İrəvаnın Qarabağ münaqişəsinin həllinə münasibəti Cənubi Qafqazın harmoniyasına xaric notlardadır
Düz bir il əvvəl, Nikol Paşinyanın Ermənistanda və bu regionla maraqlananların gözündə dəbdə olduğu vaxt onun çaldığı hava ilə indi oxuduqlarının melodiyası uyğun gəlmir. İndi onun səsi nahamvar və xırıltılıdır. Çünki, ötən bir ildə həqiqətdən xeyli uzaqlaşıb və elə hey “nala-mıxa” vurur.
Bir il əvvəl BBC-yə müsahibə verən inqilabçı təkidlə deyirdi ki, “Qarabağ məsələsi dialoq vasitəsilə həll olunmalıdır”. Və bu dialoqun tərəfləri qismində o, Ermənistanı və Azərbaycanı nəzərdə tuturdu. Bu, məhz, belə idi. Ermənistan öz havadarlarına arxalanaraq Azərbaycanın Qarabağ bölgəsini işğal etmişdi və bu səbəbdən də işğalın aradan qaldırılması ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası real, həqiqəti əks etdirən mülahizə idi. Lakin bunun əvəzində nə baş verdi?
Əvvəlcə, Paşinyan hakimiyyəti ələ keçirdi və tam hüquqlu baş nazir oldu. Sonra da parlamentdə təsdiqləndi. İndi də düşüb ortalığa, gah ABŞ-ın, gah da Kremlin ağzına baxır, oralardan çıxan havanı ciərlərinə çəkib başlayır erməni fiti çalmağa. Amma çadığı havanın nə melodiyası var, nə də ritmi, hər şey metis olduğundan harmoniya əvəzinə qarışıqlıq alınır.
Qəribədir ki, bir il əvvəlki müsahibəsində Paşinyan deyirdi ki, “Siz bilirsiniz ki, Azərbaycan çox illər ərzində özünü çox aqressiv aparır və bu hal danışıq üçün mənfi fon yaradır. Biz hər gün Azərbaycandan eşidəndə ki, Ermənistana qarşı müharibəyə başlamağa hazırlaşırıq, Yerevanı zəbt etməyə hazırlaşırıq - belə olan halda əməli dialoq mükündürmü? İndi elə təsəvvür yaranır ki, Azərbaycanın məqsədi Ermənistanın və Dağlıq Qarabağın kapitulyasiyasıdır. Bu ki cəfəngiyyatdır, bu ki qeyri-konstruktivdir. Və mən düşünürəm ki, ilk növbədə dialoq, danışıqlar üçün müvafiq atmosfer yaratmaq lazımdır. Ermənistan həmişə dialoqa meyilli olub və həmişə Ermənistanın hər bir hakimiyyəti hesab edib ki, Dağlıq Qarabağ məsələsi dialoq vasitəsilə həll olunmalıdır”.
Bəs, baş nazir indi nə deyir? Bu günlərdə İranda səfərdə olarkən Paşinyan bu ölkədəki erməni icmasının nümayəndələri ilə görüşüb. Həmmillətlərinin onunla görüşə gəlməsindən vəcdlənən baş nazir birbaşa tarixdən başlayıb və deyib ki, bizim tariximizin sahibi özümüzük: “Bütün ermənilərin vəzifəsi odur ki, erməni xalqının tarixi inqilabi taleyi “Biz öz taleyimizin aöasıyıq” şüarı ilə keçsin”. Amma bu sözlərin ardınca Paşinyan başlayıb ki, “onlar qədim erməni çarlarının arşakilər sülaləsinin davamçılarıdır”. Halbuki tarixdən məlumdur ki, Alban Arşakiləri – Qafqaz Albaniyasını Miladi tarixlə I əsrdən 510-cu ildək idarə etmiş hökmdar sülaləsidir. Alban xalqının və adıçəkilən sülalənin ermənilərə heç bir aidiyyəti yoxdur. Sadəcə, sonradan alban kilsəsini oğurlayan ermənilər albanların tarixini də öz adlarına çıxırlar. Tarixə bu baxış sübut edir ki, artıq Nikol Paşinyan hakimiyyətdən yıxdığı sələflərinin ardınca gedir. Necə ki, indiyə qədər ermənilər başqalarının tarixini, mədəni irsini oğurlayıb öz adlarına çıxıblar, elə erməni inqilabından sonra da heç bir dəyişiklik olmayıb, “köhnə hamam, köhnə tas”dır. Onda daha bunun nəyi inqilabdır?
Erməni xalqının taleyüklü məsələsi dövlətin işğalçılıq siyasətindən canını qurtarmasıdır. Lakin bu məsələdə hələ də xalqın sözünə baxan yoxdur. Çünki, taleyi öz əlində deyil. Nikol Paşinyan hakimiyyətə gələndə gözlənilirdi ki, bu istiqamətdə müsbətə doğru dəyişiklik baş verəcək. Lakin o da cinayətkarların iştirakı ilə cızılan plandan kənara çıxa bilmədi. Erməni “qədimliyi”, erməni pafosu və “Böyük Ermənistan” xülyası onun da zehnini işğal edib və bu xülyanın təsirindən qurtara bilmir. Ağalarının geostrateji maraqları və yerli oliqarxların siyasəti buna imkan vermir.
Paşinyan erməniləri bir nəfər kimi öz talelərində tarixi rol oynamağa çağırır. Amma nə ilə? İşğal və başqalarının yaratdıqlarını oğurlamaqla. Bu nisə mümkün olan iş deyil. Tək Azərbaycana qarşı yox, ümumiyyətlə tarixdə zorla edilən dəyişiklik sonda zorakının öz başında çatlayır. Yəni, Paşinyan öz dediyi kimi dialoq yolu ilə Qarabağ münaqişəsinin həllinə başlamasa, axırda Azərbaycan onu bu sülhə zorla razı salacaq. Bu, tarixin aksiomasıdır.
N.NOVRUZ