AXTAR

Əhməd bəy Ağaoğlunun yaradıcılığında kulturoloji fikir

Ahmed bey Agaoglu

Əhməd bəy Ağaoğlunun yaradıcılığının böyük bir hissəsini kulturoloji fikir tariximizin öyrənilməsi təşkil edir. Əhməd bəy milli kulturoloji fikirdə mədəni qələbənin qazanılmasını Azərbaycan xalqının Qərb mədəniyyətinə meyillənməsində görürdü. Ə.Ağaoğlu yaradıcılığında mədəniyyətin tarixi tipologiya problemlərinə daim nəzər salmışdır. O, dünyada üç böyük mədəniyyətin olduğu fikrini irəli sürmüş və bu fikri dəstəkləmişdir. Şərq mədəniyyətini və Budda-Brahma mədəniyyətini bütün dünyaya hakim olan Qərb mədəniyyətinə məğlub olmaqda günahlandırırdı. Ə.Ağaoğlu yaradıcılığında ən çox toxunduğu mövzulardan biri də məhz mədəniyyət anlayışıdır. O,“Mədəniyyət demək - həyat tərzi deməkdir” - fikrini həyat və yaradıcılığında rəhbər tutmuşdur. Ə.Ağaoğlunun Azərbaycan kulturoloji fikir tarixindəki yeri danılmazdır. Ə.Ağaoğlunun dünyagörüşü və kulturoloji fikri dövrün ziddiyyətləri ilə əlaqədar olaraq, mürəkkəbdir. O, mədəniyyət və maarif anlayışlarının ayrılmazlığını öz əsərlərində dönə-dönə vurğulayırdı və mədəniyyəti “Yaxşıları özündə birləşdir” prinsipində görürdü. Əhməd bəy İslam mədəniyyətindən Quranı kamil şəkildə dərk edib, onun şərtlərinə əməl etməyi məsləhət görürdü. Qərb mədəniyyətindən isə elmvə texnikanı dərindən öyrənməyi tövsiyə edirdi. Ə.Ağaoğlu Azərbaycan xalqı üçün tərəqqini elm və təhsil sahəsində uğur qazanmaqda görürdü. Bununda yolunu xalqın maarifləndirməsində olduğunu bildirirdi. Əhməd bəy Ağaoğlunun əsərləri onun kulturoloji görüşlərini tamamilə əks etdirə bilmişdir. Dünya mədəniyyətşünasları mədəniyyət tarixinin inkişaf mərhələlərinin müxtəlifliyini dünyanın müxtəlif ölkə və xalqlarının mədəniyyətlərinin müxtəlifliyi ilə əlaqələndirmişlər. Dünya sivilizasiyalarında daim müxtəlif yerdəyişmələr olmuşdur, bu dəyişmələr Şərqdən Qərbə, bəzi hallarda isə Qərbdən Şərqə doğru baş vermişdir. XX əsrin əvvəllərində artıq Türkiyə və Azərbaycanda modern Qərb dəyərləri tarixə “yeniləşmə”, “müasirləşmə”, “qərbliləşmə” kimi adlar şəklində daxil olmuşdur. Azərbaycanda müasirləşmə prosesi dövlət səviyyəsində deyil, qabaqcıl ziyalılar tərəfindən aparılırdı. Buna görə də, Azərbaycanda qərbliləşmə prosesi ciddi nəticələr verə bilməmişdir. Əhməd bəy Ağaoğlu kulturoloji fikrində ifrat qərbçi mövqeyi ilə tanınırdı. Əhməd bəy Ağaoğlu Avropa mədəniyyətinin uğurunu onların elm və texnika sahəsində qazandıqları nailiyyətlər ilə əsaslandırırdı. XX əsrin I yarısında Azərbaycanda mədəniyyət məfhumu cəmiyyətin maddi və mənəvi həyatına köklü dəyişikliklər gətirməyi bacardı. Tarixi şəraitin özü bu vəziyyəti formalaşdırdı. Azərbaycan Rusiya və İranın tərkibində iki yerə bölünmüşdü. Şimali Azərbaycanda da Rusiyadakı kimi 1905-1907-ci illər inqilabının, birinci Dünya müharibəsinın və vətəndaş müharibələrinin təsiri görülürdü. Azərbaycanda da ictimai-siyasi fəallıq özünü açıq bir şəkildə göstərirdi. Azərbaycan mütəfəkkirləri də öz növbələrində bu prosesdən kənarda qalmırdılar.
XX əsrin I yarısında Azərbaycanda kulturoloji fikrin daha çox inkişaf etdiyi açıq bir şəkildə görülürdü. XX əsrin əvvəllərində artıq “mədəniyyət” anlayışına dair fikirlər dövrü mətbuatın mərkəzində dayanırdı.
XX əsrin birinci yarısında Azərbaycanda başqa sahələrdə yaranan çətinliklər kimi kulturoloji fikir də müəyyən çətinliklərlə və maneələrlə qarşılaşdı. Bu çətinliklərə baxmayaraq inkişaf edib, millətin inkişafına tərəqqisinə istiqamətlənə bildi. XX əsrin ilk onilliklərində Azərbaycan kulturoloji fikri Şərq ilə Qərb arasında körpü rolunda idi. Həmin ideoloji düşüncələr çərçivəsində mədəniyyət probleminə dair fikir və mülahizələr Əlibəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Yusif Vəzir Çəmənzəminlinin, Məhəmməd Əmin Rəsulzadənin, Hüseyn Mirzə Camalovun, Ömər Faiqin, Hacı İbrahim Qasımovun, Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Əhməd Cavadın, Üzəyir Hacıbəylinin və digərlərinin yaradıcılığında öz əksini tapmışdır. İctimai-siyasi, fəlsəfi baxışların geniş vüsət alması qaçılmaz hala çevrilir, azadlıq hərəkatının miqyası getdikcə genişlənirdi. Bu dövrdə artıq inqilabi və demokratik dünyagörüşün formalaşması, ictimai fikrin siyasi mübarizə ilə əlaqələndirilməsi üçün bacardıqlarından da artığını edən Əlibəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Üzəyir bəy Hacıbəyli bu proseslərdə xalq üçün böyük xidmətlər etmişdilər. Ə.Ağaoğlunun Azərbaycan kulturoloji fikir tarixində böyük xidmətləri olmuşdur. Əhməd bəy Rusiya və Qərbi Avropada tanınmış şərqşünas - alim, publisist, ictimai xadim və ideoloq olmuşdur. Əhməd bəy Ağaoğlunun dünyagörüşü və ictimai fəaliyyəti mürəkkəb olması ilə yanaşı eyni zamanda bir qədər də ziddiyyətli olmuşdur. Görkəmli mütəfəkkirin mədəniyyətə baxışı onun yazmış olduğu çox dəyərli əsərlərində - “Üç mədəniyyət”, “Azərbaycanın əhəmiyyəti”, “Türk hüquq tarixi”, “Sərbəst insanlar arasında”, “Sərbəst insanlar ölkəsində”, “İslama görə və islamda qadınlıq’’və digərlərində öz əksini tapmışdır. Ağaoğlunun ədəbi irsinin çox mühüm və qiymətli bir hissəsini bədii-fəlsəfi və publisist məzmunlu traktatlar təşkil edir. Bu əsərlərdə utopik sosializm, xalq hakimiyyəti, mənəvi təkamül, müasirləşdirmə ideyaları, əməkçi insanın qüdrətinə və gələcəyinə inam əksini tapmışdır. Ə.Ağaoğlu əsərlərində daim qeyd edirdi ki, mədəniyyət və maarifin tərəqqisi milli istiqlaliyyətin qazanılmasından keçir. Əhməd bəy tərəqqiyə çatmağın yolunu yenidən tərbiyələnməkdə görürdü. O, öz növbəsində məqsədinə nail olmaq üçün yollar da axtarırdı. Əhməd bəy bunun yolunu Quranın kəlamlarını dərindən bilib, onlara əməl etməkdə və eyni zamanda Avropanın mədəni xalqlarının ən yaxşı ənənələrini tətbiq etməkdə, elmi və texniki nailiyyətləri dərindən öyrənməkdə görürdü. Müsəlman xalqlarının yüksəlişinin bu şərtlərə əməl olunmasında olduğunu bildirirdi. Əhməd bəy hər zaman Azərbaycan xalqının dünya miqyasında tanınmağının yolunu elm və təhsildə görürdü. Buna görə də bütün səyləri ilə bacardığı qədər xalqın maarifləndirilməsinə çalışırdı. Artıq XX əsrin əvvəllərində Əhməd bəy Ağaoğlu “Asiyanın oyanması” dövründə Şərq vəQərb mədəniyyətləri arasındakı anlaşılmazlıqların aradan götürülməsinin mümkünlüyünü irəli sürən bir mütəfəkkir olmuşdu.
