Fransız senatorların özbaşınalığı ermənilərin vəziyyətini ağırlaşdıracaq

Siyasi müstəvidə düşünülməmiş özfəaliyyət sonda bumeranq təsiri göstərir

fransa senatı

Noyabrın 25-də Fransa senatı “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamə qəbul edib. Senatorlara Azərbaycan diplomatları tərəfindən müvafiq şərhedici informasiya verilməsinə baxmayaraq, onlar ermənisayaq davranaraq siyasət aləmi üçün biabırçı aksiya sayılan belə bir səfeh addım atmağı özlərinə rəva biliblər.
Qətnamənin qəbulundan dərhal sonra Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti müvafiq şərh verərək bu sənədin hüquqi qüvvəyə malik olmadığını açıqlayıb: “Senat tərəfindən tamamilə qərəzli qətnamənin qəbul edilməsi, yalnız təxribat kimi qiymətləndirilə bilər. Görünür, Fransa erməniləri münaqişə mövzusundan seçki məqsədləri üçün geniş şəkildə istifadə edirlər”.
Şərhdə daha sonra bildirilir ki, Fransa Senatının qərəzli qətnamələr qəbul etmək əvəzinə bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət edən fəaliyyətlə məşğul olması həm Fransanın maraqlarına cavab verər, həm də bölgənin dayanıqlı inkişafına yardımçı olardı. Çünki, Fransa Respublikasının münaqişənin həlli ilə bağlı rəsmi mövqeyi dövlətin yüksək səviyyəli rəsmiləri, o cümlədən ölkə Prezidenti və xarici işlər naziri tərəfindən səsləndirilib. Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe istər ikitərəfli çərçivədə, istərsə də Avropa İttifaqı ilə imzalanan sənədlərdə öz əksini tapıb. Yeri gəlmişkən, Fransa XİN-i yanında dövlət katibi Jan-Batist Lemyan senatorların hökumətə etdikləri “tanima zəruriyyəti” çağırışına cavab olaraq Senatdakı müzakirələr zamanı bildirib ki, Fransa tərəfindən birtərəfli qaydada Dağlıq Qarabağın müstəqilliyinin tanınması heç kimə - nə Ermənistana, nə Qarabağ əhalisinə, nə Fransaya, nə Minsk qrupunun digər həmsədrlərinə, nə də Avropaya xeyir gətirəcək: “Bu, hökumətin (Fransa) siyasəti deyil, bu, Ermənistanın siyasəti deyil, bu, tərəfdaşlarımızın siyasəti deyil”.
Ancaq dövlət katibinin “bu, Ermənistanın siyasəti deyil” sözləri olduqca qəribə səslənir. Çünki, qətnamənin qəbulundan dərhal sonra Ermənistanın baş naziri Nikol Paşinyan fransız senastorların səfeh addımını facebook-da qiymətləndirərək yazıb: “Fransa Senatının qəbul etdiyi qərar tarixidir. Arsaxın beynəlxalq tanınması beynəlxalq gündəliyə daxil olur”. Düzdür, Paşinyan indi ona qarşı olan erməni müxalif qüvvəlırini susdurmaq üçün bu qətnaməni artıq “tanınma nişanı” kimi qələmə verir. Əsalində isə bu, sadəcə, senatın hökumətə verdiyi təklifdir. Bir də artıq bir müddətdir ki, Ermənistanın baş naziri bütün dünyaya Azərbaycan ərazisində separatçıların quraşdırdığı “dqr”-i tanıma üçün yalvarır. Yəni, söhbət ondan gedir ki, Ermənistanın siyasəti ilə Fransa Senatının fəaliyyəti üst-üstə düşür ki, bu da Fransaya heç bir hörmət və ya alibi qazandırmır. Ona görə ki, ermənilərin özlərinin də hazırda lənətlədiyi Paşinyanın siyasəti ilə həmahəngdir. Bu səbəbdən Senatın özbaşınalığı və Jan-Batist Lemyanın açıqlaması ziddiyyətdən çox uyğunluğa bənzəyir. Bunun izahı ondadır ki, Fransanən hazırkı hökuməti ermənilərdən siyasi alət kimi istifadə etməkdə maraqlıdır və bu yolla həm Cənubi Qafqazda nüfuz qazanmaq, həm də ölkədaxili siyasi həyatda, məsələn, seçkilərdə erməni diasporundan yararlanmaq məqsədi güdür. Amma bütün hallarda bu, olduqca ucuz və əhəmiyyətsiz cəhddir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fransız senatorların fəaliyyətini qiymətləndirərək bildirib ki, qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil: “Dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurur”.
Bəli, Fransanın suallar doğuran fəaliyyəti tək bununla məhdudlaşmır. Belə ki, əhalisinin etnik tərkibinə və tarixi mövcudluğuna görə fransızlarla heç cür yaxınlığı olmayan Fransız Qvineyası, Qvadelupa, Maritim, habelə Fransanın özündə müstəqillik uğrunda çarpışan Korsika adası, Basklar ölkəsi, Oksitan ölkəsi kimi regionların xalqlarının və insanlarının “öz müqəddəratını təyinetmə” prinsiplərinin pozulması niyə Senatın yadına düşmür, Azərbaycanın işğal edilmiş torpaqlarının azadlığı məsələsi dərhal onların diqqətini cəlb edir. Halbuki “özünün insan hüquqları bəyannaməsi” ilə fəxr edən ölkənin rəsmiləri bu hadisəni alqışlamalı idilər. Yalnız ona görə ki, tarixi ədalət bərpa olunub. Belə görünür ki, həyatda “siyasət çirkin işdir” məsəli məhz Fransa Senatı kimi siyasi istiqamətdə atılmış qeyri-qanuni, qeyri-hüquqi addımlara görə yaranmış ikrahedici aforizmdir.
Düşünmək lazımdır ki, bu qətnamə ermənilərin işini daha da çətinləşdirəcək. Çünki, qarşıda Ermənistan və Azərbaycan arasında imzalanacaq saziş durur. Həmin sazişin müddəalarını qalib tərəf kimi Azərbaycan diktə edəcək. Maksimum çalışmaq lazımdır ki, hansısa senatın, hansısa bələdiyyənin qeyri-hüquqi sənədlərindən gələcəkdə hansısa qüvvələrin qeyri-qanuni şəkildə yararlanmaması üçün həmin sazişdə Azərbaycan ərazisində yaşayan, bu əraziyə ermənilərin sayca üstünlük təşkil etdiyi Qarabağın dağlıq hissəsi də aiddir, bütün vətəndaşların yalnız Azərbaycan pasportu daşımaları, Azərbaycan qanunlarına tabe olmaları dəqiqliklə təsbit olunsun. Yoxsa ki, ermənilər öz havadarlarının yardımı ilə regionda sülhün bərqərar olmasına daim təhlükə olaraq qalacaqlar. Hətta, reallığı dərk edən erməniləri də xarici havadarlar şirnikləndirici təkliflərlə aranı qarışdırmağa məcbur etməyə çalışacaqlar.
N.NOVRUZ

