Teleqraf.com-un suallarını Azərbaycan milli komandasının və “Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedyev cavablandırıb.
- Ardıcıl beş il ölkə çempionluğu, Avroliqada və Çempionlar Liqasinda uğurlu çıxışlardan sonra bu mövsümdə “Qarabağ” daha zəif oyun göstərir. Bu məğlubiyyətlərin səbəbini necə izah edərdiniz?
- Bildiyiniz kimi, “Qarabağ”da legioner futbolçular vardı və manatın məzənnəsinin dəyişməsindən sonra maliyyə çətinliyi oldu, ulduz futbolçular Avropadan olan təklifi dəyərləndirdilər, Azərbaycanda verilən pulla başqa klubların qonorarını müqayisə edib yüksək maaşla başqa klublara keçməli oldular. Gedənlər isə “Qarabağ”ın ən yaxşı futbolçuları idi. Onların yerinə kimisə gətirmək bir az çətindir. İstədiyimiz futbolçuları gətirə bilmirdik, bəzi problemlər vardı, bəzi futbolçular Azərbaycanı tanımadığı üçün gəlmək istəmirdilər. Hətta bu il Avroliqaya hazırlaşanda oyuna bir həftə qalmış tam heyət yox idi, cəmi 3 legioner dəvət edə bildilər və qalanı sonra gəldi. Təzə legionerlər gələndə də komandaya adaptasiya dövrü olur, oyunçulara, ölkəyə öyrənmək üçün vaxta ehtiyac olur. Ona görə də bir az problemlərimiz yarandı. Bizə qoşulan legionerlərlə 2 ay oynadıqdan sonra komanda özünə gəlməyə başladı. Biz Çempionlar Liqasında oynayırdıq və hiss olunurdu ki, komandada bəzi problemlər var. Ötən illərlə müqayisədə disbalans yarandı və istədiyimiz qələbələri qazana bilmədik. Ortaya çıxan problemlər komanda oyununa təsir etdi.
- İndi vəziyyət necədir, adaptasiya prosesi hələ də davam edir?
- Elə legioner var ki, komandaya 1 aya, eləsi var 6 aya adaptasiya olur. Elə futbolçu var heç uyğunlaşa bilmir. Hərə bir ölkədən gəlir, hərənin öz mentaliteti var, adam var baş məşqçi söz deyəndə inciyir, adam var yaxşı qəbul edir və öz üzərində işləməyə başlayır. Baş məşqçi çalışır ki, “Qarabağ”da bir normativ yaratsın, bütün futbolçular onu qoruyub saxlasınlar və həmin normativləri aşmasınlar. Ona görə də bu iş çətin olur. Bu il bildiyiniz kimi, Çempionlar Liqasında oynamaq istəyirdik, təəssüf ki, disbalans və komandanın bəzi futbolçularının yüksək formanı toparlaya bilməməsi səbəbindən ÇL-ə düşə bilmədik, Avroliqanın qrup mərhələsində oynamalı olduq. Burada da “Sportinq”, “Arsenal” kimi komandalarla düşmüşük, onlarla mübarizə aparmaq doğrudan da çətindir. Rəqəmlərə diqqət etsək, o komandalarla bizim komanda arasında bəlkə də 120 dəfə fərq var. Bununla belə işimiz futboldur, oynaya bilirik və çalışırıq ki, maksimum gücümüzü ortaya qoyaq. Haradasa alınır, haradasa alınmır. Qrupda yalnız “Vorska” bizimlə eyni səviyyədə olan komandadır, evdə uduzduq, səfərdə udduq. Qismət belədir ki, bu il belə alındı. Ola bilsin, çox səhvlərimiz olub. İnanıram ki, məşqçilər korpusu, rəhbərliyimiz buna daha çox diqqət yetirəcək və çıxış yolu tapa biləcəklər, gələn il bizim belə problemimiz olmayacaq.
- Sizin üçün səfərdə, yoxsa ölkədə oynamaq daha rahatdır?