Ə.Ağaoğlunun “Üç mədəniyyət” əsərini milli kulturoloji fikrin tarixi qaynağı hesab etmək olar. Müasir Azərbaycan milli kulturologiyasının öyrənilməsində Ağaoğlunun “Üç mədəniyyət” əsərinin böyük rolu vardır. Əhməd bəy Ağaoğlunun kultuoloji görüşlərini əks etdirən bu traktat onun yaradıcılığının şah əsəridir.
Əhməd bəy mədəniyyətdə böhran, tənəzzül, geriləmə və onlara əks olan tərəqqi, intibah, çiçəklənmə hallarının törənmə və yaranma səbəblərini izah edirdi və onları qarşılaşdırırdı. Şərq və Qərb mədəniyyətlərinin “məğlub” və “qalib” edən şərtləri bir-biri ilə müqayisə edirdi. Müasir, sivil dünya mədəniyyətinin çökməkdə olan mədəniyyətlərin hesabına yarandığını qeyd edirdi. Ə.Ağaoğlunun fikrinə görə, hər millət mədəniyyət hadisəsini özünəməxsus şəkildə anlayır. Əhməd bəy bildirir ki, mədəniyyət müxtəlif millətlərin təfəkküründə formalaşan məfhumdur.
Ədib mədəni müxtəlifliyi tərəqqinin əsas şərtlərindən biri kimi görürdü. Milli özünəməxsusluğu mədəniyyətlərarası tərəqqinin şərtlərindən biri kimi analiz edirdi. Əhməd bəy bildirirdi ki, hər bir xalqın mədəniyyəti onun keçmişi, ənənəvi dəyərləri, dini inancları, mənsub olduqları milli kimlikləri, yerləşdikləri region ilə çox sıx bağlıdır. Ədib Avropanın digər mədəniyyətlər üzərində qələbə qazanmağının səbəbini yalnız elm və mədəniyyətdə uğur əldə etməsində görmürdü. Onun gəldiyi nəticəyə görə, Avropa mədəniyyəti başqa mədəniyyətlərə qalib gəlmişsə, o bu qələbəni bütün gücü ilə, bütün qüvvələri ilə, bütün səhvləri ilə birgə qazanmışdı.
Ə.Ağaoğlu Qərb mədəniyyətinin qələbə qazandığını bir çox əsərlərində təsdiqləyir. Ə.Ağaoğlunun fikrincə, “Mədəniyyət həyat tərzi deməkdir”. Mədəniyyət bir həyat tərzi olduğuna görə onda bütün tərzlər cəm olur.
Ə.Ağaoğlu “Üç mədəniyyət” traktatında həm keçmişin, həm öz dövrünün, həm də gələcəyin təsvirini vermişdir. Ədib azərbaycançılıq ideologiyasından çıxış edərək, ümumbəşəri dəyərlərə və Azərbaycan xalqının mədəni ənənələrinə söykənərək milli mədəni inkişaf konsepsiyasını yaratmağa çalışmışdır. Mədəniyyətşünas alim “Üç mədəniyyət” əsərində müsəlman xalqlarının milli tərəqqiyə çatmağı üçün Qərb mədəniyyətini öyrənməklərinin vacibliyini dönə-dönə qeyd edirdi. Əhməd bəy Qərbin dünyagörüşü və kulturoloji fikir cəhətdən sürətlə irəliləməsinin səbəbini onların ən azı üç Avropa dilini - fransızcanı, inciliscəni, almancanı bilmələrində görürdü. Qərbdə alim və ədiblərin demək olar ki,hamısı ortaq Avropa dillərini bilir. Məhz dil vasitəsilə onlar Avropa mədəniyyətini bu qədər geniş yaymağa və yaşatmağa nail ola bilirlər. Qərbdə ümumi götürdükdə mədəniyyət dili kimi yunan və latınca qəbul edilib və buna görə də mədəniyyətləri yaşadıb gələcək nəsillərə ötürmək üçün bu dilləri gənc nəslə uşaqlıqdan öyrədirlər. İslamda ərəbcə və farsca ortaq mədəniyyət dili olduğu kimi, Qərbdə də ortaq mədəniyyət dili latınca sayılır. Əhməd bəy Ağaoğlu Şərq mədəniyyətinin çökməsinin səbəbini Şərqdə hökmdarlara, Qərbdə isə qanunlara itaət edilməsi ilə əlaqələndirir.Ədib mədəniyyət anlayışını xarakterizə edərək onu - ailə, dövlət, hökumət, din, təlim-tərbiyə, əxlaq və s. kimi bölmələrdə təhlil edir. Ədib “Üç mədəniyyət” əsərində xalqın əxlaqının formalaşmasında dindən sonra ən çox təsir göstərmək gücündə ola biləcəklər kimi ədəbi və fəlsəfi əsərləri görür. Ə.Ağaoğlu qeyd edir ki, məktəblərimizdə tədris olunan Sədi Şirazinin “Gülüstan”ı və “Bustan”ı zamanla səviyyə cəhətdən uyğun gələ bilmir. Əhməd bəyində dünyagörüşü və kulturoloji fikri o idi ki, yenilikçi olmaq lazımdı zamanla uyğunlaşmaq lazımdı. Ədib milli tərəqqi üçün yeganə yol kimi Qərb mədəniyyətini görürdü. Əhməd bəy mədəniyyəti həyat tərzi adlandırırdı. Ortaq mədəniyyətin xalqları birləşdirmək gücündə olduğu fikrini irəli sürürdü. Ortaq mədəniyyətin xalqların xarici görünüşləri, qan, cins, rəng müxtəlifliklərinə rəğmən onlarıbirləşdirməyə qadir olduğunu bildirirdi. Bu mədəniyyət ortaqlıqları tərəflərarası mədəniyyətin ruhunu təşkil edirdi. Əhməd bəy bildirirdi ki, hər bir kəsin xarici görünüşü onun ruhunun, dünyagörüşünün, mədəniyyətinin təzahürüdür. Mədəniyyətşünas alim eyni zamanda bildirirdi ki, mədəniyyət məsələlərinin bir qismi maddi, digər bir qismi isə mənəvidir. Maddi qisim, məsələn, geyimlərin forması, binaların arxitekturası, ibadət və ayinlərin icra forması və sairələrdən ibarətdir. Mənəvi qisim isə düşüncə və mənəviyyata aid olduğuna görə daha genişdir. Ümumiyyətlə, hər bir xalqın mədəniyyətinin özünəməxsus bir düşünmə gücü, düşünmə tərzi, düşünmə zəkası vardır. Əksər hallarda mədəniyyətlər bu xüsusiyyətlərə sahibdirlər. Bununla yanaşı hər bir mədəniyyətin bir qəlbi, bir duyum tərzi vardır. Ortaq mədəniyyətə sahib olan xalqlarda ortaq bir əxlaqa, bir dəyər duyğusuna, ortaq yaxşı və pis, gözəl və çirkin görünüşə sahibdirlər.
