Noyabrın 20-si Qarabağ regionunun ən böyük şəhəri olan Ağdamın erməni işğalından qurtulmasının ilk ildönümüdür
İşğaldan əvvəl sonuncu dəfə Ağdamda 1993-cü il martın 20-də olmuşdum. Gözümü açandan bu torpaqda gördüyüm qaynar həyat həmin dövrdə artıq yoxa çıxmışdı. Düşmənlərin yağdırdığı “Alazan” raketlərinə tuş gəlməmək üçün qadınlar, uşaqlar və qocalar şəhəri tərk etmişdi. Heç bir idarə işləmirdi. Şəhəri Xüsusi Təyinatlı Milis Qüvvələri və yerli əhali tərəfindən yaradılan bir neçə özünümüdafiə dəstələri qoruyurdu.
Bahar gəlmişdi, ancaq nəfəsi duyulmurdu. Havadakı barıt qoxusu beyinləri gəmirirdi. İnsanların qəlbinə əlacsızlıq sindromu hakim idi. Vuruşmaq üçün ürəyimiz qovrulsa da, yerli pərakəndəlik və beynəlxalq siyasi şərait əl-qolumuzu bağlayırdı. Az-çox siyasi düşüncədən hali olanlar ölkəmizin hərbi-siyasi blokadaya alındığını dərk edirdi.
Həmin vaxt şəhərin mərkəzində yerləşən evimizdə gecələyə bilmədim. İcazə verilmirdi. Çünki, Xankəndidən baxanda Ağdam ovuc içi kimi görünürdü və işıq gələn hər bir nöqtəni ermənilər dərhal raket atəşinə tuturdular. Şəhərə gəldiyim dəstə ilə birlikdə doğulub böyüdüyüm evimizdən 50 metr aralıdakı təzə mehmanxanada gecələdik. “Təzə” deyəndə ki, mehmanxana 10 ilə yaxın idi tikilmişdi, amma ötən əsrin ilk yarısında tikilmiş ikimərtəbəli köhnə qonaq-qara evindən fərqləndirmək üçün əhali “təzə” sözünü işlətməli olurdu. Mehmanxananın Xankəndi tərəfə baxan pəncərələri qalın pərdə ilə örtülmüşdü, belə ki, otaqlarda közərən 40-lıq lampaların işığı bayırdan bilinmirdi. Hamı yatağa girəndən sonra sakitcə mehmanxanadan çıxıb evimizə baxmağa getdim. Ürəyim dözmürdü. Doğma ev həsrəti yaman olurmuş. Evimiz bizə babamdan qalmışdı və ailəmiz böyüdükcə sonradan yeni otaqlar tikilmişdi. Ancaq babamdan qalan otağı “baş ev” adlandırırdıq və bu otaq mənim üçün daha məhrəm idi. Çünki, mən xəstəxanada yox, həmin “baş ev”də dünyaya göz açmışdım.
Uşaqlıqda böyüklərdən eşitmişdim ki, keçmişdə ev tikdirəndə hörgünün arasına pul qoyurmuşlar. Bu, təzə evin xeyirli-bərəkətli olmasının “zəmanəti” sayılırmış. Babam da evin divarına Nikolayın qızıl onluğundan bir neçəsini qoyub. İndiyə qədər bu fikir məndə maraq doğurur ki, görəsən, babam qızıl onluğu hansı divarın hörgüsünə qoyub və bu qızıl parçası gizlədilmiş divarların qəsbkarların əlində olması şəhər yağmalanandan bəri mənə dəhşətli kədər idi. Nə isə... 20 mart 1993-cü ilin zülmət gecə qaranlığında evimizin heç siluetini də görə bilmədim, çünki, hava buludlu olduğundan göz-gözü görmürdü. Amma səhərisi tezdən getdim evimizə. Həyətin dəmir darvazası içəridən bağlanmışdı, buna görə də hasardan aşıb qapını açdım. Sahib adlı səfərdaşım da yanımda idi. Biz XTMD-yə bayram payı aparmışdıq. Yük maşınları hədiyyəmizi daşıyırdı, özümüz isə ermənilər atəşə tutmasın deyə təcili yardım maşınında getmişdik. Çünki, yük maşınları yüklərini boşaldıb dərhal geri qayıtdılar, biz – iki jurnalist və Cəbrayıldan olan səfərdaşım isə gecəni şəhərdə qaldıq.
Sahib evdə qalan “ZİL Moskva” və “Orsk” soyuducularını, habelə qədim servantı yük maşınları ilə Baklya göndərməyi təklif etdi. Razı olmadım, ona görə ki, Ağdamın işğal ediləciyini ağlıma belə gətirmirdim. Təkcə mən, Ağdam sakinləri yox, respublikamızın bütün insanları bunu mümkün saymırdı. Amma olan oldu, şəhərimiz işğal edildi və biz “bir həftədən sonra geri qayıdacağıq” düşüncəsi ilə 27 il 3 ay ilk addımlarımızı atdığımız torpağın həsrəti ilə yaşadıq.
27 il bir igidin ömrüdür. Biz- Ağdam sakinləri, bu illəri xatirələrin qoynunda keçirdik. Bir-birimizə rast gələndə “gedək bir Ağdama dəyib, qayıdaq” – deyə, hardasa sakit bir guşə tapıb dərdləşməyi, xatirələrimizi bölüşməyi özümüzə toy-bayram sandıq. Hamının xəyalını birləşdirən bircə fikir vardı: “Kaş, Ağdamın azadlığını görüb, sonra öləydim”. Bu arzumuzda bizim torpaqlarımızın mütləq azadlığı əks olunurdu. Ağdamın bütün sakinləri tam əmin idi ki, gec-tez Qarabağ düşməndən alınacaq, öz sahibinə qaytarılacaq. Min təəssüf ki, minlərlə ağdamlı və ümumiyyətlə qarabağlı vətəndaşımız dünyasını torpaq həsrətinin yanğısında dəyişdi.
