AXTAR

TORPAĞIN SAHİBİ - Sevil Xanım övladları, nəvə nəticələri ilə birlikdə

Article Index

 

 

Sonbeşik Sevil Cavanşirova-Novruzova isə 77 yaşında Qarabağ həsrəti və Ağdamda 40 il yaşadığı ər evinə bir gün qayıtmaq arzusu ilə Bakıda “məcburi köçkün” kimi yaşayır.
Bolşevizm dövründə ləzgi qızı Zeynəbin də taleyində çaxnaşmalar baş verir. Yeni hökumətin ilk dövründə, qaçaq-quldurların basqınları vaxtı Zeynəb ailənin himayəsi altında Şıxbabalı kəndində qızı Hürriyyətlə birgə yaşayırdı. Həddi-buluğa çatmış Hürriyyətin gözəlliyi, aldığı yüksək tərbiyə, kübarlara məxsus ali davranış qaydalarına malik olması diyarda dillərdən düşmürdü. Həmin dövrdə quldurluq və oğurluqda ad çıxarmaqla dövrün ab-havasına uyğun “şan-şöhrəti” olan Qaçaq Lələ (əslində o dövrün “avtoritet”i-Müəl.) qıza elçi düşür. Ancaq Qəzənfər ağanın yanına dəfələrlə adam göndərsə də ailə “bizim qaçaq-quldurla işimiz yoxdur” deyə bu izdivaca rəvac vermir. Bu arada Qəzənfər ağa hökumətin təyinatı ilə başqa kəndə müəllim göndərilir. Bundan istifadə edən Lələ Zeynəbin təkliyindən ürəklənib evinə basqın edir. Basqını duyan kimi Zeynəbin məsləhəti ilə Hürriyyət evdən yayınıb həyətdəki iri tut ağacına çıxır, yarpaqlar arasında gizlənməyə cəhd edir. Amma Lələ də həqiqətən Lələ imiş. Evdə qızı tapmayıb həyətdə hər dəlmə-deşiyi arayır. Axır ki, Hürriyyəti tapıb qaçırır, özünə arvad edir.
Bolşevizmin təsirilə hər yerindən duranın qədim nəsillərin, əsilzadələrin üstünə ayaq açması səbəbincə ailənin əli hər yandan üzülür. Hürriyyətin taleyinə görə Lələ ilə qohumluğa könülsüz olsa da ailə razı olur. Ancaq, hamıya qan udduran Lələ arvadı Hürriyyətin ağıl-kamalı, dərrakəsi önündə davam gətirə bilmir. Hürriyyətin təkidi və təsiri ilə Lələ qaçaqçılığın daşını atır, dinə-imana, haqq-ədalətə tapınıb normal həyata qayıdır. Buna görə də dünyaya gələn oğlan və qız övladlarının adını müvafiq surətdə Əkbər və Ədalət qoyurlar. Əkbər sonralar təhsil alıb babasının yolunu davam etdirir, Şıxbabalı kənd məktəbində uzun illər müəllimlik edir.
Qəzənfər ağanın ümumilikdə 30-dan çox nəvəsi, 50-ə yaxın nəticəsi və 15-ə qədər kötücəsi hazırda nəslin tarixini davam etdirir.

 Novruz Novruzov

Oxşar məqalələr