AXTAR

Cənubi Qafqazın strateji nəbzi Azərbaycanda vurur

xanim kuper ve prezident


 

Son vaxtlar Avropa və ABŞ-ın hərbi missiyaları Azərbaycana tez-tez səfərlər edirlər

Bu günlərdə müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ABŞ müdafiə naziri müavininin müşaviri xanım Laura Kuperin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycanla ABŞ arasında hərbi-texniki əməkdaşlıq müzakirə edilib. Son dövrlər Qərb ölkələri biri-birinin ardınca Azərbaycanla hərbi-texniki əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirməkdədirlər. Fransa, Almaniya, İtaliya, Çexiya artıq bu istiqaməmətdə əməli addımlar atır. Təbii ki, bu cür məsələlər siyasi analitiklərin diqqətini dərhal cəlb edir. Çünki, Yaxın Şərqin, Uzaq Şərqin, İran və Rusiyanın qovşağında yerləşmiş bu ərazi iqtisadi-siyasi coğrafiya baxımından optimal bir mövqedədir və supergüclərin niyyətlərinin gerçəkləşdirilməsi üçün mühüm variantların həyata keçirilməsində rol oynaya bilər.
Heç kimə sirr deyil ki, indiki dövrdə Cənubi Qafqazın strateji nəbzi Azərbaycanda vurur. Çünki, ölkə özünün sürətli inkişafı və yüksəldiyi liderlik mövqeyi ilə regionda bütün sahələr üzrə dominantlıq edir. Buna görə də Qafqazda möhkəmlənməyi geostrateji məqsəd kimi təsbit edən Qərb ölkələri siyasətin tələb etdiyi qaydada üzlərini Azərbaycana yönəldiblər. Əlavə olaraq onu da qeyd etmək loazımdır ki, gənc dövlət olmasına rəğmən Azərbaycan artıq beynəlxalq aləmdə özünün etibarlılıq və sülhpərvərlik əmsalını kifayət qədər yüksəldə bilib.
Bütün bu prosesin mərkəzində Azərbaycanın siyasi rəhbərliyinin balanslaşdırılmış xarici siyasətinin konturları aydın sezilir. Keçilmiş yol və qazanılmış təcrübə sübut edir ki, indiki siyasi durumda balanslı siyasət çətin olsa da yeganə optimal variantdır. Çünki, supergüclər adətən partnyorlarının qarşısında seçim tələbi qoyurlar. Bu isə cəbhələşmə deməkdir ki, son nəticədə beynəlxalq münasibətlərdə balansın pozulmasına gətirib çıxarır. Gərək elə düşünüb-daşınasan ki, sənin qarşında belə tələb qoyulmaya. Maraqlı və eyni zamanda çox müsbət haldır ki, Azərbaycan müstəqilliyini və tarazlı münasibətlərini yüksək səviyyədə qorumağı bacarır. Bütün bu amillər isə onun nüfuzunu artırır və Cənubi Qafqazın tək lideri kimi ictimai-siyasi və hərbi proseslərdə iştirakını stimullaşdırır.
Azərbaycana səfər edən Amerika Birləşmiş Ştatlarının müdafiə naziri müavininin müşaviri xanım Laura Kuperin başçılıq etdiyi nümayəndə heyətini Prezident İlham Əliyev bu günlərdə qəbul edib. ABŞ-la Azərbaycanın indiyədək birbaşa hərbi əlaqələri olmasa da, haqq üçün deməliyik ki, Amerika ölkəmizin xarici iqtisadi siyasətini həmişə birmənalı olaraq dəstəkləyib və Əfqanıstanda həyata keçirdiyi Qətiyyətli Dəstək Missiyasında iştirakımızı daim qiymətləndirib. Avropanın enerji təhlükəsizliyinə mühüm dəstək olan və Azərbaycanın təbii qaz ehtiyatları hesabına planlaşdırılan Cənub Qaz Dəhlizi layihəsi ABŞ-ın siyasi yardımı ilə reallaşdırılır. Bu qlobal layihənin həyata keçirilməsində Azərbaycanın qarşısına çıxan bütün maniələrin dəf edilməsində amerikalılar bizim yanımızda olublar. Prezident İlham Əliyev ABŞ hökumətinin və şəxsən ABŞ Prezidentinin Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına verdiyi dəstəyi yüksək qiymətləndirib.
Lakin indi ölkəmizə səfər edən nümayəndə heyətinin missiyasına hərbi əməkdaşlıq məsələləri də daxil edilib ki, bu da münasibətlərdə yeni mərhələnin başlanması deməkdir. Bəli, Azərbaycanın Cənubi Qafqazdakı nüfuzu və liderliyi ABŞ-da tam mənası ilə qiymətləndirilir. Bir neçə gün əvvəl Fransanın Azərbaycana silah satması barədə yayılan informasiyalar, habelə digər Avropa ölkələrinin artıq bu istiqamətdə qollarını çırmalaması və daha digərlərinin də buna həvəs göstərməsi Azərbaycan siyasətinin Qərbə uğurlu inteqrasiyası mövqeyində qiymətləndirilməlidir. Düzdür, hər bir siyasi gedişin iki və daha çox başı ola bilər. Məsələn, Azərbaycanla əməkdaşlığa başlamaq digər ölkələrə qarşı yürüdülən siyasətlə də bağlı ola bilər. Ancaq məsələ burasındadır ki, bizim maraq dairəmizdə ilk öncə Cənubi Qafqaz regionu yerləşir və bu saat nəhəng, dünya siyasətində sayılan dövlətlərin Azərbaycana ciddi maraq göstərməsi ölkəmizin ən yaxım strateji məqsədlərini həyata keçirmək üçün olduqca vacibdir.
Amerika nümayəndə heyətini müdafiə naziri, general-polkovnik Zakir Həsənovun da qəbul etməsi hərbi sahədə əməkdaşlığın artıq başlanması anlamına gəlir. Çünki, bu ərəfədə NATO ilə Azərbaycan arasında yaranmış əlaqələrin də genişləndirilməsi istiqamətində nümayəndə heyətlərinin müzakirəsi olub.
Qərblə əməkdaşlığın inkişafı Azərbaycana Qarabağ probleminin həllində tutduğu mövqeni gücləndirməyə yardım edir. Üstəlik, bu münaqişənin həlli barədə bu ilin əvvəlindən ABŞ və Avropadan gələn siyasi mesajlar da bizim mövqelərimizin möhkəmlənməsi üçün təsirli olub. Təbii ki, bu vəziyyət düşmən Ermənistanı həyəcanlandırır və onun danışıqlar stolu ətrafına qayıtmasına yardım edir.
Situasiyanın bu istiqamətdə inkişafı ABŞ-ın Ermənistandan digər məqsədlər üçün istifadəni asanlaşdırmaq məqsədi də daşıyır. Bu ona görədir ki, Azərbaycan müstəqilliyi müqəddəsləşdiribsə, Ermənistan xidmət göstərməklə işini görməyə çalışır. İran siyasətində üstünlük qazanmaq üçün ABŞ-a məhz Ermənistan tipli qurum lazımdır.
Beləliklə, Qərb-Azərbaycan hərbi əməkdaşlığı üçün yaranmış indiki şərait bütün aspektlərdə ölkəmizə faydalı və perspektivli iş birliyi vəd edir.
N.NOVRUZ

Oxşar məqalələr