Əhməd bəy Ağaoğluya görə İslam dini təhsil sisteminin və mədəniyyətin problemlərində islahatçı mövqedən çıxış edir. Məhz buna görə də Əhməd bəy İslam dinini mədəniyyətə, onun inkişafına zərər gətirməyən, elmə və təhsilə böyük önəm verən bir ideologiya kimi qiymətləndirmiş, onun daim elmi və mədəni inkişafa meylləndirən islahatçı mövqeyindən araşdırılımasına səy göstərmişdir. Ə.Ağaoğlu İslam dinini Şərqdən deyil, Qərbdə - Fransanın Sarbonna Universitetinin tarix - Şərq dilləri və məzhəbləri şöbəsində öyrənirdi. Əhməd bəyin islahatçı dünyagörüşünün bu qədər kəskin şəkildə formalaşmasında məhz bu səbəbin olması üstünlük təşkil edirdi.
Əhməd bəy Ağaoğlunun Avropada təhsil almasının, Qərb ədəbiyyatı, tarixi, mədəniyyəti ilə yaxından tanış olmasının, dünyagörüşünün formalaşması prosesinin məsul bir dövründə Xristian əqidəli mütəfəkkirlərin əhatəsində yaşamasının yaratdığı və yaşatdığı çətinliklərə baxmayaraq, Əhməd bəydə İslam dininə, onun peyğəmbərinə və ailə üzvlərinə (Əhli Beytə), Qurana dərin inam və etiqadına zərrə qədər də olsun bir azalma yarada bilməmişdir. Əhməd bəy İslama xüsusi hörmət bəsləyir, onun bəşər tarixində oynadığı mütərəqqi rolu yüksək qiymətləndirirdi. Əhməd bəyin fikrincə, mədəniyyətlər qəlb və beyində meydana gəlmişdir. Belə olan halda eyni mədəniyyət zümrəsi eyni baş ilə düşünər, eyni qəlb ilə duyar, eyni mənəvi duyğularla hiss edər. Əhməd bəy yaradıcılığında Avropa yaşam tərzi ilə başqa millətlərin yaşam tərzini müqayisə edərkən üstünlüyü Qərbə verir. Ağaoğlu yaradıcılığında İran cəmiyyətinin bəzi mənfi nəticələrini, “təzahürlərini” də önə çıxarmışdır. Məsələn, o Nəsirəddin şahla fransız dövlət başçısı Carnotun görüşü hadisəsini təsvir edərkən birinin - Nəsirəddin Şahın təkəbbürlü tərzini, göz qamaşdıran mücəvhərlərlə örtülü ədalı geyimini və Fransız dövlət başçısı Sadi Carnotun sadə qara geyimini, təvazökar davranışını müqayisə edərkən burada belə bir nəticəyə gəlir ki, mədəniyyət həyat tərzi kimi dəyərləndirilməlidir. Əhməd bəy onların hər ikisinin timsalında Şərqlə Qərbi müqayisə edir. Şahın bu ədasını Şərq despotizminin mahiyyətini göstərən açıq örnək kimi dəyərləndirir. Əhməd bəy Ağaoğlunun kulturoloji düşüncələrini Nəsrəddin Şahla bağlı başqa bir fikrində də aydın bir şəkildə görmək olur. Əhməd bəy qeyd edir ki, Nəsrəddin Şah gecə vaxtı küçədən keçərkən mantosunu çiynindən yerə atıb arxasınca gələn sədri-əzəmə hökmlə “götür!” - deyir. Sədri-əzəm dərhal uşaq kimi əyilib mantonu götürür və qolu üstə salıb Şahın arxasınca gedir. O, bu fikirləri ilə Şərqdə hökmdarın hökmlərinin sorğu-sualsız qəbul olunduğu fikrini təsdiqləyirdi. Əhməd bəy Şərqdə Qərbin azadfikirliliyinin olmamasını bu kimi qısa tarixi faktlara əsaslanan xatırlatmalarla sübut edirdi. Əhməd bəy Ağaoğlu iddialarını tarixi faktlarla əsaslandırmağı çox gözəl bacarırdı. Əhməd bəyin mədəniyyət anlayışı bölünməzlik, tamlıq prinsipinə əsaslanırdı. O, deyirdi ki, Qərb mədəniyyətinin üstünlüyünü və qələbəsini etiraf ediriksə, bu qələbənin yalnız elm, siyasi və ictimai təşkilata bağlamamalıyıq, mədəniyyətin bütünlükdə zehniyyətinə, görüş tərzinə, ruhuna, dünyagörüşünə,beyninə, şüuruna, qəlbinə, yaşam tərzinə, mühitinə bağlanmalıyıq. Qərb həyatı bizim həyatımıza bütünlükdə qələbə qazanıbsa demək ki, bizim təkcə geyimlərimiz deyil, beynimiz, ruhumuz, zehniyyətimiz də dəyişilib, Qərb həyatına uyğun olmalıdır.