- Əlbəttə ki, ölkədə oynamaq daha rahatdır. Artıq meydançanı tanıyırsan, pis-yaxşı yerini də bilirsən, çünki daim orada məşq edirsən. Evdə azarkeşlər yanında olur, səni dəstəkləyir, gələn komandalar Tofiq Bəhramov adına stadionda oyun zamanı deyirdilər ki, bura dəhşətdir. Həmin stadion kompaktdır və azarkeşlər birdən səs-küy salanda rəqib komanda bir az özünü itirməyə başlayırdı və üstünlüyümüz ordaydı. Bu dəfə Olimpiya Stadionunda oynadıq, doğrudan da meydança çox böyükdür, ona öyrəşmək çətindir. Komanda yoldaşlarımızla da söhbətləşdik, hamı deyirdi ki, elə bil səfərdəyik. Evdə oynayanda istirahət edib sonra meydançaya çıxırsan, ancaq elə səfərlər var, (məsələn, Portuqaliyaya səfər) 6-7 saat yol getməli olursan, İngiltərəyə gedəndə saat fərqi təsir edir. Normal vaxtlarda saat 00:00-da yatıramsa, onların vaxtı ilə saat 21:00 olur, oyun başlayır, amma mənim vəziyyətim elə olur ki, yatmaq istəyirəm, konsentrasiya problemi yaranır. Səhər durub baxırsan İngilitərə vaxtı ilə saat 6:00-dır, amma nə edəsən, məcbur yatmalısan. Psixoloji baxımdan bunlar təsir göstərir. Evdə isə hər şeyə öyrəşirsən, rəqib komanda isə həmin problemləri yaşayır.
- Azarkeşlərdən söz açdınız, artıq bir neçə ildir futbol matçlarına qadınlar da axın edir. Kobud ifadələrə görə bir çoxları qadınların oyunu stadiondan izləməsini qəbul etmir. Buna münasibətiniz necədir?
- Doğrudan da çox sevinirəm ki, “Ladies of Qarabağ”, yaxud milli komandanı dəstəkləyən xanımlarımız var və stadiona gəlirlər. Burada qeyri-adi heç nə yoxdur. Avropada, Rusiya, Türkiyədə bu proseslər çoxdan var. Kiminsə anası, bacısı, qohumları, sevdiyi xanım gəlir, oyuna baxır. Futbol o demək deyil ki, ancaq kişilər gəlib qışqırsınlar. Elə xanım fanatlar var ki, komandasını həvəslə dəstəkləyir, ola bilsin, futboldan o qədər də başı çıxmır, amma yaranan atmosfer maraqlı gəlir, 2 saat zövq alırlar. Bəzən kimlərsə hirslənib hansısa kobud ifadələr işlədir, düzünü danışaq, həm xanımlar, həm kişilər həmin sözləri bilir. Doğrudur, tərbiyə baxımından yaxşı hal deyil, ətrafda xanım varsa, bir az özünü daha sakit aparmağa çalışmalısan, söyüş söyməmək lazımdır. Elə xanım azarkeşlər tanıyıram ki, kişilərdən də çox kobud fanatlıq edirlər (gülür). Xanımlar stadiona nə qədər çox gəlib azarkeşlik etsə, o qədər də maraqlı olacaq. Kişilər qadınların stadionda olduğunu görəndə deyir dostumu da götürüm gedim. Maraqlı ab-hava olur, bu, daha çox adamın matçlara axınına səbəb olur. İstərdim ki, təkcə Avroliqadakı oyunlara yox, ölkə çempionatı oyunlarına da çox azarkeş gəlsin.
- Ailə üzvləriniz stadiona gəlirlər?
- Əlbəttə ki, gəlirlər. Oğlanlarımın 7-8 yaşları var, onlar futbol xəstələridir, ikisi də futbola gedir. Stadiona gəlirlər, çipsi yeyib azarkeşlik edirlər (gülür). Oyun gec olanda uşaqlar evdə qalırlar, həyat yoldaşım rəfiqəsi ilə gəlir. Bizdə hamı futbolu çox sevir. Oyun Bakıdadırsa, 95 faiz halalrda stadionda olurlar.
- Bəzən idmançılar ailə üzvlərinin oyunu canlı izləməsinə görə həyəcan keçirir. Bəs Sizdə necədir? Ailə üzvlərinizin stationda olmasından daha da stimul alırsınız, yoxsa bu Sizi həyəcanlandırır?
