Azərbaycanın cənub qonşusu ikitərəfli əlaqələrin inkişafını sürətləndirməyə səy göstərir
Azərbaycanın İranla tarixi bağlılığı və iki ölkə tarixinin eyni məzmunlu hadisələri o qədər güclüdür ki, onların arasında nifaq salmaq qeyri-mümkündür. Hələ bir neçə il bundan qabaq Azərbaycan Prezidenti İlham Əliyev bu bağlılığı belə xarakterizə etmişdi: “İran-Azərbaycan dostluğu sarsılmazdır, heç bir kənar qüvvə bizim aramıza girə bilməz. Bizim birliyimiz ölkələrimizin və bölgənin gələcəyi üçün lazımdır”. Eyni mövqeni İran İslam respublikasının prezidenti Həsən Ruhani də sərgiləmişdi: “İran ilə Azərbaycan dost ölkələrdir və dost ölkə olaraq qalacaqlar. Bu ölkələrin, bu xalqların inkişafı iiçün çalışmışıq və çalışacağıq”. Belə bir məramla ölkələr arasında münasibətlər siyasətdən iqtisadiyyata keçib və son bir neçə ildə iqtisadi əlaqələrin inkişafı önə keçib.
İndi Azərbaycanda İranın çoxsaylı şirkətləri fəaliyyət göstərir. Tikinti, ticarətlə başlayan əlaqələrin əhatə dairəsi xeyli genişlənib və qeyri-neft sektorunda yeni birgə müəssisələrlə irəliləməkdə davam edir. Ələlxüsus da Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması yolunda atılan addımlar güclü perspektivə malikdir və ölkələrin iqtisadi bağlılığını artıran ciddi arterial xətdir.
Lakin siyasətin gedişi heç də həmişə və hamı üçün eyni mənanı həsb etmir. Hər bir ölkə ilk əvvəl öz strateji mənafeyini düşünür. Əvvələn, İran-Azərbaycan əlaqələrində dostluq və əməkdaşlıq tellərini möhkəmləndirməyə çalışanlar da var, mehriban münasibətlərə kölgə salmaq istəyənlər də. İkincisi, bölgədə qüvvələr nisbətini öz xeyirlərinə dəyişməyə çalışan dövlətlər var ki, onlar hər hansı digər dövlətlərin tərəfdaşlığının möhkəmlənməsini özləri üçün təhlükə sayırlar. Təbii ki, indiki şəraitdə Azərbaycana qarşı işğalçılıq siyasəti yeritdiyinə görə blokadada saxlanılan Ermənistan bu xətti təhlükə saymağın açıq tərəfdarıdır. Lakin Ermənistan təxcavüzkardır, regionda təcrid olunmuş vəziyyətdədir və yeganə ümid bəslədiyi yaxın qonşusu məhz İrandır. Onun ayrı çıxış yolu yoxdur. Buna görə də qorxur ki, İranın Azərbaycanla yaxınlaşması bu ölkəni də əlindən çıxarar.
Əsas məsələ İranın daxilində hakimiyyət uğrunda mübarizə aparan qüvvələr arasında İran-Azərbaycan əlaqələrini istəməyənlərin mövcudluğudur. Bu səbəbdəndir ki, tez-tez informasiya məkanında Azərbaycan əleyhinə mənfi və ya müsbət istiqamətli xəbərlər yayılır. Başqa sözlə, hazırda İranda mühafizəkarlar və islahatçılar arasında olan ciddi fikir ayrılıqları siyasətə də sirayət edib. Mühafizəkarlar Azərbaycanın azad və müstəqil yolla getdiyini və bu səbəbdən öz vətəndaşlarının qonşuluqdakı insanların hüquq və gender bərabərliyindən ruhlanaraq öz haqlarını tələb etmələrindən qorxurlar. Lakin onlar unudurlar ki, iranlılar hüquq və şəxsiyyət azadlığının nə olduğunu özləri anlayır və buna can atırlar. Sadəcə, Azərbaycandakı həyat tərzi İslam dünyasında bərabərhüquqlu həyat tərzinin mümkünlüyünü isbat etmək üçün bir fundamental səbəb rolunu oynayır. Üstəlik, multikulturalizm və multikonfessial baxışlar sistemi də azərbaycanlıları bütüb dünyada olduğu kimi İranda da dünyagörüşün inkişafına təsir edir. Mühafizəkarları da narahat edən budur. Ancaq hazırda İranda islahatçılar hakimiyyətdədir və onlar İslam demikratiyası çərçivəsində müsəlmanların azad və sərbəst yaşamaları üçün dəyişikliklər etməyə səy göstərir və təbii ki, Azərbaycanla münasibətlərin yüksək səviyyəsini qorumağa çalışırlar.
Daha bir məsələ bu gün İranın ABŞ sanksiyaları ucbatənda əziyyət çəkməsidir. Məsələ burasındadır ki, İran çoxdandır bu cür iqtisadi təzyiqə məruz qalır və Azərbaycan heç vaxt bu sanksiyalara qoşulmayaraq öz qonşusuna yardım əlini uzadır. Bu baxımdan İranın Azərbaycana ehtiyacı böyükdür. Təsadüfi deyil ki, son dövrlər yüksək çinli iranlı məmurların ölkəmizə gəlişi intensivləşib. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Rusiya-Azərbaycan-İran üçtərəfli formatı regional sabitliyin qorunmasında müsbət amil kimi dəyərləndirilir. Bunlardan başqa Qarabağ münaqişəsinin sülh yolu ilə həllində bu İslam ölkəsi həmsərhəd qonşu kimi güclü təsir vasitələrinə malikdir və məqamı gələndə bu imkandan hərtərəfli yarınmaq mümkündür. Elə buna görə də Azərbaycan-İran əlaqələrinin genişlənmə sürəti erməniləri həmişə həyəcanlandırır.
Bütün bunlarla yanaşı İranda anti-Azərbaycan şüarlarının səsləndirilməsi, İranda yaşayan çoxmilyonlu etnik azərbaycanlıların (türklərin) milli-mədəni müxtariyyət tələbləri zamanın aktual problemləridir və İranın daxili işidir. Təbii ki, bu problemlərin həlli arzuolunandır və yəqin ki, qarşı tərəfdə bunu anlayırlar. Lakin onu demək lazımdır ki, hazırda iki ölkə arasındakı münasibətləri korlayacaq ciddi bir səbəb yoxdur və əlaqələr sürətlə inkişaf edir. Təsadfi deyil ki, bu günlərdə İranda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Prezident İlhan Əliyevin məktubunu İran prezidenti Həsən Ruhaniyə təqdim edib. Məktibda İran rəhbəri bu ilin 25-26 oktyabrda Bakıda keçiriləcək Qoşulmama hərəkatı üzvləri olan ölkələrin dövlət və hökumət başçılarının sammitinə dəvət olunub.
N.NOVRUZ