Əhməd bəy Ağaoğlu mədəniyyətdə şəxsiyyət anlayışına aydınlıq gətirərkən, onu dil kimi millətin maddi varlığı hesab edirdi. Hər maddi vücudun da bir şəxsiyyəti vardır deyirdi. Kainatda eynilik yoxdur, insanlar şəxsiyyətləriylə mütləq surətdə digərlərindən ayrılırlar. Əhməd bəyin fikrincə, şəxsiyyətlər hansısa əxlaqla, hüquqla, memarlıqla fərqlənmir, inkişaf dərəcəsinə görə fərqlənir. Onun fikrincə, şəxsiyyəti yalnız hərəkətsizlik öldürür. İstər fərdlərdə və istərsə də millətlərdə həyat nə qədər hərəkətli və qüvvətlədirsə, şəxsiyyət də o qədər fəaldır. Əhməd bəy Ağaoğlu bildirirdi ki, bəşər tarixində cəmiyyətlərsiz din olsa da dinsiz bir cəmiyyətə rast gəlinməmişdir. Dinlərin sivilizasiyaların inkişafında, insanların həyat tərzində böyük rolu olmuşdur. Hər bir din cəmiyyətin tarixində, təhsil və incəsənətində böyük əhəmiyyətə malik olmuşdur. Böyük təsir qüvvəsinə malik olmuşdur. Din bəzən adət-ənənələrin arasında sıxışdırılaraq xalqaların yaranış xüsusiyyətlərindən qidalanaraq əsas mahiyyəti etibari ilə dəyişilmiş, öz həqiqi çərçivəsindən kənara çıxmağa məcbur olmuşdur. Əhməd bəy Ağaoğlu “Nədən bu günə qaldıq?” məqaləsində yazır ki, müsəlmanlar üçün nicat yolu ancaq Qurandır. Ondan başqa bizim qurtuluş yolumuz yoxdur. Əhməd bəy Avropa ilə Şərqi müqayisə edərək qeyd edir ki, Avropa necə cəhalətdən və zülmətdən Jan Husların, Lyüterlərın, Qalonilərın və Qromeylərin vasitəsilə çıxdısa müsəlmanlarda cəhalətdən və zülmətdən Quran vasitəsilə çıxacaqlar. Əhməd bəy Ağaoğlunun bu fikirləri onun dünyagörüşünü açıq bir şəkildə göstərir. Əhməd bəy savadlı, Avropa təhsili almış, Qərb, Avropa mədəniyyəti ilə tanış olmuş bir ziyalıdır. Mədəniyyətşünas alim Əhməd bəy böyük bir xalqın, millətin geridə qalmasının səbəbini Qurana olan inamın zəifliyində görürdü və eyni zamanda çıxış yolunuda Quranda axtarmağı məsləhət görürdü. Əhməd bəyin yaradıcılığındakı kulturoloji fikrin əsas hissəsini İslam mədəniyyətinin müdafiəsi təşkil edir. Qərb cəmiyyətində belə bir fikir formalaşıb ki, müsəlman cəmiyyətində baş verən geriliyin, xaosun günahkarı təkcə İslam dinidir. Şərqi tərəqqi etməyə qoymayan İslamdır və bu din olmasaydı, Şərqdə hər şey tərsinə ola bilərdi.
Ə.Ağaoğlu Qərblə Şərq arasında uçurum yaradan bu fikirləri Qərbin özünün məqsədli şəkildə yaratdığını qeyd edirdi. O, bildirir ki, bu fikirlərin formalaşdırılmasında məqsəd islamın zərər görməsi olmuşdur. Bu fikrin tərəfdarlarının əsas məqsədi o idi ki, müsəlmanlar tərəqqiyə çatmaq üçün İslam dinindən imtina etməlidirlər. Ə.Ağaoğlu Qərbin bu fikirlərini əsla qəbul etmir və özünün dünyagörüşü səviyyəsində bu fikirləri qəbul edilməz sayırdı. Şərqlə Qərb arasında olan bu münaqişəyə özünün “Üç mədəniyyət” əsərində geniş bir şəkildə aydınlıq gətirirdi. Ə.Ağaoğlunun dünyagörüşünü təhlil edərkən onun İslam dininə və onun banisi Hz. Məhəmmədə olan fikirləri önəmlidir. O, dünya ədəbiyyatşünasları və şərqşünaslarının İslam dini və Hz. Məhəmmədə olan münasibətlərini kəskin şəkildə tənqid edirdi, onların fikirlərini əsassız olduğuna görə qəbul etmirdi. Əhməd bəy Hz. Məhəmmədi “dəvə sarvanı”, “yalançı ərəb peyğəmbəri” kimi adlarla adlandıran, parodiya edən, İslam peyğəmbəri haqqında “camaatı yoldan çıxaran vəbuynuzlu bir şeytan” adlandıran Dante, Şekspir, Volter, Leybnits, Qottinger, Marraqi və s. kimilərini dünyagörüşünə uyğun olaraq qəbul etməmişdir. Ə.Ağaoğlu Danteni məşhur “İlahi” komediyasında Hz. Məhəmmədi təhqir etdiyinə, Şekspir və Leybnitsini kütləni güldürmək üçün İslam peyğəmbərini lağa qoymalarına, Volterin Papa tərəfindən bağışlanmaq üçün peyğəmbərə uyğun olmayan sözlər işlətməsinə görə qəbul etmirdi və onları bu əsassız fikirlərinə görə tənqid edirdi. Əhməd bəy Ağaoğlu Şekspir, Volter, Monteskyö, Bethoven, Qriq, Mendelson, Puşkin, Lermontov kimi mütəfəkkirlər məhz azad fikirli cəmiyyət yarada bilər fikrində idi. Ə.Ağaoğlunun dünyagörüşünün formalaşmasında E.Renan, İ.Ten, Qaston Pari, Z.Oppert, Madam və Müsyö Diyolafya, Darmsteter kimi mütəfəkkirlərin böyük rolu olmuşdur. Ə.Ağaoğlu bu qədər Qərb sivilizasiyası ilə