AXTAR

Nikahın pozulması zamanı əmlak mübahisəsi necə həll olunur?

Bu il ərzində boşanmaların sayı artıb. Boşanmaların sayı artdıqca tərəflər arasında olan mübahisələrin də sayı artır. Azərbaycan ailələrində boşanmadan sonra yaranan ən böyük problem isə daşınar və daşınmaz əmlakın, pulun bölgüsü zamanı meydana gəlir.

Bunu “Sosium” proqramının qonağı, vəkil Emil Aslanov deyib. Onun sözlərinə görə, boşanmadan sonra qadınların mülkiyyət hüquqları daha çox pozulur: “Hazırda kişilər daha çox işlədiklərinə və mentalitetə görə mülkiyyət daha çox kişilərin adına qeydiyyata alınır. Buna görə də, qadınların mülkiyyət hüququ daha çox pozulur. Məhz bu səbəbdən də qadınlar tərəfindən məhkəməyə müraciətlərin sayı daha çox olur”.
E.Aslanov deyib ki, əgər daşınar və daşınmaz əmlak birgə nikah dövründə əldə olunubsa və rəsmi nikahla bağlı sənəd varsa, qadınlar məhkəməyə müraciət edərək öz hüquqlarını qoruya bilər. Onun sözlərinə görə, bu halda qadın mənzilin yarısını, əgər övladlar qadının himayəsində qalarsa, daha çox hissəsini tələb etmək hüququna malikdir. Vəkil bildirib ki, mülkiyyətin bölünməsi həm Ailə, həm də Mülki Məcəlləyə əsasən tənzimlənir. “Əgər mülkiyyət Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınıbsa, ilk növbədə mübahisə edən tərəf məhkəməyə müraciət etməlidir. Tərəflər birgə nikah dövründə əldə edilən mülkiyyət barəsində məlumat verərək məhkəmə qarşısında iddia qaldırmaqla öz problemini həll edə bilər. Bu halda mənzildə yaşayış hüququ təmin edilə bilər. Və ya satıldıqdan sonra mənzilin dəyəri tərəflər arasında bölünə bilər. Qanunla satış mümkündür, amma notarial qaydada evdə qeydiyyatda olan və nikahda olan şəxslərin razılığı alınmalıdır”, - deyə E.Aslanov vurğulayıb.

nikah

Vəkil deyib ki, nikahın pozulması zamanı tərəflər mənzilin satılması barədə ümumi razılığa gələ bilər. Bu halda məhkəmənin qərarı ilə müəyyən olunmuş pay onlar arasında bölünür. Tərəflərdən biri evin satılmasına razılıq vermirsə, bu halda naturada bölgü aparılır. Yəni, boşanan tərəflərin eyni mənzildə qalması mümkün olmadığı təqdirdə mülkiyyətin naturada bölgüsü aparılmalıdır: “Bununla bağlı ekspertiza təyin edilməlidir. Fərdi evlərdə naturada bölgü bir çox hallarda mümkün olur. Bina evlərində naturada bölgü bir az çətin olur. Məsələn, mənzilə bir giriş olarsa və ev 3 otaqdan ibarət olarsa, burada ekspertiza naturada bölgünün mümkün olmayacağı barədə rəy verəcək. Tərəflər arasında razılıq olarsa, mülkiyyət hərrac yolu ilə satılacaq və mənzilin dəyəri mübahisə edən tərəflər arasında bölünəcək”.   
 
O vurğulayıb ki, tərəflər arasında rəsmi nikah olmadığı təqdirdə mülkiyyətin bölünməsi mümkün olmayacaq. Başqa sözlə, kəbinin olması mülkiyyətin bölünməsi üçün yetərli olmayacaq. E.Aslanov qeyd edib ki, nikah pozulduqdan sonra 3 il müddətində ər və arvad əmlakın bölünməsi ilə bağlı iddia qaldıra bilərlər.
 
Vəkil qeyd edib ki, birgə nikah dövründə əldə edilən mülkiyyət dövlət qeydiyyatına alınmayıbsa, həmin əmlakın bölgüsündən söhbət gedə bilməz: “Elə tikililər var ki, dövlət tərəfindən qeydə alınmayıb. Yəni, birgə nikah dövründə özbaşına tikilib. Dövlət qeydiyyatına alınmadığından bu mülkiyyətin bölgüsü aparılmır. Amma birgə nikah dövründə müəyyən vəsait hesabına ev tikilibsə, bir neçə il yaşayıblarsa, hər kəs bu vəsaitin yarısını qarşı tərəfdən tələb etmək hüququna malikdir”. Bu halı sübut etmək üçün evin tikintisində iştirak edən fəhlə və ustalar məhkəməyə dəvət olunur və xərclənən vəsaitin məbləği müəyyən olunur. Bununla da bu vəsaitin yarısını almaq mümkün olur”.
 