 

Qarabağın tacidarı Ağdamda qələbə təntənəsi

ilham agdam məscid meydanında

Müzəffər Ali Baş Komandan strateji dayaq olan şəhəri Azərbaycana qaytardı

Birinci Qarabağ müharibəsi tarixin yaddaşında təkcə azərbaycanlıların beynəlxalq separatçılıq hərəkatına müvəqqəti məğlubiyyəti ilə yox, həm də şanlı müqavimət faktları ilə də qalıb. Bu müqavimətin önündə Ağdam şəhəri dururdu. Ötən əsrin 90-cı illərinin əvvəllərində bu şəhərin bir neçə özünümüdafiə batalyonu nböyük bir ordunun görəcəyi müdafiə fəaliyyəti göstərirdi. Əgər erməni separatçılara xarici dəstək olmasaydı, həmin batalyonlar nəinki Qarabağı, bəlkə də Azərbaycanın yadellilər tərəfindən çoxdan ələ keçirilmiş digər ərazilərini də azadlığa qovuşduracaqdılar. Lakin siyasət həmişə maraqlar üzərində qurulub və qəhrəmanlıq dastanları heç də həmişə siyasətə qalib gələ bilmir. Ancaq məğlub da olmur. Sadəcə, geri çəkilib güc toplayır və məqamı yetişəndə yenə eyni ümid və atəşlə niyyətinə çatır. 30 il əvvəl Azərbaycanın uduzduqlarını bu gün Prezident İlham Əliyev o illərin döyüşkən ruhu ilə xalqımıza qaytarır. Ağdam şəhərinin də bu zəfərdə özünəməxsus yeri var.
Müharibə nəticəsində Ağdamdan məcburi köç edən əhalinin bütün məhrumiyyətlərlə yanaşı bir qarşısıalınmaz dərdi də vardı: Biz, əvvəl axır nə vaxtsa Ağdamı geri alacağıq, Ağdam qayıdacaq, ancaq “ağdamlılıq” qayıtmayacaq. Bu böyük yanğı idi, çünki, bütün yaşayış məskənləri kimi Ağdam əhalisinin də əsrlər boyu formalaşmış yaşam tərzi, yerli adət-ənənəsi, həyata fəlsəfi baxışı, milli dünyagörüşü vardı. Buna görə də qəmli narahatlığı əbəs saymaq olmazdı.
Budur, ömürlərə iz salmış məhrumiyyətlər aradan qalxıb, Ağdam azadlığa qovuşub. Azərbaycan xalqı sərvətləri talanıb viranə qoyulmuş quru torpaqlı Ağdamı böyük coşqu və məhəbbətlə qarşılayır. Sevinc ümmanlar qədər hədsizdir. Və bu nəhayətsiz sevginin səbəbkarı olan Ali Baş Komandan İlham Əliyev quru yurda ilk səfərində ağdamlıların böyük narahatçılığına son qoydu. Prezidentimizin və Birinci vitse-prezidentimizin şəhərə səfər təəssüratı, cümə məscidinə böyük inancla daxil olmaları, yalnız divarları qalmış inam məbədimizi oxşamaları, Məkkədən gətirdikləri Qurani-Kərim-i öpüb gözlərinin üstünə qoyaraq məscidə bağışlamaları yüksək milli ləyaqətimizin dərin və inamlı təcəssümü idi.

