AXTAR

ABŞ Qarabağ münaqişəsinin həllində rasional mövqe tutacaqmı?

donald tramp

 

Dünya siyasətindəki gəlişmə Azərbaycana faydalı olmalıdır

Amerika Birləşmiş Ştatlarının dünyanın bir nömrəli dövləti olmasına heç kimin şübhəsi yoxdur. Bu dövlətin siyasəti dəyişəndə beynəlxalq dönəm də dəyişir. Xüsusilə siyasi davranışı və niyyətləri ilə seçilən yeni platforma gündəmdə olanda dünya birliyində ciddi çaxnaşmalar olur. Belə ki, gələn ilin ilk ayından Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Tramp rəsmi fəaliyyətə başlayacaq. Onun Respublikaçılar partiyasını təmsil etməsi və xaraktercə ənənəvi siyasətçilərdən fərqlənməsi dəyişiklikləri geniş ampluada baş verməsinin başlıca motividir. Son səkkiz ildə Barak Obamanın simasında demokratların dolaşdırdığı iplərin açılması prosesi baş verəcəkmi? İndi dünyanın bütün siyasətçiləri bu suala cavab axtarır.
Azərbaycanın da bu yöndə özünəməxsus gözləntiləri və siyasi alibi var. Biz, Dağlıq Qarabağ münaqişəsinin həllində Qərbin iştirakı məqsədilə yaradılmış Minsk Qrupunun həmsədr ölkəsi olan ABŞ-dan həmişə haqlı münasibət ummuşuq. Axı, bu dövlətin həmsədrliyə namizədliyi elə Azərbaycan rəhbərliyi tərəfindən irəli sürülüb. Lakin güclü Amerika erməni konqresinin fəaliyyəti sayəsində uzun illər ərzində biz umduğumuz siyasi gedişləri görmədik. Halbuki ABŞ-ın Azərbaycana hüsn-rəğbət göstərməsi, hardasa onun üçün bir mənəvi öhdəlik olmalıydı. Çünki, başımızın üstündə dayanmış Rusiya kimi nəhəng regional gücdən çəkinməyərək ölkənin siyasi rəhbərliyi iki məngənə arasında balanslı siyasət yürüdərək ABŞ-ın regiondakı mövcudluğunun qorunub saxlanmasında əhəmiyyətli rol oynayıb. Lakin bunun dəyəri lazımınca qiymətləndirilməyib. Əvəzində başqatan bəyanatlar səsləndirilib.
Bəs, Donald Trampın prezidentliyi dövründə Qarabağ münaqişəsinin nizamlanması istiqamətində vəziyyəti hansı şəkildə dəyişə bilər?
Bu günlərdə Amerika Yəhudi Komitəsinin ictimaiyyətlə əlaqələr üzrə keçmiş rəhbəri, “Tool Shed Group”un rəhbəri Ceyson Katsın “The American Thinker” buraxılışındakı məqaləsində öz mülahizələrini bildirib. Kats yazıb ki, seçki prosesi zamanı erməni-amerikan təşkilatları Trampa qarşı aqressiv kampaniyalar aparıb və fasiləsiz onlayn-hücumlar keçirməklə dezinformasiyalar yayıb.
Məqalədə qeyd olunur ki, Amerikadakı erməni lobbisi ilə heç bir əlaqəsi olmayan və Azərbaycan barədə müsbət rəyi olan Donald Tramp Dağlıq Qarabağ məsələsinin həllində ABŞ-ın maraqlarına uyğun praqmatik yanaşma nümayiş etdirə bilər. Azərbaycan müstəqillik əldə etdikdən bəri ABŞ-ın etibarlı strateji tərəfdaşı olub. Bundan əlavə, Azərbaycan beynəlxalq forumlarda ABŞ-ın mövqeyini dəstəkləyir və İsrailin müttəfiqinə çevrilib.
Müəllifin sözlərinə görə, Ermənistan isə azərbaycanlıların öz ərazisində dinc şəkildə yaşamaq hüqununu kobud şəkildə pozub və Azərbaycanın əraz bütövlüyünü pozmaqda davam edir.
Müəllif qeyd edir ki, Tramp administrasiyası qarşısında həll olunmalı çox məsələ olsa da, Dağlıq Qarabağ münaqişəsinin həlli də prioritet təşkil etməlidir.