Vəkil əlavə edib ki, bəzən kişilər birgə nikah dövründə qadına verilən hədiyyələri keçmiş həyat yoldaşına vermək istəmir. Bu isə mübahisələrin yaranmasına səbəb olur: “Birgə nikah dövründə qadınlara qızıl-zinət əşyaları hədiyyə edilir. Qanunvericiliyə görə, ər və arvaddan asılı olmayaraq hədiyyə şəklində verilən əşyalar kimə verilibsə, artıq onun əmlakı hesab edilir. Bir çox hallarda şahid oluruq ki, ər deyir ki, qızıl-zinət əşyalarını mən hədiyyə etmişəm, indi mənimlə münasibətləri korlanıb və mən hədiyyəni ona vermirəm. Bu isə düzgün deyil. Çünki, bu halda qanunvericilik hədiyyə kimə verilibsə, onu mülkiyyətçi hesab edir. Qanunvericiliklə həmin əşyalar alınaraq tələb edən şəxsə verilməlidir”.
 
Azərbaycanda nikah müqavilələrinin bağlanmasına marağın az olduğunu deyən vəkil hesab edir ki, cütlüklər rəsmi nikaha girən zaman şərtlərini rəsmiləşdirsə, nikahın pozulması zamanı problemlər yaranmaz.
APA TV

 

 

 

 

 

 

Noyabrın 14-də Rusiya Dövlət Tretyakov Qalereyasında "Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları" adlı sərgi açılıb.

iksmedia.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sərginin açılışında iştirak edib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış edib.

Birinci xanım Mehriban Əliyevanın çıxışı

- Moskvada - çox səmimi və işıqlı xatirələrlə bağlı olduğum bir şəhərdə yenidən olmağıma çox şadam. Bu il 160 illiyini qeyd edən və Rusiyanın mədəni irsinin qorunub saxlanması kimi nəcib bir işə uzun illər xidmət göstərən Dövlət Tretyakov Qalereyasında olmaq mənim üçün ikiqat xoşdur. Fürsətdən istifadə edərək muzeyin bütün əməkdaşlarını bu tarixi yubiley münasibətilə ürəkdən təbrik etmək istəyirəm. 

Bu gün biz "Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları" sərgisini açırıq. Bu ekspozisiya Dövlət Tretyakov Qalereyasının, Heydər Əliyev Fondunun və "Mərcani" Fondunun birgə səyləri ilə reallaşıb. Fürsətdən istifadə edərək Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinə, sərginin kuratorlarına və bu layihənin reallaşmasında zəhməti olan hər kəsə təşəkkürümü bildirmək istəyirəm.

Hörmətli Zelfira İsmayılqızı, bu layihənin həyata keçməsinə hərtərəfli köməyinizə və dəstəyinizə görə sizə xüsusilə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu tədbir Azərbaycanın mədəni həyatında parlaq hadisədir və ümidvaram ki, Rusiyanın mədəni həyatında da hadisəyə çevriləcək. Bütün qonaqlarımızı salamlamaq və bu gün axşam bizimlə birlikdə olduğunuza görə təşəkkür etmək istəyirəm.

Sərginin təşkilatçıları məhz XX əsrin 60-80-ci illəri dövrünə təsadüfən müraciət etməyiblər. Bu dövr Azərbaycan incəsənətinin inkişafının parlaq işıq saçdığı bir dövrdür. Bu dövrdə Azərbaycanda böyük musiqiçilər, bəstəkarlar, rəssamlar, heykəltəraşlar yaşayıb-yaradıb. Onların adları respublikanın hüdudlarından çox-çox uzaqlarda tanınır. Onlar bütün Sovet İttifaqında məşhur idilər. Tahir Salahov, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Əşrəf Murad, Tofiq Cavadov, Cavad Mircavadov, Rasim Babayev və bir çox başqaları kimi böyük ustadların yaradıcılığının çiçəklənmə illəri məhz həmin dövrə təsadüf edir. Bu ekspozisiyada o dövrün, həmin nəslin çox parlaq, böyük rəssamlarının əsərləri toplanıb. Bu, təkcə Azərbaycan təsviri sənət məktəbinin tarixi irsi deyildir. Bu, sonralar öz ardıcıllarını yetişdirən bütöv bir məktəb, bütöv bir istiqamətdir. Bu gün Azərbaycanda məhz həmin dövrün bədii estetikasını yaradıcılığında təcəssüm etdirən gənc və istedadlı rəssamlar çoxdur.

