AXTAR

Ermənilərin ümidləri kimi lobbiləri də öləziyir

Diaspor və lobbi haqda yaradılan xəyallar qırılır və reallıq xaricdəki erməni təşkilatlarının tör-töküntü olduğunu təsdiqləyir

 

 

ermeni lobbisi

 

 

Ermənistanda həmişə ABŞ-da olan “güclü” lobbinin köməyinə böyük ümidlər bəslənilib və “qara camaat” elə lobbi təşkilatlarına az qala dövlət qurumu kimi yanaşıb. Həqiqətdə isə, bu, erməni millətçilərinin uydurmasından başqa bir şey olmayıb. Əslində uydurmalara rəvac verən amillərdən biri də xarici dövlətlərin bu prosesə şərait yaradıb, sonradan özündənrazı ermənilərdən siyasi alət kimi istifadə etmələridir. Bəlkə də kimlərəsə “alət olmaq” sərf edib deyə ermənilər bundan fəxr duyublar. Amma belə yaşam tərzi bədbəxtlikdən başqa bir şey deyil. Çünki, işlənmiş alətlər əvvəl-axır sıradan çıxır və bir küncə atılır. Necə ki, hazırda dünyadakı erməni lobbi təşkilatları pas atmış susəpən tək heç nəyə yaramırlar. Vəziyyətin belə acınacaqlı şəklə düşməsinin həqiqi səbəbini isə Ermənistan dövlətinin siyasətində axtarmaq lazımdır. Belə ki, dünənə qədər, nə qədər ki, ayrıca erməni dövləti mövcud deyildi, bu millətin qabiliyyəti və bacarıqları haqda hər cür fantaziyaya varmaq olurdu. İndi isə “müstəqil” dövlətləri var və bu “dövlət”in fəaliyyəti indiyədək quraşdırılmış əfsanələrin hamısının dağılmasına səbəb olub. Ona görə ki, real fəaliyyət əfsanələr səviyyəsinə qalxa bilmir, əksinə uydurmaları faş edir.
Məsələ burasındadır sentyabrın 27-də ABŞ Senatının müvafiq komitəsi “demokratik və iqtisadi islahatların dəstəklənməsi” üçün Ermənistana 7,5 milyon dollar vəsait ayırıb. Amerika erməni milli komitəsi (AEMK) bu “heyranedici” xəbəri erməni mətbuatına böyük şadyanalıqla ötürüb. Düzdür, vəsait ayrılıb, amma reallıqda bu, erməni lobbisinin arzuladığı 40 milyon dollar həcmində deyil və bütün digər ayirmaları da nəzərə alanda, birlikdə 20 milyon dollar edir. Baxmayaraq ki, ermənilər bayram əhval-ruhiyyəsindədirlər. Çünki, bu məbləğ kasıblıq içində çabalayanlar üçün həqiqətən çox böyük puldur. Ancaq məsələnin digər, daha tutarlı tərəfi var. Bu vəsaitin Azərbaycan ərazisində yaradılmış qondarma quruma aidiyyəti yoxdur. Çünki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağ münaqişəsinin Ermənistan və Azərbaycan arasında baş verdiyini təsdiqləyir, habelə məsələnin bu iki ölkə arasında həll olunmasını dəstəkləyir. Demək, hər hansı bir qondarma qurumun bu ölkələr arasında münasibətlərdə hər hansı bir rolu yoxdur. Reallığa doğru belə bir situasiyanın yaranması erməni lobbisinin daha əvvəlki illərdə olduğu kimi Senata təsir gücünün bitdiyini deməyə güclü əsas yaradır. Təsadüfi deyil ki, amerikaşünas ekspert Areq Qalstyanın fikrincə, yalnız Vaşinqtonun erməni lobbisi müəyyən qədər bu mövqeyi tarazlaşdıra bilər, lakin, təəssüflər olsun ki, bu gün erməni lobbisi obyektiv olaraq bu kimi məsələlərlə məşğul olmaq vəziyyətində deyil: “Onlar bu gün Ağ Evə heç