Bu gün sabaha yaxın ölkənin əsas rusdilli portalı olan haqqın.az saytında araşdırmaçı jurnalist Eynulla Fətullayevin bir məqaləsi dərc olunub. Məqalə “APA agentliyi niyə bağlandı?!” adlanır.
Yazının linki burada https://haqqin.az/news/134211
Bu yazıda Eynulla Fətullayev APA Holdinqin fəaliyyətinin dayandırılması barədə özünün versiya və məlumatlarını paylaşır. O, burada iki səbəb göstərir - əsas səbəb kimi bu agentliyin ölkə prezidenti İlham Əliyevin Ermənistan barədə çıxışını ciddi təhrif etməsini irəli sürən E. Fətullayev yazır: “İlham Əliyev Köçaryan-Sarkisyanın simasında Ermənistanın sabiq rəhbərliyinin, Qarabağ klanının fəaliyyətinin üzərində böyük ölçüdə dayandı. Və Ermənistanın yeni rəhbərliyi barədə fikir yürüdərək bəyan etdi ki, əgər Paşinyan hakimiyyəti də Sarkisyanın Qarabağ siyasətini əvvəlki məcrada davam etdirsə, o zaman Azərbaycan Ermənistanı sarsıtmaq üçün hər şeyi edəcək. Razılaşın ki, “diz çökdürmək” söz birləşməsi ilə “sarsıtmaq” ifadəsi arasında kifayət qədər böyük fərq var. Müharibə vəziyyətində olan dövlətin başçısının dilindən səslənən hər bir kəlmə, hətta o sözün tələffüzü təkcə cəmiyyət daxilində yox, eləcə də beynəlxalq birlikdə birmənalı olmayan reaksiyalar doğura bilər. “Diz çökdürmək” ifadəsi hələ Qarabağ münaqişəsinin tənzimlənməsinə dair dəqiq və aydın konsepsiya formalaşdırıb, müəyyənləşdirməmiş hakimiyyətə müharibə elan etmək kimi yozula bilər.
Başqa tərəfdən, prezidentin, lap istənilən siyasətçinin çıxışlarına sərbəst interpretasiya ilə yanaşmaq jurnalistin peşə etikasına nə qədər uyğundur?”
ÐаÑÑинки по запÑоÑÑ eynulla fÉtullayev
Daha sonra isə Eynulla Fətullayev APA Holdinqdə yüksək vəzifə tutan (vitse-prezident) Şahin Cəfərlinin iqtidar əleyhinə sosial şəbəkələrdə yazdığı kəskin tənqidlərə toxunur və həmin yazıların scrin-shotlarını məqalədə göstərir. E.Fətullayev hesab edir ki, iqtidaryönümlü bir agentlikdə işləyib, sonra da sosial şəbəkələrdə həmin iqtidarı tənqid etmək ikiüzlülükdür, yolverilməzdir. E.Fətullayev məqaləsində daha bir APA-çıdan yazır. Bir zamanlar APA ilə Avropa Şurasında əməkdaşlıq etmiş Fuad Qulubəyli barədə. Fətullayev yazır: “O da aktiv sosial şəbəkə üzvüdür. O da hakimiyyətin düşmənlərinin, müxalifətin güzəştsiz, qızğın tərəfdarıdır. Fuad Qulubəyli hakimiyyət agentliyini Avropanın ürəyində bax, bu cür təmsil edirdi. APA-nın bağlanmasına hələ bir müddət qalmış Fuad hakimiyyətə açıq-aşkar rişxənd edirdi: “Bizi Konstitusiyaya dəyişikliklərə dair referendumda iştirak etmək üçün səfirliyə daşımağın nə mənası var? Məgər bizim səslərimiz nəyisə həll edir? Hər şey bizim səsimiz olmadan həll edilir” (25 sentyabr 2016-cı il tarixli qeyd).
F.Qulubəyli özünü o qədər buraxır ki, Azərbaycanda keçirilən prezident seçkilərini də ələ salır, istehzayla etiraf edir: “Təxminən 127 ildən sonra Azərbaycanda, Fransada olduğu kimi, prezident yenidən 5 il idarə edəcək”. F.Qulubəylinin tənqidi çıxışlarından yeni sitatlar gətirməyin mənası yoxdur. Sosial şəbəkələrin bütün iştirakçıları onun Azərbaycan hakimiyyətinin ünvanına gündəlik hiddətli atmacalarını izləyir. Və, əlbəttə, o, hakimiyyət agentliyi APA-da işləyir. Həftə sonu istirahətini isə İlham Əliyevin ən barışmaz tənqidçiləriylə, məsələn, karikaturaçı Gündüz Ağayevlə keçirir”.