- Ailə üzvlərimin oyunumu stadiondan izləməsinin mənə xüsusi təsiri yoxdur. Çünki meydana çıxanda yalnız futbolu düşünürəm. Həmin oyun mənim üçün imtahandır, ailə, yaxud problemləri fikirləşmirəm, çalışıram ki, oyunun necə idarə olunması, kimə necə kömək etmək barədə baş məşqçinin tapşırıqlarını icra edim. Bütün diqqətimi sırf oyuna yönəldirəm, beynimə başqa fikir gəlmir. Bütün gücümü meydana qoymağa çalışıram. Oyun qurtarandan sonra ailə üzvlərimlə birgə vaxt keçiririk. Əlbəttə ki, ailəmin udsaq da, məğlub olsaq da, yanımda olması, oyunu izləməsi, uğuruma sevinməsi məni şad edir.
- Hiss olunur ki, nizam-intizama ciddi əməl edirsiniz...
- Peşəkar futbolçu olmaq üçün nizam-intizam birinci yerdə dayanmalıdır. Yuxu, qidalanma, məşqlər rejimlə olmalıdır. Bunlara riayət etməsən, peşəkar olmaq çətin olar. Uşaq vaxtı ətrafım yaxşı deyildi, loru dildə desəm, xuliqanların arasında böyümüşəm, ona görə də biri bir tərəfə, biri başqa tərəfə çəkməyə çalışırdı. Anam həmişə yanımda olub, qapazı qoyub düz yolu göstərirdi. Yaxşı ki, həyatın mənasını vaxtında dərk elədim, pis vərdişlərdən uzaq oldum. Anladım ki, bütün bunlar tez-gec qurtarır, futbolçuyam, yaxşı olmaq istəyirəmsə, özümə və ətrafıma fikir verməliyəm. Ətrafımı təmizlədim, mənə xeyri dəyən insanların yanında olmağa çalışırdım, həmyaşıdlarım arasında dostluq etdiyim şəxslər yoxdur, dostlarımın çoxu məndən 5-10 yaş böyükdür.
- Adətən, çətin peşə sahibləri övladının bu çətinliyi çəkməsini istəmir və başqa sahəyə yönəldir. Görünür, Siz oğlanlarınızın futbolçu olmasına etiraz etmirsiniz...
- Maksim Medvedyev olana qədər həyatımda çox böyük səhvlər eləmişəm, iki dəfə eyni quyuya düşmüşəm. Mənə yol göstərən yox idi, səhv edə-edə nəticə çıxarmışam. Düzdür, işim çox çətindir, hərdən aylarla evdə olmuram, ailə üzvlərimi görmürəm. Vaxt olub ki, yoldaşım uşaqları yanıma gətirib ki, heç olmazsa 1 saat onlarla söhbət edim. Özüm də darıxıram. Övladlarım futbolçu olmaq istəsələr, bu yolu keçən insan kimi onlara yol göstərəcəyəm, bu yolda olan səhvlərdən xəbərdaram, örnək var, bilirəm ki, hansı addım atsalar, daha yaxşı olacaq, onların yolunu daha rahat etmək üçün tövsiyələrimi verəcəyəm.
- Nə kimi səhvlər idi?
- Gənc idim, gecələr yatmırdım, maşınla çıxıb gəzirdim, məşqə yaxşı hazırlaşmırdım. Bunlar xırda şeylər kimi görünə bilər, amma karyeraya çox böyük təsir göstərir. Bəziləri bunu gec dərk elədilər. Bu proses travmaya gətirib çıxarır, əməliyyata səbəb olur. Mənimlə bir böyüyən futbolçular oldu ki, zədə alandan sonra bərpa prosesi keçə, yenidən futbola qayıda bilmədiblər. İndi eləsi var taksi sürücüsü işləyir, 300-400 manat məvaciblə dolanmalı olur. Yanımızda bizdən böyüklər vardı, məsləhətlər verirdilər, baş məşqçimiz Qurban Qurbanovun özü tam mənim yoldan çıxa biləcəyim vaxt yanımda olub. Onunla 19 yaşımdan birgə işləyirik, elə insanam ki, mənə bir dəfə nə isə deyirlərsə, onu ömrümün axırına kimi yadda saxlayıram. Onu görəndə bəzi sözləri yadıma düşür, çalışıram hər şeyi qaydasında saxlayım.