mehriban agdam məscidində

ilham və mehriban agdam məscidində
Ölkəmizin rəhbəri Ağdam məscidinin qarşısındakı meydanda şəhərin azad olunması münasibətilə möhtəşəm zəfər nitqi söylədi. Məhz həmin meydandan deyilən fikirlərin böyük tarixi əhəmiyyəti ilə yanaşı böyük rəmzi mənası da var. Ağdamda doğulub böyüyən bir şəxs kimi o meydanda yaşanan hadisələrin çoxunun şahidiyəm. 26 fevral 1992-ci ildə bu meydan qan ağlayırdı. Xocalı soyqırımının qurbanları olan azərbaycanlıların meyitləri ilə dolu olan meydanda dəhşətdən üz-gözlərini cırıb al-qana boyayaraq ağlaşan qadınların ah-naləsi, deyilən nohələrin əks-sədası indi də qulaqlarımdadır. Meyitləri kəfənləyən kəfənçilərin “kəfən kəfən şatışmır, kəfən gətirin” sədaları intiqam hissini alovlandırırdı. Bu qədər zülmmü olardı? Baş verənlərdən ağlını itirmiş xocalılı qadın bu meydanda nohələrin ahənginə uyğun olaraq qol götürüb rəqs edirdi. Onun rəqsi dərdlərimizin simfoniyası idi.
İndi bu dərdli meydanda yenə də qələbəlik gördük və o mənə yenə simfoniya təsiri bağışladı: zəfərlərimizin simfoniyası. Bu sadlığı bizə müdrik xalqımız, qəhrəman ordumuz və qətiyyətli prezidentimiz yaşatdı. “Mən bilirəm və hiss edirəm ki, bizim şəhərlərimiz, rayonlarımız, kəndlərimiz işğaldan azad olunduqca ağdamlılar da fikirləşirdilər ki, nə vaxt onların kəndləri, Ağdam şəhəri azad olunacaq. Cəbrayıl azad olundu, Füzuli azad olundu, Hadrut azad olundu, Zəngilan, Qubadlı, Suqovuşan, Şuşa azad olundu və yəqin ki, ağdamlılar fikirləşirdilər ki, nə üçün Ağdam azad olunmur? İndi mən bunu deyə bilərəm. Amma mən istəyirdim, bunu hansısa formada ağdamlılara çatdırım, amma onlar da başa düşürlər ki, müharibə dövründə bunu edə bilməzdim. Burada beş müdafiə xətti var. Düşmən bizi buradan gözləyirdi. Biz imkan verə bilməzdik ki, düşmənin gözlədiyi yerdən hücuma keçək. Biz bu istiqamətdə kifayət qədər böyük hərbi birləşmə saxlamışdıq ki, düşmənin hərbi qüvvələri də burada qalsın, başqa yerə getməsin. Füzulini, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı azad edəndən sonra təbii ki, biz artıq Ağdam şəhərinə istiqamət götürmüşdük və əmr verilmişdi ki, növbəti istiqamət Ağdamdır. Düşmən də bilir və artıq etiraf edir ki, əgər onlar torpaqlarımızın azad edilməsi ilə bağlı mənim şərtlərimi qəbul etməsəydilər, burada məhv olacaqdılar. Çünki biz Ağdama gəlirdik”-deyə, Ali Baş Komandanın sözləri “dərdlər” meydanının dərddən qurtularaq mübarizə meydanın çevirdi. Qarabağ şəhidlərinə yas tutan meydanda bu gün zəfərlərimizin təntənəsi elan edilir. Bu zəfər nitqində aydın görünən intiqam notlarısını sədası şəhidlərimizin qanının yerdə qalmadığına təsirli şəhadətdir.
Qarabağ işğal əsirliyindən azadlıq zəfərinə qovuşması planının baş memarı Prezident İlham Əliyev qələbəmizin mahiyyətini də açıqlayıb: “Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq”. Bu xoşbəxtlikdə ağdamlıların da payı və yeri var. Xalqımızın sırasında onun rəhbəri ilə gələcəyə doğru addımlayan ağdamlıları qarşıda daha firavan, daha gözəl dövran gözləyir. Tezliklə doğma Ağdam kimi ləyaqətli ağdamlılıq da qayıdacaq və ölkəmizin gücünə güc qatacaqdır.
N.NOVRUZ

