AXTAR

Xüsusi mülkiyyət iqtisadiyyatın əsas qoluna çevrilir

herrac

 

Hərraca çıxarılan dövlət müəssisələrinin sayı artır

Noyabr ayının 22-də Azərbaycanda 2016-cı ilin növbəti, 10-cu hərracı keçirilib. Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə hərraca çıxarılan 78 dövlət subyektindən 16-sı özəlləşdirilib. Özəlləşdirilən obyektlərdən 2-si səhmdar cəmiyyəti, 12-si kiçik dövlət müəssisəsi, 2-si isə istifadəsiz qeyri-yaşayış sahəsidir. Hərrac nəticəsində 2.1 milyon manatdan çox vəsait dövlət büdcəsinə köçürüləcək.
Ümumiyyətlə, il ərzində 500 dövlət müəssisəsi hərraca çıxarılıb. Düzdür, dövlət əmlakının növbəti özəlləşdirmə proqramı geniş vüsət almayıb. Bu, əsasən alıcı marağının istiqamətləri ilə bağlıdır. Digər tərəfdən dövlət əmlakının özəlləşdirilməsinin əsas xarakterik xüsusiyyəti mənfəətsiz işləyən müəssisələrin işini dirçəltməkdir. Yəni, hərraca əsasən geri qalan, gəlir əldə etmək üçün investisiya tələb edən müəssisələr çıxarılır. Bu da öz növbəsində onu tələb edir ki, prosesə sadə vətəndaşlar və iş adamları ilə yanaşı yerli və xarici investorlar da qoşulsun.
Bu gün iqtisadiyyatda özəl sektorun payının artırılması dövlətin maraqları çərçivəsindədir. Bu proses istehsalın modernləşdiriləsinə, məhsulun kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə, nəticə etibarilə yeni iş yerlərinin yaradılmasına və əhalinin maddi-rifah halının artırılmasına müsbət təsir edir. Lakin tək maraqla iş bitmir. Hökumət həm də investorlara və sahibkarlara qayğı və kömək göstərir.
22-24 noyabr tarixlərində Bakı Expo Mərkəzində Əmlak Məsələləri Dövlət Komitəsi, “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı ilə Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya (RecExpo II) Sərgisi keçirilir. RecExpo II Sərgisi beynəlxalq inşaat, daşınmaz əmlak və invesitisiya şirkətlərinə layihələrini nümayiş etdirmək üçün əhəmiyyətli platformadır. Sərgidə Azərbaycan, Tükiyə, Rusiya, Gürcüstan, BƏƏ, Ukrayna, İspaniya, Portuqaliya, Macaristan, Lüksemburq və Şimali Kipr Türk Respublikası kimi 11 müxtəlif ölkədən onlarla əmlak, tikinti və investisiya şirkətlərinin iştirak edir.
Beynəlxalq sərginin Azərbaycanda son illər dövlət mülkiyyətinin özəlləşdirilməsi sahəsində aparılan islahatlar baxımından mühüm əhəmiyyəti var. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Sərgidə yaradılmış pavilyonda dövlət əmlakının özəlləşdirilməsi, torpaqların vahid elektron kadastr uçotu, müasir informasiya-kommunikasiya texnologiyaları sayəsində əmlak, ünvan, torpaq reyestri sahəsində yaradılmış sistemlər, elektron xidmətlər, proqram təminatları və digər yeniliklər nümayiş olunur.
Bu tip tədbirlərin keçirilməsi təbii ki, xarici investorların Azırbaycana yatırımlar etməsi üçün əhəmiyyətlidir. Lakin dövlətin köməyi bununla bitmir. Hazırda hökumətin cari qərarlar portfelində özəlləşdirilən müəssisələrin borclarının silinməsi və köhnə borcların təmizlənməsi, restruktrizasiya edilməsi haqda təkliflər var. Mütəxəssislər bu prosesi özəlləşmədə yeni dövrün başlanması kimi qiymətləndirirlər. Əgər bu təkliflərə müsbət yanaşılsa, özəlləşdirmə prosesinin geniş vüsət alacağına şübhə yoxdur.
Hazırda gedən dövlət əmlakının özəlləşdirilməsi prosesində iştirsk edən xarici investorlar əsasən neft kimyası, neft maşınqayırması, aqrar sektorlarda olan müəssisələrə maraq göstərirlər. Bu təmayülü başa düşmək olar. Azərbaycanda neft sənayesi güclü inkişaf edib. Demək, bu sahədə emal müəssisəsi üçün xammal ölkənin özündə kifayət qədər var. Xammalın axtarışına və daşınma xərclərinə ehtiyac yoxdur. Üstəlik, neft hasilatı olan yerdə yeni, müasir texnikaya həmişə ehtiyac duyulur. Açığı, hər iki sahə üzrə Azərbaycanda kifayət qədər mütərəqqi texnologiya mövcuddur. Amma texnikaya gələndə, bu sahə həmişə axsayıb. Düzdür, güclü neft-maşınqayırma müəssisələrimiz və mütəxəssislərimiz olub, lakin vəsait çatışmazlığı ucbatından elmi işləmələri tətbiq etməkdə çətinlik çəkmişik. Buna görə də daha tez və yaxşı gəlir götürmək arzusunda olan xarici investorlar bu vacib, həm də innovativ sahəyə üz tuturlar.
Kənd təsərrüfatı sektoru da xaricilərin diqqət mərkəzindədir. Qeyri-neft sektoruna son vaxtlar dövlət tərəfindən ayrıca diqqət yetirilməsi, kəndli-fermer təsərrüfatları üçün bir sıra mühüm güzəştlərin tətbiqi, ərzaq təhlükəsizliyi kimi vacib proqram üzrə işlərin həyata keçirilməsi kənd təsərrüfatının gələcəyini stimullaşdırır və iş adamları bunun üçün ölkəmizdəkii sərfəli biznes mühitindən yararlanmağa çalışırlar.
Özəlləşdirmə prosesinin verdiyi əsaslı dividentlərdən biri də ölkəyə gətirilən xarici valyutanın həcminin artmasıdır. Çünki, müasir texnologiyalarla istehsal olunan keyfiyyətli məhsullarla xaricə bazarlara çıxış əldə etmək asanlaşır. Demək, bununla yanaşı ölkənin ixrac imkanları da genişlənir. İxrac məhsulu isə ən sadə şəkildə valyuta deməkdir. Gələn valyuta xarici bazarlarda mübadilə prosesinin və ticarətin artmasında ən təsirli vasitələrdəndir. Bu prosesin sürəti inkişafın sürəti ilə tən gəlir.
Əmlak Məsələləri Dövlət Komitəsi. növbəti hərracı noyabrın 29-da keçirəcək. Hərracda 98 dövlət əmlakı satışa çıxarılacaq. Ümidvarıq ki, sahibkarları və investorları əlverişli təkliflər gözləyir.

İKSmedia.az

Oxşar məqalələr