Təslim olan PKK-çı: “Ermənilərə kömək üçün Qarabağa əlavə qüvvələr göndərildi”

pkk çılar

İraqın şimalındakı Gara bölgəsində Türkiyə ordusunun həyata keçirdiyi xüsusi əməliyyatın gedişində sağ ələ keçirilən PKK terrorçuları dindirmə zamanı təşkilatın xarici dəstəyi haqda önəmli məlumatları çatdırıb. Virtualaz.org xəbər verir ki, bu haqda “Yeni Şafak” qəzeti yazır.

Türkiyə ordusu bu günlərdə Gara bölgəsinə havadan və qurudan həmlə edib, orada PKK terrorçularının düşərgələri, silah-sursat anbarları məhv edilib, onlarla terrorçu zərərsizləşdirilib. Əməliyyatın gedişində PKK mağaralardan birində 6 ilə yaxındır girov saxlanılan 13 Türkiyə vətəndaşını güllələyib öldürüb. Türkiyə xüsusi təyinatlıları bir neçə terrorçunu sağ ələ keçirə biliblər.

təslim olan pkk

Təslim olan terrorçulardan Ş.M. dindirmə zamanı deyib: “Türkiyə silahlı qüvvələri İraqın şimalında əməliyyat həyata keçirməzdən əvvəl iki ölkə (Rusiya və ABŞ) vurulacaq nöqtələri 30 dəqiqə əvvəldən təşkilata xəbər verirdi”. Həmin terrorçu təşkilatın Fransa, ABŞ və Suriya kəşfiyyatı ilə əlaqələri olduğunu deyib. Bildirib ki, ABŞ PKK-ya buldozerlər, ekskovatorlar, yük maşınları və zirehli maşınlar verir. Fransa isə pilotsuz təyyarələrlə havadan əldə etdiyi görüntü və koordinatları təşkilata ötürür.

Digər terrorçu D.M. isə deyib ki, ABŞ PKK liderlərini qorumaq üçün birbaşa öz hərbi personalını ayırıb. Məsələn, “Bahoz Erdal” ləqəbli PKK liderinin cangüdənlərindən 8-i Amerika əsgəri olub. “Sofi Nurettin” kod adlı terrorçu isə bir müddət ABŞ ordusunun İraqın şimalındakı düşərgəsində qalıb.

bahoz erdal

Bahoz Erdal

2020-ci ilin son aylarında Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olan İ.Ç. adlı terrorçu isə deyib ki, hətta Liviyada hakimiyyəti ələ keçirmək istəyən qyiyamçı feldmarşal Həlifə Haftar da Türkiyəyə qarşı PKK-dan istifadə etməyə çalışır. Belə ki, Haftar öz adamını PKK ilə təmaslar üçün Suriyaya göndərib və terror təşkilatından dəstək istəyib. Həmin terrorçu deyiib ki, Haftarın PKK-dan dəstək istədiyini təşkilatın liderlərindən Fehman Hüseyn ötən il Şeddade bölgəsində keçirdiui toplantıda təsdiqləyib. “Haftar ordusu YPG-dən (PKK-nın Suriya qolu) dəstək istəyir” deyib.

döyüşdən sonra

İ.Ç. Ermənistana dəstək üçün Qarabağa əlavə PKK qüvvələrinin göndərildiyini də təsdiq edib, bunu terror təşkilatın az qala bütün üzvlərinin bildiyini deyib.

Qeyd edək ki, ötən il Qarabağda hərbi əməliyyatların başlanması ərəfəsində Ermənistanın Qarabağa İraq və Suriyadan PKK terrorçularını daşıyıb gətirdiyi haqda kifayət qədər mötəbər məlumatlar, o cümlədən xarici mənbələrdən məlumatlar yayılmışdı. Söhbət bir neçə min PKK terrorçusundan gedirdi. Qarabağda daha əvvəl də PKK-nın düşərgələrinin olduğu məlum idi. Müharibənin başa çatmasından az sonra PKK-nın qadın dəstələrinin komandiri də təşkilata yaxın mediaya müsahibəsində Qarabağa ermənilərə kömək üçün dəstələr göndərdiklərini təsdiq etmişdi.

“İmarət” stadionu tarixin səsinə səs verərmi?!