əhatə olunmasına baxmayaraq, o, özünün müsəlman kimliyinə sadiq qalmış, yaradıcılığında da Qərbə nisbətən Şərqə, Şərq sivilizasiyasına üstünlük vermişdir. Onun məqsədi Şərqi tənqid etmək deyildi, sadəcə nə yolu ilə olursa olsun Şərqdə yeni intibah yaratmaq istəyirdi. Əhməd bəy Şərqi sivilizasiyanın beşiyi sayırdı. Bu fikirlərini də günəş belə Şərqdə doğur və Qərbə də Şərqdən gedir deyərək təsdiqləyirdi. Əhməd bəyin yaradıcılığında sivilizasiyanın Şərqdəmi və ya Qərbdəmi təşəkkül tapması mübahisə predmenti olmayıb. O, qeyd edirdi ki, Şərqlə Qərb arasında heç bir düşmənçilik olmamalıdır. Ə.Ağaoğlu Şərqdə sivilizasiyanın tez yaranmasına baxmayaraq, gec inkişaf etməsinin bir səbəbi kimi də əlifbanı göstərirdi. Ərəb qrafikalı əlifbaların çətin öyrənilməsi tərəqqiyə problemlər yaradırdı. Ərəb əlifbasının öyrənilməsinin çətin olduğunu əsas gətirən Əhməd bəy əlifba dəyişikliyini labüd hesab edirdi. Müsəlman əhalisinin aciz olmalarının, dünya elmlərini çətin öyrənmələrinin səbəbini ərəb əlifbasında görən ədib əlifbaya tənqidi yanaşırdı. Ə.Ağaoğlunun dünyagörüşünün müsəlman cəmiyyətlərini tərəqqiyə çatdırmaq idi. O, bütün ömrü boyu buna çalışmışdır. Əhməd bəyin bu sahədə xalqı üçün etdikləri əvəzolunmazdır. O, müsəlman cəmiyyətində sivilizasiyanı daha geniş və daha sürətli yaymanın yolunu milli mətbuatın gücündə görürdü. Milli dildəki mətbuatın daha da çox geniş vüsət alması üçün Əhməd bəy əlindən gələni edirdi. Onun kulturoloji fikirlərinin əksəriyyəti də məhz milli mətbuat ilə bağlı idi. Əhməd bəy Şərqin mətbuata dair münasibətindəki laqeydliyi tənqid edirdi. Sivilizasiyaya aparan yolun mətbuatdan keçdiyini qeyd edirdi. O həmçinin mədəniyyəti yaymağında yolunu milli mətbuatın inkişafında görürdü. Əhməd bəyin kulturoloji düşüncələrinin təhlili zamanı açıq bir şəkildə görünür ki, o, Şərqdə mətbuatnə səbəbə inkişaf edə bilmir sualını geniş bir şəkildə araşdırmışdır. O, Şərq mətbuatının lazımsız məlumatlarla dolduğunu, yazı dili kimi çətin üslubun seçildiyini qeyd edirdi. O, Qərb və Şərq sivilizasiyalarını müqayisə edərkən, bu nöqsanlara təkcə Şərqdə deyil Qərbdə də rast gəlindiyini qeyd edir. Buna görə də Əhməd bəy Qərb mətbuatı ilə yanaşı Şərq mətbuatını da öyrənməyi məsləhət bilirdi. Ə.Ağaoğlu Qərbin sivilizasiyaya daha çox uyğunluğunu onların müşahidə qabiliyyətləri ilə əlaqələndirirdi. Yəni onlar müşahidə edir və yaxşı cəhətləri seçib onları öz həyatlarına tədbiq edirlər. Əhməd bəy qeyd edir ki, Şərqdə isə bu müşahidəçilik yoxdur. Şərq rəqibindəki irəliləyişi analiz edib, onu özündə tətbiq etmir. Uğursuzluğunda səbəbini Ə.Ağaoğlu məhz bunda görürdü. Ümumiyyətlə, Əhməd bəyin kulturoloji fikirlərinin mərkəzində mətbuat məsələsi dayanırdı. O, belə fikirləşirdi ki, Şərqin Qərbə inteqrasiya etməsi üçün onun mətbuatını öyrənməsi və bilməsi vacib şərtdir. Eyni zamanda Şərqin özündə də mədəniyyətin yayılması üçün mətbuat çox vacib amildir. Şərq mətbuatı da öz-özlüyündə həqiqətlərə əsaslanmalıdır. Şərqdə mümkün qədər çox qəzet və jurnal çap olunmasına başlanmalıdır. Xalqa həqiqətlər mətbuat vasitəsilə çatdırılmalıdır. Xalqın anlaması üçün mətbuatın dili sadə, üslubu isə təbii olmalıdır. Kütlənin bu mətbuatı oxumağa marağı olmalıdır, kütlənin maraq dairələrini əhatə etməyi bacarmalıdır. Mətbuat insanların informasiya ilə təmin olunmasını təmin etməlidir. Kütlənin beynəlxalq hadisələr barədə məlumatlandırılması yalansız bir şəkildə olmalıdır. Əhməd bəy öz oxucularını dönə-dönə Şərq və Qərb mətbuatını oxumağa çağırırdı. Onun dünyagörüşünün əsas qayəsi milli mətbuat idi. Əhməd bəy yaxşı bilirdi ki, mətbuat ictimai fikri formalaşdırmaq, onu istiqamətləndirmək, ictimaihadisələrə təsir etmək gücündədir. Yerli mətbuatın bu sahədə gücü danılmaz səviyyədədir. Mədəniyyət anlayışınıda insanlar arasında yayan, məktəbə, tədrisə, qadın azadlığına rəğbət doğurmaq gücündə olan da məhz mətbuatdır. Əhməd bəyin fikrincə, mətbuat sivilizasiyaya açılan bir pəncərədir. Köhnəliklə yenilik arasındakı körpüdür. Onun dünyagörüşünü daim ümumbəşəri problemlərin həlli formalaşdırmışdır.
