Turizmin inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir
Turizm Azərbaycanda sürətlə inkişaf edir. Ərəb ölkələri ilə yanaşı, artıq Hidistan və Çindən də Azərbaycana yeni turist axıın başlanır. Azərbaycanın turizm cəlbedyiilyinin beynəlxalq miqyasda yüksəlməsi dövlətin məqsədyönlü siyasətinin nəticəsi kimi iqtisadi inkişafda önəmli rol oynayır. Ölkəmizə gələn turistlərin sayı ildən-ilə, bəzi hallarda aydan-aya artır. Statistika bunu sübut edən faktlarla zəngindir. Belə ki, ölkəmizə səfər edən əcnəbi turistlərin sayında ötən ilin iyul ayına nisbətdə 5,2 faiz, yanvar-iyul aralığına olan nisbətdə isə 9, 3 faiz artım müşahidə olunub.
2018-ci ilin iyul ayında Azərbaycana səfər edən əcnəbilərin sayı 330 minə çatıb. Onların təqribən üçdə bir hissəsini (119 min nəfər) Rusiya vətəndaşları təşkil edir. Digər 20 faiz və 15 faiz əcnəbilər isə Yaxın Şərq ölkələri və Gürcüstanın payına düşür. Ümumən götürdükdə, qeyd edilən ölkələrdən gələnlər Azərbaycana səfər etmiş xarici əcnəbilərin 70 faizini təşkil edir.
Turizm sektorunda baş verənlərin təhlilindən məlum olur ki, Azərbaycana maraq maraq göstərən ölkələrin əhatə dairəsi sürətlə genişlənir. Əgər bu ilə qədər qonşu Gürcüstan, Rusiya və İran vətəndaşları ölkəmizə kütləvi surətdə gəlirdilərsə, artıq ərəb ölkələrindən, Orta Asiyadan və Çənub-Şərqi Asiya ölkələrindən gələnlərin sayı sürətlə artır.
Asiya bölgəsi, nəzərəçarpacaq mövsümlük olmadan sabit artım nümayiş etdirir. Türkiyə və Gürcüstandan səfər edənlərin inkişaf dinamikasında, demək olar ki, stabil temp müşahidə olunur. İranlı səyahətçilər digər aylara nisbətdə, mart ayı ərzində 3-4 dəfə artıq göstərici nümayiş etdirib. Buna İran vətəndaşlarının hər il mart ayında keçirilən Novruz bayramına olan maraqları səbəb ola bilər. Çünki, turizmçilər, eyni zamanda bu sahədə çalışan dövlət strukturları bu beynəlxalq bayramın turistlər üçün cəlbedici olması üçün xüsusi bayram proqramları hazırlayırlar. Nəticədən məlum olur ki, bu işlər düzgün istiqamətdə qurulub və fayda verir.
Bir sıra iri turizm agentliklərinin həyata keçirdikləri layihələr də məqsədyönlü şəkildə turistlərin cəlb olunmasını stimullaşdırır. Məsələn, 2018-ci ilin avqustunda sağlam və təmiz qida sahəsində dünya üzrə qlobal təşkilat olaraq fəaliyyət göstərən “Slou Fud”un (Slow Food) təşəbbüsü ilə “Azərbaycanda Böyük Qafqaz regionunun kənd ərazilərində dəyər zəncirinin yaradılmasının təkmilləşdirilməsi” adlı üçillik layihəyə start verilib. Layihə “Paşa Travel” şirkəti ilə əməkdaşlıq çərçivəsində Heyvanların Müdafiəsi İctimai Birliyi və Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının tərəfdaşlığı, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilir. İlkin olaraq “Slou Fud” modellərinin tətbiqi üçün Şəki, Qəbələ, Şamaxı, İsmayıllı və Qax rayonları ərazisində həyata keçirilməsi planlaşdırılan layihə çərçivəsində yerli qida məhsullarının istehlakının təşviqi üzrə milli kampaniyanın, Azərbaycanda kənd təsərrüfatının inkişafı üzrə beynəlxalq kampaniyanın, Azərbaycan nümayəndə heyətinin “Slou Fud”un beynəlxalq tədbirlərində iştirakını nəzərdə tutan tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Layihə aqro-biomüxtəliflik və mədəni irsin qorunması, yerli qastronomiyanın dəyərinin artırılması, əhalinin gəlirlərinin potensial davamlılığı ilə yanaşı, turistik məhsulların inkişafı kimi müxtəlif məsələləri əhatə edəcək.
Bu il Bakıya səfər edən rusiyalı gənclərin təəssüratları görülən bu və ya digər tədbirlərin turizm sənayesinin inkişafına verdiyi töhfələri aydın göstərir. Onlar jurnalistlərə bildiriblər ki, Azərbaycan olduqca gözəl ölkədir. Burada qədim məbədlər ən yaxşı müasir memarlar tərəfindən tikilmiş binalarla yanaşı durur. Paytaxtın siması qəribəliyi, eyni zamanda, qədimliklə novatorluğun harmoniyasını əks etdirir. Bu səbəbdən hər kəsin mahiyyətcə öz Bakısı var. Kimi ürəyində Qız qalası haqqında xatirələri ömürlük saxlayır, kimi Ağ şəhər bulvarını xatırlayır, kimi də Heydər Əliyev Mərkəzinin futurizm arxitekturasının böyük təsiri altında qalır.
Rusiya-Azərbaycan Dostluğu Mərkəzinin rəhbəri Nataliya Krasovskaya gülərək deyib: “Biz sorğu apararkən məlum oldu ki, ən azından Qız qalası, Dənizkənarı Bulvar, İçərişəhərin küçələri hamının yadında qalıb. Əksəriyyəti təkcə Bakıya deyil, məsələn Qəbələyə, Şəkiyə gedir. Hətta bir cütlük Şəki paxlavasının dadını jestlərlə başa saldı - bəzən insan fikrini sözlərlə ifadə etməkdə çətinlik çəkir. Məlum oldu ki, qastronomik turizm gənclər üçün daha cəlbedici olub. Bu, eyni zamanda, həm adət edilmiş, həm də ekzotik təəssüratlardır. Hər kəs kabab yeyib. Lakin Bakıda hazırlanan kababı hamı yeməyib! Memarlıq, təbiət abidələri, qədim məbədlər – bütün bunlar Rusiyadan olan gənc turistlərdə böyük maraq oyadır. Bu, çox mühümdür: onlar bilirlər ki, hara gedirlər, nəyə baxırlar. Bir çoxları üçün bu, Azərbaycan gözəllikləri haqqında romanın yalnız başlanğıcıdır”.
N.NOVRUZ