Ermənistan prezidenti bu ili “tülkü” obrazında başa vurmaq istəyir
Ermənistan bu ilin payızında Avropa İttifaqı ilə əhatəli və genişlənmiş əməkdaşlığa dair razılaşma imzalayacaq. Noyabrda Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı sammiti zamanı imzalanması gözlənilən razılaşma imzalanmaq üçün tam hazırdır. O da maraqlıdır ki, razılaşmanın mətni açıqlanmır. Fikirlər səslənir ki, bununla İrəvan Rusiyanın nəzarətindən çıxıb Qərbə meyillənir.Ermənilərin Qərbə meyillənmələri təzə məsələ deyil və üstəlik qəribə də sayılmır. Çünki, onlar həmişə isti qucaq axtarırlar. Onları qucaq sahibinin kimliyi yox, rahatlığı və zənginliyi maraqlandırır. Rusiyanın soyuq təbiəti və hərbi sursatının dəmir soyuqluğu çətin ki, ermənilərin zövqünü oxşasın. Qərb isə.., insanlara inam bəsləyən Avropa xalqlarını aldatmaq erməni bicləri üçün bir su içimi qədər asandır. Lakin.., qarşıda Rusiya dayanıb-buz kimi sərt və qəddar Rusiya.
Bu ilin aprelində erməni parlamentinə seçkilərdə qərbyönümlü qüvvələr tamamilə iflasa uğramışdı. Düşünülürdü ki, yox, İrəvanın Qərbə meyillənmək arzusu birdəfəlik gündəmdən çıxıb. Amma heç demə, Serj Sarkisyan xəlvəti öz işini görürmüş. Parlament seçkiləri baş aldatmaq və fikri yayındırmaq məqsədi güdürmüş. Belə çıxır ki, ömrü boyu satılmağa öyrənmiş Serj Sarkisyan indi də Putinə xəyanət edərək avropalılara satılıb. Ancaq bu məsələdə başa düşülməyən bir cəhət var ki, bu da “cəsarət” məsələsidir. Ermənistan rəhbəri hansı ağılla öz “böyüyünə” dönük çıxıb? Rusiya bunu bağışlayarmı? Heç ağıla sıxışdırmaq olmur ki, Putin slavyan ailəsindən olan Ukraynaya bağışlamadığı dönüşü Ermənistana bağışlaya.
İş burasındadır ki, budəfəki xəyanət Qərbə meyillənmək üçün Ermənistanın göstərdiyi ikinci cəhddir. 2013-cü ilə aid birinci cəhddə Rusiyanın “göz ağartması” işi təxirə salmışdı. Ancaq bu dəfə hələ ki, sakitlikdir. Görünür, imzalanma mərasiminin payızda olması və Rusiyanın Suriya məsələsinə başı qarışdığından Ermənistana təpinmək gecikir. Bəs, Rusiya bu istiqamətdə hansı addımları ata bilər? Nə qədər sadəlövh səslənsə də, ermənilərə qulaqburma vermək üçün Moskva Dağlıq Qarabağ münaqişəsindən təzyiq kimi istifadə edə bilər. Çünki, münaqəşənin bugünkü vəziyyəti son dərəcə gərgindir və tərəflərdən konkret iş görülməsə sonu bilinməyən faciələr baş verə bilər. Onsuz da münaqişənin Rusiyanın əlində hər iki tərəfə təzyiq vasitəsi olduğu hamıya bəllidir. Amma konkret olaraq Ermənistanın əl-ayağını yığmaq üçün bir neçə rayonun Kremlin razılığı əsasında Azərbaycan tərəfdən hücumla qaytarılması variantı da gündəmə gələ bilər. Bunun üçün indi tamamilə əlverişli şərait yaranıb və hadisələrin bu istiqamətdə inkişafı Ermənistanın öz günahı ucbatından ola bilər.
Təbii ki, təxəyyülün bu məhsulu hazırkı situasiyada Rusiyanı heç cür qane edə bilməz. Çünki, Rusiyanın Azərbaycanın açıq və müstəqil siyasətindən də narazılığı var. Belə ki, Rusiyanın Avropanın qaz bazarındakı hökmranlığına tezliklə Azərbaycan son qoyacaq. Əgər bu məqamda Qarabağ münaqişəsinin həllində Azərbaycan bir qədər də irəliləsə, onda Rusiyanın regiondakı mövqeləri xeyli dərəcədə zəifləyəcək. İndi Ruisyanın hansı yolla gedəcəyi məlum deyil. Ortada olan dəqiq fakt Ermənistanın xəyanətidir. Bunun axırı nə olacaq, zaman göstərəcək.
IKSmedia.az