Muzdluların müharibəni udduqları dövr keçib, indi texnologiyalar əsridir
Payızın gəlməsi ilə havalar sərinləşməyə doğru getsə də, Cənubi Qafqazın hərbi-siyasi arenasında ziddiyyətlər istiləşir. Belə demək mümkünsə, bu regionda ermənilərin simasında rusların əlindən artıq “bıçaq boğaza dirənib”. Region xalqları sülhə meyillənsə də Kreml strateqləri müharibəni qızışdırmaqla onların həyatına zəhər qatmaqda davam edir. Qərb Rusiyanın qulağının dibində, Polşada silahlanmanı gücləndirir, bu ölkənin Rusiyaya olan nifrətindən rəqibinə qarşı uğurla istifadə edir. Amma Kreml bundan nəticə çıxarmağı bacarmır.
Əksinə höcətçiliklə hərbi qarşıdurma yaratmağa çalışır və rusların qan qardaşları sayılan belaruslara belə azad yaşamağa imkan vermir.
Cənubi Qafqazda da eyni ssenari gedir. Azərbaycan bütövlükdə regionda sabitliyin bərqərar olması, Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırıb sürətli inkişafı davam etdirmək üçün fəaliyyətini gücləndirən kimi dərhal Kremlin təsiri altında olan ermənilərin təxribatları artır. Halbuki Kremlin sahibləri Azərbaycanla dostluq və strateji tərəfdaşlıqdan dəm vururlar.
Aydın görünür ki, ruslar Avropanın ikili standartlarını nöqtəsinə-vergülünə qədər mənimsəyiblər və özlərinə hər cür siyasi rəzaləti rəva görürlər.
Amma bütün bunlara rəğmən, həyatın qarşısıalınmaz istinad nöqtələri var: “dolan bulud boşalmalıdır”. Ermənistan-Rusiya cəbhəsinin Qarabağın işğalı üzərində apardıqları siyasətin başı üstündə buludlar həddən ziyadə sıxlaşıb. Bir anlıq boşalma güclü ildırım çaxmasına səbəb olacaq. Bu ildırım isə birbaşa Ermənistanı, dolayısı ilə isə Rusiyanı vuracaq.
Məsəl var, deyir,” keçinin əcəli çatanda buynuzların çobanın çomağına sürtər”. Bu gün Cınubi Qafqazın çobanı rolunu Azərbaycan, keçisi rolunu isə Ermənistan oynayır. Erməni təcavüzkarlığının əcəli çatıb. Buna görə də onun müharibəni tezləşdirmək istəyi məntiqi görünür.
Düşmən özü də situasiyanın hansı yerdə olmasının fərqindədir. Buna görə də müharibəyə “ciddi” hazırlaşır. Nədir bu hazırlığın ciddiliyi? İlk növbədə Rusiyanın Ermənistanı silahlandırmağı.
Ancaq nə qədər silahlanma olsa da, bu silahları insanlar idarə edir və indi texnologiyalar əsridir.
Azərbaycanın da kifayət qədər müasir silahları və Türkiyə kimi güclü arxası var. İkinci məsələ isə Azərbaycanın işğal edilmiş ərazisinə terrorçuların küyləvi axınının yaradılmasıdır. Bu iş Livan ermənilərinin Qarabağa köçürülməsi adı altında dünyanın hər yerindən terrorçuların bu yerlərdə gözlənilən labüd müharibəyə cəlb edilməsidir. Ancaq, həmişə qol gücünə, pul müqabilində qaniçənliyə alışmış terrorçuların nizami ordu qarşısında nə isə edə biləcəkləri böyük sual altındadır. Yenə təkrar edirəm,indi texnologiyalar əsridir.
Bundan başqa terrorçular heç vaxt açıq döyüşlərdə tam heyətlə iştirak edə bilmirlər. Çünki, beynəlxalq hüquq onların əleyhinə işləyir. Ermənilərin Qarabağa Livan ermənilərinin, hətta dinc sakin olsalar belə, köçürülməsini bütün dünya qınayır və qəbul etmir. Qafqazın geotarixi və geosiyasətinin tədqiqi Beynəlxalq Mərkəzinin prezidenti Quram Marxuliyanın sözlərinə görə, Dağlıq Qarabağ işğal olunmuş ərazidir və bu əraziyə digər əhalinin köçürülməsi beynəlxalq hüququn normalarına ziddir: “Ermənistan müxtəlif ölkələrdə erməni mənşəli əhalini Dağlıq Qarabağda məskunlaşmağa maraqlandırmağa çalışır. Onlar bunu ona görə edirlər ki, dünya ictimaiyyətinə həmin ərazilərin ermənilərlə məskunlaşdığını göstərsin”. Ekspert bildirib ki, erməni əhali özü işğal olunmuş əraziləri tərk edir, orada ancaq qoşunlar qalır: “Gördüyümüz kimi, ermənilər köçürmə siyasətində uğura nail ola bilməyiblər, işğal olunmuş Dağlıq Qarabağa yalnız iki Livan ailəsi köçürülüb. Bu da başadüşüləndir, çünki heç kim işğal olunmuş ərazilərdə yaşamaq istəmir”.
Hətta livanlı politoloq və tədqiqatçı Əli Bəkir Ermənistanın Dağlıq Qarabağın demoqrafiyasını dəyişdirmək cəhdi haqda deyib ki, Dağlıq Qarabağın demoqrafik quruluşunun dəyişdirilməsi cinayətdir və Ermənistan hökuməti bu məsələyə aid beynəlxalq qanun və normalara məhəl qoymadığına görə məsuliyyətə cəlb edilməlidir: “Nə qədər ki, bu hökumətə təzyiq olmayacaq, təəssüf ki, bu cür qanunsuz və cinayətkar fəaliyyətlər davam edəcək. Buna görə də düşünürəm ki, beynəlxalq ictimaiyyətin Ermənistan hökumətinin bu cür addımlarına və qərarlarına qarşı çıxması lazımdır”. Politoloq bütün beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağın Azərbaycanın işğal olunmuş bölgəsi kimi tanıdığını və Ermənistan hökumətinin işğal siyasətindən imtina etməkdən başqa heç bir hüquqi əsasının olmadığını bir daha qeyd edib.
Belə bir aydın və beynəlxalq ictimaiyyətin qınağqları fonunda isə Minsk qrupu və onun muşketyor həmsədrləri susmağa üstünlük verirlər. “Susmaq razılıq əlamətidir” məsəlinə ermənilərin işğal edilmiş ərazilər üzərindəki siyasətinə həmsədrlərin münasibəti əyani sübutdur. Belə görünür ki, ermənilərə təkcə Kremlin yox, Qərbin də bəzi dairələri havadarlıq edirlər. Bu cür siyasətlə həmsədrlər “mərdi qova-qova namərd etmək istəyirlər”. Ancaq, daha Azərbaycanda mərdliklə namərdliyin hansı rakursdan qiymətləndirilməsi haqda zəngin təcrübə var. Nə siyasi ikiüzlülük, nə muzdlu döyüşçülər, nə də terrorçular azadlıq eşqini söndürə bilməz. Amma Minsk qrupundan Azərbaycanın imtina etməsi bu işdə atılan ilk qığılcım ola bilər.
N.NOVRUZ