllidir. Turab kişi ötən əsrin sonlarına qədər Ağdamda yaşayırdı.
Daha sonralar Azərbaycanın müstəqilliyi uğrunda genişlənən azadlıq hərəkatına qoşulan Qəzənfər ağa Cavanşir Musavat Partiyasına üzv yazılır. Azərbaycan Demokratik Cumhuriyyətinin (1918-1920-ci illər) 23 aylıq həyatında o, maarifçilik fəaliyyətini uğurla davam etdirir. Lakin bolşeviklər Azərbaycanı “azadlıq” şüarı altında işğal edəndən sonra vəziyyət xeyli dərəcədə dəyişir. Özlərini “fəhlə-kəndli hakimiyyəti” adı ilə korazehin bir statusda təqdim edən şura hökuməti ölkədə əsrlər boyu qazanılmış zəngin “ziyalı və kübar” irsini məhv edir, bu irsin daşıyıcılarının vətəni tərk etməsinə rəvac verir.
Bu dövrdə Azərbaycanın bütün adlı-sanlı kübar ailələri kimi Cavanşir nəslinin də sanballı nümayəndələrinin əksəriyyətı Türkiyə, İran, ABŞ və Avropaya mühacirət etmək məcburiyyətində qalır. Bir çoxları isə soyadlarını dəyişməklə haqsız cəzalardan qurtulmağa çalışırlar.
Bolşeviklər (oxu: işğalçılar) Qəzənfər ağaya “toxunmurlar”. Yalnız onun varisliklə qazandığı torpaqlarını və malikanəsini əlindən alırlar. Keçmiş irsə nifrət ruhu altında keçən oktyabr inqilabının dağıdıcı dalğasının təsiri tezliklə malikanəni xarabalığa çevirir. Bir neçə onillikdən (1959-cu ildə) sonra isə onun izi-tozu da qalmır. Qəzənfər ağa ailəsi üçün Ağdama az qala bitişik Muradbəyli yaşayış sahəsində kiril əlifbasının “Г” (öz adının baş hərfi) hərfi şəklində uzunluğu 30, eni 4 metr olan 4 otaqlı qabağı hərləməhər artırmalı və şüşəbəndli, kürsülü bir ev tikdirir. Evin yaxınlığında vaxtilə Xan qızı Natəvanın çəkdirdiyi və suyunu dağ çeşmələrindən götürən məşhur kəhriz axırdı. Bu ərazidə yaşayan camaatın içməli su təminatı və bağ-bağatın suvarılması Qarabağın rus-erməni işğalına qədər həmin kəhriz hesabına ödənilirdi.
Qəzənfər ağa xanlıq dövrünün ən sadiq nökərlərindən birini (təəssüf ki, onun adı hafızələrdə yaşamayıb) yanında saxlamışdı. Ağalıq torpaqları, var-dövlət, malikanə əldən çıxdığı və yeni hökumət adlanan “güruha” inam olmadığı üçün o, arvadının və gözdən yayınaraq küncdə-bucaqda qalmış qızıl məmulatlarını, xüsusilə qadın paltarlarının, baş geyimlərinin üzərində səf-səf düzülən qızıl onluq və beşlikləri (Nikoıay onıluqları) iki saxsı küpə yığaraq daha ağır günlər üçün əmanət saxlamaq qərarına gəlir. Bəlkə də o, qəlbində ümidlərinin doğrulanacağı gələcək azadlıq günü barədə fikirləşirdi. Sadiq xidmətçisinin məsləhəti ilə Qəzənfər ağa küpləri kəhrizdə, suyun içərisində olmaqla torpağın altında gizlətmək qərarına gəlir. Təbii ki, bu işi xidmətçi həyata keçirir. Ancaq zaman artıq dəyişmişdi. “Proletar diktaturası” haqq-ədalət bəhanəsi ilə insanların mentalitetinə və dünyabaxışına o dərəcədə təsir etmişdi ki, ötən illərin sədaqətlilik və etibarlılıq, mərdlik meyarları buxarlanıb hafizələrdən çıxmışdı. İki gün sonra “sadiq” xidmətçi xəbər-ətərsiz yoxa çıxanda namərd ideologiyası ailəyə “tərs şillə” kimi dəyir. Təbii ki, xidmətçi ilə bərabər küplər də yoxa çıxır.
