Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də
onun silahlı qüvvələridir. Azərbaycan ordusunun 1918-ci ildən başlayan keşməkeşli
və şərəfli inkişaf yolu hərb tariximizin möhtəşəm səlnaməsidir. Sevindirici haldır ki,
zamanın sınağından alnıaçıq, üzüağ çıxan silahlı qüvvələrimiz istənilən hücumdan
qorumağa qadir bir qüvvə kimi günümüzün danılmaz reallığına çevrilmişdir. Bu uğuru
ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında azadlıq və müstəqillik ideyalarının
tam təmin olunması naminə hazırlanan ordu quruculuğu konsepsiyasının təntənəsi
kimi dəyərləndirmək olar. Xalqımızın dahi oğlu 1971-ci il iyunun 20-də Cəmşid
Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin təşkil olunmasına, həmçinin daha
çox azərbaycanlı gəncin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik
məktəblərinə, eləcədə SSRİ-nin digər hərbi məktəblərinə qəbul edilməsinə nail
olmaqla bu günkü müstəqil dövlətimiz üçün peşəkar zabit kadrlarının hazırlanması
işinin əsasını qoydu.
Müstəqillik əldə etdikdən sonra yaranmış çətin vəziyyətlə əlaqədar olaraq
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda
siyasi hakimiyyətə qayıtdı. Onun müstəqil dövlət quruculuğu istiqamətində tarixi
xidmətlərindən biri də Azərbaycan silahlı qüvvələrini ağır böhranlı vəziyyətdən
çıxarması, ordunu siyasi oyunlardan kənarlaşdırması oldu. Ulu Öndər zəngin
dövlətçilik təcrübəsi, qətiyyətli və ardıcıl siyasəti ilə çox mürəkkəb şəraitdə ordu
quruculuğuna yeni məzmun verdi və ölkədə müasir ordu formalaşdırılmasının əsasını
qoydu. Azərbaycanda hərbi quruculuq işləri bu gün də yüksələn xətlə inkişaf edir.
Bunun ən başlıca səbəbi isə Azərbaycan Respublikasının Prezidenti, silahlı
qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət başçısı postunda
fəaliyyətə başladığı ilk gündən Ümummilli Liderimizin həyata keçirdiyi strateji
əhəmiyyətli tədbirləri və ənənələri uğurla davam etdirməsi, o cümlədən, ordu
quruculuğu işini prioritet elan etməsi ilə bağlıdır.
Azərbaycan ordusu 30 illik yurd nisgilindən sonra, nəhayət ki, Qarabağda
qəhrəman bir savaşla tarixi zəfər qazandı, üzücü işğal dövrünə son qoydu. Müzəffər
Ordumuzun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən
sonra təcavüzkar dövlətin hərbi-siyasi rəhbərliyini ölkəsinin məğlubiyyətini
rəsmiləşdirən 10 noyabr tarixli Azərbaycan – Ermənistan – Rusiya bəyanatını
imzalamağa məcbur etdi. Azərbaycan dövləti öz iradəsi və gücü ilə BMT
Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu.
Ermənistan ordusu barədə 30 il müddətində formalaşdırılan “yenilməz ordu” mifi
darmadağın edildi, erməni cəmiyyəti ilk günlərdən ruh düşkünlüyünə uğradı, daxili
vəziyyət getdikcə gərginləşdi. Azərbaycan Ordusunun en¬dirdiyi sərrast, güclü
zərbələr nəticəsində qısa dövrdə Ermənistanın 3 milyard dollar məbləğində hərbi
texnika və silah-sursatı sıradan çıxarıldı. Ciddi məğlubiyyət fonunda təcavüzkar
ölkədə hərbi xidmətdən boyunqaçır¬ma və fərarilik halları geniş vüsət aldı.
İmzaladığı təslim aktına əsasən, işğalçı Ermənistan qoşunlarını işğal edilmiş
ərazilərdən, o cümlədən Ağdam, Laçın və Kəlbəcər rayonlarından çıxarmaqla
razılaşması birmənalı olaraq Azərbaycan Ordusunun tarixi qələbəsidir.
Rahim SƏRXANLI
Masallı Dövlət Regional Kollecinin hərbi rəhbəri