cür təsir göstərə bilmirlər və Senatda onların mövqeyi kifayət qədər zəifdir. Erməni lobbisi Beynəlxalq məsələlər üzrə komitədə həyata keçirilən işlərə cəlb olunublar, lakin bu gün komitə ciddi siyasi qərarların qəbul edilməsinə təsir edə bilmir”. Fransanın Qrenobl şəhər məhkəməsinin ermənilərə növbəti zərbəni vuraraq, bu ölkənin Qarabağdakı qondaqrma rejimlə bağladığı 5 xartiyanı ləğv etməsi artıq kifayət qədər ciddi məsələdir. Çünki belə görünür ki, indiyə qədər Fransada olduqca güclü təsirə malik olmuş erməni lobbi və diasporu həm dayaqlarını, həm də təsir imkanlarını itirməkdədir.
Ümumiyyətlə, mənzərəyə geniş bucaq altında baxsaq, hazırda erməni diasporu və lobbisi Qərb yarımkürəsində qara günlərini yaşamaqdadır. Ötən il Bundestaqdakı “Almaniya üçün alternativ” adlı ermənipərəst sağ radikal fraksiyanın Qarabağ ilə bağlı sorğusuna hökumətdən belə cavab gəlmişdi ki, həmin ərazilər Azərbaycanın ayrılmaz hissəsidir. Amerikada erməni diasporu son vaxtlar maliyyə sıxıntısı keçirdiyini gizlətmir və istədiyi məbləğləri toplaya bilmir. İspaniyada və Almaniyada ötən il erməni mafiyasına qarşı keçirilən ardıcıl əməliyyatlardan sonra Avropa erməni kriminalının nə demək olması ilə yaxından tanış oldu və onların mənəvi-sosial dayaqları xeyli zəiflədi.
Bu da ona gətirib çıxarır ki, əsil siması bəlli olmuş erməni lobbiçiliyi iflasa uğrayır. ABŞ-ın Montana universitetinin professoru Tomas Qolz bu ölkənin erməni lobbisinin Azərbaycan qarşısında acizliyi barədə tutarlı faktlarla danışır. Onun sözlərinə görə, Birləşmiş Ştatlarda (digər ölkələrdə də həmçinin) erməni lobbisinin fəaliyyəti ilk növbədə Azərbaycana yox, Türkiyəyə qarşı yönəlib. Əsas məqsəd “erməni genosidi” adlanan uydurmaya rəsmi etiraf əldə etməkdir. 1992-ci ildə 907-ci akta edilən düzəliş də bununla əlaqədardır. Amerikalı jurnalistin fikrincə, ermənilərin anlayışında “Azərbaycan” identik olaraq “Türkiyə” deməkdir.
T.Qolz deyib: “907-ci düzəliş 1990-cı illərin ortalarında və sonunda Azərbaycan üçün müəyyən “hüquqi çəki”yə malik idi, amma bu məlum kədərli maddə iki amil sayəsində kəsərsizləşdi. Birincisi, 11 sentyabr hadisəsindən sonra Azərbaycanın əvvəl Əfqanıstandakı, sonra İraqdakı antiterror əməliyyatına qoşulması, ikincisi isə regional enerji təhlükəsizliyi problemində Azərbaycanın mühüm rol oynamasıdır. Əminəm ki, bu məsələlər Amerika Administrasiyasında, xüsusən də Konqresdə yüksək səviyyədə qiymətləndirilir”.
Bakı-Tiflis-Ceyhan neft kəmərinin təhlükəsizliyinə ABŞ-ın verdiyi önəmdən danışan amerikalı jurnalist indi də Cənub Qaz Dəhlizinin bu dövlətin ciddi diqqət ayırdığı obyektlərdən olduğunu bildirib. Çünki, bu layihələr Avropanın Rusiyadan yanacaq asılılığını 5, 10, hətta 20 faiz azalda bilər. Bütün bu səbəblər Amerikada Azərbaycanın iqtisadi-siyasi çəkisini artırmaqla tərəzinin digər gözündə olan erməni lobbisinin nüfuzunu itirməsinə ciddi təsir edir.
N.NOVRUZ

Oxşar məqalələr