Mediada Latviyada “Ağdam” və “Agdams” markalı şərabların istehsalı ilə bağlı yazılar dərc edildikdən sonra Patent və ticarət nişanları üzrə Mərkəz faktla bağlı yoxlama aparıb.
Medianews.az xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər.
Komitə müəyyən edib ki, Latviyanın Patent üzrə İdarəsi “Ağdam” portveyni üçün “UAB İTAİNA” şirkətinə, “Agdams” ticarət nişanı üçünsə “LATVİJAS BALZAMS” şirkətinə patent təqdim edib. Lakin qeydiyyat zamanı portveynlərin Azərbaycan mənşəli olduğu göstərilib.
Azərbaycanın Patent və ticarət nişanları üzrə Mərkəzi Latviyanın Patent üzrə İdarəsinə məktub göndərərək bildirib ki, Ağdam Azərbaycan şəhəridir və sovet dövründə eyniadlı şərabın istehsalına görə məşhurluq qazanıb.
Məktubda o da qeyd olunur ki, “Ağdam” ticarət nişanı üçün Latviya şirkətlərinə patent təqdim edərək, Latviyanın Patent üzrə İdarəsi istehlakçıları çaşdırır. Latviya patent idarəsinin diqqətinə çatdırılıb ki, “Ağdam” ticarət nişanı üçün Latviya şirkətlərinə patent təqdim edilməsi Paris konvensiyasının 10-cu maddəsini və Latviya Respublikasının “Ticarət nişanları və coğrafi göstərici mənşəyi haqqında” Qanununu kobud şəkildə pozur. Latviyanın Patent üzrə İdarəsinə təklif edilib ki, “Ağdam” ticarət nişanlarının qeydiyyatını ləğv etsin və gələcəkdə bu cür halların baş verməməsi üçün tədbirlər görsün.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu məsələni nəzarəti altında saxlayacaq.
Xatırladaq ki, əfsanəvi Azərbaycan şərab markası Baltikyanı ölkələrin aparıcı alkohollu içkilər istehsalçısı hesab edilən “Latvijas balzams” tərəfindən istehsal olunur və “Agdams” adı altında dünyanın 30 ölkəsinə ixrac edilir.
Sovet dövründə bu şərab Rusiyada o dərəcədə sevilirdi ki, hamı bu məhsulu "bəsdir deyincə" içirdi. Rusiyanın hər yerində bir stəkan "Ağdam" vurmaq üçün uzun növbələr yaranırdı. Buna görə də xalda belə bir məsəl yaranmışdı ki, ""Ağdam" Rusiyanı yıxdı".
İKSmedia.az