ABŞ prezidenti Donald Tramp İtaliya hökümətindən TAP layihəsinin başa çatdırılmasını istəyib, bu barədə xəbər Ağ Evin saytında qeyd olunub.
Trans Adriatik qaz boru kəməri (TAP) İtaliyanın baş naziri Giuseppe Conte-nin Ağ Evə səfəri zamanı ABŞ prezidenti Donald Trampla müzakirə olunub.
"Bir boru olduğu təqdirdə ona rəqib olan boru kəməri görmək istəyirəm. Elədirsə ümidvaram ki, cənab baş nazir, siz bu boru xəttini başa çatdıra biləcəksiniz", - Donald Tramp İtaliya baş nazirinə xitabən belə deyib.
İtaliyanın La Stampa qəzetinin məlumatına görə, TAP boru kəməri İtaliya hökümətinin üzvləri arasında da fikir ayrılığı yaradıb.
"Luigi nə edir? Hər kəs gəlib məndən TAP haqqında soruşur. Guya ki, bundan mən məsulam. Hələ də qərar verən və bunlardan məsul olan nazir odur", - İtaliyanın Puglia bölgəsinin meri Michele Emiliano Baş nazirin müavini və İqtisadi İnkişaf naziri Luigi Di Maio haqqında deyib.
Demokrat Partiyasının nümayəndəsi və sabiq millət vəkili Alessandro Di Battista da İqtisadi İnkişaf nazirini qınayıb.
Alessandro Di Battista deyib ki, nazir Luigi "TAP heç vaxt tamamlanmayacaq", Beş Ulduz Hərəkatı hökümətdə təmsil olunarsa bu layihə "iki həftəyə dayandırılacaq" kimi dediyi sözlərinə əməl etməyib.
Qəzet yazır ki, bu iddialar İqtisadi İnkişaf naziri tərəfindən tipik seçki kampaniyası vədi kimi qəbul edilir.
Luigi Di Maio hakimiyyətdə təmsil olunduqdan sonra deyib ki, TAP sadə bir səbəblə dayandırılmamalıdır, imzalanmış qərarlar var və layihə tam olaraq davam edir.
Beş Ulduz Hərəkatı İtaliya hökümətində əsas qruplardan biridir və hazırda rəhbəri 31 yaşlı Luigi Di Maiodur.
Bu partiya hakimiyyətə gəlmədən elan edib ki, hakimiyyətə gələcəkləri təqdirdə TAP layihəsini dayandıracaqlar və daha çox bərpa olunan enerji mənbələrinə üstünlük verəcəklər.
Buna baxmayaraq Forbes yazır ki, partiya Avropa Parlamentində bərpa olunan enerji mənbələri haqqında olan qanun layihəsinin əksinə səs verən qrupda təmsil olunur.
İtaliya höküməti və Beş Ulduz Hərəkatı TAP boru kəmərinin tikintisi haqqında razılığa gələ bilmirlər və narahatdırlar.
İyun ayının ortalarında Cənub naziri Barbara Lezzi demişdiki "TAP lazımsız layihədir, hətta zərərləri ola bilər və artıq köhnəlib".
Bundan üç gün sonra isə o fikirini yumşaldaraq deyib ki, "Şəxsən bunun faydasız bir layihə olduğunu düşünürəm, amma beş il əvvəl imzalanan bir razılaşma var".
İtaliya nəşri yazır ki, İtaliya Prezidenti Sergio Mattarella-nı Bakı səfərində müşayət edən xarici işlər naziri Enzo Moavero, "İtaliya, boru xətti ilə əlaqəli öhdəliklərini qəbul edir, təbii ki, ətraf mühit məhdudiyyətlərini nəzərə almaqla" deyib.
Bu haqda Deputatlar Palatasının sualına isə xanım Lezzi cavab verməyib və bundan iki gün sonra Lecce Universitetinə gedən zaman orada "Xain, sən xanım Bellanovadan da pissən" kimi şüarla qarşılanıb.
Qəzet yazır ki, xanım Lezzi əslən Salento bölgəsindəndir və uzun müddət Beş Ulduz Hərəkatının fəalı olub və əvvəllər TAP boru kəmərinin keçəcəyi ərazidəki San Forca çimərliyini mühafizə edən yerli əhali ilə birgə mübarizə aparıb.
İyunun əvvəlində İtaliyanın yeni hökuməti Azərbaycan qazını Avropaya çatdıracaq Cənub Qaz Dəhlizi layihəsinin son seqmenti olan TAP layihəsinə yenidən baxacağını bildirmişdi.
İtaliya prezidenti Sercio Mattarella ötən ay Azərbaycana səfər edib, amma İlham Əliyevlə görüşündə TAP-ın vəziyyəti haqda məsələni müzakirə edib-etməmələri məlum deyil.
Azərbaycanın da maliyyələşdirdiyi Cənub Qaz Dəhlizi İtaliyaya qədər uzanır.
40 milyard dollar dəyərində qiymətləndirilən Cənub Qaz Dəhlizinin TAP seqmentinin dəyəri 5.3 milyard dollar civarındadır.
Bu layihə çərçivəsində hasil ediləcək təbii qazın Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılması nəzərdə tutulub (BBC-Azərbaycanca).