AXTAR

Paşinyan özünü və erməni hakimiyyətini “yandırır”

pashinyan hokumeti

Düşmən ölkənin siyasi dairələri nagümanlıq içərisində nə edəcəyini bilmir

 

 

 

Bu gün Ermənistanın həm Rusiya, həm də ABŞ ilə münasibətləri kifayət qədər pisdir və hər iki halı Paşinyan özü də etiraf edir. Çünki, baş nazir Nikol Paşinyan hakimiyyətə gəlişini təmin etmək üçün verdiyi vədləri yerinə yetirə bilmir. Bu sıraya iqtisadi və siyasi vədlər daxildir. İqtisadiyyatı qoyaq kənara, çünki Azərbaycana qarşı işğalçılıq siyasətinə son verməsə, Ermənistanın iqtisadiyyatı heç vaxt yüksəlməyəcək. Təbii ki, xalq da hakimiyyətdən narazı qalcaq. Amma məsələ burasındadır ki, Paşinyanın köhnə klanı yıxıb hakimiyyəti ələ keçirməsi heç də onun özünün “qəhrəmanlığı” deyil. “Cırtdan” Ermənistanda 2000 nəfərlik diplomatik korpus saxlayan ABŞ –ın bilavasitə gərgin işinin nəticəsidir. Təsadüfi deyil ki, həm ölkədə, həm də xaricdə, hazırkı Ermənistan hökuməti “Soros uşaqları” kimi xarakterizə olunur. Ancaq nə olsun, yeni hakimiyyət mənsubları onlara olan inamı doğrulimayıb və xərclənən vəsaitlərin siyasi dividentini itiriblər.
Məsələ burasındadır ki, Paşinyanın komandası da ondan narazılıq edir. Çünki, onun ətrafında toplaşanlar əsasən qərbyönümlü gənclərdir. Lakin onlar indi rəhbərlərinin Rusiyaya yaltaq çıxışlarını dinləməli olurlar. Halbuki, vaxtilə Paşinyan ictimai tədbirlərdə Rusiyaya nifrət etdiyini deyirdi. İndi isə ölkədə kimlərsə Rusiya əleyhinə çıxış edəndə o, bunu qulaqardına vurur. Erməni gəncliyinə, daha doğrusu qərbpərəstlərinə dəhşətli gələn odur ki, Paşinyanın fəaliyyəti siyasi qüvvələrin Rusiyaya yarınması üçün nümunəyə çevrilib və bu istiqamətdə siyasi yarış başlayıb.
Paşinyan hakimiyyətə gələndə bir çox siyasi ekspertlərlə yanaşı biz də qeyd etmişdik ki, bu xəyalpərvər gəncin siyasəti küçə uşaqlarının dünyagörüşündən uzağa getmir və onun Rusiyanın cazibəsindən kənara çıxması sıfra bərabərdir. Bugünün olayları bu hipotezi təsdiq edir. Ermənistan Rusiyanın təsir dairəsindən nəinki uzaqlaşıb, hətta onun dediklərini daha şövqlə yerinə yetirməyə başlayıb. Paşinyan buna məhkumdur. Çünki, nökərin ağanın könlünü alması aksiomadır. Ermənistanın baş nazirinin hüquqları da bundan uzağa getmir.
“News.am” erməni saytı yazır ki, politoloq Ayk Martirosyan jurnalistlərlə söhbətində bildirib: “Bunlar nəyə arxayındırlar? Məni təəccübləndirən odur ki, onlar reytinqlərinin aşağı düşdüyünü görə bilmirlər. Bəlkə, onların əksəriyyəti parlamentdə oturduqlarından bütün bu baş verənlərə tüpürürlər? Bu suallara cavabını tapmaq çox sadədir, çünki Paşinyan öz müsahibələrinin birində bu haqda danışb. O qeyd edib ki, onun reytinqi düşmür və buna 100 faiz əmindir. İnsan reallıqdan ayrı düşəndə belə bir aydın təsəvvür formalaşır”. Martirosyan obrazlı şəkildə əlavə edib ki, “pis çarı yaxşısı ilə əvəz etdilər, amma istisna deyil ki, pis çarın əbasına bürünməklə o özü pis çar ola bilər”.
İndi Ermənistanda Rusiya telekanallarının yayımının məhdudlaşdırılması məsələsi müzakirə olunur. Amma qəribədir ki, qərbyönümlü “Maarifçi Ermənistan” partiyası buna qarşı çıxır. Parlamentdəki ənənəvi brifinqdə partiyanın və onun parlamentdəki fraksiyasının rəhbəri Edmon Marukyan deyib ki, Rusiya ilə münasibətlər onsuz da tutqun idi, üstəlik əlavə problemlərin yaradılması nəyə lazımdır. Hətta o hesab edir ki, müəyyən maraqlı qruplar Rusiya ilə münasibətləri qəsədn pozmağa çalışırlar.
Edmon Marukyan indi belə danışır, halbuki bir il əvvəl tam ayrı mövqe sərgiləyirdi. Bundan başqa o, indiki hökumətin nüfuz göstəricisini ortaya çıxaran daha bir faktı ictimaiyyətə çatdıraraq bildirib ki, parlament sistemli hökumətin elə naziri var ki, 41 deputat onun əleyhinədir. Bu, ölkənin maliyyə naziridir.
Bu kimi faktlar sübut edir ki, ABŞ və Rusiya arasında quyruq bulayan Ermənistan hökumətinin siyasətində yekdillik yoxdur. Hər bir siyasi qrup irəli düşmək üçün daha çox yaltaqlıq etmək yolunu tutub. Yəni, siyasi sistemin əsas məğzi əlaltılıq etməkdən ibarətdir.
Baş nazir Nikol Paşinyan bu sırada hələlik öndə gedir. Lakin hələ də Kremlin etimadını qazana bilmir. “Ağ Ev”in ona bəslədiyi ümidləri isə itirir. Bu minvalla Ermənistanın ümumiyyətlə tam itib tarixin səhnəsindən silinməsi ehtimalı ortaya çıxır. Axı, Rusiya qondarma dövləti necə yaratmışdısa, o cür də məhv etmək gücünü hələ ki, saxlayır.
N.NOVRUZ

Oxşar məqalələr