Vətənimizin Qarabağ bölgəsi gözlənilən azadlığına qovuşub. Xalq üçün bundan şirin nemət ola bilərmi? Düşünmürəm. Ölkə şadlıq içindədir. Hər kəs sevinclə dolu arzusunu dilə gətirir, perspektiv inkişaf üçün təkliflərini bildirir.
Azərbaycanın bugünkü qüdrəti Qarabağın sürətlə inkişaf edəcəyini, yeni tarixin əsl tarix zəminində meydana gələcəyini stimullaşdırır. Tezliklə Azərbaycan, digər bölgələri kimi Qarabağla da fəxr edəcək, özünü dünyada daha geniş ampluada tanıdacaq. Təbii ki, bu işdə hər bir vətəndaşımızın ya əməyi olacaq, ya da arzusu, yaxud da təklifi həyata keçəcək. Ancaq bu, heç də asan başa gələn məsələ deyil. Çünki, arzularla reallıq arasında həmişə ciddi fərqlər olur və Qarabağ üçün də bu hal əskik olmayacaq. Mən bu cür hallardan biri haqqında fikrimi bölüşmək istərdim. Bu, Qarabağ futbol komandasının bir vaxtlar “at oynatdığı” və “İmarət” adlanan ərazidə yerləşmiş stadion barədədir. Təsadüfi deyil ki, Qarabağın bir neçə azarkeş qrupundan biri “İmarət” adını şərəflə daşıyan fan-klubdur. Qəlbimizin Qarabağ həsrəti ilə yandığı bir vaxtda, 2009-cu ildə qurulan klub hamımızın azarkeşlik etdiyimiz “Qarabağ”-ın futbol meydanlarında uğur qazanmasını təntənə və coşqu ilə qeyd etməklə komandanı yeni nailiyyətlərə ruhlandırıb. Bunun özü də azadlıq uğrunda xalqımızın apardığı mübarizədə qan yaddaçının qorunub saxlanmasında əhəmiyyətli rol oynayıb. Ancaq söhbətimin əsas mövzusu bu deyil.

imarət 1


Ağdam, hətta xarabalıq kökündə olsa da, azadlıqdadır. Şəhərin bərpası məsələsi gündəmin başlıca problemidir. Qarşıda mühüm vəzifə durur: şəhəri necə bərpa etməli. Fikirlər, təkliflər çoxdur. Bir məsələ aydındır ki, dövlət Ağdamın bərpası üçün bütün məsələləri yeni baş plan əsasında və yüksək səviyyədə yerinə yetirəcək. Təbii ki, yenilik köhnəlik əsasında həyata keçiriləcək. Məsələnin məğzi ondadır ki, bütün hallarda tarixilik qorunub saxlanılmalıdır. Mədəni irs abidələrimiz bu sırada öndə getməlidir. Vaxtilə Qarabağ xanlığının yaradıcısı olan Pənahəli xana məxsus tikililər belə abidələr sırasındadır və hazırkı dönəmdə olduqca böyük tarixi əhəmiyyətə malikdir, ona görə ki, Azərbaycan tarixinin bir parçasının daşıyıcısıdır. Həmin abidələrdən biri, məhz, xanın Ağdamdakı sarayı və “fəxri xiyaban” adlandıra biləcəyimiz evi, sonradan Pənahəli xanın arzusu ilə qəbiristanlığa çevrilmiş İmarətdir. Bu, tarixən belədir. Ancaq tarix, bəzən onu sadəcə təsvir edənlərin yox, məqsədli yazanların hökmündə olur. Necə ki, sovet dövründə bəzi xalqların, xüsusilə də türklərin tarixini unutdurmaq siyasətinin aparılması Pənahəli xanın qurduğu dövlətin izlərinin itirilməsinə hesablanmışdı. Buna görə də onun İmarət adlanan evinin ətrafında saldırdığı bağı məhv edərək yerində stadion tikmişdilər.
Ağdamdakı stadionu görənlər yaxşı bilirlər ki, həmin yer futbol meydançası üçün əlverişli seçim deyildi. Düzdür, stadion sırf futbol oyunu üçün nəzərdə tutulmuşdu və ölçüləri FİFA-nın qəbul etdiyi ölçülərə uyğun gəlirdi. Ot örtüyü də təbii idi və bu səbəbdən keyfiyyətli sayılırdı. “Qarabağ”ın İmarət stadionunda oyunlarını mən ötən əsrin 60-cı illərində izləmişəm, stadionda dəfələrlə olmuşam və hətta Ağdamdakı məktəblərin siniflərarası yarışında bir dəfə öz komandamızın tərkibində oynamışam. Yəni, demək istəyirəm ki, stadiona, onun aurasına yaxşı bələdəm. “İmarət”in girişində su arxı və arxın üstündə Pənahəli xanın əkdirdiyi bir neçə çinar ağacı vardı. İndi, deyilənə görə, ermənilər həmin ağacları doğrayıblar. Çinarlardan sağ tərəfdə xanın özünün, oğlu İbrahim xanın və nəvəsi Xurşidbanunun, habelə bir neçə nəsil-kök əqrabasının türbələri və məzarları yerləşirdi. Həmin məzarların qalıqları durur. Yeri gəlmişkən, sovetlərdən xeyli əvvəl öz malikanəsində məktəb açan, kasıb balalarını öz hesabına yedirib geyindirən, onlara təhsil verib həyata hazırlayan, Ağdamın tanınan müəllimlərindən biri - mənim ana babam Qəzənfər ağa Cavanşirin də qəbri İmarətdədir. Onu 1935-ci ildə orada dəfn ediblər.

