AXTAR

Sualı necə qoyaq: “Rus dili bizə lazımdırmı?” yaxud, “Çox dil bilmək yaxşıdır, yoxsa pisdir?”

ana dilimizi qoruyaq

 

Müasir dövrün tanınmış yazıçısı və ictimai xadimi Çingiz Abdullayevin facebook-dakı sonuncu statusu ictimaiyyət, publisistlər və alimlər tərəfindən geniş müzakirə obyektinə çevrilib. Çünki o, ölkəmizdə vətənpərvər olmaq istəyənlər içərisində millətçiliyə yuvarlananları tənqid edib. Yazıçı qeyd edib ki, Rusiya mediasında erməni soyadlı jurnalistlər üstünlük təşkil edir və bu, lobbi fəaliyyətinin nəticəsi deyil: “Onlar rus dilində səlis danışan ağıllı, intellektual və istedadlı insanlardır”.
Dərhal mətbuatda açılan müzakirələrdə bir qisim adam Ç.Abdullayevin statusunu işgüzar şəkildə, digər bir qisim isə tənqidi ruhda qiymətləndirib. Təbii ki, onun ermənilər haqda “ağıllı və intellektual insanlardır” deməsini həzm edə bilməyib. Bəli, rus mətbuatında kök salmış ermənilər ağıllı və intellekt olmasalar, forpostu olduqları dövlətdə hökmranlıq edə bilməzdilər.
Dünyanın supergüc dövlətləri sırasında olan Rusiya ermənilərin əlində oynayır. Sizcə, bu, nəyin göstəricisidir. Bu məsələdə yazıçını tənqid etmək “diletant tənqidçilik”dən başqa bir şey sayıla bilməz. Dərd başqadır.
Niyə 3 milyon azərbaycanlının yaşadığı Rusiyada bizim soydaşlarımız adekvat prosesi həyata keçirə bilmirlər? Niyə Rusiyada olan milyarder azərbaycanlılar ana dillərini bilmirlər? Niyə Azərbaycandakı rusdilli məktəblərdə təhsil alan azərbaycanlılar rus xarakterini dərhal mənimsəyirlər, yəni ruspərəst olurlar? Axı, bizdə kimi dindirirsən, dərhal vətənpərvərlik haqda gözəl şeirlər deməyə, kəlamlar səsləndirməyə başlayır. Amma real işə gələndə öz dediklərinə özü əməl eləmir.
Yox, ağlınıza ayrı söhbət gəlməsin, təbiət bizim millətə ağıl və şüur sarıdan olduqca böyük mükəmməllik bəxş edib. Amma biz ağlımızı nəyə sərf edirik? Pul qazanmağa, didişməyə, arada təfriqə yaratmağa. Əslində bizlərdə əksəriyyət pulu qazanmır, öz həmvətənlərindən qopardır.
Bizimkilər başqalarını görəndə iltifatdan ayaq üstə əsir, özümüzküləri görəndə isə dişlərini qıcayıb “əjdaha”ya dönür. Dil məsələsi də belədir. Rus dilini bilən ruslaşır, ingilis dilini bilən ingilisləşir, fransız dilini bilən fransızlaşır. Biz qəlbən azərbaycanlı, daha dəqiq ifadə etsək, türk qalmağı öyrənməliyik.
Azərbaycanda 200 min rus millətindən olan şəxsin yaşamasına rəğmən 300 rusdilli məktəbin olması sosial tələbatdan, bir az radikal yanaşsaq, əhalimizin öz-özünə mənfi münasibətindən doğan haldır. Həmin məktəbləri yoxlasaq nə qədər rus millətindən olan şagird çıxar? 10 faiz ola, ya olmaya. Onda sual doğur, əgər azərbaycanlılar bu məktəblərdə oxumasalar, həmin təhsil ocağı fəaliyyət göstərə bilərmi? Yox! Demək, rusdilli məktəblərin çoxalması əhalinin şəxsi arsuzu ilədir. Bunu inzibati qaydada qadağan etmək, digər bir qrupun əlinə fürsət verəcək: Azərbaycanda təhsil hüququ pozulur, demokratiya yoxdur və sairə.
Dünyada millətçi olmayan millət yoxdur. İngilis də, fransız da, yapon da, alman da millətçidirlər.
Bu millətlərin adlarını ona görə çəkdim ki, onlar “inkişaf etmiş” sayılırlar. Eyni zamanda biz də millətçiyik. Amma bir fərq var: onlar ümummilli səviyyədə millətçidirlər, biz ailə-patriarxal səviyyəsində millətçiyik. Buna görə də içiboş ambisiyalarla yaşayır, çıxdığımız qını bəyənmir, başqalarına həsəd aparırıq.
Əcnəbi dildə danışan yalnız jurnalistlərə deyil, xarici texnologiyaya yiyələnmiş zabitlərə, dünyada mədəniyyəti və elmi təmsil edən sənət və elm işçilərinə, və nəhayət siyasətçilərə ehtiyacımız var. Lobbimiz yoxdur, ona görə yox ki kimsə bizə bunu yaratmaqda mane olur.
Düşüncəsizliyimiz, geriliyimiz, həsədimiz, cəhalətimiz - budur bizim əsas düşmənlər. Həm Qarabağda, həm beynəlxalq məsələlərdə, həm də xarici və daxili siyasətdə.
Bir yerli “fəal”ın dediyi kimi, “biz rus dilindən qurtulmağı xəyal edirdik, indi ingilis dilindən necə qurtulaq”, - xalq yazıçısı statusunda qeyd edib.
Bu fikirləri yalnız davam etdirmək faydalı olar. Biz xarici dillərdən zorla müəyyən ifadələrin dilimizə gətirilməsinə qarşı mübarizə apara bilmirik. Kimdir günahkar? Həmin sözləri, guya inkişaf nümunəsi kimi bizə sırıyan həmvətənlərimiz. Xaricilərin dilindən özlərinin qanmadığı bir sözü eşidən kimi onun qarşılığını axtarmaq, yaxud qarşılığının yenisini yaratmaq əvəzinə dərhal götürüb yeni termin kimi salırlar dilimizə. Yadınızdadırsa, Prezident İlham Əliyev öz söhbətlərində dəfələrlə bildirib ki, Azərbaycan dili bütün fikirləri kifayət qədər aydın şəkildə ifadə etmək üçün zəngin dildir. Məsələyə bu aspektdən yanaşmaq, günahı rusdilli məktəblərin mövcudluğunda yox, özümüzdə axtarmalıyıq.
N.NOVRUZ

Oxşar məqalələr