- Futbola gəlişiniz necə olub?
- Əslində mən akrobatika ilə məşğul olmuşdum, idman ustası səviyyəsinə çatırdım, böyük zədə aldım, göydə konsentrasiya zamanı boynu üstə döşəməyə yıxıldım. 2 həftə başımı tərpədə bilmədim, indi də xroniki ağrılar qalıb. Gözümdə qorxu qalmışdı, göyə qalxırdım, müvazinətimi itirirdim. Futbol üzrə məktəblərarası çempionat olanda yarışlara gedirdim. Finalda 20-ci sahədə 51 nömrəli məktəbi təmsil edən uşaqlarla qarşılaşdıq. Uşaqlar məndən futbolu harada məşq elədiyimi soruşdular, dedim ki, futbolla məşğul olmuram, akrobatam. Mənə təklif elədilər ki, bizim məşqə gəl, məşqçimiz səni tanısın. Məşqçi məni onların komandasında məşqə dəvət elədi. Beləcə futbola başladım.
- Neçənci sinifdə oxuyurdunuz?
- Səhv etmirəmsə, 7-ci sinifdə oxuyurdum, məktəbdən çıxıb məşqə gedirdim, elə olurdu dərslərə girmirdim, məşqə qaçırdım. Heç anamın xəbəri yox idi. Sonra mənə forma verdilər, onda gəlib anama məlumat verdim ki, futbolla məşğulam. O da təəccübləndi, mübahisə elədik, dedi, şikəst olacaqsan, 50 yaşından sonra gəzə bilməyəcəksən. O vaxt Azərbaycanda futbol çox aşağı səviyyədə idi, pul da yox idi. Anamı götürüb məşqə gətirdim, məşqçi ilə tanış oldu, çempionatda çıxış edirdik, həmişə birinci yeri bizim komanda tuturdu. Beləcə futbol karyeram başladı.
- Hansı məktəbdə oxumusunuz?
- 4-cü sinfə qədər 203 nömrəli məktəbdə oxumuşam, sonra 163 saylı məktəbə keçdim, bir neçə il sonra yenidən əvvəlki məktəbə qayıtdıq. Anama işi ilə əlaqədar birinci növbədə oxumağımız lazım idi, 203 nömrəli məktəbdə ikinci növbədəydi dərslər, sonralar birinci növbəyə keçid oldu deyə qayıtdıq.
- Ailədə tək uşaqsınız?
- Yox, məndən bir yaş böyük bacım da var.
- Atanız da, ananız da milliyətcə rusdur?
- Bəli.
- Onların Bakıya köçü necə olub?
- Anamdan bu barədə soruşmuşam, səhv etmirəmsə, bizim nəsil Rusiyada yaşayıb, I Pyotrun zamanında Cənubi Qafqaza rusların köçü olub, ata tərəfindən bəziləri Azərbaycana, ana tərəfim isə Gürcüstana köçüb. Anamın ulu babası hərbi xidmət zamanı Bakıya gəlib, burada nənəmlə görüşüb, sonra Azərbaycana köçüb burada yaşamağa başlayıb. Biz ya 4, ya da 5-ci nəsilik, nəsil belə davam edib, mən də Bakıda doğulmuşam.
- Yəqin rus bölməsində təhsil almısınız, Azərbaycan dilini necə öyrənmisiniz?
- Özüm 1989-cu ildə doğulmuşam, 1990-cı ildə müharibə başlayandan sonra Qarabağdan məcburi köçkünlər məhəlləmizdə məskunlaşmağa başladılar. Əvvəl əgər 20 faiz azərbaycanlı idisə, o dövrdən sonra 60 faiz oldu, çölə çıxanda azərbaycanlı uşaqlarla ünsiyyətdə olurdum. Rayon uşaqları idi, futbol oynayırdılar, mən də futbol xəstəsiydim, butulka ilə futbol oynayırdıq. Onlarla azərbaycanca ünsiyyət saxlayırdım deyə bir müddət sonra gördüm ki, artıq sərbəst danışa bilirəm. Çox adam soruşur ki, dili harada öyrənmisən. Heç özüm də bilmədim necə oldu, indi heç bir çətinlik çəkmirəm.