Olsun! Tarix sevinclə yanaşı məhrumiyyətlər və acı həqiqətlərlə doludur. Ancaq “qaranlıq gecədən sonra işıqlı sabahın gəlməsi” haqda tarixi məntiq bizim də taleyimizin ana xəttinə yazıldı. Xalqımız ömür salnaməsinin daha bir qaranlıq səhifəsini çevirməyi bacardı. Dövlət başçımızın “dəmir yumruq” adlandırdığı “dövlət və xalq” birliyi dünya imperializmi tərəfindən Azərbaycana qarşı nifrət ruhunda formalaşdırılmış separatçı erməni toplumunun belini və nasist ruhunu qırdı. Qarabağ düşməndən azad olundu.
Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında razılaşdırılmış 10 noyabr 2020-ci il bəyanatında həmin il noyabrın 20-də erməni qəsbkarların Ağdamdan rədd olub getmələri bildirilən kimi Avropadan, əcnəbi jurnalist dostumdan ürəyimi açan mesaj aldım: “Urra..! Təbrik edirəm!” Bir neçə gün sonra isə: “Ağdama ilk səfərini mənsiz etmə!” mesajını göndərdi.
Həmin jurnalist işğal vaxtı Ermənistana, oradan da Qarabağa səfər etmişdi və Ağdamda düşmənin törətdiyi rəzalətləri sonradan olduğu kimi qələmə almışdı. Buna görə də o, faşist təxəyyüllü ermənilərin düşməninə çevrilmişdi və Ermənistanda “arzuolunmaz şəxs” statusu qazanmışdı. Budur, artıq 10 ildir ki, Azərbaycana gəlib-gedir, Qarabağ barədə məqalələr yazır. Qarabağ həqiqətləri barədə onun çap etdirdiyi illüstrativ kitab erməni vandalizminin əyani ifşası sayıla bilər.
Dostuma izah edəndə ki, Ağdama getmək təhlükəlidir və hökumət hələlik buna icazə vermir, o, buna etinasız yanaşdı və fikrindən dönmədi. Uzun yazışmalardan sonra Andre bizim Xarici İşlər Nazirliyinin əli ilə Prezident Administrasiyasından özünə, mənə və kiçik bacım Humaya Ağdamın minalardan təmizlənmiş sahəsinə getmək üçün icazə ala bildi və biz dekabrın 10-da doğma yurda üz tutduq.
Ağdamın şimal-şərq istiqamətində yerləşən Əfətli postunda polislər və xüsusi xidmət orqanlarının əməkdaşları bizi qalibiyyət ruhu aydın sezilən ciddi işgüzarlıqla qarşıladılar. Onların hərəkətindən vəziyyətin ciddiliyi və sərtliyi aydın duyulurdu. Hətta əvvəlcədən şərtləşdiyimiz kimi bizi Ağdama aparmalı olan qrup rəhbərinin adını çəkəndə, “biz söz vermişik ki, saat birə qədər onu burada gözləyəcəyik” deyəndə belə, “burada hərəkətə rəhbərliyi biz edirik və göstərişləri də biz veririk” - deyə, DTX-nın mayor rütbəli məsul əməkdaşı mülayim səslə kəskin tonda bildirdi. Mayor, dağıdılmış şəhərə dəstə halında getməyi də yasaq etdiyini dedi və bizə 2-3 nəfərlik qrup halında getməli olduğumuzu izah etdi: “Ərazi çox təhlükəlidir və mənim hər kəsə bir polis təhkim etmək imkanım yoxdur, hətta çoxlu adamların və çoxlu polislərin birgə hərəkəti də yolverilməzdir”. Yeri gəlmişkən, adını çəkmək istəmədiyim qrup rəhbərinin saat 12-də gəlməli olduğunu və gecikdiyini də, mayor diqqətimizə çatdırmağı unutmadı və bizi polisin müşayiəti ilə Ağdamın mərkəzinə yolladı.