Qarabağ ətrafında sular durulur

Getdikcə daha çox ölkə Azərbaycanın haqq işini təsdiqləyir

 

 

eyfel qullesi

Təxminən 12 il bundan əvvəl Qarabağ münaqişəsi ilə bağlı yazılarımızdan birində Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyini müdafiə edərək yazmışdıq ki, “qətiyyətlilik psixoloji cəhətdən haqlı olmağın təsdiqidir”. Vətən müharibəsini qalibiyyətlə başa vuran Azərbaycan xalqının, ordusunun və rəhbərinin tarixi həqiqətə və ədalətə söykənən birgə və dəyişməz mövqeyi ölkəmizə qarşı qərəzli mövqe sərgiləyən bütün beynəlxalq dairələrin etiraflarına gətirib çıxarıb. Belə qüvvələrin ən güclülərindən biri də Fransa Respublikası idi. Bu ölkənin prezidenti Emmanuel Makronun 44 günlük müharibə zamanı və ondan əvvəl sərgilədiyi mövqe hamının yadındadır. Açıq-aşkar, insan hüquqları pərdəsi altında ermənilərin Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasının ruporu kimi çıxış edirdi. Amma Prezident İlham Əliyevin bu cəhdlərə qarşı mübariz, cəsarətli və ağıllı diplomatik təpkiləri BMT TŞ-nın üzvü olan Fransaya rəhbərlik edən şəxsin sonda haqq yoluna gəlməsinə səbəb oldu. Bu günlərdə sosial şəbəkələrdə yayılmış məlumata görə, Fransa Prezidenti Emmanuel Makron Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edib. Onun bu etirafı “İnstagram” hekayəsində yer alıb: “Beynəlxalq hüquqa əsasən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dağlıq Qarabağ və digər rayonlar Azərbaycan ərazisi kimi tanınır. Buna görə də suveren dövlətdən istək yoxdursa, bu məsələyə qarışmayın”.
Yəni, suveren Azərbaycan dövlətinin özü razı deyilsə, onda bu məsələyə qarışmaq beynəlxalq qanunların pozulması deməkdir. Necə ki, bu aksiomanı Azərbaycan və qardaş Türkiyə rəhbərləri dəfələrlə qeyd ediblər.
Yəqin, Makronun bu etirafı onun ölkəsindəki erməni lobbisindən asılı olduqlarına görə “pul demokratları” adlandırılıa bilən bəzi fransızların da “düz yola” gəlməsinə təsir edəcək. Belə ki, Fransanın məşhur “Le Figaro” qəzeti Qarabağdakı erməni separatçılığını açıq şəkildə dəstəkləyən, yalan, böhtan və nifrət üzərində hazırlanmış müraciəti imzalayan fransız rejissorların, yazıçıların, filosofların, aktyorların, musiqiçilərin, jurnalistlərin, müğənnilərin siyahısını yayımlayıb. Ermənilərlə həmrəylik, onların Qarabağdakı taleyi üçün narahatlıq, qondarma “1915-ci il soyqırımı”nın təkrarlanması, erməni separatçılığına dəstək, ümumiyyətlə, Azərbaycan və Türkiyənin məkrli planlarının olması haqda yalanlardan ibarət olan müraciətin mətninin Türkiyə və Azərbaycana qarşı yönəlməsi dərhal hiss olunur. Mətni imzalayanların siyahısında bütün dünyada məşhur olan Pyer Rişar, Jan Reno, Jülyet Binoş, Jan Düjarden, Alen Delon, Klod Leluş, Klaudiya Kardinale kimi şəxslərin adları var.
Ancaq bu demokratlardan fərqli olaraq Avropada, xüsusilə də Fransada mənən azad insanlar Azərbaycanın haqq səsini dinləyir və müdafiə edir. Buna misal olaraq, torpaqlarımızın azadlığı münasibətilə avropalı dostlarımdan aldığım iki mesajı diqqətə çatdırsam, yerinə düşər. Ona görə ki, bəzi avropalı siyasətçilərin “atılıb-düşmələri” mənasız işdir. Sadə camaat bizim qayğılarımızı anlayır və müdafiə edir. Bir avropalı dostum Ağdam azadlığa çıxan gün “Təbrik edirəm! Urrraaa!” nidası isə sevincimizə qoşulub. Fransadan isə “kəndli” olmağı ilə fəxr edən sadə pensiyaçı qadın Anna-Mariya elektron ünvanıma göndərdiyi məktubda yazır: “Müharibənin başlanmasını eşidəndə çox qorxdum, çünki müharibə həmişə dəhşət və perspektivdə vəhşilikdir. Ancaq Azərbaycanın mübarizəsini normal hesab edirəm və qanunsuz olaraq işğal edilmiş bir ərazinin öz sakinlərinə qovuşması ədalətlidir. “Diplomatiyanın bacarıqsız olduğu yerdə silahlar dillənməli idi”. Bura qədər gəlmək çox qorxulu idi.
Hadisələri izləmədim, çünki heç vaxt xəbərlərə baxmıram: bunlar məni əsəbiləşdirir, iyrəndirir və ya depressiyaya salır. Güman, nəhayət, Siz bir rahatlaıq tapdınız. Doğma evinizə qayıda biləcəksiniz. Sizi həmişə qoruyub saxlayan bu ümidi həyata keçirməyinizi arzulayıram.
Düşünürəm ki, bölgədəki tarazlığı bərpa etmək üçün vaxt və çox səy lazımdır. Torpağınıza qayıtdacağınıza görə şadam. Qarşınızda yeni bir həyat açılır, Sizə gözəl gələcək arzulayıram!”.
Bu cür təbii, sadə və məntiqi düşüncələrin qarşısında siyasi marionetkaların dedikləri və ya imzaladıqları hazır mətnlər nə qədər cılız görünür. Həmin o fransız artistlərdən soruşulsa ki, Qarabağın tarixindən nə bilirsən, əminəm ki, gücləri gözlərini döyməkdən başqa heç nəyə çatmayacaq. Heç xəritədə Qarabağın yerləşdiyi ərazini də tapa bilməyəcəklər, Xocalı haqda isə, “Xocalı nə deməkdir?” deyə, soruşacaqlar.
Olsun! Azərbaycan belə maneələri çox aşıb. Hələ qarşıda nə qədər aşınılası maneələr durur. Bunlar da keçiləcək və qalib Azərbaycan dünya miqyasında haqqın nazilməsi, amma üzülməməsi haqda real siyasi və hərbi hünər dastanı yaradacaq.
N.NOVRUZ