- İndi evdə hansı dil hakimdir?
- Rus dili. Anam da, həyat yoldaşım da rusdur, uşaqlar rus bölməsində təhsil alır, evdə heç kəs azərbaycanca danışmır. Ancaq övladlarım başa düşürlər, praktika olmadığı üçün gülməli alınır. Məhəlləyə düşəndə azərbaycanca ünsiyyət saxlayırlar, hərdən görürəm Azərbaycan dilində danışırlar. Məşqə gedirlər, məşqçi də, futbola gələnlərin də çoxu azərbaycanca danışır, söz-söz öyrənəcəklər, arxası gələcək.
- “Qarabağ”a necə gəldiniz?
- Məktəblilər arasında 5 il ard-arda çempion olduq, məşqçimiz Ramin Sadatov idi, bizimlə söhbət elədi, dedi ki, böyümüsünüz, artıq böyük futbola getməlisiniz. Bizim atamız kimi idi, ona çox öyrəşmişdik, ayrılmaq istəmirdik, deyirdi, gedin, pul qazanmaq vaxtıdır. Heç pulu düşünmürdük, ancaq oynamaq istəyirdik, həmin məşqçi ilə çox xoşbəxt idik. Bizi “Qarabağ” komandasına apardı, o dönəmdə Türkiyədən gələn direktorlar komandanı öhdəsinə götürüb uşaqlıqdan futbolçu yetişdirmək istəyirdilər. 3-4 nəfər həmin qrupa düşdük. Maaş, müqavilə imzalandı, səhv etmirəmsə, 10-cu sinifdə oxuyurdum, artıq 50 dollar maaş alırdım.
- İlk maaşınız idi?
- Yox, ona qədər almışdım. “U 15” heyətində oynayırdım, bizi yoxlanışa göndərmişdilər, 15 yaşlı zəif uşaqlar idi, məşqçimiz Mirbağır İsayev mənimlə Rauf Əliyevi seçdi. Gəlib anama dedim ki, 1 həftə sonra Moldovaya gedirəm, o da dedi ki, başın xarab olub, get, dərslərini oxu. Xeyli mübahisədən sonra etibarnamə verdi, getdik, orada da gündəlik 50 dollar pul verirdilər. 9-cu sinifdə oxuyurdum, 350 dollar pul qazanmışdım. Anamın bir aylıq maaşı bəlkə də 100 dollar idi. Evə qayıdanda pulu anamın qabağına qoydum. İnanmadı, dönüb dedi ki, haradan oğurlamısan, qaytar. Özü də təəccüblənmişdi, “şirvan” da yox, dollar idi. Qaçdım qəzet köşkünə “Futbol+” alıb adımı tapdım, anama göstərdim ki, bax, Moldovada qazanmışıq. Sonra müqavilə imzanlanmalı idi, 18 yaşıma çatmamışdım deyə anamı apardım.
- “Qarabağ”da?
- Hə, anamla ofisə gəldik, qol çəkdi, gördü ki, 50 dollar maaş verirlər, sonra Gürcüstana getdik, orada gündəlik qazanırdıq. Həmin 1 il ərzində həyatımız çox dəyişdi. Atam 11 yaşımda rəhmətə gedib, anam bizi tək böyüdüb, əziyyət çəkirdi. Artıq elə situasiya yaranmışdı ki, 11-ci sinifdə oxuyanda anama dedim, daha işləmə. Onadək maaşım da artdı, 18 yaşımda professional müqaviləni özüm bağlayırdım. Çox xoşbəxt idim, bacım universitetə hazırlaşırdı, repetitor yanına gedirdi, onun pulunu ödəyirdim, evi təmir elədik.
- Bayılda yaşayırdınız?
- Hə.
- “Qarabağ”da ilk məşqçiniz kim oldu?