Postu keçən kimi canımızdan əziz torpağımızın ruhu məni çulğaladı və həddi-hüdudu bilinməyən xoş hisslər oyatdı. Dağıntının miqyası o qədər böyük və dəhşətli idi ki, əvvəl-əvvəl xarabalıqlar arasında çaş-baş qaldıq və hey özümüzə suallar yağdırdıq ki, “Biz hardayıq?”. Və bu sual ətrafında xatirələr cuşə gəldi, Ağdamın 27 il əvvəlki panoramının detallarını hafizəmizdə canlandırmağa çalışdıq, müqayisə etdik və mina bataqlığının qoynunda xarabalıqların keçmiş təyinatını aydınlaşdırdıq. Biz tez-tez maşını saxlayır, bizi müşayiət edən Cavid adlı polisin nəzarəti altında yoldan çıxmamaq şərtilə diqqətlə ətrafı öyrənirdik. Handan-hana əvvəl dəmiryol vağzalını, sonra isə metiz-furnitur zavodunu tanıdıq. Vağzal bizim yaralı yerimiz idi. Çünki, onun adı gələndə xatırlayırdıq ki, dəmiryol xətti Ağdamdan Stepanakertə (Xankəındi) çəkiləndə rayon ərazisindən keçən hissə Ağdama ayrılan büdcə hesabına, nə az, nə çox 110 milyon rubla başa gəlmişdi. Bu isə şəhərin sosial inkişaf proqramının xeyli kəsirə düşməsinə səbəb olmuşdu. Metiz-furnitor (“Çilingər alətləri zavodu” da deyilirdi) zavodu XX əsrin 60-cı illərinin sonunda tikilmişdi. O vaxtlar Azərbaycan Televiziyasında “Respublikamızın sənaye xəritəsi” adlı yarım saatlıq veriliş vardı. Həmin illər mənim yeniyetməlik çağıma düşürdü və vətən məhəbbətinin hökmü ilə Azərbaycanımızın inkişafına aid hər bir verilişi, qəzet məqaləsini həvəslə izləyirdim. Adını çəkdiyim verilişin bir buraxılışı Ağdama həsr olunmuşdu və şəhərin kadrları arxasında diktorun dediyi “Ağdamda kiçik çaplı tüfənglər, tapançalar və mərmilər istehsal edən silah zavodu inşa ediləcək, Rusiyanın Tula silah zavodunun mütəxəssisləri bu işdə fəal iştirak edəcəklər” çümləsi indiki kimi yadımdadır. Açığı, uçmağa qanadım yox idi: “Bizdə silah istehsal olunacaq!”. Bir həftə sonra isə həmin veriliş təkrar efirə verildi və təbii ki, mən yenə də həyəcan içərisində onu izlədim. Lakin bu dəfə silah zavodu yox, çilingər alətləri zavodunun tikiləcəyi bildirildi. Amma dəyişiklik zehnimdə oyanmış vətənpərvərlik hisslərini cilovlaya bilmədi, çünki, hər bir iri müəssisənin yaradılması şəhərimizin inkişaf nişanəsi idi. İş burasındadır ki, mən, jurnalist qismində ilk məqaləmi də bu müəssisə işə düşəndən sonra, 1974-cü ilin qışında yazmışdım. O vaxt jurnalistika fakültəsinə daxil olmaq istəyənlərin mətbuatda dərc olunmuş ən azı 5 yazısı olmalı idi və mən də yerli “Lenin yolu” qəzetinin redaksiyasından aldığım tapşırıqla zavoddan kiçik bir məqalə hazırlamışdım. Müəssisəyə ilk utancaq gedişimi, mühəndisdən sual-cavabla faktları əldə edərkən qışın oğlan çağında naşılıqdan tərin-suyun içində olmağımı indi də təbəssümlə xatırlayıram.
O vaxt yeddi korpusdan ibarət olan zavodun indi ancaq bir korpusunun beton dirəkləri dar ağacları kimi çılpaq qalmışdı. Görünür, beton plitələri və avadanlıqları ermənilər söküb aparmışdılar. Çünki, təqribi hesablamalara görə işğalçılar Ağdamı dağıtmaqla şəhərə 5 milyard dollarlıq ziyan vurmuşlar. Ötən illər ərzində rayonun ölkəyə gətirəcəyi gəlirin isə hesabı on milyardlarla dollarlıq vəsaiti ehtiva edir.
Şəhərin mərkəzinə girişi də dərhal duymadıq. Müharibə dəhşətinin bariz nümunəsi olan ikimərtəbəli binanın xaraba silueti bizi xeyli düşündürdü. Görəsən, bura haradır? Amma, xarabalığın birinci qatının arxitekturası mənə olduqca tanış və doğma gəlirdi. Yaddaşımdakı xatirələrlə diqqət edəndə birdən hər şey mənə aydın oldu və “bu ki, bizim məktəbdir!”, deyə, sövq-təbii çığırdım. Bizim doğma, əziz 1 nömrəli məktəb. Şəhərimizin gözü, respublikamızın tanınan təhsil ocağı. İlahi, insan şüuru həyəcan və sevincdən bir anda necə dəyişərmiş?! 93-cü ildə məktəbimizin bağlı qapıları qarşısından keçəndə həsrətlə ikinci mərtəbədəki müəllimlər otağından sonrakı üçüncü otağı görməyi arzulayırdım. Məktəbdəki axırınçı tədris ilimin keçdiyi 10 “b” sinfinin yerləşdiyi otağı. Ermənilərin atdığı “Alazan” raketi keçmiş sinfimizin tavanını deşib içərini viran qoymuşdu. İndi isə sinif nədir, binanın özü tanınmaz halda idi.