imarət 2
İndi qayıdaq Ağdamın bərpası məsələsinə. İmarət fan-klubu başda olmaqla bir çox adamlar “Qarabağ”ın İmarətdə oynayacağı günü səbirsizliklə gözləyir. Gəlin, təsəvvür edək ki, stadion bərpa olunub. Futbol meydançası ilə bərabər, təbii ki, mədəni irsimiz – xanların məqbərələri və digər məzarlar da bərpa olunacaq. Xalq stadiona gəlir ki, futbola baxsın, amma meydançanın kənarında müqəddəs sayıdığımız qəbirlərimizlə rastlaşırıq. Bu nə qədər uyğun ola bilər? Biz ya tariximizi özümüz məhv edib mədəni irs abidələrimizin yerində futbol oynamalıyıq, ya da tariximizi bərpa edib, stadion üçün daha uyğun yer seçməliyik. Hansı daha vacibdir? Məncə, hər ikisi, amma ikisi də öz yerində. Yəni, İmarəti, tarixi sarayı və ulularımızın ruhlarının məskənini dağıtmaq, məhv etmək olmaz. Tarix bunu xalqımıza heç vaxt bağışlamaz. Üstəlik, həmin məkan stadion üçün əlverişli yer deyil, ona görə ki, tribuna tikməyə, müasir stadiona məxsus bütün infrastrukturu təmin etməyə yer yoxdur. Kimsə deyə bilər ki, dövlət ətrafdakı evlərin sahiblərinə kompensasiya ödəyib stadion üçün ala bilər. Ancaq, uzun həsrətdən sonra dədə-baba evindən ayrı düşən insanlar həmin stadiona lənətlər yağdıracaqlar. 80-ci illərin sonlarında orada birtəhər tikilmiş yöndəmsiz oturacaqları isə yenə də keçmişdən qalmış xeyli sayda ağacı kəsməklə ərsəyə gətirmişdilər. Oturacaqların sayı isə cüzi idi.
Ağdamda doğulub böyüyən və şəhəri yaxşı tanıyan bir şəxs kimi təklif edirəm ki, yeni stadion Əhmədavar kəndində tikilsin. Orada bu idman qurğusu üçün kifayət qədər yer var. Güman ki, Ağdamın yeni stadionu Olimpiya Mərkəzinin tərkibində olacaq. Həmin ərazinin yaxınlığından keçən Qarqar çayının qarşısında bənd çəkməklə gözəl üzgüçülük və idmanın digər növləri üzrə qurğuları da inşa etmək olar. Həm də Əhmədavar şəhərdən uzaqda deyil, dağların ətəyinə daha yaxındır və gözəl panorama malikdir. “Qarabağ”ın İmarət və digər azarkeş qrupları da, məncə, fəaliyyət üçün daha rahat şəraitin olmasını arzulayarlar. Həm də Ağdamda idman qurğularının tikilməsi üçün kompleks planlamaya imkan verən boş yer seçilməlidir. Hətta rəmzi olaraq yeni stadiona “İmarət” adı da vermək olar. Həqiqi, tarixi “İmarət”in isə Pənahəli xanın arzuladığı Fəxri Xiyabana çevrilməsi və mədəni-tarixi ziyarətgah olması daha məqsədəuyğun olar.
Gəlin, tariximizi arzularımıza qurban verməyək! “İmarət” stadionu tarixin səsinə səs vermir.!