Əziz dostlar, bu sərginin hazırlanması bir ildən çox davam edib və sizin diqqətinizə Azərbaycan təsviri incəsənət məktəbini təmsil edən ən görkəmli, ən parlaq rəssamların işləri təqdim olunub. Bu işlər öz dövrünün meyillərini, habelə Sovet İttifaqının ən aparıcı milli rəssamlıq məktəblərindən birinin xüsusiyyətlərini əks etdirir. Burada təmsil olunan hər bir rəssam təkrarsız fərdiyyət, nadir taledir. Onların hamısı novatorlar, Azərbaycan rəngkarlığında, Azərbaycan heykəltəraşlığında bütöv istiqamətlərin yaradıcıları olub və indi də belədir. Onların hər birinin öz dəst-xətti, öz xarakteri var. Lakin mən əminəm ki, siz ekspozisiya ilə tanış olanda bütün bu işləri birləşdirən ortaq başlanğıcı görəcəksiniz. Şübhəsiz, bu, vətənə sevgi, qaynaqlara sədaqət, köklərə bağlılıq, süjetlərdə ifadə edilən vahid mentallıqdır. Bunlar doğma Qarabağ mənzərələri, Abşeronun qaynar havasıdır. Çox ümid edirəm ki, siz bu işlərin qeyri-adi energetikasını və onların emosional zənginliyini duyacaqsınız.

Bugünkü sərginin daha bir xüsusiyyəti möhtərəm Zelfira İsmayılovnanın bu yaxınlarda "Baku" jurnalına verdiyi müsahibədə tamamilə haqlı olaraq sərhədlərin yuyulması adlandırdığı cəhətdir. Həqiqətən, biz yaradıcılığı sağlığında etiraf edilmiş, Azərbaycan rəngkarlıq məktəbinin formalaşmasında çox böyük rol oynamış rəssamların, görkəmli sənətkarların işlərini görəcəyik. Lakin, eyni zamanda, Azərbaycanda geniş auditoriyanın tanımadığı sənətkarlar da yaşayır və yaradırdı. Onların sərgi təşkil etməyə imkanları yox idi. Çünki onların yaradıcılığı, belə desək, rəsmən qəbul edilmiş ideoloji xətt ilə üst-üstə düşmürdü. Məhdudiyyətlərə baxmayaraq onlar yaradıcı şəkildə özünü ifadə etmək vasitələri axtarışından imtina etmirdilər. Bu rəssamların işinin xüsusiyyəti mütləq yaradıcılıq azadlığı və Azərbaycan məktəbinin milli ənənələrini Avropa incəsənətinin avanqard axtarışları ilə uzlaşdırmaq cəhdi idi. Bu gün Azərbaycan onların adları ilə fəxr edir, onların yaradıcılığı Azərbaycan incəsənətinin klassikasıdır.

Əziz dostlar, Azərbaycanın görkəmli rəssamlarının işlərinin toplandığı bu cür sərgi ilk dəfə keçirilir. Mənim üçün tamamilə təbiidir ki, bu sərgi məhz Moskvada, Rusiya Federasiyasının paytaxtında keçirilir. Azərbaycan ilə Rusiya arasında münasibətlər möhkəm tarixi təməl üzərində qurulub. Bu dostluq münasibətlərinin səciyyəvi cəhəti qarşılıqlı anlaşma, sıx əməkdaşlıqdır. Bizim ölkələrimizi, xalqlarımızı, ümumi tarixi keçmişlə yanaşı, bu gün çoxlu ümumi meyillər, istiqamətlər birləşdirir. Biz bunu mədəni məkanda xüsusilə müşahidə edə bilərik. Əlbəttə, bu, hər şeydən əvvəl böyük rus dili, böyük rus ədəbiyyatıdır. Yəqin siz də bilirsiniz ki, Azərbaycan keçmiş Sovet İttifaqı məkanında rus dilində təhsilin tam həcmdə qorunub saxlandığı az sayda ölkələrdən biridir. Bizim ölkəmizdə təhsilin tamamilə rus dilində aparıldığı 300-dən çox məktəb fəaliyyət göstərir. Bakıda Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi, Slavyan Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Keçən ildən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyətə başlayıb. Əlbəttə, bütün bunlar onu göstərir ki, biz ümumi elmi, mədəni məkanı qoruyub saxlaya bilmişik. Şübhəsiz, bu da öz növbəsində ona təsir göstərir ki, həm dövlətlərarası səviyyədə, həm də ölkələrimizin sadə insanları, vətəndaşları arasında daha səmimi əlaqələr yaranır.

Əziz dostlar, incəsənət, ədəbiyyat, musiqi bütün bəşər tarixi boyunca mədəniyyətin, humanizmin, gözəlliyin və mənəvi dəyərlərin rəmzləri olub və yenə belədir. Məhz bu ümumbəşəri, əbədi dəyərlər bizim, təəssüf ki, bəzən mürəkkəb, proqnozlaşdırıla bilməyən, münaqişələr, qarşıdurmalar və anlaşılmazlıqlarla dolu dünyamızda şəksiz oriyentirdir. Mən həyatımızda gözəl, uca mənəvi dəyərləri yayan insanların hamısına dərin təşəkkürümü bildirmək istəyirəm. Sonda bu ekspozisiyanın reallaşması üçün zəhmət çəkmiş hər kəsə bir daha təşəkkür etmək, əziz dostlar, sizə təşəkkür etmək istəyirəm ki, bu axşam siz bizimləsiniz və sizin hamınızı Azərbaycana səfərə dəvət etmək istəyirəm. Diqqətinizə görə sağ olun.

Oxşar məqalələr