Bu ölkədə işğalçılıq siyasətinin yükünü qızların belinə yükləmək üçün yenidən müzakirələr başlayır
Ermənistanın ordusunda əsgər qızların sayı ildən-ilə artır. Bunun əsas səbəbi ölkədəki ağır iqtisadi vəziyyət və hökumətin Azərbaycana qarşı işğalçılıq siyasətinin davam etdirilməsidir. Bu haqda ABŞ-dakı Kolumbiya universitetində çıxışı zamanı “Qadınların məcburi hərbi xidmətə çağırılması mümkündürmü?” sualını cavablandıran Ermənistanın baş naziri Nikol Paşinyan danışıb. “İnanıram ki, bu məsələ daha da inkişaf etdiriləcək və növbəti addım qadınların orduda məcburi hərbi xidməti barədə real diskussiya olacaq”-deyə, o, bildirib. Onun sözlərinə görə, bu ideya müzakirə olunmalıdır, amma nəticəsini indidən deyə bilməz: “Ermənistan demokratik ölkədir və biz bu problemi cəmiyyətimizdə müzakirə edib qərar verməliyik”.
Bu məsələ erməni cəmiyyəti üçün yeni deyil. Hətta İsraili yamsılayaraq ağılsız “millət-ordu” ideyasının gündəmə gəlməsi də Paşinyanın ixtirası deyil. Çoxdandır ki, qızların orduya cəlb edilməsi barədə bu ölkədə söhbət gedir. Hələ 2014-cü ildə Ermənistanda 18 yaşına çatmış qızları icbari qaydada orduya çağırmaq barədə qanunun müzakirəsinə olub. İnsan potensialının tükənməsi, miqrasiya və demoqrafiya göstəricilərinin faciəvi vəziyyətdə olması, eləcə də Ermənistanın işğalçılıqdan əl çəkə bilməməsi onu qızları məcburi qaydada orduya çağırmağa vadar edir. 18 yaşlı qızların məcburi qaydada hərbi xidmətə çağırılması dünya praktikasında nadir rast gəlinən haldır. MDB və Yaxın Şərq regionlarında bu məsələ ağlagəlməz hadisədir. Qadınların qeyri-hərbi sahələrdə hərbi xidmətdə olmaları, tibbi-texniki sahədə fəaliyyət göstərmələri dünyada qəbul olunmuş haldır. Amma Ermənistanda 18 yaşı yenicə tamam olan qızı 18 yaşlı gənc oğlan kimi hərbi xidmətə çağırmaq fikrindən əl çəkmirlər. Belə ki, Serj Sarqsyanın dövründə bütün vətəndaşların silaha sarılması, keçmiş müdafiə naziri Vigen Sarkisyanın təşəbbüsü ilə “millət-ordu” ideyası ciddi müzakirə olunub. Ancaq resurslar olmadığından bu məsələni tam həll etmək mümkün olmayıb.
Bəs, bu dəfə necə, bütün məsələlərə özünəməxsus naşılıqla nöqtə qoymağın həvəskarı olan Nikol Paşinyanın dövründə bu məsələyə nöqtə qoyulacaqmı? Ekspertlərin mülahizələrinə görə, bu, çətin görünür. Çünki, Nikolun oğlu Aşot hərbi mükəlləfiyyətini yerinə yetirmək üçün hansı dərəcədə xidmət edirsə, qızları da həmin səviyyədən ikiqat artıq səviyyədə yerinə yetirəcək. Bu isə nümunə olduğu üçün qızların məcburi hərbi xidməyə çağırılması qanununun qəbul edilməsi utopik görünür.
Aşot Paşiyan orduya göndərildiyi pafoslu nitqlərə rəğmən, iki gündən bir evində dincəlir, şəhərdə qızlarla gəzməyə çıxır, hərbi hissəyə yolu düşəndə də öz qaydalarını diqtə etmək istəyir. Üstəlik, “işverənlik” edir və buna görə döyülür. İndi gündəlikdə duran məsələlərdən biri də budur ki, Nikol Paşinyan 3 gənc qızının Məryəmin, Şuşannanın və Arpinenin orduda əsgərlik çəkməsinə necə baxacaq? Axı, qanun qəbul olunarsa, ilk növbədə onun qızları irəli durmalıdır. Bu işdə Nikolun öz fikri bir yana, qızlarının özləri orduda xidmətə, yaxud anaları qızlarının zülm çəkməsinə razı olacaqlarmı? Bu səbəbdən Ermənistanın prezidenti, baş naziri, parlamentinin spikeri, müdafiə və xarici işlər nazirləri öz qız övladlarını, qız nəvələrini Azərbaycan ordusu ilə üzbəüz ön xətdə təsəvvür edib, sonra qərar verməlidirlər. Belə bir prosedur isə bəri başdan ehtimal edir ki, qanun ya verilməyəcək, ya da kimlərinsə bu qanundan yan keçməsi üçün yarımçıq veriləcək.
N.NOVRUZ