AXTAR

Paşinyanın könlünə indi də kəndirbazlıq düşüb

Qarabağ münaqişəsinin həlli yolunda erməni tərəfinin danışıqlar formatını dəyişmək istəyi müharibəni aktuallaşdırır

 

pashinyan

 

Bu günlərdə İran İslam Respublikasında səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan bu ölkədəki erməni diasporunun nümayəndələri ilə görüşdə Azərbaycan torpaqlarının işğalı barədə danışıb. Görüş iştirakçılarından birinin sualına cavab olaraq, o, Prezident İlham Əliyevlə gözlənilən gündəliksiz görüş haqda anons verərək deyib ki, Ermənistan hökumətitnin prioritet vəzifələrindən biri Qarabağın subyekt səviyyəsinin qaldırılmasıdır: “Bu qeyri-rəsmi görüş olacaq, amma onun başlıca istiqaməti danışıqlar formatının müzakirəsidir. Format ətrafında hələlik razılığa gəlinməyib, təmasları rəsmi danışıq hesab etmək olmaz. Məm Ermənistan adından danışıram, ona görə ki, Ermənistanın baş naziriyəm. Mən Qarabağ adından danışmıram. Hər şeyi etmək lazımdır ki, Qarabağ danışıqlar prosesində subyekt kimi səviyyəsini artırsın”. Bu haqda “aysor.am” saytı məlumat yayıb.
Məzmunundan görünür ki, Paşinyanın başında hələ də bir il əvvəlki mitinqlərin tüğyan elədiyi dövrün pafoslu havası fırlanır. Onun hakimiyyətə yiyələnməsindən bir ilə yaxın vaxt keçir. Ermənistanda isə hələ ki, gözəçarpan irəliləyiş baş verməyib. Əksinə, vəziyyət daha acınacaqlı duruma gəlib. İrəvan qəzetləri hər gün adamları məyus edən məlumatlar yayırlar. İş yox, korrupsiya aşıb-daşır, əhali çorək üçün mitinqlər edir. İranda onun hansı qələbədən bəhs etdiyi məlum olmasa da, başçılıq etdiyi ölkədə mütəxəssislər dad döyür ki, demoqrafik vəziyyət ildən-ilə pisləşir. Bu il yanvarın 1-nə olan məlumata görə əhali sayı keçən ilə nisbətən 7,6 min nəfər azalıb. 2015-ci ildən bəri isə yeni doğulan uşaqların sayı 41 min 763-dən 36 min 502-ə enib.
Demoqraf Ruben Yeqanyan “panorama.am” saytına bildirib ki, ölkədə doğuş səviyyəsi aşağı düşür və düşməkdə də davam edir. Demoqrafın sözlərinə görə, paralel olaraq əhalinin miqrasiyası da artır və ötən il xaricə getmiş əhalinin 35-40 min nəfəri geri qayıtmayıb. Qalan əhali isə sürətlə yaşlanır. Çünki, yeni nəsil köhnəni əvəz edə bilmir.
Paşinyan düz deyir ki, ermənilərin taleyi onların öz əlindədir. Amma onun və ümumiyyətlə ermənilərin bədbəxtliyi ondadır ki, özlərinin necə hərəkət edəcəkləri haqda real konsepsiyaları yoxdur. Çünki, diktə ilə yaşayır və işləyirlər, özləri bir fikrə gələ bilmirlər. Qonşuluqda yerləşən Azərbaycanın sürətli inkişafının səbəblərini onlar ya anlamır, ya da anlamaq istəmirlər. Başa düşmürlər ki, özlərindən güclü dövlətə qarşı işğalçılıq siyasəti yürütmək, siyasətin heç bir çərçivəsinə sığmır. Ermənistanın Azərbaycan tərəfdən blokadada saxlanmasından hələ də bu millət düzgün nəticə çıxara bilmir. Halbuki onlar təkcə Azərbaycanın layihələrindən əbədi olaraq qazanc mənbəyi əldə edə bilərdilər və xalq da vətənini tərk edib Rusiyaya üz tutmazdı.
Üstəlik, Paşinyanın məsuliyyəti öz üzərindən atıb, Azərbaycan ərazisində yaradılmış qondarma qurumun subyektliliyini artırmaq fikrinə düşməsi Azərbaycanı müharibəyə təhrik etmək deməkdir. Bu isə daha miqrasiya və ya demoqrafiyanın zəifləməsinə yox, sadəcə, Ermənistanın məhv olmasına gətirib çıxarar.
N.NOVRUZ

Oxşar məqalələr