Novruz NOVRUZOV

Dünya avtonom silahların cənginə çəkilir


Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin harayı

 

avtonom silah

 
İKSmedia.az saytına daxil olan məlumatda dünyanı çənginə alan yeni silah növlərinin gətirəcəyi bəlalardan bəhs olunur. Ölümcül təsirli tam avtonom silah sistemləri insan müdaxiləsi olmadan kimin yaşayaçağı və kimin öləcəyinə qərar verir. Hazırlanmaqda olan bu silah növləri mülki vətəndaşları əsgərlərdən ayırmayacaq, bu silahlarda insanlara xas olan mərhəmət hissi olmadığından kritik anlarda qərar qəbulunda yalnız maşın kimi çalışır. Adi qoşunların robotlarla əvəzlənməsi müharibə başlamaq üçün verilən qərarların sayını xeyli artıra bilər ki, bu da hərbi münaqişələrdə mülki şəxslərin çətinliklərini daha da artıracaqdır. Ölümcül təsirli tam avtonom silahlardan istifadə dünyada gərginliyi artıracaq və gözlənilməz faciəli nəticələrə yol aça bilər.
Bütün bunları nəzərə alaraq bəzi dövlətlərin hökümətləri, QHT-lər, süni zəka sistemlərinin yaradılması ilə məşgul olan müxtəlif şirkətlər bütün dünyada avtonom silahların istehsalı və inkişafına qarşı mübarizə aparmaq və hüquqi tənzimləyici sənədin hazırlanması üçün çağırışlar edirlər. 26 Nobel Sülh Mükafatçısı bu prosesdə aktiv iştirak edir. Artıq bir neçə ildir ki, BMT strukturları çərçivəsində 100-dən artıq dövlətin iştirakı ilə diplomatik müzakirələr aparılır. Burada qeyd etmək lazımdır ki, müzakirələr süni zəka sistemlərinin tamamilə ləğv olunması istiqamətində aparılmır, bu sistemlərin insan həyatı üçün təhlükə olan yerlərdə və insan həyatının xilas edilməsi istiqamətindəki fəaliyyəti nəzərə alınır. Yəni öldürmə deyil, xilasetmə və yardım sahəsində bu tipli sistemlərin tətbiqi alqışlanır. Hazırda ərazilərin minalardan təmizlənməsi, təhlükəli və falakət baş vermiş ərazilərdə insanların axtarışı, xilası, ilkin yardımın göstərilməsi kimi istiqamətlərdə dünyanın bir sıra aparıcı ölkələrində avtonom sistemlər tədbiq edilir.
2020-ci ildə 28 ölkədə aparılan araşdırmada hər beş nəfərdən üçü insan müdaxiləsi olmadan hədəfləri seçib hücum edən silah sistemlərinin inkişafına qarşı çıxır. Bu silahlara qarşı ən çox çıxış edənlər İsveçdə (% 76), Türkiyədə (% 73) və Macarıstanda (% 70) olmuşdur. Qatil – robotlara qarşı əhalinin 50-74 yaş arası (69%) olan hissəsi üstünlük təşkil etmişdir. 63% qadınlar və 60% kişilər bu silah növlərinin yaradılmasının əleyhinə olmuşlar. Rəyi soruşulanların 66% -i bu silahların "mənəvi xətti keçəcəyindən, robot silahlara öldürmək icazəsinin verilməsindən" ən çox narahat olduqlarını bildirmişlər.
Bütün dövlətlər silahlar üzərində real insan nəzarətinin olmasını təsbit edən yeni müqavilənin yaradılması üçün danışıqlara başlamalıdırlar. Göründüyü kimi ictimaiyyət arasında robot silahlara qarşı münasibət olduqca mənfidir, bu da onları qadağan etmək üçün cəsarətli siyasi fəaliyyətə ümid verir.
Ölümcül təsirli tam avtonom silah sistemləri ilə əlaqədar BMT çərçivəsində aparılan və hüquqi tənzimləyici sənədin hazırlanmasına yönəlmiş müzakirələrdə Azərbaycan Respublikasının da aktiv iştirak etməsinin təmin olunması üçün Azərbaycan hökümətinin müvafiq strukturlarının iştirakını vacib hesab edirik.
Hafiz SƏFİXANOV
Minalar Əleyhinə Azerbaycan Kampaniyası ictimai birliyinin sədri