Ə.Ağaoğlunun dünyagörüşünə görə Azərbaycanda kulturologiyanın inkişafı üçün milli Azərbaycan mətbuatının və Azərbaycan dilində nəşr olunan qəzet və jurnalların olması labüd idi. Məhz bu şərtləri dəyərləndirən Ə.Ağaoğlu Azərbaycan xalqında mətbu orqanlara maraq yaratmaq, eyni zamanda onları maarifləndirmək üçün Şuşada kitabxana-qiraətxana açdı. Azərbaycanın Şuşa şəhərindəki bu kitabxana elmi kitablarla, bədii ədəbiyyatlarla, mətbu əsərlərlə zəngin idi. Xalqı maarifləndirməyin əsas yolunu qəzet və jurnallarda görən Ə.Ağaoğlu Ə.Topçubaşovla birlikdə “Kaspi” qəzetinin redaktoru olur və müntəzəm olaraq, onun “Kaspi” mətbəəsində məqalələri çap olunur. H.Z.Tağıyevin maddi yardımı ilə Ə.Ağaoğlu “Həyat” qəzetinin nəşrinə başlayır. Əhməd bəy Ağaoğlunun redaktorluğu və müntəzəm şəkildə dərc olunduğu “İrşad”, “Tərəqqi” qəzetləri də xalqın maarifləndirməsində böyük xidmətləri olmuşdur. Əhməd bəy Ağaoğlunun çoxlu sayda məqalələri “Sirati-müstəqim”, “İslam məcmuəsi”, “Haqqa doğru”, “Hikmət”, “Türk yurdu”, “İstanbulda fransızca çıxan “Le Jeune Türk”, “Əkinçi” kimi qəzet və dərgilərdə çap olunmuşdur. Əhməd bəy Ağaoğlu Gəncədə yalnız iki sayını nəşr etdirə bildiyi “Türk sözü” adlı qəzetini də Azərbaycan xalqının maarifləndirməsinə xidmət etmək məqsədi ilə təsis etmişdi. Əhməd bəy Ağaoğlu İslam dinini kulturologiyanın özəyi hesab edirdi. O, yazırdı ki, İslam dini insaniyyət üzərində qurulub və insaniyyətə də xidmət edir. Kamil insan mədəniyyət daşıyıcısıdır. Onda qəlb yumşaqlığı, həlimlilik, mülayimlilik, mərhəmətlilik, riyakarlıqdan və zahirpərəstlikdən uzaqlıq kimi ülvi hisslər olmalıdır. Qəlbi hiylədən, fəsaddan, həsəddən, yaltaqlıqdan uzaq olmalıdır. Əhməd bəyin kulturoloji fikirləri onun “İslam, Axund və Hatifülqeyb” əsərində açıq bir şəkildə görülür. O, yazır ki, mədəniyyətli olmaq üçün tək geyiminə, təhsilinə önəm vermək bəs eləmir. Mədəniyyətli olmağın batini şərtləri də vardır. Gərəkdir ki, cibində sənin olmayan özgə malı olmasın, əyninə geyindiyin paltar özgə puluna, özgə haqqına alınmasın, oğurluq olmasın, ürəyində paxıllıq, həsəd, qəzəb, nifrət olmasın, gözlərində kin, kidurət, xəyanət olmasın, qulaqların qeybət, ədəbsiz söz eşitməsin və s. kimi şərtlərə əməl etmək insanı mədəniyyətli edir. Əhməd bəy dünyagörüşü etibarilə nə əkərsən, onu da biçərsən düşüncəsində idi. Ona görə də insanlara mədəniyyət qaydalarına əməl etməyi birinci özlərindən tələb etməyi onlara tövsiyə edirdi. O, qeyd edirdi ki, bu kulturoloji qaydalara əməl edə bilən insan xoşbəxtdir. Birinin nümunə olmasını tələb etmək asandır, çətin olan başqalarından tələb etdiyinə özünün əməl etməyindir. Əhməd bəy mədəniyyətə sahib olmağı acları doyurmaqda, kimsəsizlərə dayaq olmaqda, döyüləni müdafiə etməkdə, xəstəni ziyarət etməkdə, onun qayğısına qalmaqda, məzlumu himayə etməkdə, qısacası insanlıq etməkdə görürdü. Əhməd bəy Ağaoğlu mədəniyyət anlayışını Şərq və Qərb cəmiyyətləri üzərində izah edərək yazır ki, Qərb cəmiyyətinin mədəniyyətə yanaşması və yiyələnməsi Şərq cəmiyyətindən daha qüvvətli və üstündür. Qərbdə mədəniyyət elə sürətlə inkişaf edir ki, Şərq bu inkişafı ancaq xəyal edə bilər. Əhməd bəy bunu belə izah edir ki, Şərq cəmiyyəti Qərb cəmiyyəti ilə müqayisədə daha çox gələcəyini və özünü düşünür və demək olar ki, gələcəyini qorunma altında saxlayır. Demək olar ki, hər bir Şərqli xəstə ola biləcəyini, köməksiz ola biləcəyini, tək qala biləcəyini firavanlıq anında fikirləşir və gələcəkdə ola biləcək pis günlərə tədbirlər görür. Qərbdə isə belə deyil. Qərb cəmiyyəti bugünü üçün yaşayır. Buna görə də gözlənilməz böhran hallarında, işləmək qabiliyyətlərinin itirmə hallarında onların bütün yükünü cəmiyyət çəkməli olur və bunu da özlərinə vətəndaşlıq borcu bilirlər. Əhməd bəyin dünyagörüşünə görə insanın mədəniyyətli olması üçün onun bahalı geyimlərə, zəngin mülklərə, imarətlərə, barlara, ballara ehtiyacı yoxdur. İnsanın kulturoloji dəyərlərə sahib olması üçün onun başqalarını sevməyə, qayğı göstərməyə, yetimləri geyindirməyə, yedirməyə ehtiyacı vardır.
Əhməd bəy Ağaoğlu Əli bəy Hüseynzadənin “Türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarına həmfikir çıxıb, cəmiyyəti müasirləşdirmək üçün Qərb mədəniyyəti çərçivələrinin içinə girməyi labüd sayırdı. O, ailə, dövlət, hökumət, geyim tərzi, yazı, iş yerləri, yaşam tərzi və s. baxımından Qərb mədəniyyətinə uyğunlaşmağın tərəfdarı idi. Əhməd bəy,ümumiyyətlə, mədəniyyətə dair araşdırmalarını müqayisə formasında aparırdı. Ən böyük nöqsanlar, qüsurlar müqayisə zamanı daha tez görünür. Əhməd bəy Ağaoğlu qalib mədəniyyət, məğlub mədəniyyət anlayışlarını söz olaraq yazmırdı. Bu fikirlərini müqayisəli təhlil zamanı sübuta yetirirdi. Ümumiyyətlə, millətlərarası mədəniyyətlər bir-birindən kəskin şəkildə fərqlənə bilməzlər. Onların arasında mütləqdir ki, təmaslar, sızmalar, qarşılıqlı əlaqələr olsun. Budda-Brəhmən mədəniyyəti Hindistan, Hindi-çin, Çin, Koreya, Yaponiya kimi ölkələrin səkkiz yüz milyondan çox əhalisini əhatə edən bir mədəniyyətdir. Məniyyətlərin ən qədimi də məhz Budda-Brəhmən mədəniyyəti hesab olunur. Qərb və ya Avropa mədəniyyəti isə Avropa, Amerika və Avstraliya əhalisinin mənsub olduğu mədəniyyət hesab olunur. Sonuncu mədəniyyət isə İslam mədəniyyəti sayılır. İslam mədəniyyəti ərazi olaraq, bütünlüklə Afrikanı, Asiya və Avropanın isə müəyyən bir qismini əhatə edir. Bu mədəniyyətlərə mənsub olan millətlərin bir-birindən yayılma sahəsinə, çoxluğuna, qan, cins, rəng, dil müxtəlifliyinə görə fərqlənməsinə baxmayaraq, onları birləşdirən ümumi bir mədəniyyət məfhumu vardır. Əhməd bəy mədəniyyət bağları ilə bağlanmağı belə izah edir ki, İslam mədəniyyətinə mənsub olan bir şəxs özünü İstanbul, Mərakeş, Mesopotamiya, Qahirə, Məkkə, Şam, Bakı, Tehran, Şiraz, Kabil, Lahor, Kəlküttə, Səmərqənd, Təbriz, Ankara və s. şəhərlərin hansında yaşasa, özünü heç vaxt orda özgə hiss etməz, çünki o orada yaşayan insanlarla eyni mədəniyyətə, kültürə sahibdir. Buna səbəb eyni mədəniyyətə sahib olan insanların geyim tərzlərinin, yaşam şəkillərinin, adət və ənənələrinin bir-birinə uyğunluğu və yaxınlığıdır. İslam mədəniyyətində bu uyğunluq əba, qadınlarda örtünmə şəkli, eyni ibadət qaydaları və ibadətlər, azan, dualar, məqəddəs kitab Quran, insanların görünüş tərzi, düşünmə, anlama tərzi və zəkasıdır. Bu mədəniyyət bağları ilə bağlanma Budda-Brəhmən və Qərb və ya Avropa mədəniyyətlərində də eynidir. Qərb və ya Avropa mədəniyyətinə mənsub olan şəxs üçün Paris, Vyana, Berlin, London, Vaşinqton və s. mühitlərin heç bir fərqi yoxdur. Bu vəziyyət Budda-Brəhmən mədəniyyətinə mənsub olanlar üçün də eynidir. Onlar üçün də Koreya, Pekin, Tibet, Seul,Busan, Honq Konq, Şanxay və s. kimi mühitlərə uyğunlaşmaq olduqca rahatdır. Millətlərarası bu rahatlığı da eyni mədəniyyətə mənsubluq təmin edir.
