Qərbin siyasi düzəni dəyişmək cəhdi özünə qarşı çevrilir
ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq etməyə hazırlaşır, Avropa İttifaqı da eyni tədbirləri görəcəyini istisna etmir. Münasibətlər daha da kəskinləşir. Rusiya iqtisadi və siyasi əməkdaşlıq üçün yeni partnyorlar axrtarışındadır. Lakin onun seçim arealı o qədər də geniş deyil.
Sovetlər birliyi dağılandan sonra Qərbin siyasi cəhətdən Şərqə doğru genişlənmək planı sona çatmamış bölgələrarası ziddiyyətləri gücləndirdi. Çünki, genişlənmə planını qəbul etməyən Rusiya Ukraynaya təcavüz etdi. Əslində, Qərbin Ukraynanı öz cəbhəsinə çəkmək istəyi aranı qarışdırıb. İndi Qərblə Rusiya arasında sanksiyalar müharibəsi gedir. Bu səbəbdən şimal qonşumuz iqtisadi proqramları və layihələri yerinə yetirməkdə çətinlik çəkir.
Sanksiyaların növbəti paketi Qərbin dövlət rəhbərlərinin stolu üzərindədir. Bu sanksiyalarda Rusiyanın böyük ümidlər bəslədiyi «Şimal Axını-2» və «Türk axını» layihələri də var. Əgər sanksiyalar qüvvəyə minsə, onda bu işlərin başa çatdırılması dalana dirənəcək. Bu isə Rusiya kimi nəhəng ölkənin iqtisadiyyatı üçün böyük itki olacaq. Bəs nə etməli?
Belə dar məqamda, görünür ki, Rusiya qonşuları ilə münasibətləri istiləşdirməyə başlayacaq. Məsələ burasındadır ki, bu ölkənin ətrafında çoxlu türk dövlətləri var və onlar kifayət qədər müstəqil siyasət yürüdürlər. Düzdür, sovet dövründən qalma bir adət kimi Rusiyanın bu ölkələrə müəyyən təsiri hiss olunur. Lakin tarixən azadlıqsevər olan bu türk dövlətləri müstəqilliklərini uca tutur və o cür də siyasət yürüdürlər. Məsələn, bu dövlətlərdən biri olan Azərbaycanın hazırkı dövr üçün ən uğurlu və müstəqillik timsalı olan balanslı siyasətini qibtəediləcək yol saymaq olar. Həm Rusiya ilə ənənəvi dostluq əlaqələri qorunur, həm də Qərbə uğurlu inteqrasiya gedir. Nəticə etibarı ilə Azərbaycanı müxtəlif qütblərin birləşdiyi “siyasi qovşaq” da adlandırmaq olar. Çünki, həqiqətən bəzi hallarda iri dövlətlər ölkəmizin vasitəçiliyindən istifadə edərək baş vermiş narazılıqları aradan qaldırırlar.
İndi regionun lideri Azərbaycanın və böyük türk dövləti Türkiyənin ağır məqamda Rusiyaya yardım göstərmələri dünyanın yeni nizamının qurulmasında səmərəli rol oynayır. Bu üç ölkənin son bir neçə ildə əlaqələrinin yüksələn xətlə inkişaf etməsi bölgədə yeni güc mərkəzinin təməlini qoyur. Tendensiyanın maraqlı cəhəti odur ki, hadisələrin inkişafı rus-türk strateji əməkdaşlığına doğru gedir. Baxmayaraq ki, Rusiya köhnə imperialist ambisiyalarının cəngindən hələ tam qurtara bilməyib. Amma istər-istəməz o, bu əməkdaşlığı inkiş.af etdirməyə maraq göstərmək məcburiyyətindədir. Buna görə belə situasiyalarda deyirlər ki, tarix öz işini görür. Haqqında danışdığımız yeni istiqamət də sanki tarixin zərurətidir və məntiqidir. Dünyanı bir qütbün öhdəsinə buraxmaq olmaz. Mütləq balans yaradılmalıdır. İndi Rusiyanın türk dünyası ölkələrinin yardımına möhtac olması təbii şəkildə baş verir və balansın qorunmasına xidmət edir.
Belə bir konfiqurasiya isə həm Rusiyanın sanksiyalara davam gətirməsinə, həm də Türk Birliyinin yaranma prosesinin sürətləndirilməsinə rəvac verəcək. Ümumi səylərin əlaqələndirilməsi regionda iqtisadi inkişafı təmin etməklə bərabər siyasi təşəkkülü də təkmilləşdirməyə səbəb olacaq.
IKSmedia.az