Var-dövlət sarıdan gözütox olan ailəyə bu itki ciddi təbəddülat yaratmır. Etnik baxımdan türk millətinin və bütövlükdə Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin formalaşmasında öz fədakar əməkləri ilə şöhrətlənən bir sülalənin davamçısı olaraq Qəzənfər ağa və arvadı Asyabəyim öz qabiliyyətlərinə güvənən insanlar idi və hər problemə yüksək təfəkkür tərzilə yanaşırdılar. Bütün çətinliklərə rəğmən Qəzənfər ağa müəllimlik fəaliyyətini daha da genişləndirir. Şıxbabalı, Çəmənli, Güllicə kəndlərində müəllim işləyir. Ötən əsrin 20-30-cu illərində Ağdamda 3 məşhur müəllim vardı: Qəzənfər ağa Cavanşir, Yəhya Şeyda və İsmayıl bəy. 1932-ci ildə Q. Cavanşir artıq Ağdam rayon maarif şöbəsinin müdiri işləyirdi. O, xalqın maariflənməsi işində öz ideallarına sadiq idi. Elm, təhsil və tərbiyənin insan şəxsiyyətinin ali mərtəbəyə yüksəlməsində, habelə cəmiyyətin özünün inkişafında mühüm rol oynadığını başlıca amil olaraq görənlərdən biri kimi Qəzənfər ağa xalqın savadlanması, uşaqların məktəblərə cəlb olunması üçün əlindən gələni edirdi. Azad düşüncə yolunda onun ictimai fəallığı da yüksək idi.
HAŞIYƏ: 1935-ci ildə ailədə sonbeşik olan qız dünyaya gəlir. Qəzənfər ağa adını Lətafət qoyur. Bu dövr Azərbaycanın hər yerində C.Cabbarlının “Sevil” pyesi qadın azadlığının carçısı kimi tamaşaya qoyulurdu. Təsadüfən Lətafətin 3 aylığı tamam olan gün Ağdamda “Sevil” tamaşasının rayon ictimaiyyəti tərəfindən “Mədəniyyət evi”ndə geniş müzakirəsi olur. Təbii ki, iclasda o vaxt Agdam rayon qəzetinin redaktoru işləyən yazıçı Əli Vəliyev və rayon maarif şöbəsinin müdiri Qəzənfər ağa da iştirak edirlər. Tamaşanın təsir gücünü kütlələrə aşılamaq, qadınların daha cəsarətlə ictimai həyata qoşulmasına rəvac vermək üçün Qəzənfər ağa öz çıxışında dünyaya yeni göz açmış qızı barədə məlumat verir və bildirir ki, “bu gündən etibarən mən qızımın adını dəyişərək Sevil qoyuram” və o, hamını çadranı ataraq ictimai fəallığa çağırır. Sonralar Sevil təhsil alaraq akuşerka ixtisasına yiyələnir. Tibb texnikumunu 1953-cü ildə qirmizi diplomla bitirdiyinə görə onun imtahan vermədən N.Nərimanov adına Tibb İnstitutuna göndərilərək ali təhsil almasına qərar verilir. Lakin müharibədən sonrakı qarışıq dövr olduğu üçün ailənin buna həm iqtisadi imkanı çatmır, həm də hökumət sarıdan nigaran olduqlarından qızın arzusu gözündə qalır. Çox-çox sonralar isə Sevil xanımın 3 qızı həkimlik sənətinə yiyələnir, oğlu isə kiçik qızına anasının adını qoyur və bu gün nəvə Sevil nənəsinin arzuladığı həkimlik sənətinin daşıyıçılarından biridir.
Ailəyə daha güclü zərbə 30-cu illər repressiyasının qızğın çağında vurulur. Qəzənfər ağanın keçmiş musavatçı olması, tarixi həqiqətləri saxtalaşdırmayaraq türkçülük ənənələrini davam etdirməsi “qırmızı kommunistlər” imperiyasının irticasına tuş gəlir. Əski kübar cəmiyyətinin əsilzadələrinə və quruculuq dalğası fonunda yetişmiş milli intibah simalarına “pantürkist” damğası vurularaq qazamata salınmaları, sorğu-sualsız Sibirə sürgün edilmələri onun milli ləyaqətinin çərçivələrini titrədir, azadlıq haqqında düşüncələrini sarsıdırdı.