Əhməd bəy Ağaoğlunun dünyagörüşü belədir ki, İslam mədəniyyəti və Budda-Brəhmən mədəniyyəti Qərb mədəniyyəti ilə olan mücadilə aparmaq gücündə deyil. Onlar mənəvi yenilməyə məhkumdurlar. Əhməd bəy bildirir ki, İslam mədəniyyətinə və Budda-Brəhmən mədəniyyətinə mənsub olanlar özləri Qərb mədəniyyətinə, onun özəlliklərinə maraq göstərib, onları öz razılıqları ilə qəbul edib, öz yaşam tərzlərini Qərb mədəniyyətinə uyğunlaşdırmışlar. Bu uyğunlaşmada Qərb mədəniyyətinə mənsub olanların məcburiyyəti olmamışdır. İslam mədəniyyətinə və Budda-Brəhmən mədəniyyətinə mənsub olanlar öz geyimlərini, evlərini, həyatlarını, ictimai, siyasi, texniki təlimlərini, təhsil sistemlərini, ədəbiyyatlarını, musiqilərini Qərb mədəniyyətinə uyğunlaşdırmışlar və bir çox hallarda onları təqlid etmişlər. Beləliklə də, ölkədaxili mədəniyyətlərarası mücadilələr mərhələsi başlayır. Keçmiş ənənələri müdafiə edənlər Avropa mədəniyyətini qəbul etmirdilər. Onlar soyköklərinə dayanan ənənələri qorumağa çalışırdılar, onların bu mühafizəkarlığı İslam və Budda-Brəhmən mədəniyyətlərinin bütünlüklə, Avropa mədəniyyətinə məğlub olmasının qarşısını ala bildi. Əhməd bəy təsdiqləyir ki, bu günümüzdə də demək olar ki, hər kəs Avropa mədəniyyətinin elm və texnika sahəsində üstünlüyünü və qələbəsini qəbul edir. Lakin, Əhməd bəy Ağaoğlu bu fikirlə razılaşmır ki, Avropa mədəniyyəti başqa mədəniyyətlərə ancaq elm və təhsil sahəsindəki uğurlarına görə qalib gələ bilmişdir. O, Avropa mədəniyyətini bütünlüklə, hər sahədə qalib mədəniyyət hesab edirdi. Əhməd bəy “Avropa mədəniyyəti başqa mədəniyyətlərə ancaq elm və təhsil sahəsində qalib gələ bilmişdir” fikri ilə heç cür razılaşa bilməzdi, çünki onun düşüncəsinə görə mədəniyyət bölünməz bir anlayışdır və onu ancaq tam almaq, mənimsəmək mümkündür. O bu qələbəni Qərb mədəniyyətinin elm, təhsil, siyasi, ictimai, zehniyyət, beyin, şüur, qəlb kimi məfhumlarda qazandığını qeyd edir. Əhməd bəy dünyagörüşü etibariylə tamlıq və bütövlük prinsipinə əsaslanırdı. Buna görə də o razılaşmırdı ki, Qərb həyatı ancaq bizim geyimlərimizdə və sənayemizdə olsun. Onun dünyagörüşü bütünlük prinsipinə əsaslandığı üçün Əhməd bəy istəyirdi ki, milləti Qərb həyatını beyni, qəlbi, zehniyyəti ilə tam şəkildə qəbul etsin. Əhməd bəyin irəli sürdüyü bütünlük prinsipi milli şəxsiyyət, milli varlıq, milli tarix, soykökünə bağlılıq dəyərlərimizi təhlükə qarşısında qoyurdu. Əhməd bəy isə fikrini belə əsaslandırırdı ki, tarixində dinini ən aşağı iki dəfə dəyişməyən hansı millət vardır? Türklər, məsələn, vaxtı ilə şamanizm və daha sonra bir çox dinlərə girdikdən sonra islamiyyəti qəbul etmişlər. Ərəblər də islamiyyətdən əvvəl bir neçə dinə mənsub idilər. Zatən belə olmayan bir tək millət yoxdur. Əxlaq və hüquqa gəlincə, bunlar mahiyyətləri etibarı ilə belə dəyişikdirlər. Daha dünən fəna və çirkin sayılan bir şey və ya hərəkətin eyni çevrə içində bu gün yaxşı və gözəl sayıldığı hər gün görülən olaylardandır. Hüquqa gəlincə, həyatın davamlı olaraq keçirdiyi dəyişiklikləri təsbit etmək üçündür ki, bu yasama məclisləri, bu parlamentlər bütün dünyada qurulmuşdur. Hüququnu dəyişməz sayan millətlər donmuş və daş halına keçmiş olan qövmlərdir ki, onlardan burda söz açıla bilməz. Az-çox əbədilik qoxusu dildən gəlir. Fəqət bu da gerçək və ümumi deyildir. Məsələn, bu gün slavyancanı qəbul etmiş olan bulqarlar öz əski dillərini qeyb etmişlər. Bunun kimi bu günkü ingiliscə İngiltərədə yaşayan başlıca dörd ünsürdən hansına aid dilin davamıdır? Hansıkı özəl bir tərzdə onu mənimsəyə bilir? Bununla bərabər, bir millətin tarixində ən sağlam olan və həmən dəyişməzlik dərəcəsinə varan amil dildir, yəni yalnız dildir ki, mahiyyəti dəyişmədən özəlliyini daşıyır. Demək ki, ümumiyyətlə, şəxsiyyət və özlük deyilən məfhum dillə bərabər bir millətin maddi varlığından başqa bir şey deyildir. Hər maddi vücudun bir şəxsiyyəti vardır. Yəni onu başqa vücudlardan, başqa əşyalardan ayıran tərəflər vardır. Bu cəhət bütün kainatda ortaq bir gerçəkdir; kainatda eynilik yoxdur. Eynilik olmadıqca şəxsiyyət gərəklidir, eyni daşın iki parçası tamimilə bir-birinin eyni deyildir. Şəkil, tərkib və maddələri baxımından aralarında mütləq bir fərq vardır. İştə, bu fərq bunların özəlliklərini, şəxsiyyətlərini göstərir. Eyni millətin çeşidli fərdləri əsla bir-birlərinə bənzəməzlər. Ən bənzər olanların arasında belə böyük fərqlər vardır ki, bu ayrılıqlar onların şəxsiyyətlərində özünü göstərir. Əhməd bəy Ağaoğlu qeyd edirdi ki, qaradərili irqə mənsub olan insanlar heyvanla insan arasındakı bir növə aid edilirdi. Lakin, Amerika zənciləri mədəniyyətə intibah yolu ilə yiyələnə bildilər. Ancaq müşahidələr və təcrübələr onu göstərir ki, eyni mədəniyyətə, irqə sahib olan, müxtəlif millətlər vardır ki, onların daxili idarə etmə sistemi eyni deyil. Məsələn, ruslar, almanlar, fransızlar, ingilislər, italyanlar eyni ari irqinə mənsubdurlar və eyni zamanda onlar Avropa mədəniyyətinin nümayəndələridirlər. Bütün bunlara baxmayaraq, bu ölkələrin daxili qanunları vardır. Tarixin müxtəlif dövrlərində də bu eyni irqə, mədəniyyətə sahib olan millətlərin bir-birinə qarşı müharibələr etdiyinin şahidi oluruq. İslam mədəniyyətinə mənsub olan farslar, türklər, kürdlər, ərəblər arasında da bu cür ayrılıqlar olur. Buna səbəb olan milli şəxsiyyətdir. Onu isə ancaq hərəkətsizlik öldürə bilir.
