AXTAR

Paşinyanın siyasi fırıldağı axıradək işləyəcəkmi?

pashinyan hokumeti

 

Ermənistanda siyasi böhran proqnozları bir-birinin əksinə olduğundan situasiya anbaan gərginləşir

Erməni inqilabını başa çatdırmaq üçün Ermənistanda süni şəkildə siyasi hakimiyyət boşluğu yaradılıb. Baş nazir Nikol Paşinyanın Qarabağ klanı üzərində qələbə çalmaq üçün çalışdığı bir vaxtda ekspertlər vəziyyətin 180 dərəcə fırlanması ehtimalını da istisna etmirlər. Belə ki, Paşinyanın istefa verməsi və digər siyasi partiyaların onun yerinə namizəg verməmələri barədə şifahi iltizam alması faktı o qədər də etibarlı deyil. Siyasət elə bir istiqamətdir ki, bu yolda hər saniyənin öz hökmü var. Oktyabrın 22-də parlament öz iclasında baş nazir postuna namizəd göstərmək hüququna malikdir. Yəni, seçkinin qanuni reqlamenti tələb edir. Həm də namizəd irəli sürüləndən sonra bir həftəlik fasilə ilə iki dəfə səsvermə baş verir. Əgər bu prosedur nəticə verməzsə, onda parlamentin buraxılması mütləq məna daşıyır. Dilcavabı razılaşmaya görə, oktyabrın 22-dən məhz bu “oyun” oynanılmalıdır. Parlament seçkilərində Paşinyanın partiyasının qalib gəlmək şansları böyükdür ki, bu da ölkənin ağır sosial-siyasi durumu ilə əlaqələndirilir. Çünki, kasıb öılkələrdə vəzifədə olan partiyanın başına dolananlar çox olar. Bu mənada Paşinyana Qərbin köməyi olmasaydı, onun “inqilabı” heç vaxt hakimiyyəti dəyişdirə bilməzdi.
Baxmayaraq ki, “demokrat” Paşinyanın bu gedişi inqilabi dəyərlərə sığmır, amma.., hələ ki erməni cəmiyyəti onun arxasınca sürünür. “Sürünür” kəlməsini ona görə işlətmək yerinə düşür ki, bu inqilaba rəhbərlik edən Paşinyanın reytinqi 4-5 ay əvvəlki dövrə nisbətən dəfələrlə aşağı düşüb. Məsələn, may ayında on minlərlə adamı arxasına salıb meydanları və küçələri başına alan Paşinyan indi seçiciləri 49 icmada keçirilən bələdiyyə seçkilərinə səsləsə də onların cəmi 23,43 faizi bu seçkilərdə iştirak edib. Bununla da, inqilabçının sözünün kəsərinin olmadığı cəmiyyətdə aydın görünür. Düzdür, Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasının üzvləri əksər bələdiyyələrdə qalib gəlirlər. Ancaq Qafan şəhərində inqilabçı namizəd seçkidə iflasa uğrayıb.
Üstəlik, inqilabçılarla bağlı və Rusiyanın əleyhinə yönəlmiş tənqidi məqalələrin mətbuatda sayı da artır və kəskinləşir. Qalust Qriqoryanın “armenianreport.com” saytında dərc edilmiş “Fikirləş, Nikol, kim kimə həkimlik edir..” sərlövhəli məqaləsində Rusiya və Putin haqda təhqiramiz üslubda kəskin ifadələr işlədilir və “Putin Rusiyası” deyə Ermənistanın hamisinə rişxənd edilir. Məqalədə təzə hakimiyyətin naşılığı açıq tonda bildirilsə də, mözcud siyasi böhranın yaranmasında beşinci kalonun başlıca rol oynadığı ittihamı irəli sürülür. Hakim Respublikaçılar partiyasının səlahiyyətli şəxsi Eduard Şarmazanov “ARP carçısı” adlandırılır. Ancaq bildirmək yerinə düşər ki, bu “carçı” hazırda Rusiyadadır. Moskvada və Sankt-Peterburqda hakimiyyət mənsubları ilə görüşlər keçirir. İnqilabın ilk günlərindən onun Paşinyan və tərəfdarlarına qarşı sərt mövqe sərgiləməsi çox güman ki, Kreml siyasətçilərinin diqqətindən qaçmayıb. Nə bilmək olar, bəlkə, Sarkisyanın və Koçaryanın iflasından sonra bu gənc ruspərəst daha uğurlu namizəd sayılır. Belə bir həlledici məqamda virse-spikerin Rusiyaya getməsi yaxud çağırılması ciddi ehtimallara yol açır. Axı, o, sədaqətliliyə görə Kreml üçün daha məqbul namizəd ola bilər.
İrəvanda siyasi ab-havanı kəskinləşdirən də bu amillərdir. Moskava Paşinyanın tələsinə düşəcək, yaxud onu tələyə salacaq? Zənnimizcə, ikinci varian tarixən daha inandırıcı və real görünür.
N.NOVRUZ

Oxşar məqalələr