Mən məktəb haqda Andreyə məlumat verəndə, birdən onun Qarabağ xarabalıqları haqda nəşr etdirdiyi illüstrasiya kitabını xatırladım və əcnəbi jurnalistə də xatırlatmağı vacib saydım:
-Andre, yadındadır, sənin kitabında sovet dövründə Cənubi Qafqaz respublikalarının dostluğuna ucaldılmış abidə barədə danışmışdım. Bərbad günə salınməş abidənin şəklini sən öz kitabında vermişdin. Həmin abidə burada, məktəbin qarşısındakı bağda idi. Əvvəllər bura “Pionerlər bağı” kimi salınmışdı. Lakin sonradan o dövrün siyasi ab-havasına uyğun olaraq dostluq bağına çevirmişdilər. Andre həyəcanla maşına tərəf qaçıb çantasından kitabın bir nüsxəsini çıxartdı və tələsik abidənin şəklini açıb bizə göstərdi. Sonra isə ətrafa nəzər saldı: -Bəs, abidənin qalıqları hanı?- deyə, soruşdu. Həqiqətən abidə necə olmuşdu?! Məktəb həmin məktəb, bağ həmin bağ, abidə isə yoxdur. Bəlkə yanılmışıq, bura heç ora deyil?! Bir anda məni məyusluq bürüdü. Bu, necə ola bilər, mən doğulub-döyüdüyüm doğma şəhərimi tanıya bilmirəm?! Yox, ola bilməz, indiki kimi xatırlayıram, yay tətilində bu bağda “Pionerlər evi” tərəfindən səyyar düşərgə təşkil olunardı və biz burada o qədər şən günlər keçirmişik ki..! Bunu unutmaq mümkün deyil. Buna görə səylə abidəni axtarmağa başladıq. Bir neçə dəqiqə sonra 3 sütunun özüldən dağıdıldığının şahidi olduq. Andre heyrətlənmişdi. Bu dərəcədə vandalizm olar?! Ermənilər bu abidəni niyə bu cür dağıdıblar?! - əcnəbi jurnalist məəttəl qalmışdı.
Həqiqətən, daşıdıqları mənaya görə beton dirəklərin məhv edilməsi yalnız zehniyyəti qüsurlu insanın ağlına gələ bilərdi. Onsuz da “dostluq” anlamını ermənilər çoxdan iki xalq arasında məhv etmişdilər, bu, hamıya məlum idi, daha betonu dağıtmağın nə mənası vardı?! Bəlkə də betonun içərisindəki apmaturları satmaq üçün dağıdıblar, kim bilir, axı, 2009-cu ildə ilk dəfə Ağdama gələn, dağıntıları fotoda əbədiləşdirən Andre, ermənilərin Ağdamda kanalizasiya borularını çıxardıb Ermənistana apardıqlarının çahidi olub. O, bu haqda təəccüb və təəssüflə mənə danışmışdı.
Mina “meşəliyinin” arasındakı ensiz yolla gəlib şəhərin mərkəzinə çatdıq. Məscidin qarşısındakı meydan mərkəzə çevrilmişdi. Postlar orada idi və gələnlər də ilk olaraq oranı ziyarət edirdilər. Etiraf edim ki, Qarabağın işğalından sonra həmin an kefimin ən yüksək çağı idi. Gözlərim gülür, polislər, hərbçilər, DTX nümayəndələri ilə danışıb zarafatlaşır, Ağdamın keçmişindən fraqmentlər, personajlarından əhvalatlar söyləyirdim. Şəhərin mərkəzi hissəsini, o cümlədən məscidin ətrafını mənim qədər tanıyan az olardı. Çünki, bura bizim məhəlləmiz idi, mən universitetə daxil olana qədər o yerlərdə böyümüşdüm.
Sovet dönəmində məsciddə keçirilən aşura və digər mərasimləri yaxşı xatırlayıram. Bəli, sovet dönəmində, o vaxtlar dini tolerantlığa görk üçün respublikada bir neçə məscid fəaliyyət göstərirdi. Həmin inanc ocaqlarından biri də Ağdam məscidi idi. Dini məbədin hasarlanmış həyəti həmin günlər respublikanın hər yerindən gələn zəvvarlarla dolu olardı. Həyətdə qalanmış ocağın üstündə olduqca iri bir qazan asılar, kasıb-kusuba ehsan olaraq xörək bişirilərdi. Biz günorta saat biri məscidin minarəsindən verilən azanla müəyyənləşdirərdik. Əgər, kimsə vaxtından əvvəl “gün günorta oldu” deyərdisə, dərhal “azan hələ verilməyib” cavabını alardı.
Məscidlə üzbəüz bağ “Lenin bağı” adlanırdı. 60-cı illərdə bağın tən ortasında Leninin heykəli vardı. 70-ci illərdə isə heykəli büstlə əvəz elədilər. Üzeyir Hacıbəyov adına bulvardan (parkdan) sonra ikinci böyak yaşıllıq bu bağ idi. 1 nömrəli (bizim) məktəbin qarşısındakı bağ isə “Pionerlər bağı” adlanırdı. Hər üç parkı birləşdirən ümumi cəhət ərazidəki ağacların iri gövdəli olmaları və sıx yerləşmələri idi. Üzeyir parkı pensiyaçıların məskəni idi və rayona gələn qonaqlar bu parka gəzməyə gələrdilər. Dahi bəstəkarımızın parkın girəcəyindəki heykəli ağdamlıların fəxr etdikləri əziz və qiymətli abidə idi. Pioner bağında məktəblilər və bazara yaxın olduğu üçün malını satmağa gətirənlər, habelə, Məişət Xidməti Kombinatı ilə qabaq-qənşər olduğundan məişət ustalarının müştəriləri üçün yaxşı istirahət yeri idi.
70-ci illərin ortalarında adını unutduğum bir nəfər danışıqda “raskaladuşka” dediyimiz açılıb yığılan yatağını yorğan-döşəyi ilə gətirib “Lenin bağı”nda, Leninin büstü yanında qoyub və elan edib ki, “sənin qurduğun hökumət mənə ev vermir, ümidim sənə qalıb, mənə ev ver”. Bu aksiya, əslində sovet quruluşuna, həmçinin Azərbaycana mərkəzi hökumətdən göstərilən etinasızlığa birbaşa etiraz idi. Buna görə də “hadisə qəfil partlayan bomba” effekti yaratdı və geniş söz-söhbətə səbəb oldu. Amma.., eyni zamanda belə bir aksiya ağdamlıların həmin dövr üçün qürur və ləyaqət anlayışı ilə ziddiyyət təşkil edirdi. Necə yəni, sən bu hökumətdən imdad diləyirsən?! Açıq deyilməsə də, hamı yaxşı anlayırdı ki, Moskva sosializm, qardaşlıq və bərabərlik şüarları altında əslində digər xalqları istismar edir. Digər tərəfdən naqislik, məhz, siyasi sistemin xarakterindən irəli gəlirdi. Belə ki, Rusiyanın əksər regionlarında da əhalinin sosial vəziyyəti olduqca ağır idi.