- İlk məşqçimiz Elçin Xudadatov idi, ikinci heyətdə idik. Orada 1 il oynadım, sonra “Qarabağ”a “Beşiktaş”dan Rasim Karacanı baş məşqçi gətirdilər. O da gələndə dedi ki, bu komandanı gəncləşdirməyi planlaşdırıram, yaşlı futbolçularla işimizi bitirib gənc nəsli üzə çıxaraq ki, gələcəyin futbolçuları onlar olacaq. Məni, Rauf Əliyev və Əfran İsmayılovu çağırdılar, Antaliyaya təlim-məşq toplanışına getdik. Artıq əsas heyətə düşdük, 16 yaşımda yüksək liqada oyuna çıxmışdım. Bu da yaxşı nəticə sayılırdı, indi çox adam 20-21 yaşında yüksək liqaya çıxır, məşqçilərimə qarşı oynamışam, meydançada rəqib olmuşuq.
- Kimlər olub?
- Zauf Tağızadə, Elxan Həsənov, Müşfiq Həsənov. Mən gələndə Müşfiq Həsənov kapitan idi, aramızda 20 yaş fərq var. Rasim Karacanın rəhbərliyi altında 1 il oynadıq, sonra o, “Xəzər-Lənkəran”a getdi. Biz də havada qaldıq, məşqçi yox idi. Səhv etmirəmsə, 2009-cu ilin əvvəli idi, komandaya Qurban Qurbanov gəldi, həmin vaxtdan bu günədək bir yerdə işləyirik.
- Bəs Siz özünüzü hansı yaşda məşqçi görürsünüz?
- Düzü, məşqçi olub-olmayacağım hələ dəqiq deyil, başqa planlarım var. Ancaq həyatdır, hər şey ola bilər. Ola bilsin, daim futboldayam deyə yüklənmişəm və istirahətə ehtiyacım var. Bəlkə də bir az istirahət edib yenidən futbola ac olacağam. Həyatım boyu futbol oynamışam və futbolla yaşamışam. Hələ ki, nə qədər gücüm var, “Qarabağ”a, milli komandaya lazım olacağam, oynayacağam. Görsəm ki, enerjim çatmır, hansısa problemlər var, yəqin həmin gün futbolla vidalaşacağam.
- Olubmu, hansısa məğlubiyyətdən sonra tükənmişlik sindromu hiss edəsiniz?
- Gənc olanda hər məğlubiyyətdən sonra məyus olurduq, komanda yoldaşlarımızla bir-birimizi ittiham edib deyirdik ki, sən səhv etdin, medianın, azarkeşlərin pressinqi vardı, sosial şəbəkələrdə şərhlər bizi sıxırdı, çox pis olurdum, daha oynamaq istəmirdim, futboldan küsürdüm. 26 yaşdan sonra bu prosesi tam fərqli qəbul etməyə başlamışam. Nə qədər yaxşı olsan da, səni pisləyən də olacaq. Bu gün gənc futbolçular hərdən gəlir deyir ki, məni filankəslər pisləyir, deyirəm, çalış fikirləşməyəsən, meydançaya çıxanda potensialını vicdanla, maksimum şəkildə qoy. Elə futbolçu var, potensialının 50 faizini sərgiləyir. Bu, pisdir, komanda oynudur, hamı əlindən gələni etməlidir. Boks deyil ki, tək özünə görə vuruşasan, 10 nəfər oyunçu, əlavə heyətdə olanlar, məşqçi korpusu, klubu sevənlər var, onlar üçün var gücünlə çalışmalısan, üstəlik buna görə əmək haqqı alırsan.
- Rəşad Sadıqovdan sonra kapitansınız. Məsuliyyət baxımından dəyişiklik var?
