Azərbaycanla Rusiya arasında müasir dövrün ən vacib və problemli məsələsi Qarabağ münaqişəsinin həllidir
Məlumat verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasında işgüzar səfərdədir. Səfər çərçivəsində dövlət başçısı bir sıra dövlətlərin və iri beynəlxalq şirkətlərin rəhbərləri ilə iqtisadi əlaqələrin inkişafı barədə müzakirələr aparır. Aprelin 26-da Çinə gəlməli olan Rusiya prezidenti Vladimir Putinlə də förüş nəzərdə tutulub.
Məlumdur ki, Azərbaycanla Rusiya arasında münasibətlər həm siyasi, həm də iqtisadi müstəvidə yüksək səviyyədədir. Hazırda iki ölkənin dövlət səviyyəsində və işgüzar dairələr arasında ciddi və gələcəyə hesablanmış iqtisadi layihələr həyata keçirilir. Birgə müəssisələrin yaradılması, siyasi və mədəni əlaqələrin intişarı hər iki dövlətin rəhbərliyi və iş adamları tərəfindən ciddi dəstək alır.
Lakin Azərbaycanla Rusiya arasında müasir dövrün ən vacib və problemli məsələsi Qarabağ münaqişəsinin həllidir. İlk baxışda bu sahədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məsələsi gündəmdədir. Ancaq heç kimə sirr deyil ki, münaqişənin baş verməsində, danışıqların aparılmasında və təbii ki, yekun nəticənin əldə edilməsində Rusiyanın moderatorluğu mühüm rola malikdir. Siyasətdə adət etdiyimiz primitiv məntiqin yerini, belə demək mümkünsə, labirint məntiqi tutduğuna görə dünyanın ən güclü hərb maşınına malik Rusiya ilə açıq savaşa girmək mümkün deyil. Buna görə də diplomatik gəlişmələr bu ölkə ilə münasibətlərdə əsas silahdır. Digər tərəfdən bütün ölkələr Rusiya ilə “dost” olmağa çalışır. Bu konteksdə Azərbaycanın öz şimal qonşusu ilə dost və tərəfdaş olması labüd və vacibdir. Qarabağ münaqişəsinin ədalətli həllindən sonra isə ölkələrimizin arasında əlaqələrin strateji müttəfiqliyə yüksəlməsi də gözləniləndir.
Bütün bu saydıqlarımızdan Çində iki ölkə rəhbərinin görüşündə nələrdən danışılacağını təxmin etmək elə də çətin deyil. Ancaq ən mühümü yenə də Qarabağ münaqişəsinin həlli barədə fikir mübadiləsi daha məqsədəuyğun və vaxtı çatmış məsələ kimi görünür.
Bir müddət əvvəl münaqişənin yaradıcısı olan Ermənistan və zərərçəkmiş Azərbaycan respublikalarının rəhbərləri arasında Moskvada keçirilmiş görüşdə bilavasitə münaqişəyə bağlı məsələlər barədə mövqelər bəyan edilib. Bu mübadilə proqramında Rusiyanın üstün iştirakı ilə Minsk qrupunun digər iki həmsədri də iştirak edib. Həmişəki kimi tərəflər dinlənilib, lakin konkret bir məsələ ortaya çıxarılmayıb. Görünür, Rusiya öz moderatorluğunu ehtiyatla aparır. Çünki, ABŞ-ın siyasi müstəvidə bu münaqişə üzrə ambisiyalara malik olması da gündəmdədir. Bu versiyanın reallığının təsdiqi uzun müddət gözləmədi, Moskva görüşündən bir neçə gün sonra ABŞ-ın dövlət katibi Mayk Pompeo münaqişə tərəfləri arasında növbəti görüşün öz ölkəsində keçirilməsi təklifini irəli sürdü. Əgər Vyana və bunun ardınca Moskva görüşlərində tərəflərin hansısa bir səviyyədə açıq fikir mübadiləsi aparması baş vermişdisə, artıq bu yeni təkliflə irəliləyişin qarşısının alınması söhbəti gündəmə gəlir. Yəni, Qarabağ münaqişəsi bu ambisiyalar ucbatыndan arxa plana keçirilir və gündəmə ABŞ və Rusiya arasında nüfuz söhbəti gəlir. Bu isə əlavə və yeni problem, həm də danışıqların ləngiməsi deməkdir.
Bu cür gəlişmə yeni məsələ deyil, amma Azərbaycan səbrli davransa da artıq bunun aradan qaldırılması üçün müəyyən təkliflər, iradlar və şərtlər irəli sürmək gücündədir, baxmayaraq ki, qarşısında dünyanın iki ən güclü dövləti dayanır. Kremlin də Azərbaycanın dövlət başçısı ilə bu mövzuda müzakirə aparmaq üçün istəyi olmamış deyil. Moskva münaqişənin həllini öz planına uyğun başa çatdırmaq istəyir və bu məsələdə Amerikaya güzəştə getmək fikrində deyil. Buna görə də sülhün gəlişini ləngitmək üçün opponentlərinin təkliflərindən yararlanmaq istəyir. Təbii ki, bu haqda nə Putin, nə də digər rəsmilər bir söz demir. Amma, həqiqət hamıya məlumdur. Görüşdə İlham Əliyevin qətiyyətli mövqe sərgiləyəcəyini iddia etmək olar. Çünki, münaqişənin həllinə töhfə vermək adı ilə prosesə qoşulanların gözləmə limiti bitib və konkret addımlar atmaq məqamıdır. Azərbaycan tərəfi isə indiyədək böyük səbrlə hər bir beynəlxalq təşkilata öz mövqeyini bildirmək imkanı verib. Buna görə də, hesab etmək olar ki, Çində Azərbaycan və Rusiya prezidentlərinin görüşündə Qarabağ münaqişəsi üzrə bir сıra mətləblərin aydınlaşması üçün açıq söhbət olacaq.
N.NOVRUZ