AXTAR

ABŞ və Rusiya ziddiyyəti Qafqaza uzanır

absh rusiya

 

Beynəlxalq müstəvidə toqquşan supergüclərin maraqları Qarabağ konfliktinə də təsir edə bilər
Bu günlərdə Suriya cəbhəsində baş verən hadisələr çoxdan “siyasi və hərbi bataqlıq” adını almış bu ölkənin dərin uçuruma çevrilməsinin anonsunu verib. Kim tərəfindən törədilməsinin fərqi olmasa da Suriyada kimyəvi silahın tətbiq edilməsi təsadüfi məsələ deyil və vəziyyətin daha da pisləşməsi üçün əsaslı dəlildir. ABŞ-ın Əsəd qüvvələrinin nəzarətində olan aerodromun raket atəşinə tutulması da bu versiyanın davamı kimi qəbul edilməlidir. Çünki, Obama administrasiyasının 8 illik fəaliyyəti Birləşmiş Ştatların bu regiondakı nüfuzuna ciddi zərbə vurub və ənənəvi tərəfdaşları olan Səudiyyə Ərəbistanı, Küveyt və digər ərəb ölkələrinin narazılığına səbəb olub. Donald Tramp administrasiyasının bu geriliyi aradan qaldırmaq cəhdi əslində yenilik deyil, sadəcə respublikaçıların 8 il əvvəlki siyasətinin regiona qaytarılmasıdır. İndiki məqamda bu, ABŞ-ın nəzarətində olan Suriya rejiminin bərqərar olmasına bağlıdır.
Hadisələrin bu istiqamətdə inkişafı Rusiyaya öldürücü zərbə olar. Çünki, əsrimizin əvvəlindən Rusiya Yaxın Şərqdəki mövqeyini Amerikanın lehinə zəiflədə-zəiflədə geriləyir. İraqın zəngin neft-qaz yataqlarının işlədilməsini əldə verməklə sonrakı illərdə Liviya və Misirdəki nüfuzunu da azaldan Rusiyanın son dayaq nöqtəsi Suriyadır. Əgər bu da itirilsə, onda ruslar Qafqazdan o tərəfə ayaq belə basa bilməyəcəklər. Üstəlik, son dayağını itirməklə Rusiya dünya çaпında etibar və hörmətini də itirəcəkdir. Çünki, o, daha əvvəlki güc və qüdrətə sahib olmayacaq. Üçüncü, təhlükəli hal isə daxili siyasətin zəifləməsi olacaq. Ona görə ki, federasiyanı təşkil edən subyektlərin müstəqillik arzuları güclənəcək. Bütün bunlar isə Rusiyanın Suriya uğrunda ölüm-dirim mübarizəsinə girməli olması şərtini irəli sürür. Lakin şərt öz yerində, sanksiyalar ucbatından neçə ildir iqtisadi cəhətcə geriləyən bir dövlətin bu yüksək hərbi xərclər tələb edən mübarizəyə davam gətirəcəyi nə dərəcədə mümkün olacaq, bax, bu məsələ çox şübhəlidir.
Məsələni mürəkkəbləşdirən səbəblərdən biri odur ki, Rusiyanın tərəfdaşlıq etdiyi ölkələrlə münasibətləri çox sürüşkəndir. Məsələn, Qərbin ən önəmli müttəfiqlərindən biri olan Türkiyə ilə münasibətlərində Putin heç vaxt ardıcıllıq nümunəsi göstərməyib. Belə ki, Əsəd məsələsində Türkiyənin tələblərini öz ambisiyalarına rəğmən hesaba almağı bacarsaydı, elə Obamanın vaxtında Suriya məsələsi həll oluna bilərdi. Lakin Rusiya danışıqlarda bir söz dedi, əməldə başqa fəaliyyət göstərdi. Ən pisi də odur ki, Suriyadakı kürd separatçıları dəstəklədi. Türkiyə isə sərhədləri boyunca belə siyasətə yol verə bilməzdi. Buna görə də məqsədlərdə olan qeyri-mütənasiblik işi uzatdı. Düzdür, sonradan Türkiyənin tələbi yerinə yetirildi. Ancaq artıq gec idi və ABŞ da köhnə müttəfiqi Türkiyəni itirmək arzusundan vaz keçdi. Bu səbəbdən Türkiyə-Rusiya tərəfdaşlığının balansında əyintilər yarandı.
İndi tərəflər arasında gərginlik həndəsi silsilə ilə artır. Azərbaycan üçün təlaşlı məqam odur ki, Tramp administrasiyasının yenilənmə kursunda Qafqaz regionu da önə çıxarılar və Rusiyanın başını burada qatmaqla Suriyadan kənarlaşdırılması ssenarisi işlənə bilər. Çünki, Gürcüstan artıq Qərb qrupunda yerini möhkəmlədib və onun simasında Qərbin Qafqazda fəal siyasət yeritməsi üçün hazır plasdarm var. Azərbaycanın balanslı siyasəti hər hansı yeni siyasi gəlişmələri önləməyə yetərlidir. Lakin ümumiyyətlə, Qafqaz regionunun başqa dövlətlərin münasibətlərinin aydınlaşdırılması meydanına çevrilməsi yolverilməzdir. Ancaq, Qarabağ probleminin bu hadisələrin episentrində olmaq ehtimalı Azərbaycanı maraqlandırar. Çünki, onsuz da başqalarının müdaxiləsi olmadan ərazi bütövlüyünü bərpa etmək gündəmdədir. İndiki situasiya isə bunun silahların gücü ilə başa çatdırılmasını tövsiyə edir. Baxmayaraq ki, supergüclər bunun mümkünsüzlüyü ideyasını, çox güman ki, sözdə müdafiə edirlər. Bu arada isə rusiyalı politoloq Qriqori Trofimçuk da məsələ ilə bağlı maraqlı bir açıqlama verib: “Donald Tramp müharibəni rəsmi səviyyəyə çıxararaq, Suriyada Obama tərəfindən başlanmış siyasəti davam etdirir. Hazırda Vaşinqton Suriya üzərindən Rusiyaya tələblərini diktə etməyə çalışır. Suriyada təyyarə bazasının vurulması Moskvanın reaksiyasının yoxlanılması testi idi”. Q.Trofimçuk hesab edir ki, Amerika müxtəlif vasitələrlə regionda öz təsirini genişləndirəcək: “Vaşinqton Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da öz yanaşmasını təqdim edəcək və bu yanaşma əvvəlkindən daha kəskin olacaq. ABŞ Rusiyanı Qarabağ münaqişəsinin nizama salınmasından uzaqlaşdırmağa çalışacaq. Xüsusilə Vaşinqton Suriya məsələsində öz mövqeyini irəli çəkməyi bacaracaqsa, Qarabağ üzərində də Rusiyanın mövqelərinə hücum edəcək. Ümumiyyətlə, Suriyada çox şey aşkar olacaq. Biz Rusiyanın ya bütün istiqamətlər üzrə zəifləməsini, ya da möhkəmlənməsini görəcəyik”.

IKSmedia.az

Oxşar məqalələr