Azərbaycanın Amerika Yəhudi Komitəsi və yəhudilərin vətəni İsrail dövləti ilə sıx əməkdaşlıq əlaqələri var. Bu mənada Ceyson Katsın həqiqəti müdafiə edən məqalə yazması məntiqidir. Donald Trampın da ölkəmiz barədə müsbət informasiyaya malik olması haqda mətbuatda məlumatlar yazılıb. Lakin bu faktlar müsbət tendensiyaya meyillənsə də, hələ yalnız gümanlardır. Belə ki, dünya siyasətində bəzi nüanslar var ki, onları mütləq nəzərə almaq lazımdır.
Buvaxtadək ABŞ-ın siyasətində Qarabağ məsələsi prioritet olmayıb. Trampın dövründə də bunu gözləməyə dəyməz. ABŞ üçün Suriya daha problematik və həllini tələb edən məsələdir. İlk əvvəl Tramp Yaxın Şərq siyasətində uğursuzluğun aradan qaldırılması, Türkiyə kimi güclü tərəfdaşla münasibətlərin qorunması, Rusiya ilə əlaqələrin yoluna qoyulması ilə məşğul olacaq. Təsadüfi deyil ki, Qarabağ barədə o “ətraflı məlumata malik deyiləm” deyib. İrana qarşı qüvvədə olan sanksiyaların saxlanması haqda fikrini bildirib. İranla münasibətlər Suriya ilə birbaşa əlaqəlidir. Qarabağ isə Rusiyanın nəzarətindədir. Belə bir situasiyada Donald Trampın birbaşa Qarabağla məşğul olması gözlənilən deyil. Amma başqa məsələlər var ki, Qarabağla bağlıdır və Tramp bu məsələdə sadəcə yumşaq obyektiv mövqe tutarsa, münaqişənin həllində kifayət qədər iştirak etmiş olar. Çünki, ABŞ-Rusiya münasibətlərinin normallaşması fonunda Türkiyənin kimin yanında olması mühüm amilə çevriləcək. Türkiyə isə Qarabağ münaqişəsinin həllində maraqlı olan iki nömrəli subyektdir. Azərbaycanın işğal olunmuş ərazilərinin gələcək taleyində Ankaranın rolu xeyli artacaq. ABŞ danışıqlara pəl vurmasa, Trampdan umulan məsələ budur, Türkiyə-Rusiya münasibətləri fonunda Qarabağ üzrə danışıqlarda real irəliləyiş olacaq.
Gəlin dördüncü tərəfi, Avropa Birliyini də unutmayaq. Qədim qitənin siyasi labirint yaratmaq bacarığı hamıya məlumdur. Üstəlik, birlikdə siyasətdənkənar xristian təəssübkeşliyinin olması onunla münasibətlərə həmişə mənfi çalarlar qatır. Bu işdə ümid dünyanın yeni dönəmində iqtisadi münasibətlərin önə çıxarılması proqnozuna qalıb. Yəni, dalbadal gələn iqtisadi böhranları aradan qaldırmaq üçün daha ciddi çalışaraq geosiyasi məsələlərdə mənafedən çox obyektiv mövqe sərgilənsin. Bu istiqamətdə Avropa Birliyinin ikili standartlarında bir mövqeli aydınlıq yarana bilər.
Daha bir alayarımçıq qüvvə də dünya erməni diasporu və lobbisidir. Təbii ki, bir təşkilat olaraq bunların dövlətlərin siyasətində yerləri yoxdur. Lakin Ermənistanın zəif mövqeyində güclü təsirə malikdirlər. Bu mənada həmin qüvvələr dəyişən reallıqlar timsalında Azərbaycan torpaqları hesabına Ermənistanın ərazisini genişləndirmək kimi avanturist siyasətlərindən əl çəkib erməni xalqının gün-güzəranının yaxşılaşdırılması yolunu tutsalar, onda ölkəmizin ərazi bütövlüyünü bərpa etmək yolunda uzun illər ərzində xalqımızın apardığı mübarizə sona yaxınlaşar.

IKSmedia.az

Oxşar məqalələr