“ABŞ-dan olan həmsədr Ceyms Uorlikə gələcək fəaliyyətində uğurlar arzu edirik”.
IKSmedia.az APA-nın məlumatına istinadən bildirir ki, bu sözləri Xarici İşlər Nazilriyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
O bildirib ki, Azərbaycanın ATƏT-in Minsk Qrupunun həmsədrlərindən gözləntisi fərdi deyil, institusional xarakter daşıyır: "Belə ki, instutusional olaraq ATƏT Minsk Qrupunun həmsədrləri mandatlarına uyğun olaraq münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı əsasında həllini təmin etməlidirlər. Nəticə etibarilə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində qəbuledilməz və qeyri-davamlı hesab etdikləri status kvo dəyişdirilməlidir. Status kvonun dəyişdirilməsi isə işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını tələb edir. Təəssüf ki, ötən 20 ildən artıq müddət ərzində Azərbaycan əraziləri işğaldan azad edilməyib və regionda davamlı sülh və təhlükəsizlik təmin edilməyib”.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupundakı fransalı həmsədri bir müddət əvvəl dəyişib, amerikalı həmsədr Ceym Uorlik isə bu postu dekabrın 31-də tərk edəcək.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
**
15:21
Ceyms Uorlik ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri vəzifəsindən gedir.
APA-nın məlumatına görə, bu barədə diplomat özünün "Twitter" hesabında yazıb.
O, həmsədr kimi səlahiyyətlərinin bu il dekabrın 31-də başa çatacağını bildirib.
"Mənim üçün 30 il Dövlət Departamentində xidmət etmək böyük şərəfdir", - deyə C. Urolik qeyd edib.
O, həmçinin bildirib ki, Rusiyanın ən böyük və nüfuzlu hüquq firmalarından olan "Yeqorov, Puqinski, Afanasyev və tərəfdaşları" şirkətinin tərəfdaşı olacaq.