İflasa uğramış düşmənin son cəhdləri


Kapitulyasiya sənədindən sonra gələcək münasibətləri aydınlaşdıran müqavilə necə olmalıdır?

azordu
Qalib Azərbaycanın təntənəsi davam edir. İşğalçı ermənilər sülhməramlı qüvvələrin nəzarəti altında yerdə qalan işğal ərazilərini boşaldır, zarıya-zarıya torpaqlarımızı tərk edirlər. Artıq Qarabağda qalmış erməni silahlı qüvvələrinin qalıqları ilə İrəvanda maraqlanan yoxdur. Onlar öz başlarına qılmağa çarə axtarırlar. Köhnə hakimiyyəti təmsil edən müxalifət şəraitdən istifadə edərək hakimiyyətə qayıtmaq üçün çarpışır. Astarı və üzü mundarlanmış Paşinyan hakimiyyəti isə ikicə ilə çürümüş hakimiyyətini saxlamaq üçün çabalayır. Ermənistanın prezidenti ilə əsas sima olan baş nazir arasında da qovğa başlayıb. Prezident Sarkisyan P)aşinyanın devrilməsini dəstəkləyən bəyanatlarla çıxış edir: idarəetməni milli birlik hökumətinə vermək lazımdır, yeni parlament seçkiləri qaçılmazdır və sairə. Belə görünür ki, baş nazir Nikol Paşinyan təklənib və istefa vermək istəmədiyindən parlament seçkiləri keçirməklə onu birdəfəlik siyasi səhnədən silmək istəyirlər.
Ancaq Paşinyanın tək qaldığını demək nə qədər realdır? Bir halda ki, onun arxasında ABŞ-ı təmsil edən Soros durur, demək, onu istefaya getməyə qoymayan da elə həmin qüvvədir. Bu səbəbdən İrəvanda istefalar taktikası nə qədər sürətlə getsə də, Paşinyanın vecinə deyil. O, axıradək duruş gətirmək və götürdüyü anti-Rusiya kursunu himayədarları sayəsində davam etdirmək niyyətindədir.
İndi Azərbaycanın marağında olan əsas məsələ kapitulyasiyadan sonra imzalanacaq sazişin müddəalarıdır. Təbii ki, qalib tərəf kimi Azərbaycan sazişin mətnini hazırlayıb imzalamaq üçün qarşı tərəflə görüşdə təqdim edəcək. Bu, böyük üstünlükdür. Lakin bir iş də var ki, sazişin razılaşdırılmasında Kreml də iştirak edəcək. Və ondan yeni sürprizlər gözləmək qaçılmazdır. Çünki Rusiya Ermənistanın patronajlığını edir və onu əldə möhkəm saxlamaq üçün mütləq əlində yeni əsaslar olmalıdır. Haqqında danışdığımız müqavilə bunun üçün əla fürsətdir. Belə ki, qaydalara görə, qalibi heç kim mühakimə edə bilməz, amma onunla şərtlər ətrafında fikir höcətçiliyi edə bilər. İkinci dünya müharibəsini yada salaq. Stalin Potsdam konfransında yumruğunu stola çırpıb danışırdı. Amma bununla belə müttəfiqlərin təkidi ilə Almaniya 4 təsir zonasına bölündü və sonradan çox hissəni etiva edən tərəfdə AFR yarandı. İndi Rusiyanın patronajlığı Azərbaycanın ərazi bütövlüyünə xələl gətirə bilməsə də, İrəvana təsirini gücləndirmək və “erməniləri məhv olmaqdan mən qurtardım” təəssüratı yaratmaq üçün Qarabağda yaşayan ermənilərə bir sıra güzəştlərin tətbiq edilməsinə səy göstərəcək. Qeyd etmək lazımdır ki, torpaqlarımızın azadlığı yolunda bu mərhələnin əhəmiyyəti də kifayət qədər böyükdür.