- Əlbəttə var. Rəşaddan öyrənəcəyimiz çox şey var. O, Azərbaycan futbolunun əfsanəsidir. Onun hər bir hərəkətinə fikir verirəm, düzdür, heç kəslə müzakirə etmirəm, amma kənardan özünü necə aparmasına fikir verirəm. Doğrudan da kapitan olmaq asan iş deyil. İş təkcə sarğını qolunda daşımaqdan ibarət deyil, həmişə komandanın içində olmalısan. Məşqçi kənardadır, sən meydanda həm məşqçisən, həm qardaşsan, həm atasan, hər şeyi sən eləməlisən. Matçlara kapitan kimi çıxıram, amma hələ də hiss edirəm ki, yenə də nəyinsə üstündə çalışmaq lazımdır ki, komanda daha da yaxşı olsun, ürəkli oynasın, inamlı futbol göstərsin. Bu, doğrudan da yükdür, bir yandan da sevinirəm ki, məndən yaxşılar, daha təcrübəlilər də var, amma mən seçilmişəm, mənim ola bilsin, özəl xarakterim var, ona görə də baş məşqçi kapitan sarğısını Rəşaddan sonra mənə verdi.
- Kim qapıda olanda daha rahat oynayırsınız?
- Fərqlidir, hər komandaya qarşı özəl heyət olur, rəqib komandanın üzvləri hündürboylulardırsa, biz də çalışırıq ki, hündürboylularımız olsun, hava toplarında mübarizə getsin, komanda daha sürətli futbol oynayırsa, biz də daha sürətli futbolçuları meydana çıxarırıq. Hündürboylu oyunçular olanda hündürboylu qapıçı təyin edilir ki, hava topları gələndə rahat götürə bilsin. Elə komanda var ki, sənə futbol oynamağa icazə verir, sən qapıya elə qapıçı qoyursan ki, ötürmə etsin, oyunun içində olsun. Yəni situasiyalar fərqlidir. Hər qapıçının da öz yaxşı xüsusiyyətləri var, artıq baş məşqçi qərar verir ki, hansı qapıçı bu gün mənə lazımdır.
- İbrahim Şehiçdən sonra gələn legionerlərlə uyğunlaşa bildiniz?
- Azərbaycana gələn qapıçılardan mənim üçün bir nömrəlisi İbrahim Şehiç olub. Bu insan həm hava toplarında, həm ayaqla möhtəşəm oynayır. Həm futbolçu, həm də insan kimi onunla çalışmaq xoş idi. İnanmırdım ki, nə vaxtsa onunla yollarımız ayrılacaq. Bayaq qeyd etdiyim kimi, devalvasiyadan sonra legionerləri saxlamaq mümkün deyildi.
- Kamran Ağayevlə işləmək necədir?
- Kamran Ağayevi “U-19”dan tanıyıram. O da vaxtilə akrobatika ilə məşğul olub. 10 ildir bir-birimizi tanıyırıq. Milli səviyyədə olan qapıçılardan Kamran bir nömrədir. Uşaq vaxtından indiyə kimi daim qapıda durub. O, qapıda olanda daha rahat oluram, çünki məni çox yaxşı başa düşür. Bir sözümlə bilir ki, nə etmək lazımdır, arxadan bizə nə isə deyir, onu dərhal anlayıram ki, nə istəyir. Ona çox güvənirəm.
- Ağdam klubunun karyeranızda hansı məna daşıdığı aydındır, bəs Qarabağ məfhumu Sizin üçün hansı mənanı ifadə edir?
- Qarabağ bölgə kimi bizim yaralı yerimizdir, qarabağlılarla çox həmsöhbət olmuşam, onlar mənə çox izahat veriblər. Əvvəllər nələr olduğunu dəqiq bilmirdim, sonradan başa saldılar, dərk elədim ki, camaat niyə aqressivdir. Onları anlayıram, heç kəs istəməz ki, onun evini, torpağını kimsə gəlib zorla əlindən alsın. Hamı istər ki, sülh şəraitində yaşasın. İnsanlar yurd-yuvasından didərgin düşüblər, xanımlarını, uşaqlarını qorumaq üçün məcburi köçkün olublar. Təəssüf ki, müharibə şəraiti davam edir. Bu problemin aradan qaldırılmasını istərdik. Müharibə itkilərə səbəb olur, heç kəs silahlı qarşıdurmanın tərəfdarı deyil, insanlar yenə stress keçirirlər, inanırıq ki, problem sülh yolu ilə həllini tapacaq və insanlar öz doğma torpaqlarına qayıdacaqLAR.
- Boş vaxtlarda nə ilə məşğulsunuz?