 

Camaatın başında sındırılan çanaq

azəriqaz
Bir neçə ay əvvəl “Azəriqaz” İB ah-zarla elan etdi ki, əvvəlcədən ödənişli sayğaclar olduqca bahadır və dövlətin puluna-malına qənaət etmək üçün onları daha ucuz, əvvəl qazı işlədib, sonra pulunu ödəməyə hesablanmış yeni sayğaclarla əvəz edəcəyik. Bu düşüncə ilə on minlərlə sayğacı dəyişdilər. Sayğacın haqq-hesaqbını ödəmək vaxtı çatanda əhaliyə məlum oldu ki, bu dəfə əvvəlki dövrə nisbətən iki və hətta bir neçə dəfə çox pul ödəməlidirlər. Şikayət şikayətin üstünə gəldi. Və budur,”Azəriqaz” İB indi elan edir ki, fevral ayının 1-dən etibarən yeni növ əvvəlcədən ödənişli Almaniya istehsalı olan “Zenner” markalı sayğacların quraşdırılmasına başlayır. Artıq bu sayğaclardan 30 min ədədi ölkəyə gətirilib. Görəsən, dövlətin puluna “qənaət” etmək barədə bir neçə ay əvvəlki “canıyananlıq” hara yoxa çıxıb. Bəziləri elə bilirlər ki, xalqı “dolayıb” onun cibinə girməklə qəhrəmanlıq göstərirlər, ta düşünə bilmirlər ki, özlərini dolayırlar fırıldaqçılığa! Buelə əhvalatların sonu da çox vaxt qazamatda bitir.
İKSmedia.az

