Azərbaycan və Pakistan əlaqələri strateji əməkdaşlığa nümunədir
Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti Pakistanın Kəraçi şəhərində keçirilən "İDEAS-2016" müdafiə sərgisində iştirak edib. Səfər çərçivəsində Y. Eyyubovu qəbul edən Pakistan prezidenti Məmnun Hüseyn Azərbaycan prezidenti ilə yaxın dostluq əlaqələrini, Azərbaycana yüksək səviyyədə keçirilmiş rəsmi səfərini xoş təəssüratlarla xatırlayıb, Pakistanın hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olduğunu, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımadığını və bu dəstəyin daim davam edəcəyini qeyd edib. Pakistanın iqtisadi potensialı, idxal və ixrac imkanları haqqında söhbət açan president deyib: “Azərbaycan ordusunu tam təchiz etməyə həmişə hazırıq”.
Prezidentin sözləri təsadüfən deyilmiş gəlişigözəl ifadə deyil. Azərbaycan-Pakistan əlaqələri, xüsusilə hərbi əməkdaşlığın üfüqləri çox dərindir.
Azərbaycanın müstəqilliyini tanıyan və onun ərazi bütövlüyünə açıq dəstək verən ilk ölkələrdən biri Pakistandır. Bu ölkənin Silahlı Qüvvələrində tətbiq olunan qaydalar, istifadə edilən silah və hərbi texnikanın müasir döyüş təlimləri standartlarına uyğundur və ordu quruculuğu üçün layiqli nümunədir. İslamabadda Türkiyə - Azərbaycan - Pakistan arasında rəsmi imzalanmamış hərbi müttəfiqlik münasibətləri yaranıb. Pakistanın istehsal etdiyi silah və hərbi texnikaların qiymətləri daha sərfəlidir və s. meyarlar iki ölkə arasında hərbi əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb. Ümumiyyətlə, Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılmasında ordu quruculuğu təcrübəsindən yararlandığı ölkələrdən biri də Pakistandır. Hətta, Pakistan mənbələrinin məlumatına görə, Azərbaycan bu ölkənin istehsalı olan “Şahin-1” raketlərindən də alıb. Bu raketlər 750 kilometr məsafədə hədəfi vurur. “Hatf-1” raketi isə “Şahin-1”in təkmilləşdirilmiş formasıdır və daha uzaq məsafədə hədəfi vura bilir. Onun uçuş məsafəsi 3 min kilometrdir. “Pakistani defence” saytının məlumatına görə, bu raketlər yüksək dəqiqliyə malikdir və Hava Hücumundan Müdafiə (HHM) sistemləri onu tuta bilmir. Raketlər strateji obyektlərin, komanda məntəqələrinin və infrastrukturun məhv edilməsi üçün nəzərdə tutulub.
Erməmnistanın prezidenti Sarkisyan nə vaxtsa ölkəsinin ərazisində yerləşən “İsgəndər-M” taktiki-raket kompleksi ilə öyünməyi özünə rəva bilib. Lakin nmədənsə həmin raketlərinin uçuş məsafəsinin 300 km olduğunu və əslində həmin raketlərdən istifadə hüququnun Rusiyya aidliyini qeyd etməyi unudub. Və təbii ki, Azərbaycanda ballistik raketlərin olmasından da xəbərsiz olub. İndi Pakistan kimi ölkənin prezidentinin Azərbaycan ordusunun silah təchizatına hər şəkildə hazır olduğunu bildirməsi Ermənistan yetkililəri üçün ciddi mesaj olmalıdır, əgər onlar reallıq hissinə malikdirlərsə.
Üstəlik, Pakistan nüvə dövlətidir. Azərbaycanın da etibarlı və sədaqətli, eyni zamanda həmişə yanında olan bərabərhüquqlu dostudur. Ermənistanın belə güclü dostu varmı? Unutmaq olmaz ki, “hami” ilə “dost” arasında güclü hüquqi və bərabərlik (söz eşitmək mənasında) fərqləri mövcuddur. Ümidvarıq ki, Pakistan prezidentinin sözləri ermənilərin qulaqlarında bir sırğa olacaq və atdıqları addımları hansı torpağa qoyacaqlarının fərqinə varacaqlar.
IKSmedia.az