HAŞİYƏ: Hər axşam emadin (M-1 modifikasiyalı “Moskviç” markalı avtomobil-müəl.) maşınlarında gələn qara meşin kurtkalı NKVD-çilər məhəlləmizdən bir nəfəri tutub aparırdılar. Biz qorxumuzdan işıqları söndürüb pərdəni azacıq aralayaraq baş verənləri təşvişlə seyr edərdik. Dəhşətdən bütün vücudumuz lərzəyə gələrdi. Aparılanların sırası bizim evə yaxınlaşırdı. Bilirdik ki, NKVD-nin qapımızı döyməsinə lap az qalıb. Qəzənfər ağa bizə ürək-dirək versə də, özünün səhhəti gündən-günə ağırlaşırdı. Bir gün qapıbir qonşumuzu da apardılar. Biz həyəcan içərisində növbəti axşamı gözləyirdik, növbəmizin çatdığını hiss edirdik-Asyabəyim nənə bunları danışanda həmişə gözləri qapı-pəncərədə olardı ki, birdən eşidib-bilən olar.
Səhərisi gün NKVD Qəzənfər ağanın evinə gəlir. Amma gecə vaxtı yox, səhər ertədən, çünki gecə yarısı mənəvi təzyiqlərin təbəddülatına dözməyən Qəzənfər ağa Cavanşirin ürəyi partlayır.
Kübar cəmiyyətin qaydalarına uyğun olaraq ailə özünü sındırmır, məsələni açıb-ağartmır, lap acıb-ağartsa belə bunun faydasız, bəlkə də daha təhlükəli olduğunu anlayır. Mərhumun xalq arasında “qarayara” adlanan Sibir xorasından vəfat etdiyi bildirilir. Hökumət üçün də bu versiya tamamilə məqbul olur. Qəzənfər ağa maarif şöbəsinin müdiri və maarifçi-vətənpərvər kimi hökumət tərəfindən təmtəraqla dəfn olunur. Onun məzarı üçün Cavanşir nəslinin ən görkəmli nümayəndələrindən Pənahəli xanın və Xurşidbanu Natəvanın basdırıldığı “İmarət” adlı bağda (Xanlıq dövrünün Fəxri xiyabanında) yer seçilir. Ancaq tezliklə də büsbütün unudulur, “İmarət”də olan digər qəbirlər kimi onun da qəbri dağılıb (oxu:dağıdılıb) itir.
Ötən əsrin 80-ci illərinin axırında – mənəvi özünəqayıdış dövründə Pənahəli xanla Xurşidbanu Natəvanın qəbirüstü abidələri hökumət tərəfindən bərpa olunur. Qəzənfər ağanın övladları, nəvələri onun qəbrini tapıb bərpa etmək üçün axtarışlara başlayırlar. Təəssüf ki, qəbir tamamilə itdiyindən axtarışlar xeyli genişlənir, arxivlərə müraciət olunur. Lakin yenə də Rusiya imperiyasının təhrikçiliyi ilə ermənilərin Qarabağı işğal etməsi işləri yarımçıq qoyur.
Qəzənfər ağa Cavanşirin Asyabəyimlə evliliyindən olan ilk iki övladı-Əliağa və Zərnişan kiçik yaşlarında vəfat edib, sonradan üç oğlu, iki qızı dünyaya gəlib. Böyük oğlu Ənvər oktyabr inqilabından xeyli əvvəl dünyaya göz açıb. Uşaqlıqda onu “Ənvər paşa” deyə çağırırmışlar. O, 1983-cü ildə Ağdamda, ailənin Muradbəylidəki evində vəfat edib. Böyük qızı Şəhla, üçüncü və dördüncü uşaqları Nuşirəvan və Emin Bakıda “məcburi köçkün” statusunda vəfat ediblər.

 

 

Sevil Cavanşir uşaqları. kürəkənləri nəvə və nəticələrilə birlikdə

Oxşar məqalələr