Asilik edən şəxsin yanına milisdən və hökumət adamlarından, KQB-dən (DTK) daha tez öz dostları, hörmət edib sözünü eşitdiyi adamlar getdilər. “Ayıbdır, -dedilər, sən kimdən imdad diləyirsən?! Bizi bu günə salan onun qurduğu hökumət deyilmi?! Dur, dur get, bizi də, özünü də biabır eləmə, ləyaqətini qoru!”.
Ağdam sakinlərinin fəlsəfi baxışlarının ana xətti, məhz, ləyaqət anlayışı idi. “Ləyağın olsun” iradı həmişə ağırayaqlı olub bizim şəhərdə. Yox, söyüşən, dalaşan, abırsızlıq edən, həqiqi dəli, yalançı dəli, yazan-pozan da vardı. Amma, Koroğlunun “Dəli”ləri kimi haqq-ədalət uğrunda vuruşanlar, xəyanət qarşısında əyilməyənlər, qürur və ləyaqəti meyar sayanlar üstünlük təşkil edirdilər. Təsadüfi deyil ki, sovet dövrünün statistikasına görə, ən az şikayət yazılan, mərkəzə anonim məktublar göndərilən şəhər Ağdam idi.
Lenin bağının bir küncündə yerli camaatın “Maarifin bulağı” adlandırdığı şəhərin ilk ictimai su kranı vardı. Sadəcə, o vaxtlar kranla üzbəüz rayon icraiyyə komitəsinin (“rayispolkom”-RİK) maarif şöbəsi yerləşdiyindən belə adlandırılmışdı. Düzdür, mən gözümü açandan həyətimizdə su kranı görmüşdüm. Ancaq, yadımdadır ki, 60-cı illərdə hərdən su gəlməyəndə evimizin əlli metrliyində olan “maarifin bulağı” dadımıza çatırdı. O kranda su nadir hallarda kəsilərdi.
Nə isə... Məscidin qarşısındakı meydan ermənilərin bizə qarşı törətdikləri soyqırımın şahidi kimi qəlbimə əbədi həkk olunub. Məsələ burasındadır ki, 1992-ci il fevralın 24-dən 25-nə keçən gecə ermənilər Ağdamı sürəkli şəkildə bombalamışdılar. Buna görə 25-i səhər şəhərdə qalan valideynlərimi görməyə getdim. Çünki, mən özüm 82-ci ildən Bakıda işləyirdim. 25-i gecə heç bir səs-küy eşidilmədi. Amma səhər hər an baş verən yenilikləri öyrənmək üçün evdən çıxanda, elə evimizin qabağından məscid tərəfdə çaxnaşma olduğunu gördüm. Məscidin qarşısındakı meydanda 20-30 kəfənlənmiş meyit vardı və meyitlər iki bir, üç bir gətirilirdi. Nöhələrin, qadın hönkürtülərinin, mərsiyələrin yanıqlı ah-naləsi ərşə qalxmışdı. Çox dəhşətli və təsirli səhnə idi. Baş vermiş fəlakətdən ağlını itirmiş bir xocalılı qadın nöhələrin ritmi ilə qol götürüb süzür, meyitlərin arasında dingildəyə-dingildəyə rəqs edirdi. Bu dəhşətli tale insanlığa vurulan qanlı zərbədir, bunu heç kimə arzulamıram. Getsin o günlər, gəlməsin!
Ötən il noyabrın 20-də müzəffər ordumuzun şanlı qələbələri fonunda Ağdam azad ediləndən sonra Ali Baş Komandan İlham Əliyevin Ağdama səfəri və məscidin qarşısında şəhərimizin azadlığı barədə ordu nümayəndələrindən raport qəbul etməsi xalqımızın azadlıq ruhunun parlaq təcəssümü idi. Bu, erməni faşizmindən alınan qisasdan çox Azərbaycan xalqının AZADLIQ aşiqi olmasının sübutu idi. 28 il əvvəl şəhidlərimizin ağ kəfənli meyitlərindən havalanmış meydanda mərsiyələr əvəzinə zəfər sevincinin şölələnməsi, Azərbaycanımızın dövlət himninin səslənməsi olduqca qürurverici idi.
Və... mən, bu yerlərdə doğulub böyüyən, bu diyarın ab-havasında dünyagörüşü formalaşan və uzun illər addımlarının səlisləşdiyi torpağın həsrəti ilə yaşayan bir azərbaycanlı, ordumuzun zəfər raportundan cəmi 20 gün sonra Ağdamın minalardan təmizlənmiş azad meydanında idim.
Andre elə hey evimizin yerini soruşur, onun çılpaq, yarıuçuq divarları qarşısında bacımla mənim şəklimi çəkmək istəyirdi. Ancaq, bu mümkün deyildi. Küçəmizin yarısı minalardan təmizlənsə də, o biri yarısına qədəm basmaq təhlükəli idi və təbii ki, hərbi nəzarətçilər buna icazə vermirdilər. Buna görə də evimizə təxminən 40 metrlik məsafədən baxmalı oldum və bir-bir qonşularımızı yada saldım.