Əhməd bəy Ağaoğlu çox gözəl başa düşürdü ki, bir cəmiyyətdə köklü dəyişikliklər etmək asan məsələ deyil. Bunun üçün cəmiyyətdə o dəyişikliyə hazır olmalı və onu istəməlidir. Onun fikri bu idi ki, qarşımızdakı dağı aşmalıyıq, uçurumu doldurmalıyıq, mədəniyyət karvanının arxasınca getməliyik. O, əxlaqlı olmaq anlayışının yalnız cinsi münasibət çərçivəsində anlaşılması ilə qətiyyən razılaşa bilmirdi. Əhməd bəy fikirlərini belə əsaslandırırdı ki, əxlaq bütünlükdə cinsi münasibətlərlə məhdudlaşdırılsaydı, onda insanlarda yalnız qurşağa qədər yaradılardı. Lakin, belə deyildir, insanların qurşaqdan yuxarı olan qəlb və ruhu vardır. Əxlaq məhz qəlb və ruha aid olan bir varlıqdır. Əhməd bəyin dünyagörüşünə görə, insanlar arasındakı münasibətlər qəlb və ruh vasitəsilə qurulmalıdır. Yalnız bu zaman münasibətlərdə qəlb və ruha aid olan vəfa, doğruluq, sədaqət, mərdlik, acıma, yardım, bağışlamaq və s. kimi duyğuları görmək olar. Əks halda insanlar arasındakı münasibətlərdə həyasızlıq, arsızlıq, şərəfsizlik, heysiyyətsizlik adi hala çevrilər. Əhməd bəyin dünyagörüşünə görə insanlar arasında təbəqələşmə, alt qatın aclıqdan ölməsi, bu hadisədən isə üst qatın xəbərinin belə olmaması insanlıq adına utancvericilikdən başqa heç nə deyil. Əhməd bəy insanların biri-birinə qarşı bu qədər yad və düşüncəsiz davranışlarını, haqsızlıq qarşısında özlərini izləyici kimi aparmaqlarını, bir-birinin köməyinə çatmaq əvəzinə, haqqını müdafiə etmək yerinə, təsəlli verməkdənsə, üzünü çevirib getməklərini qəbul edə bilmirdi. O, cəmiyyətdə hər kəsin öz rahatlığını, öz mənafeyini nəyin bahasına olur olsun qorumaq düşüncəsini öz təfəkkürünə heç cür yaxın qoya bilmirdi. Çünki, o, yaxşı bilirdi ki, insanlar arasındakı bu özgələşmə, soyuqluq nələr ilə nəticələnə bilər. Əhməd bəyin dünyagörüşü belə idi ki, ümumi məsələlərə hər kəs şəxsi vicdanı, şəxsi əxlaqı, tərbiyəsi çərçivəsində münasibət göstərməlidir. Ümumi məsələlərdə sui-istifadə, idarəsizlik, ləyaqətsizlik və s. göstərilərsə, milli varlıq məhv olar. Ümumiyyətlə, Əhməd bəy dünyagörüşünə uyğun olaraq, məsələlərə ümumi aspektdən yanaşırdı. Onun dünyagörüşünü təhlil edən zaman ən çox diqqət çəkən mövzu ailənin bütövlüyü və sağlamlığı məsələsidir. Əhməd bəy bu mövzuya çox böyük bir həssaslıqla yanaşaraq, bildirir ki, ailə hər boş bir davaya, zəif münaqişəyə, bəzən bir saatlıq, hətta bir dəqiqəlik qəzəbə görə dağıla bilirsə, demək ki, bu ailələr bir-birinə möhkəm bağlarla bağlanmayıblar. Bu ailələrdə sevginin, həyəcanın, sevincin, sədaqətin, səmimiyyətin, vəfanın, hörmətin, qayğının yerini düşmənçilik, kin, soyuqluq, qorxu, hiylə, xəyanət alıbdır. Əhməd bəyin dünyagörüşünə görə ailə mənəvi bağlar üzərində qurulmalı və davam etdirilməlidir. Ailə fərdləri arasında sevginin, ədalətin, insafın, doğruluğun,səmimiyyətin, vəfanın, hörmətin olması mühüm şərtlərdəndir. Əhməd bəy hökmdarların ailə daxili zalımlıqlarını, tüklər ürpədən qəddarlıqlarını - atanın, əminin, dayının, qardaşın, oğulun bir-birini kor etməsini, öldürməsini, şikəst etməsini qəbul edə bilmirdi. Onun belə fikirləşməsi tamamilə gözləniləndir, çünki Əhməd bəy Ağaoğludünyagörüşü etibarilə tolerant bir şəxsiyyət idi. O, dünyanın ağılla, məntiqlə, insani duyğularla, ədalətlə, insafla, doğruluqla idarə olunmasının tərəfdarı və tələbkarı idi.

Həcər ATAKİŞİYEVA

 

Oxşar məqalələr