AXTAR

Ermənistan rəhbərliyinin qatil imici növbəti dəfə dünyaya bəyan oldu

ermenistan hakimiyyeti

 

Düşmən ölkədə siyasilər mənəvi dəyərlər üzərində zorakılıqdan çəkinmirlər

Adətən insan taleyi ilə bağlı cəmiyyətdə baş verən anormal hadisələrdən hamı təəccüblənir. “Bu, necə ola bilər, axı?!”- deyə adamlar heyrətlərini ifadə edirlər. Amma dünyada elə cəmiyyətlər var ki, onlardan qeyri-insani hərəkətlər görəndə təəccüblənməyin özü təəccüb doğurur, çünki onlardan bu hərəkətlər gözlənilən olur. Bu mənada bu günlərdə erməni hüquq müdafiəçisi, siyasi mühacir, hazırda İsveçdə yaşayan Vahe Avetyanın Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək ondan kömək istəməsi azərbaycanlılarda heç bir təəccüb doğurmayıb. Avetyan Azərbaycan Prezidentindən xahiş edir ki, onun azyaşlı qızının erməni xüsusi xidmət orqanları tərəfindən qanunsuz şəkildə Ermənistana aparılmasının qarşısını alsın. Bu, bir insanlıq dramıdır və erməni cəmiyyətindən belə bir addım atılması heç də birinci dəfə, həm də yəqin ki, axırıncı dəfə deyil. Buna görə də biz-azərbaycanlılar bu hadisəni ürək ağrısı ilə qaрşılasaq da, heç təəccüblənmədik.
Zərərçəkən şəxs Ermənistanın Azərbaycana münasibətinə, regiondakı işğalçılıq siyasətinə vicdanla yanaşan sadə ermənidir. Ermənistanın indi hakimiyyətində təmsil olunan cinayətkar şəxslərin Azərbaycanda törətdikləri vəhşilikləri qəbul etməyən erməni publisisti, yazıçısı və ictimai xadimi Vahe Avetyan keçən il cəsarətlə Azərbaycana gəlmişdi. O, həmin vaxt Xocalı abidəsini ziyarət edib, abidə önündə baş əyərək erməni qatillərin əməllərini pisləmişdi. Qeyd edək ki, İsveçdə yaşayan siyasi mühacir və Sərkisyan rejiminin tənqidçisi olan V.Avetyan “Bakı sülh platforması”na qoşularaq Qarabağ müharibəsinin sülh yolu ilə həllində iştirak etməyi arzulayır. Onun İrəvan siyasətçilərindən fərqi ondadır ki, həqiqətin gözünə dik baxmağı bacarır və Ermənistanın işğalçılıq siyasətinin əleyhinə çıxır.
Budur, erməni yazıçısı bu dəfə Prezident İlham Əliyevdən kömək istəyir, ona görə ki, həmvətənləri ona övlad dağı çəkmək istəyir: “Mən Azərbaycan Prezidenti İlham Əliyevə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana , Azərbaycanın İsveçdəki səfirliyinə, beynəlxalq təşkilatlara müraciət etmişəm ki, mənə kömək etsinlər, imkan verməsinlər ki, erməni xüsusi xidmət orqanları mənim azyaşlı qızımı qanunsuz şəkildə Ermənistana aparmasın”.
Erməni hüquq müdafiəçisi deyir ki, o, keçmiş arvadı ilə birlikdə İsveçdə yaşayır və müəyyən vaxtda qızına baş çəkməyə icazəsi var. 2013-cü ildə Avetyanın keçmiş arvadı erməni xüsusi xidmət orqanları ilə əlbir olaraq onun azyaşlı qızını Ermənistana aparıb. Avetyan qızının dalınca Ermənistana getməli olub və orada həbs edilib, bir müddət həbsxanada qalıb. Həmin vaxt Avetyan çətinliklə də olsa qızını İsveçə geri qaytara bilib. İndi analoji vəziyyət təkrarlanır, Avetyan hesab edir ki, Serj Sаrkisyanın rejimi onu müəyyən təhlükə kimi görür.Onun bildirdiyinə görə, bir müddət əvvəl Ermənistan xüsusi xidmət orqanlarının nümayəndələri yenidən İsveçdə peyda olub, orada onun keçmiş arvadı ilə görüşüb. Avetyan iddia edir ki, erməni xüsusi xidmət orqanları İsveçin dövlət strukturlarının nümayəndələrini ələ alaraq onun qızını Ermənistana aparmağa çalışır. Avetyanın şikayəti Ermənistan rəhbərliyinin, azərbaycanlıların qatili Serj Sarkisyanın iç üzünü bir daha açıb dünya ictimaiyyətinə göstərir. Deyirlər cinayətkarın milliyyəti olmur. Sarkisyan bu məsəlin xalis standartıdır. O, mənfur məqsədləri qarşısında nəinki hansısa insana, hətta öz millətinin nümayəndəsinə də rəhm etmir.
Yazıçının sözlərinə görə, uşağın hansı valideyni ilə qalması üzrə iş araşdırılır və noyabrda məhkəmə müvafiq qərar verməlidir. O, haqlı olduğuna və məhkəməni udacağına inanır. Lakin Ermənistan hakimiyyətinin qızını oğurlaya biləcəyindən ciddi narahatlıq keçirir. Çünki, o bir siyasi xadim kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Qarabağda həqiqi sülhün bərqərar olması üçün Ermənistanın işğalçılıq siyasətini pisləyir.
Vahe Avetyanın xahişinə Azərbaycan Prezidenti hüquqi cəhətdən necə reaksiya verəcək, məlum deyil, çünki bu şəxs başqa ölkədə yaşayır. Hər halda mənəvi dəstək, sözsüz ki, olacaq. Ən azından Azərbaycan xalqı, xaricdəki Azərbaycan diaspor təşkilatları onun səsinə səs verəcəklər. Amma bir şey indidən məlumdur ki, Ermənistan rəhbərliyinin qatil imici növbəti dəfə dünyaya bəyan olub.

IKSmedia.az

Oxşar məqalələr