Küçəmizin orta hissəsində minalardan təmizlənmiş sahənin bir tərəfi bağa, digər tərəfi isə rəsmi dövlət idarələrinin və təzə mehmanxananın yerləşdiyi əraziyə düşürdü. Əhalinin işğaldan əvvəl yaşadığı və təmizlənməmiş ərazidə isə hər iki tərəfdən şəxsi evlər yan-yana düzülmüşdü. Bu hissədə yaşayanların əksəriyyəti sovet dövrünün ilk illərində Şuşadan köçüb gələnlər idi.
Demək belə, mehmanxananın yanından perpendikulyar küçə ilə kəsişmədən sonra sol tərəfdən birinci ev Məhərrəm kişinin idi. O, hələ sovet dövründə haqq dünyasına qovuşmuşdu. Sonralar Məhərrəm kişinin uşaqları – fotoqraf Ənvər və bacısı Gövhər ata evində yaşayırdılar. Köçgünlük dövründə rəhmətə getdilər. Onların heç biri ailə qurmamışdı və təbii ki, özlərindən sonra qalan ailə üzvləri də yox idi. Şuşadan gələnlərdən idilər. Sonrakı evi onların qohumu Mamed müəllim (o vaxtlar şəhər sovetinin katibi işləyirdi) tikdirmişdi və arvadı Xavər, qızı Sevinc ilə sakit və firavan həyatlarını yaşayırdı. Ailənin başçıları çoxdan dünyalarını dəyişmişdi. Vəfa isə ailə qurub Bakıda yaşayırdı, o da bir neçə il əvvəl rəhmətə getdi.
Evləri bu ailədən sonra gələnlər də sadaladığım qonşularımızla qohum idilər və Şuşanın hələ çar Rusiyası dövründən məşhur olan Ağamirovlar nəslinin yadigarları idi. Yəhya kişi 35 ilə yaxın rayon Məişət Xidməti Kombinatının baş mühasibi işləmişdi. Arvadı Xurşud xanım ədalı və humanist insan idi və onların 3 oğlu, 3 də qızı vardı. Böyük oğul Oqtay Ağamirov uzun müddət ət kombinatının müdiri işləmişdi. Bu ailə ilə bizim ailənin qonşuluq münasibəti “gor qonşuluğu” səviyyəsinə yüksəlmişdi. Əvvəl Xurşud xanım, sonra ailənin ortançıl qızı Sevil, daha sonra isə bu evə Muğanlı kəndindən gəlin gəlmiş, Oqtay müəllimin arvadı Nüşabə, nəsil şəcərəsi ilə Pənahəli xanın yadıcası olan anamla bacılıq idilər və bu gözəl, insanlıqda sədaqətli, sanballı ailə haqqında məndə zəngin və xoş xatirələr var. İndi bu ağdamlılardan yalnız Nüşabə qalıb, adlarını çəkdiklərim dünyalarını dəyişib. Anam, Sevil Novruzova-Cavanşir II Qarabağ müharibəsinin başlanmasına bir ay qalmış bizi tərk etdi.
Ağamirovlardan sonra ən mərhəm münasibətimiz olan çəpər-çəpərə qonşumuz Rəhim və Tuyğun cütlüyünün ailəsi idi. Tuyğun xanım əslən Ermənistanın Masis rayonundan idi. Rəhim kişinin babası isə İrandan köçüb gəlmişdi və nəsillikcə olmuşdular ağdamlı. Rəhimin bacısı Bilqeyisin oğlu məşhur furbolçu Elbrus Abbasov idi. O, bizim məhəllə futbolunun qəhrəmanı idi və sonradan “Neftçi”də parlamağının əsası bizimlə birgə keçirdiyi oyunlarda qoyulmuşdu.
Bizim həyətdə 3 qardaş – biz və iki əmim yaşayırdı. Atamgil şuşalı idilər və bir əmim Şuşada yaşayırdı. Əmilərimdən Ənvər müəllim uzun illər 1 nömrəli məktəbin tədris işləri üzrə direktor müavini olmuşdu və məktəbi bitirmiş bütün vicdanlı şagirdlər onu “1 nömrəlinin dirəyi” adlandırırdı. Düzdür, tələbkarlığına görə xəlvətdə ona “bosman” ləqəbi qoymuşdular. Lakin bu istehza deyildi, gəmidə bosman bütün heyətin döyünən ürəyi olduğu kimi Ənvər müəllim də məktəbin, sanki, qoruyucu talismanı idi.
Bizim həyətdən sonra 19 nömrəli həyət gəlirdi və həmin həyətdəki ev rayon kommunal təsərrüfat şöbəsinin tabeliyində idi. Əsil sahibi isə 37-ci ildə şərlənib Sibirə sürgün edilən Sadıqov soyadlı şəxs idi. Onun mülkü müsadirə edilib dövlətə verilmişdi. Və həmin evdə rayon məhkəməsinin sədri olan Abdulla Abdullayev arvadı Mina xanımla yaşayırdı. Onların övladları Akif və Bahadur Abdullayevlər bizim məhəllədə böyüyüb, sonradan ali təhsil alaraq Bakıda məskunlaşmışdılar. Böyük oğul Akif müəllimin oğlu Çingiz Abdullayev isə indi hamımızın tanıdığı və bütün dünyada məşhur olan yazıçımızdır. Mən Çingizi uşaq vaxtı ailəsi ilə Bakıdan rayona qonaq gələndə görmüşdüm və məhəllə oyunlarında onun naşılığını biz – rayon uşaqları təbəssümlə qarşılayırdıq. Amma bir iş vardı ki, hər bir oyunda ciddi səy göstərir və buna görə qan-tər içində olurdu.