Hər bir halda Azərbaycan tarixi uğura imza atıb və əmin ola bilərik ki, müqavilə sənədi də lazımı səviyyədə milli maraqlarımızı qoruyacaq. Çünki, artıq biz, yenicə müstəqil olan dövlət yox, müstəqilliyinin 30-cu ilini çətin mübarizə dövründən, ictimai-siyasi-hərbi sınaqlardan alnıaçıq çıxmış bir dövlət kimi qarşılayırıq. Müqaviləni də bir yanında qardaş Türkiyənin dayandığı, o biri yanından nüvə dövləti Pakistanın müdafiə etdiyi, regionun lideri və dünyada sürətlə inkişaf edən Azərbaycanın fövqəladə vəziyyətlərdə müdrik qərarlar qəbul etməyi bacaran Prezidenti İlham Əliyev imzalayacaq. Buna görə də xalq əminliklə inanır ki, Ermənistanla dövlət sərhədlərimizin delimitasiyası zamanı son illərin yox, 1920-ci ildəki sərhəd xətləri əsas götürüləcək. Çünki sovet dövründə Moskvadakı əlaqələrinə arxalanan ermənilər qeyri-qanuni şəkildə addım-addım respublikamızın ərazisi içərisinə soxularaq qeyri-rəsmi şəkildə öz təsərrüfatlarını qurublar. Məsələn, Laçın rayonunda Qaragol adlı bir sututar var. Bu gölün sahillıəri üzrə əsas hissəsi Azərbaycan ərazisindədir. Ancaq ötən əsrin 80-ci illərində ermənilər zaman-zaman gölü əllərinə keçirib və orada öz balıqçılıq təsərrüfatlarını qurublar, sonra da azərbaycanlıları gölün ətrafına belə buraxmırdılar. Hətta 1978 və 1981-ci illərdə Allahverdiyüv soyadlı laçınlı müəllimin bu haqda şikayət ərizəsi “İzvestiya” qəzetində dərc olunmuşdu.
İkinci əsas məsələ, azərbaycanlıların Qarabağa qayıdışı dövründə Xankəndinin mərkəzindəki Kərkicahan qəsəbəsinin o vaxtkı 15 minlik əhalisinin taleyi də nəzərə alınmalıdır. Yəni, Kərkicahandan heç cür imtina etmək olmaz.
Fikrimizcə, daha bir ciddi məqam Beynəlxalq monitorinq mərkəzinin yerləşəcəyi məkandır. Bu mərkəzin Xankəndi (Kərkicahan qəsəbəsində), Xocalı, Şuşa, Laçın, Xocavənd, Ağdam şəhərlərindən birində yerləşməsi, Yeddi xırman, Hadrut, Fərrux yüksəkliklərində müşahidə postlarının qurulması nəzarət baxımından olduqca əlverişli olar bilər.
Sonuncu məqam işğal zonasında ermənilərin qurduqları qondarma qurumla bağlıdır. İmzalanacaq müqavilərə bu cür qondarma qurumların adlarının çəkilməsi belə məqbul sayılmır. Çünki qondarma qurumun başbilənləri Qarabağda rəqs etdikləri günlərin nostalgiyası kimi hələ də özlərini reallıqdan uzaq aparır və qarabağlı ermənilərə göstərişlər də verir. Rusiya sülhməramlıları Laçın-Şuşa-Xankəndi yolunun təhlükəsizliyini elan edən kimi Araik Arutyunyan adlı separatçı dərhal mətbuata bildirir ki, bu “Berdzor-Stepanakert” yolu açılıb və təhlükəsizlik təmin olunur. Yəni, imitasiya edərək sanki “bu yolun açılmasında onun da əməyi var” mesajımı ötürərək gündəmdən çıxmadığını bəyan edir. Qarabağın başı üzərində güclü Azərbaycan dövləti, onun qanunları və torpaq üzərində haqqı var. Bütün bunlar dövlətə aid beynəlxalq təsbit edilmiş əmlak və hüquq çərçivəsinə daxildir və ermənilərin hansı şəraitdə və statusda yaşamalarından asılı olmayaraq onlar Azərbaycan dövlətinin vətəndaşı olaraq onun bütün qanunlarına əməl etməlidirlər ki, bu da sazişdə əksini tapmaqla regionda əbədi olaraq bərabərlik və hüquqilik əsasında sülhə xidmət edər.
N.NOVRUZ

