Moskvanın üz mimikası İrəvandakı havanın xarakterini müəyyənləşdirir
Ermənistanda keçirilmiş parlament seçkiləri sübut etdi ki, bu ölkəni Rusiyanın təsir dairəsində yox, sadəcə, onun bir subyekti saymaq lazımdır. Nə erməni xalqının arzuları hesaba alındı, nə də Qərb dövlətlərinin səyləri bir nəticə verdi. Keçirilmiş aksiyalar, xalqın sosial-iqtisadi vəziyyətinin ağırlığı, ictimai xadimlərin fəallığı, beynəlxalq yaxud Konstitusiya hüquqları və sairə vətəndaş cəmiyyətinə xas xüsusiyyətlər seçkinin nəticələrində əks olunmadı. Loru dildə desək, “rusa ləbbey deyənlər” yenə oturduqları baş yerdə qaldılar. Bu, gözlənilən idi. Sadəcə, kimin birinci olması məsələsi ətrafında fikirlər haçalanmışdı. Kremlin İrəvandakı ən çox güvəndiyi şəxs yenə də “təlxək” ləqəbli Серж Sarkisyan oldu. Var-dövlət tamarzısı Щагик Sarukyan, guya Rusiyaya müxalif “Vıxod” bloku və Moskvanın ənənəvi silahdaşı Daşnaksütun Partiyası yeni oyunlara başlamaq üçün parlamentdə birləşdilər.
Bütün bunların bizim üçün heç bir mənası olmazdı, əgər ortada torpaqlarımızın işğalı söhbəti və düşmən qonşuluğumuzda olmasaydı. Birincisi, Azərbaycan ərazi bütövlüyünü təmin edəcək. Bu, artıq bizim üçün sarsılmaz qanundur. İkincisi də qonşu qonşu olanda adamın günü xoş keçir, necə deyərlər, “yaxın qonşu uzaq qohumdan yaxşıdır”. Ermənilərin də ki qonşuluqları məlumdur. Bütün bunlar öz yerində, amma düşünmək olar ki, madam, Qarabağda sülhün yaranması prosesinin açarı Rusiyanın əlindədir və Rusiya da Azərbaycana “dost” ölkədir, demək sülh danışıqlarının canlanmasını və sona çatdırılmasını gözləmək olar. Digər tərəfdən, Cənubi Qafqazda yaranmış hazırkı situasiya da Kremlin planlarına əngəl yaratmır. İran-Rusiya əlaqələri normal məcrada davam edir, Türkiyə-Rusiya əlaqələri yenidən yüksəliş dövrünə qədəm qoyub. Azərbaycan müstəqil siyasət yürütsə də Rusiyaya heç bir təhlükə törətmir, əksinə səmimi və etibarlı dostluq münasibətlərinin möhkəmlənməsinə ciddi maraq göstərir. Ermənistan haqda danışmağa dəyməz, onsuz da Moskvanın üz mimikası İrəvandakı havanın xarakterini müəyyənləşdirir. Üstəlik, ABŞ və NATO Gürcüstanda bərqərar olmaqla Rusiyanın regiondakı ölkələrlə müttəfiqlik siyasətini stimullaşdırır. Di haydı! Başlayın sülh danışıqlarını. Ancaq yenə də heyhat! Təsvir edilmiş situasiya Rusiyanı təmin etmir. O, imperiya arzulayır. Gündən-günə ağırlaşan iqtisadi və siyasi durumu ilə yenə də öz ambisiyalarından geri çəkilmək istəmir. Çünki, siyasət humanizmi sevmir, o, mənafe tələb edir və gücün quludur. Bəli, Qarabağ müharibəsinin qurtarması və regonda sülhün təntənəsinin açarı bu gün Rusiyanın əlindədir. Bəla da ondadır ki, dost seçimini və ya siyasətini bərabərlik və ədalətlilik prinsipi ilə həyata keçirmir. O bir vaxtlar əldə etdiyi və getdikcə də itirdiyi gücünə və hökmranlığına arxayındır. Bu isə yolverilməzdir. Xüsusilə, Azərbaycan kimi azad və suveren yaşayışı milli məsləkə çevirmiş ölkələr üçün Rusiya yolu qəbuledilməzdir.
Ancaq tarixin də öz yolu var və indiyədək çox “mənəm-mənəm” deyən dövlətləri diz çökdürüb. Regionun müasir tarixi Azərbaycanın xeyrinə işləyir. Düzdür, indiki nəsil tələsir, azərbaycanlılar son nəfəslərini dədə-baba torpaqlarında vermək həsrəti ilə yaşayırlar. Tarixin isə öz hesabı var, onu sürətləndirib yaxud zəiflətmək olur, dəyişmək olmur. Qarabağın hesabını da tarix Azərbaycanın boynuna qoyub. Ya biz öz siyasətimizlə Rusiyanı məcbur edəcəyik ki, Qarabağımızı qaytarsın, ya da elə özümüz hücuma keçib torpaqlarımızı azad edəcəyik. Oturub gözləsək, Rusiya heç vaxt torpaqlarımızın işğaldan azad edilməsinə özbaşına başlamayacaq.
IKSmedia.az