"Cənub Qaz Dəhlizi"nin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.
“Şahdəniz” layihəsinin tammiqyaslı işlənilməsinin 2-ci mərhələsi olan “Şahdəniz Mərhələ 2” layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihə olmaqla, Cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchiz etməklə, enerji təhlükəsizliyini artıracaq. Azərbaycan qazı Avropaya birbaşa nəql olunur. Bu, “Cənub qaz dəhlizi”nin sonuncu hissəsi olan TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) işə düşməsi sayəsində mümkünləşdi. TAP-ın istismara daxil olması ilə “Cənub qaz dəhlizi” tam fəaliyyətə başladı. Adətən belə qlobal layihələrin reallaşması çox vaxt tələb edir. Dörd hissəsinin hər birinin özlüyündə çox böyük bir layihə olduğunu nəzərə alsaq, “Cənub qaz dəhlizi”nin cəmi 6 ilə reallaşması əslində bir qələbədir. Onu da qeyd edək ki, 2015-ci ildən başlayaraq “Cənub qaz dəhlizi”nin ildə bir dəfə toplaşan Məşvərət Şurasının görüşünün hamısı Bakıda keçirilib. Bu da layihəyə Azərbaycanın liderlik etdiyinin daha bir təsdiqidir. “Cənub qaz dəhlizi”nin rəsmi açılışı 2018-ci il mayın 29-da Səngəçal terminalında oldu. Layihənin ilk iki hissəsinin hazır olması buna imkan verdi. Belə ki, “Şahdəniz-2”dən qaz hasilatına başlandı və CQBK-nın (Cənubi Qafqaz Boru Kəməri) genişləndirilməsi yekunlaşdı. Bundan az sonra - 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) istifadəyə verildi. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir. “Enerjinin İpək yolu” adlandırılan TANAP-la Türkiyəyə indiyədək 4 milyard kubmetrədək Azərbaycan təbii qazı nəql edilib.TAP boru kəməri isə Cənubi Qafqaz boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq.
Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800metr hündürlükdən keçir. TAP Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP boru kəməri, həmçinin Cənub-Şərqi Avropa ölkələri üçün də mühüm əhəmiyyət daşıyır.
Qoşqar Əliyev
Təzəz Alvadı kənd sakini