Paşinyan Azərbaycanda uduzdu, Ermənistanda isə özünü qalib sayır

Ermənistanda sorosçularla kremlçilər arasında mübarizə getdikcə gərginləşir

ermənistan diz şökdü

Neçə gündür ki, Ermənistan hökumətinin Baş naziri Nikol Paşinyan üzə çıxmır. Amma illeqal formatda hökumətə başçılıq etməkdə davam edir. Müxalifət güman edir ki, Paşinyan 2008-ci il mart qırğını zamanı olduğu kimi indi də ABŞ-ın Ermənistandakı səfirliyində gizlənir.
İrəvanda isə siyasi qarşıdurma şiddətlənir. Ayın 11-də Ermənistan parlamenti iclas keçirməyə cəhd etsə də, hakim “Mənim addımım” fraksiyasının deputatları iclasa qatılmadıqlarına görə kvorum alınmayıb və təbii ki, iclas da keçiriliməyib. Müxalifət Nikol Paşinyanın istefasını tələb edir və qan tökülmədən hakimiyyəti təhvil verməsini istəyir. Ancaq hadisələrin gedişatından, verilən bəyanatların məzmunundan görünür ki, İrəvandakı hazırkı mübarizənin kökündə, əslində Qarabağın itirilməsi yox, hakimiyyətin ələ keçirilməsi durur. Yəni, 2 il əvvəl Paşinyan baş nazir kürsüsünü necə ələ keçirmişdisə, indi də köhnə klan eyni üsuldan istifadə etmək istəyir.
Prinsip etibarı ilə Azərbaycanın qələbəsindən, müəyyən mənada, Paşinyan yararlanmağa çalışır. O, cəbhədəki məğlubiyyəti müxalifətin boynuna yıxmağa çalışır. Halbuki, indiyədək verdiyi bəyanatlardan, Azərbaycan torpağında çəkdirdiyi selfilərdən, separatçılarla qolboyun olub yallı getməsindən, habelə arvadı və uşaqlarının əməllərindən bəllidir ki, o da işğalçılıq siyasətində müxalifətlə əlbir fəaliyyət göstərib. Bu gün müxalifətdə Ermənistanın, demək olar ki, bütün siyasi qüvvələri birləşib. Yalnız Paşinyanın partiyası istisnalıq təşkil edir.
Hakimiyyəti itirmək istəməyən sorosçular müxalifətlə mübarizə aparmaq məcburiyyətindədirlər. Buna görə də onların qarşısında müəyyən şərtlər irəli sürürlər. Qarabağ müharibəsinin dayandırılması üzrə Paşinyanın imzaladığı üçtərəfli bəyanatın parlamentdə müzakirəsi üçün hakim partiya şərtlərini açıqlayıb. Onların izahından aydın olur ki, bəyanatın imzalanması Ermənistanın birdəfəlik məhv olmasını əngəlləməyə xidmət edir. Bununla belə müxalifət tələb edirsə, bir sıra şərtlər daxilində onlar da prosesə qoşula bilərlər.
Müxalif deputatların və kütlənin tələbi ilə parlamentin iclasının keçirilməsi cəhdinin hakim fraksiya tərəfindən pozulduqdan sonra, birdən-birə “Mənim addımım”dan müxaliflərə təklif varid olub. Görünür ki, Paşinyan öz sahiblərindən yeni təlimat alıb. Belə ki, hakim "Mənim addımım” parlament fraksiyası Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifətə Dağlıq Qarabağda rus sülhməramlılarının yerləşdirilməsinə qarşı çıxmağı təklif edir. “İnterfaks”ın verdiyi məlumata görə, bu barədə fraksiyanın yaydığı bəyanatda deyilir: “Qarabağ müharibəsinin sona çatmasına dair razılaşmanın qanuniliyini müzakirə etmədən əvvəl müxalifətə Rusiyanın vasitəçiliyinə qarşı olduqlarını bəyan etmələrini, Rusiya sülhməramlılarının münaqişə bölgəsindən çıxarılmasının tərəfdarı olduqlarını və müharibəni davam etdirməyə razılıq vermələrini təklif edirik”. Fraksiyada hesab edirlər ki, müxalifət qüvvələrindən “bərpa ediləcək müharibədə qələbə qazanmaq üçün yol xəritəsi” təqdim etmələri tələb olunmalıdır.