- Kino və serialları izləməyi xoşlayıram. Ötən gün Amerika filminə baxırdım, adını unutmuşam, dünya ölkələrindəki siyasi sistemlər, kəşfiyyatçıların necə işləməsindən bəhs edirdi. Belə mövzular mənə maraqlı gəlir.
- Belə çıxır Sizə yad olan geosiyasi mövzular diqqətinizi cəlb edir...
- Bəli, dünyada gedən proseslərlə maraqlanıram, izləyirəm. Düzdür, oxuduqlarımın bəlkə də 50 faizi yalandır, yəni sırf yazmaq, camaatın fikirlərini başqa istiqamətə yönəltmək üçündür. Amma yenə də oxuyuram, haradasa inanıram, haradasa yox...
- Rusiya ilə Ukrayna arasında yenidən gərginlik yaranıb. Yəqin bu barədə xəbərləri izlədiniz...
- Mənim bir dostum var, tez-tez Ukraynaya gedib-gəlir. Onunla həmişə müzakirələr aparırıq, ötən gün əlimdə iş vardı, görürəm mənə video göndərib, deyir, bax gör yenə nə ediblər, Ukrayna gəmilərinə hücum ediblər. Mən də izah edə bilmirəm ki, həmin ərazi Rusiya Federasiyasına aiddir. Sən necə icazə verə bilərsən ki, hansısa ölkənin gəmisi Azərbaycan ərazisinə keçsin? Əlbəttə, onu vuracaqlar. Üstəlik Rusiya ilə Ukrayna arasında gərginlik olduğu bir vaxtda belə hadisə yaşanıb. Ola bilər ki, bu da bir oyundur. Ukrayna guya bilmirdimi Kerç boğazı Rusiyaya aiddir? Necə oldu gəlib onun ərazisinə keçdi? Naviqasiya sistemi mövcuddur, gəmilər boğazı təsadüfən keçmədi ki. Rusiya da öz işini görüb. Həmin gəmiləri tamamilə məhv edə bilərdilər. Əslində nəyə görə bu hadisə olub, onu heç kim bilmir. Bizə ancaq fakt məlumdur, niyə gəmi Kerç boğazına keçib, necə olub onu tutublar, detallar bəlli deyil.
- Ukrayna ilə Rusiya arasında gərginlik başlayan ilk vaxtlarda slavyan xalqları arasında bu səviyyədə qarşıdurmanın olacağı inandırıcı görünmürdü...
- Mən ümumiyyətlə, dünyada müharibə olmasını istəmirəm. Kimlərsə pul qazanır, amma günahsız insanlar həlak olur. Mən heç sərhədlərin belə olmasının tərəfdarı deyiləm, çox sülhpərvər insanam, bugünkü faktlar isə göstərir ki, müsəlman ölkələrlə xristian ölkələr bir-biri ilə vuruşur. Pul hər şeydə üstün gəlməyə başlayıb. Ruslar Ukraynada, ukraynalılar Rusiyada yaşayır, bir qardaş burada, bir qardaş o biri tərəfdə yaşayır, axırda qardaş qardaşı vurdu. Suriyada, Gürcüstanda və başqa ölkələrdə də eyni proseslər yaşanır. İstərdim ki, hamı mehriban şəraitdə yaşasın. Bu yaxınlarda bir video izlədim, müəllim içində sarı güllər olan qutunu şagirdlərin qabağına qoyub deyir, buna baxın, necədir? Qəşəngdir? Hamı təsdiqləyir ki, çox qəşəngdir. Sonra bir qırmızı, bir göy rəngli gülü sarı güllərlə qarışdırır, soruşur ki, indi necədir? Şagirdlər cavab verir ki, indi lap qəşəngdir. Çatdırmaq istəyir ki, müsəlmanlar, xristianlar, yəhudilər birgə mehriban yaşasalar, dünya gözəl olar. O videodan zövq aldım. Mən də istərdim ki, dinindən asılı olmayaraq, hamı firavan yaşasın. Elə olur xristianla müsəlman, müsəlmanla xristian ailə həyatı qurur.
Müəllif: Nərgiz Ehlamqızı