Ermənilərin havadarları tələsir

Bakının bir tərəfində Türkiyə, digər tərəfində Rusiya durub

əliyev putin paşinyan

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri barədə anonsun verilməsi göstərir ki, Qərb Qarabağ müharibəsinin bitməsini düşünmür. Sadəcə, aktiv faza indi siyasi hücumlar fazasına keçib. Ancaq fakt faktlığında qalır: Ermənistan Azərbaycanla müharibədə və siyasi mübarizədə ciddi məğlubiyyətə uğrayıb. Üstəlik, Qərbin hansı yollasa Qarabağın parçalanaraq bir hissəsində ermənilər üçün dövlət yaradılmasına cəhd etməsi yalnız “daldan atılan daşın topuğa dəyməsi” kimi bir şeydir. Bu cəhdlər isə Ermənistanın və ermənilərin vəziyyətinin daha da ağırlaşmasına səbəb olur.
İş burasındadır ki, Ermənistanın hərbi-siyasi vı iqtisadi vəziyyətinin menzurkası Rusiyanın əlindədir. Bu halın yaranması təsadüfi yaxud bazar iqtisadiyyatının yox, Rusiyanın Qafqazda və Avropada, habelə Yaxın Şərqdə olan geostrateji maraqlarının nəticəsidir. Bu səbəbdən Rusiya Ermənistanı əlində saxlamaq üçün son imkana qədər çalışır. Təsadüfi deyil ki, Azərbaycanın Vətən Müharibəsinin ən həlledici anında, tam və qətiyyətli qələbənin bir addımlığında Rusiya araya girərək 10 noiyabr bəyanatının verilməsinə nail oldu və Ermənistanın, habelə, nə qədər təəssüfləndirici olsa da, Qarabağın dağlıq hissəsində yaşayan bir qrup erməni separatçısının təhlükəsizliyini qorudu, Azərbaycan ərazisinə sülhməramlı kontingent göndərərək regionda sülhün bərqərar olmasına maneə yaratdı. Çünki, indi sülhməramlıların yardımı və himayəsi altında separatçılar yenidən fəaliyyətlərini bərpa ediblər. Təsadüfi deyil ki, yanvarın 26-da hələ də özünü qondarma qurumun prezidenti sayan cinayətkar Araik Arutyunyan adlı separatçı yeni daxili işlər naziri təyin edir və onun təqdimatında bildirir ki, Azərbaycanın tərkibində Qarabağa status verilməsi mümkün və qəbuledilən deyil.
44 günlük müharibədə qaçmağa yer axtaran Araikin bu gün belə yuxarıdan danışması əbəs deyil. Rusiya süklhməramlıların ermənilərin regionda rahatlıqları üçün əldən-ayaqdan getməsi, rus generalının onunla görüşəndə qucaqlaşması, bir rəhbər kimi hədsiz iltifat göstərməsi, Fransa hakimiyyətinin yersiz himayədarlıq jestləri, ABŞ-da demokratların hakimiyyətə gəlməsi, görünür, separatçıların fəaliyyətinin canlanması üçün əsas rolunu oynayır. Lakin unutmaq olmaz ki, Qarabağ uğrunda mübarizədə ermənilərin ən böyük “dostu” olan Rusiyanın prezidenti Vladimir Putin 10 noyabr bəyanatından sonra “Rossiya-1” telekanalına müsahibəsində bütün dünya ictimaiyyətinin eşitdiyi bu sözləri aydın şəkildə deyib: “Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”. Bu o deməkdir ki, Rusiya Qarabağda yaşayan ermənilərə münasibətə onların Azərbaycan vətəndaşı olmaları kontekstində yanaşır. Bu tezis Azərbaycanın sərgilədiyi mövqenin Rusiya tərəfindən qəbul edilməsi anlamına gəlir. Putin səviyyəsində siyasətçinin bir aydan öz dediklərinin əksinə hərəkət etməsi ona hörmət gətirməz və beynəlxalq aləmdə sözünün kəsərini azaldar ki, o da buna getməz. Əslində onun kimi siyasətçilər mütləq “yüz ölçüb, bir biçəndən, sonra danışırlar.
Bəs, onda separatçıların bu fəallığı nədən irəli gəlir? Məsələ burasındadır ki, Ermənistanda hazırda ictimai-siyasi vəziyyət olduqca qarışıqdır. Xüsusilə, Qərbin bu ölkəni yerləşdiyi əraziyə görə öz caynağına keçirmək üçün ciddi çalışması vəziyyəti daha da ağırlaşdırır. Xarici siyasətin, ələlxüsus da Rusiyanın Ermənistanda öz təsirini daha da artırması üçün himayədarlıq missiyasına böyük ehtiyacı var. Buna görə də separatçılardan istifadə etməyə çalışır.
A.Arutyunyanın “din nazirini” təqdim elədiyi zaman dedikləri məsələlərdə daha “Arsax” yox, “Qarabağ” adından istifadə edir. Həm də bu hal bizim interpretasiyamız yox, erməni mətbuatından götürülmüş mətndə belədir. Bu da o deməkdir ki, əslində baş separatçı Araik Azərbaycanın aid bölgədə yaşadıqlarını bilir, etiraf edir və ölkəmizin ərazi bütövlüyünü tanıyır. Sadəcə, onun da “siyasəti” boşboğazlıq etməkdir.
Digər tərəfdən dünyanın güclü dövlətlərindən olan və Yaxın Şərq və artıq Cınubi Qafqazda siyasi dominantlıq səviyyəsinə yüksələn Türkiyə də Azərbaycanın yanındadır. Bu səbəblərdəndir ki, Qərb tələsir və nə qədər ki, Cənubi Qafqazda sülh tam bərqərar olmayıb, öz işini görmək arzusundadır. Güman ki, bu məqsədləri eləcə arzu olaraq qalacaq.
İndi zamana ehtiyac var və azərbaycanlı məcburi köçkünlərin öz əvvəlki yaşayış yerlərinə qayıtmaları ilə tədricən hər şey öz axarına düşəcək. Hərçəndi, bu proses Qərbin müəyyən həmlələri fonunda ciddi mübarizə fonunda baş verəcək, amma, məhz baş verəcək.
N.NOVRUZ

29 -dən səhifə 137

Oxşar məqalələr