Nikol Paşinyan yaxşı bilir ki, Azərbaycanın 44 günlük antiterror əməliyyatı Ermənistanın zəif iqtisadiyyatını uzun müddətə iflic edib. Mənəvi cəhətdən isə ölkə rəzil duruma düşüb. Müxalifətin atılıb-düşməyi mənasız işdir, daha işğalçılığı davam etdirmək üçün qüvvələri səfərbərliyə almaq mümkün olan iş deyil, bu, birincisidir, ikincisi isə Azərbaycan Ordusunun gücü erməniləri elə qorxutmayıb ki, bir daha kimsə cürət edib müharibəyə başlasın.
Qarabağ separatçılarının zibilliyə atılmış qondarma respublikasının qondarma rəhbəri Araik Arutyunyanın dedikləri bu fikri təsdiqləyir: “Ön cəbhədəki uşaqlarımıza dəstək üçün insan ehtiyatlarımız yox idi. O gün ordunun bir hissəsinin vahiməyə qapıldığına tamamilə əmin olmuşdum. Onlara yalvardım, “ən qabaqda özüm gedəcəyəm” dedim, amma yenə də gəlmədilər, “ölkə prezidentini” (özünü nəzərdə tutur – red.) tək qoydular. Bu gün bunları danışıram, çünki danışmalıyam. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ən elit birləşməsinin üzvlərindən soruşa bilərsiniz, görün mənim xahişimi necə üzümə qaytardılar. Mən yalvarırdım onlara. Soruşun onlara mənə nə dedilər. Hadrut ətrafındakı döyüş zamanı 1 500 erməni əsgəri onlarla azərbaycanlı əsgərdən qorxub qaçırdılar”.
Məsələ məlumdur. Ermənistan Azərbaycan üçün birdəfəlik əzilib. Lakin onun ərazisi Cənubi Qafqazda, dünya siyasətinin qaynar nöqtələrindən birində yerləşir. Üstəlik də, ermənilərin dövləti yarımüstəqil statusdadır. Yəni, başqa dövlətlərin təsiri altındadır. İndi qalır onun yarımüstəqil varlığının aydın istiqamətə yönəldilməsi. Bu isə Paşinyanın simasında ABŞ-ın, müxalifətin simasında Rusiyanın mübarizəsidir. Ancaq unutmaq olmaz ki, Rusiyanın bu ölkədə güclü hərbi bazası mövcuddur və yenicə dayandırılmış Qarabağ müharibəsinin gedişində həmin bazaya kifayət qədər güclü silahlar daşınıb. Yəni, Rusiyanın imkanları olduqca genişdir və... Ya Paşinyan qatı ruspərəst olmalıdır, ya da hakimiyyətdən getməlidir. Paşinyan isə hələ ki, erməni cəmiyyətində özünü qalib sayır. Buna görə də Sorosla birgə mübarizəsini davam etdirir. Bu isə indiki situasiyada olduqca çətin işdir. Tezliklə, Ermənistanda yeni baş nazirin seçilməsi və ya prezidentin əsas sima olması ilə bağlı yeni təlatümlərin yaşanacağı qaçılmazdır. Yüksək dərəcədə ehtimal olunur ki, Kremlin pərəstişkarı hakimiyyətə gələcək və Rusiya bu ölkədə ömrü ən azı bir əsrlik davam edəcək yeni hərbi bazasının açılışını edəcək.
N.NOVRUZ

31 -dən səhifə 136

Oxşar məqalələr