Nazirlər Kabineti pullu yolla bağlı yerli icra hakimiyyəti ilə əlaqə saxlayıb

Xəbər verdiyimiz kimi, Şəki şəhərində uzun illərdir mövcud olan körpünü bir sahibkar təmir edib və həmin şəxs körpüdən istifadəyə görə, hər sürücünün 1 AZN pul ödəməli olduğu haqda tapşırıq verib.

Bəs sahibkarın bu addımı nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı bizimyol.info-ya açıqlama verən yol-nəqliyyat üzrə ekspert Elməddin Muradlı sözügedən addımın dələduzluq, soyğunçuluq və tamahkarlıq olduğunu bildirib: “ O adam doğrudan da kəndi, eli, obası üçün faydalı bir iş görmək istəyirdisə, bunu xeyriyyə adı ilə də etmək olardı. Yoxsa hansısa körpü xarab olub və mən onu düzəldib pullu edirəm, bu artıq biabırçılıqdır. Mən həmin insanı araşdırmışam. O, uzun illər meşələri qırıb və yerində istirahət mərkəzi tikdirib. Heç kim ona bir söz deməyib. İndi bu şəxs öz obyektinə gələn müştəri üçün yol düzəldib və ondan da pul alır. Yəni tamahkarlığın həddinə baxın ki, bu adam öz obyektindən qazandığı pul ilə kifayətlənməyərək körpüdən keçidi də pullu edib. Bu, dələduzluq, soyğunçuluq və tamahkarlıqdır. Həmin şəxsin fəaliyyəti araşdırılmalı və ona inzibati cəza tətbiq olunmalıdır. Adam öz millətinə düşmən kəsilməz”.

Nazirlər Kabinetinin mətbuat katibi Akif Əli isə məsələyə münasibət bildirərək sözügedən halın təsadüf ola biləcəyini vurğulayıb: “Bununla bağlı hətta Şəki İcra Hakimiyyəti ilə də əlaqə saxlamışıq. Bir nəfər təsadüfən orada durub kimdənsə pul istəyə bilər. Ora heç körpü də deyil. Sadəcə olaraq borunun üzərinə daş, torpaq tökülüb. Çünki digər tərəfdə istirahət üçün obyekt var. O sahibkar özü həmin əraziyə gedib-gəlmək üçün şərait yaradıb. Amma orada durub pul istəməyə nə sahibkarın ixtiyarı var, nə də başqa birinin. İcra Hakimiyyətindən də dedilər ki, bu, ola bilər ki, təsadüfdür. Sözügedən halın davamlı olması mümkün deyil”.

PS. Belə hallar respublikanın müxtəlif bölgələrində kifayət qədərdir. Bakının özündə isə saysız-hesabsızdır. Məsələn, Babək prospektində yerləşən "maşın bazarında" içəri daxil olan hər maşından kimlərsə qapının ağzında durub pul yığır. Elə bilməyin ki, pulyığan şəxs özbaşınadır. Yox, kimsə onu buna təhrik edir və arxasında dayanıb birlikdə camaatın cibinə "girirlər". Təəssüf ki, bu kimi hallara qarşı hələlik inzibatl qaydada mübarizə aparmaq səmərə vermir. Çünki, cəmiyyət və buna məsul şəxslərin özləri bu mübarizəyə hazır deyillər. Hətta bir neçə il əvvəl dövlət başçısının pullu dayanacaqlar yaradılması barıdı tapşırığı elə şəkildə yerinə yetirildi ki, yenə də hansısa monopolist harada gəldi terminal qurub pul yığmağa başladı. 

İKSmedia.az 

5 -dən səhifə 25

Oxşar məqalələr