AXTAR

Amerika demokratiyasının astar üzü

absh ermeni lobbisi

 

Ceyms Uorlikin şəxsi təşəbbüsü kağız üzərində qalıb

Bir müddət əvvəl ABŞ-da demokratiyanın təntənəsi adlandıra biləcəyimiz hadisə baş vermişdi. Amerikanın ən təcrübəli diplomatlarından biri Ceyms Uorlik ABŞ hakimiyyəti ilə separatçı “Dağlıq Qarabağ Respublikası”nın Amerika Erməni Milli Komitəsi (AEMK) və Amerika Erməni Assambleyası (AAA) tərəfindən maliyyələşdirilməsi faktları üzrə məhkəmə icraatının mümkünlüyü barədə danışıqlar aparmışdı. Lakin bu məsələ səssiz başladığı kimi səssiz də it-bata düşdü. Separatçı Dağlıq Qarabağ qrumunu maliyyələşdirdiklərinə görə Amerika Erməni Milli Komitəsi və Amerika Erməni Milli Assambleyasına qarşı ABŞ-da məhkəmə icraatı başlanması gündəmə gəlsə də ABŞ tərəfi bu istiqamətdə hələ də əməli addım atmır. Özü də Minsk qrupunun amerikalı sabiq həmsədri Ceyms Uorlik bunu vacib sayır.
Sözügedən hər iki təşkilat lobbiçiliklə məşğul olur və ABŞ rəhbər dairələrində sıx əlaqələrə malikdir. Onların əlində güclü maliyyə və informasiya resursları cəmləşib. AEMK Amerikada nüfuzuna görə etno-lobbist təşkilatlar arasında ikincidir, AAA isə ABŞ-da gücünə görə ikinci erməni təşkilatıdır. Ceyms Uorlikin təşəbbüs göstərdiyi məhkəmə icraatı hüquqi cəhətdən əsaslandırılıb, belə ki, hər iki erməni təşkilatı ABŞ rezidentidir.
Məsəl var, deyir, “avazın yaxşı gəlir, oxuduğun quran olsa”. C.Uorlikin təşəbbüsü demokratiyanın ülvi bir parçasına çevrilərdi, əgər həyata keçirilə bilsəydi. Açıq görünür ki, Birləşmiş Ştatlat hakimiyyətinin demokratiyaya öz baxışı var və onda demokratiyanı istənilən şəkildə dəyişmək ehtirası böyükdür. Ələlxüsus, ortaya vəsait qoyulanda, yaxud seçicilərin səsləri hesablananda siyasi fəaliyyətə məxsusi naxışlar vurulur. Uorlikin təşəbbüsü Azərbaycanın haqlı mövqeyini müdafiə etməklə yanaşı, həm də Amerika cəmiyyətində erməni lobbisi və diasporunun çirkin əməllərinə qarşı yönəlib. Bunu həm Amerikada, həm də dünyanın digər ölkələrində görür, amma susurlar.
Bu gün isə Ermənistan ordusu azərbaycanlılar yaşayan kəndləri atəşə tutur. Dinc sakinlər, o cümlədən dünyanın isti-soyuğunun nədən ibarət olduğunu hələ anlamayan günahsız körpələr öldürülür. Bir itin, yaxud pişiyin dırnağı qanayanda gözləri yaşaran qərbli humanistlər görəsən, Azərbaycanda körpələrin qətlə yetirilməsinə niyə susqunluq nümayiş etdirirlər. Hətta ABŞ-ın hazırkı Administrasiyasının xarici siyasətində də Azərbaycanın qaçqınlarının dərd-sərləri unudulub.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə keçmiş köməkçisi Metyu Brayza bu yaz Rusiya mətbuatına müsahibəsində bildirib ki, “Hər bir Amerika prezidenti anlayıb ki, biz öz müttəfiqlərimizi müdafiə etməli və gücləndirməliyik. Həm Respublikaçıların, həm də Demokratların adminsğtrasiyalarında belə olub. Söhbət həm enerжi sahəsində əməkdaşlıqdan, həm boru kəmərlərindən, həm də Dağlıq Qarabağdan gedir. Mən prezident Tramp tərəfindən Cənubi Qafqaza hansısa marağını hələ ki, görmürəm. Bu məsələlərlə məşğul olacaq əməkdaşlar hələ ki, yoxdur. Mən narahatam ki, bu sahə lazımi diqqəti qazanmır. Ümid edirəm ki, Tramp Rusiya ilə əməkdaşlıq üçün problem axtaran zaman Qarabağı seçəcək”.
Beynəlxalq təşkilatlar olan həm Karneqi Fondunun, həm də Beynəlxalq Böhran Qrupunun Qarabağ münaqişəsi ilə bağlı dərc etdiyi məruzəsində bildirilir ki, Azərbaycan və Ermənistan müharibə ərəfəsindədir. Müharibənin alovlanmasında dolayısı ilə ABŞ-dakı erməni təşkilatlarının da rolu var. Bu təşkilatların əməllərinə ədalətli qiymət verərək Uorlikin təşəbbüsünü dəstəkləyib məhkəmə icraatına başlanması əslində ABŞ-ın Qarabağda sülhü dəstəkləməsinə nümunə ola bilər. Lakin siyasi ambisiyalar bu addımı atmaqda Tramp Administrasiyasına mane olur.
IKSmedia.az

Oxşar məqalələr