Məhəlləmizin sakinlərini bir-bir saysam, onda, ağdamlılar demiş, “uzundərə olacaq”. Buna görə, bir neçə nəfər tanınan şəxsin adını çəkmək istərdim. Futbolçu Elbrus Abbasovla yanaşı 60-70-ci illərdə “Qarabağ”ın başla oynayan ən güclü yarımmüdafiəçisi Vova (Vaqif Balakişiyev) da qonşularımızın sırasında idi. Onların evi bizim evlə üzbəüz yerləşirdi. Daha sonra müğənni Azəri qızı Günel də məhəlləmizin yetirməsidir. Onun atasıgilin ailəsi “ailə ansamblı” kimi respublikada məşhur idi. Öz savadına görə yerli dialektdə “bala Marks” adlandırılan Zeynal Məmmədov şəhərimizin hörmətli şəxsiyyətlərindən sayılırdı. Ağdamda ilk dəfə qızının nişan mərasimini “Ağdam” restoranında qadınlı-kişili birgə keçirən, məhz, Zeynal müəllim olub. O, Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Çingiz Aytmatov və bir çox müdrik insanlarla oturub-duran şəxs idi və intellekti ilə daim müasirliyə, inkişafa dəstək verirdi. “Maşındüzəldən” Sərdar Qarabağ regionunda 1 nömrəli usta kimi məşhur idi. “Kefli Yunis”in ləqəbi ilə xarakteri tərs-mütənasib idi. Mütəmadi alkollu içkilər qəbul etsə də, bu adam abır-həyalı, olduqca sakit və təmkinli idi və məhəlllədə yas düşəndə heç bir haqq güdmədən mərasimdə çayçılıq edərdi. Özü də avtomobil üzrə çilingər-mexanik idi və pis də qazanmırdı. Ancaq, şəhərdə hamı onu “kefli” ləqəbi ilə tanıyırdı. Maşın hissələrinin alveri ilə məşğul olan Nurəddinin (ləqəbi Ukan) arvadı Səfurə “Qəhrəman ana” idi.
Atam İbrahim II Dünya müharibəsinin orden-medallı iştirakçısı idi, 43 il eyni aptekdə işləyib əmək veteranı olmuşdu və o vaxt üçün fəxri sayılan respublika əhəmiyyətli pensiyaçı idi. Əmim Ənvər müəllim isə “Qabaqcıl maarif xadimi” adını qazanmışdı.
Qonşularımızın bir neçəsini çıxmaqla, demək olar ki, hamısı insan kimi xətir-hörmətə layiq şəxslər idilər. Başlıca cizgiləri isə kişilərin ağır təbiətli olmaları, qadınların abır-həyalarını səylə qorumaları idi. Və nəhayət bu mövzunu bir nəfər həmyaşıdımın faciəli həyatı haqda qısa məlumatla bitirmək istəyirəm. O, dəli-dolu, amma olduqca mehriban və həssas insan idi. 80-ci illərdə anasının razılığı olmasa da, özünün sevib-seçdiyi bir gözəl erməni qızı ilə ailə qurmuşdu. Övladlarını canından artıq istəyirdi və onların gələcəyi barədə coşqun arzuları vardı. Ancaq, nə edəsən, həyat heç də həmişə insanların nazı ilə oynamır və talelər xəyala gəlməyən cığırlara sürüklənir. Qarabağ ermənilərin işğalına məruz qalandan sonra həmin adam məcbur olub ailəsi ilə birlikdə Rusiyaya köçdü. Lakin orada erməni qohumlar adını çəkmək istəmədiyim həmin şəxsin qızının başını tovladılar və onu dayısı oğluna qoşulub qaçmağa təhrik etdilər. Bir müddət qızı ilə barışmaqdan imtina edən eloğlumuz sonda qəti qərarını verdi və əvvəl qaynı oğlunu, daha sonra isə göz yaşları içərisində doğma qızını öldürdü. Əslində, vətən məhəbbətindən, düşmənə olan nifrətdən doğan bu hadisə psixoloji kökləri ilə cinayət deyildi. Əksinə, azadlıq uğrunda mübarizədə haqq-ədalətin qorunması üçün qarşısıalınmaz simptom idi. Faciə onda idi ki, həmin insanın qəlbində vətən və övlad məhəbbəti qarşı-qarşıya gəlmişdi. Düşmənə nifrətlə övladını öldürəndən sonra həmin şəxs tez-tez danışırdı ki, qızı onu yanına səsləyir və bir müddət sonra övlad məhəbbətinin zillətinə dözə bilməyərək özünü güllələyib öldürdü.
Ağdama səfərin nəticəsi olaraq avropalı jurnalist dostum həcmcə iri bir məqalə yazıb, Almaniyanın dünyaca məşhur “Şpigel” qəzetində dərc etdirdi. Məqalədə Ağdamın ermənilər tərəfindən viran qoyulması, bacım və mənim yenidən tikiləcək Ağdamda yaşamağa can atmağımız ifadə olunmuşdu. Bu, azərbaycanlıların ellikcə Qarabağa qayıdışnın amonsu idi.
