Ermənistanın siyasi elitası özünə gəlmək istəyir, lakin bunun üçün nə siyasi, nə də iqtisadi resursları var
Azərbaycanın Vətən müharibəsindəki qələbəsi işğalçıya elə bir zərbə vurub ki, çətin ki, bir də xam xəyallara qapıla bilsin. Hətta düşmənin özünün içərisində də az-çox savadı olanlar və siyasətdən baş çıxaranlar etiraf edirlər ki, bütün məğlubiyyətlərin səbəbkarı özləridir. Çünki reallığı görmək, qiymətləndirmək bacarıqları yoxdur və daim xəyallarındakı arzularla yaşayırlar. Təbii ki, insan adlı məxluqlardan təşəkkül tapmış hər bir millət daha yaxşı yaşamaq istəyir. Lakin bu, o zaman gerçəkləşir ki, insanlar özləri əziyyətlə özlərinə şərait yaradırlar. Başqalarının yaratdıqları hesabına yaşamağı arzulayanların oxu həmişə daşa dəyir. Həyatda kiminsə dilənçilərdən xoşu gəldiyini görən olubmu? Hətta xaraktercə zəif olan insanlar da onlara pulu ya təəssüf hissi ilə, ya da hikkə ilə verir. Çünki dilənçilər zəhmət çəkmədən yaşayırlar. Bu fikirləri bəzək üçün yox, reallığın dərk edilməsi üçün xatırlatdım.
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın Dağlıq Qarabağ üzrə keçmiş müşaviri Jirayr Libaridyanın BBC-yə verdiyi müasibədə qeyd edir ki, Qarabağdakı məğlubiyyət təkcə iqtidarın yanlış hesablamasından qaynaqlanmır. Ermənistanın siyasi spektrinə baxın. Demək olar ki, bütün siyasi partiyalarımız ultra-vətənpərvər düşüncəyə sahibdir. Və onlar beynəlxalq səviyyədə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı formalaşmış rəyi rədd edirdilər. Ona görə də sonluq belə fəlakətli oldu: “İndi Ermənistanda əksər siyasi partiyalar deyir ki, Paşinyan istefa versin, biz iqtidara gələk. Ancaq iqtidara can atanların heç biri problemin həllinə yeni yanaşma ortaya qoya bilmir”.
Yeni yanaşma isə işğala son qoymuş Azərbaycanın qələbə təntənəsinin parametrlərinə uyğun olmalıdır. Əks halda erməniləri yeni məğlubiyyətlər gözləyir. Məsələ burasındadır ki, “Qarabağ münaqişəsi” adlı problem daha yoxdur, bu, çözülüb. Vaxtilə Azərbaycan vətəndaşları olan bir qrup erməninin elan etdiyi qondarma respublika da yoxdur, bu da həyata keçməyən arzular kimi soluxub məhv olub. Artıq Ermənistandan və xarici ölkələrdən zorla Azərbaycanın Qarabağ bölgəsinə gətirillmiş ermənilər də ölkəmizin ərazisini tərk edib və... əksəriyyəti qalıb ortalıqda. Məsələn, Laçın rayonunun Süs və adı dəyişdirilmiş daha kəndində qeyri-qanuni məskunlaşmış ermənilər bu günlərdə İrəvandakı “Eritsardakan” metro stansiyasının həndəvərində mitinq edirlər. Onları işğalçı hökumət avara edib. Belə ki, bir vaxtlar şirnikləndirərək işğal ərazilərinə köçürüb, indi isə həmin adamlar Ermənistana qayıtsalar da, özlərinə yurd-yuva tapa bilmirlər. Digər tərəfdən ölkədə hakimiyyət uğrunda mübarizə kəskinləşdiyindən, indi necə deyərlər, “quyruqları qapı arasındadır”. Əhali ev, çörək, iş istəyir, hökumət isə bunları hardan əldə edəcəyini bilmir, gözünü dükib yollara, yardım gözləyir. Azərbaycan ərazisində qalan ermənilərə isə Rusiyadan gələn yardımlar daha tez çatır, çünki artıq ölkəmizin ərazisindən bizim vətəndaşlarımız sayılan ermənilər istifadə edə bilərlər.
Azərbaycanın qələbəsi Ermənistanı beynəlxalq aləmdə də çətin vəziyyətə salıb. Ordumuz qısa müddətdə ermənilərin o qədər hərbi texnikasını və canlı qüvvəsini sıradan çıxarıb ki, dünyanın ən təcrübəli və mükəmməl ordularının hərbçiləri də buna həsəd aparırlar. Bu gözəl rəydir. Ancaq məsələnin arxa planı da var və bu çox düşündürücüdür. Bu qədər texnikanı Ermənistan silahlı qüvvələri necə əldə edib? Ağlaya-ağlaya, zarıya-zarıya, dilənə-dilənə və xəyallarla yaşayan xaricdəki erməni diasporunun cinayətkar yollarla havayı qazandıqları pullar sayəsində. Deyirlər, “haynan gələn, vaynan gedər”. Ermənilər çox hay-küylə Qarabağın işğalını öz möhtəşəm qələbələri kimi təqdim edir, çalıb-oxuyur, rəqs edirdilər. Ancaq onların oxuduqlarının ahəngi, rəqslərinin alqoritmi yox idi. Başlıcası da bütün bu fəaliyyətin intonasiyası Qarabağa yad idi. Axırı da məlumdur, biabırçı məğlubiyyət.
Bu məğlubiyyətlə ermənilər təkcə özlərini biabır etməyiblər. Onlara texnika verənlər də mat vəziyyətinə düşüblər. Çünki ermənilərə verdikləri, digərlərinə isə satdıqları hərbi texnikanın Azərbaycan ordusunun hücumu qarşısında əlacsız qaldığı bütün dünyaya əyan olub. İndi bu texnikaları kim alacaq?!
“Nezavisimaya qazeta” yazır ki, Azərbaycanın açıqladığı döyüşlərdə məhv edilmiş texnikanın siyahısı Rusiya silahlarının ixracı imkanlarını kardinal şəkildə dəyişəcək: “Azərbaycanın məlumatına görə təkcə tanklar üzrə ermənilərin ümumi itkiləri 350 ədəddən çoxdur. Təxminən bu qədər tank sovet qoşunları Proxorovka ətrafında gedən döyüşlərdə itirmişdi və ya Suriya qoşunlarının 1973-cü ildə Qolan təpələri uğrunda İsraillə müharibə zamanı tank itkiləri bundan az idi. Lakin Qarabağda üz-üzə tank döyüşləri olmayıb. Və Rusiya zirehli texnikasının demək olar ki, hamısı uzaq məsafədən vurulub. İndi Rusiya silah ixracatçıları izah etməlidir ki, nəyə görə cəmi ay yarım ərzində dəyəri 3 milyard dollardan çox olan texnika məhv edilib. Hansı ki, müasir müharibədə bu texnika faktiki olaraq müdafiəsiz qalıb”.
Situasiya elədir ki, Ermənistan “olum, ya ölüm” dilemması qarşısındadır. İrəvan hakimiyyəti ya yeni yanaşma sərgiləməyi bacarıb qonşularının yardımı ilə varlığını qoruyub saxlamalıdır, ya da birdəfəlik tarix səhnəsindən silinməlidir. Dünya birliyi bu ölkənin vəziyyətini acı təəssüf hissi ilə qarşılayır, ona görə ki, özləri öz evlərini yıxıblar. Düzəltmək də özlərinin seçəcəkləri siyasi xətdən asılıdır.
N.NOVRUZ