Xeyli müddət doğma şəhərə səfərin təsiri altında oldum. Qısa müddətdə hökumət Ağdamın baş planını hazırlatdırıb, təsdiqlədi. Bütün vətəndaşlarımız, o cümlədən qardaş və dost, habelə dost olmayan dövlətlərin xalqları və rəhbərləri yaxşı bilirlər ki, Qarabağın azadlığı və dirçəlişi işləri ilə dövlət başçısı, öz fəaliyyəti ilə “İlham Zəfər” kimi tariximizə sanballı səhifələr yazan prezident İlham Əliyev özü birbaşa məşğul olur. Ağdamın yenidən qurulması planını mən bütün varlığımla qəbul edirəm. Çünki, Qarabağa qəsd təkcə Azərbaycana deyil, bütün Türk Dünyasına qarşı beynəlxalq şər qüvvələrin birgə planı idi. Eynilə, xalqımızın bu yolda qazandığı zəfərlər də Türk Dünyasının baş ucalığıdır. Məhz, bütün dünyaya müasirlik və inkişaf nümunəsi olacaq yeni Qarabağın cızılan dizaynı tezliklə Azərbaycanımızın vizit kartına çevriləcək.
Köhnə Ağdamın küçələri indi bu vəziyyətdədir
Ancaq bu arada Ağdama səfər edən yaxınlarımdan eşitdiyim xəbər məni sarsıtdı: bizim məhəlləni buldozerin ağzına verib, tamam düzləyiblər. Qəflətən eşitdiyim bu xəbər buludsuz səmada çaxan şimşək effekti verdi və evimizin uçuq divarları arasında uşaqlıq və yeniyetməlik xatirələrinə dalmaq haqda düşüncələrimi məhv etdi. Çox ağır hisslər keçirdim. Ancaq, bu hal, uzun çəkmədi. Xalqımızın qazandığı zəfər fonunda yeni düşüncə qalib gəldi. Bu hadisədən bir müddət sonra öyrəndim ki, bizim məhəllədə 1 nömrəli məktəbin yeni binası tikiləcək. Bu layihə şəhərin yeni baş planında nəzərdə tutulmuşdu. Yeni xəbər ruhuma güclü təpər oldu. Ürəklə bacarmaq çətindir. Yenidən Ağdama səfər etmək arzusu vicudumu çulğaladı. Aldığım xəbərlər nə qədər dürüst olsa da, gözlərin qəlbə aşıladığı məntiq daha güclüdür və insanda real inam yaradır.
Artıq Ağdamda ilk kran ucalır, çəhərin yeni təməli qoyulur
Sağ olsun, hökuməti, ictimai təşkilatlarla birlikdə qarabağlıların yaralı həsrətinə məlhəm olaraq azad olmuş torpağa turlar təşkil edir, köhnə nəslin ötürücülərini yenidən canlanan yerlərə ziyarətə aparır. Bəli, Qarabağ canlanır, xatirələrsə qısamüddətli tarixə çevrilir. Çünki, hər bir xatirənin ömrü onu yaddaşına həkk edən insanın ömrü qədərdir. Əvvəlki Ağdam barədə canlı salnamələr adlana bilən şəhər sakinlərinin xeyli hissəsi 28 illik işğal dövründə bəxtinə düşən ömür vaxtı bitdiyindən, bəziləri nisgildən, kimisi xəstəlikdən həyatını qeyb edib. Xatirələrlə yaşayanların axırıncı nümayəndələrinin isə ömür payı xeyli azalıb.
İlk səfərdən sonra Ağdamın azadlığının ildönümü ərəfəsində ikinci dəfə doğma yurda səyahət etdim. Bu dəfə daha çox məhəllələri, şəhid qəbirlərini ziyarət etdik və mənə məlum oldu ki, əslində muzey kimi saxlanılan mərkəzi meydandan savayı bütün evlərin tör-töküntüsü buldozerlə süpürülür və məhəllələr ləğv edilir. Yeni Ağdam xarabalıqlar üzərində deyil, sadəcə, sanki indilərdə məskunlaşdırılmış torpaq üzərində yenidən salınacaq. Daha əvvəlki məhəllələr olmayacaq, əvvəlki qonşuluq olmayacaq, ciqanlar məhəlləsi, “bombey” məhəllə, hamam məhəlləsi, Dəli Dilbər, Dəli Xasay, Uzun Əbiş, Bəndi, Neji, Aj Əjdər və şəhərin bu kimi digər personajları xatirələr arxivində itib-batacaq. Ağdam yenidən doğulacaq. Bu dəfə müasir, gələcəyə boylanan şəhər olacaq. Ancaq bir şey dəyişməyəcək, şəhərimiz nümunəviliyi ilə seçiləcək. Keçmişdə “Ağdam Rusiyanı yıxdı” aforizmi dəbdə idisə, tezliklə “Ağdam gələcəyi ölkəyə gətirdi” aforizmi ictimai rəylərin ana xətti olacaq. Şəhərin ənənəvi sakinləri ilə yanaşı Azərbaycan gəncliyi Ağdama axışacaq, yeni informasiya texnologiyaları, kosmik panoram şəhərə gözəllik bəxş edəcək.
Buna görə də keçmişə kədərli baxışlarla “Əlvida, köhnə şəhər!”, gələcəyə aydın düşüncələrlə “Qədəmin uğurlu olsun, yeni Ağdam!” deyirəm. Bizim vəzifəmiz xatirələr qoynunda ufuldamaq yox, yeni yaşayış vərdişlərini mənimsəyərək həyata davam etməkdir.
Novruz NOVRUZOV
jurnalist