Ən sonda E. Fətullayev bütün bunları APA-nın tarixində ağ ləkələr adlandırır. Fətullayev hesab edir ki, bütün bunlar doğru deyil. İqtidaryönümlü media quruluşunda çalışanlar iqtidarı, onun siyasətini tənqid etməməlidir.
“Hakimiyyətin pulu ilə yaşamaq və onu ələ salmaq, ona lağ etmək. Həyasızlıq, vicdansızlıq, vecsiz şaşqınlıq!
Doğrudanmı APA-da labüd araşdırma aparılması barədə bəyan edən agentlik rəhbərliyi öz əsl niyyətlərini və hisslərini sarkazm və soyuq sinizm maskası arxasında gizlədən əməkdaşlara və rəhbərlikdə təmsil olunanlara eyham edirdi? Axı bu jurnalistlərə prezidentə öz səmimi münasibətlərini açıq ifadə etməsinə, müxalifət səfində yer almasına, müqavimət jurnalistikasına adlamasına, həmin o Meydan TV-yə qoşulmasına, cəmiyyətin və ölkənin həyatı haqqında “öz həqiqəti”ni doğru-dürüst şəkildə, yalana, sinizmə yol vermədən yazmasına nə mane olurdu? Səhər-səhər iqtidara sədaqət andı içmək, gecə öz çatışmazlıqlarına əsəbiləşərək öz-özünü təkzib etmək nə üçündür? Bu məntiqi necə başa düşək? Bu, ziddiyyət ruhunu necə izah edək? Bu, nədən xəbər verir? Vətəndaş mövqeyinin olmamasından, yoxsa yarınmaqdan, sinizmdən, ya da şərəfsizlikdən?
Hakimiyyət agentliyi APA-nın tarixindəki ağ ləkələr belədir...” (Yazının və sitatın sonu)...
APA Holdinq üzərində böyük oyunlar oynanır
ÐаÑÑинки по запÑоÑÑ vüsalÉ mahirqızı
Bütün bu iddialara APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı özünün Facebook profilindən cavab verib. V. Mahirqızı cavab yazısında ilk öncə onu bəyan edir ki, APA Holdinqin üzərində böyük oyunlar qurulduğunu bilir: “Amma bu oyunu quranların bu qədər açıq müstəvidə və iyrəncliklə oynayacaqlarını təsəvvür eləmirdim, açığı. Görünür, mənim səbrim və sükunətim əsəblərini dözdürmədi.
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında APA-nın səhvə, hətta kobud hesab ediləcək səhvə yol verməsi bu şirkət üzərində oyunlar oynayanlara fürsət verdi.
Məsələnin mahiyyətində əslində nə dayanır: APA bütün mətnləri Azərbaycan dilində hazırlayır. Səhvə yol verən əməkdaşımız Ramiz Cürənov (Mikayıloğu) Prezidentin çıxışını AZTV-nin saat 17.00 buraxılışından yazıb. Burda yalnız bir məqsəd olub, məlumatı operativ şəkildə yazmaq və yaymaq. Ramiz illərdir ki, Prezidentin tədbirlərini işıqlandırmaq üçün ezam olunub və heç vaxt səhvə yol vermədən bu işi görüb.
Çıxış Azərbaycan dilində yazılıb və orada yanlış olaraq “Ermənistan daha da sarsıdılacaq” ifadəsinin əvəzinə “Ermənistan çökdürüləcək” ifadəsi yer alıb. Rus dilinə tərcümədə isə ifadə “Ermənistan diz üstə çökdürüləcək” kimi kobud tərcümə xətası ilə tərcümə edilib.
Online media ilə məşğul olan hər kəs bilir ki, gün ərzində 700-800 xəbərin istehsal olunduğu yerdə belə xətalar ola bilir. Buna nə qədər bəraət qazandırmaq mümkünsüz olsa da, təəssüf ki, səhvlərdən qaçmaq olmur.
Dövlət agentliyində və Prezidentin rəsmi saytında həmin çıxışın mətni yayılan kimi bizim əməkdaşlar dərhal APA-dakı mətnləri bir qayda olaraq onlarla müqayisə edirlər. Mətnlər müqayisə olunub və ifadə səhvi görülən kimi dərhal dəyişdirilib.
Lakin məndən fərqli olaraq rusdilli Eynulla Fətullayev Prezidentin nitqindən yanlış yazılmış və çox kobud səslənən həmin ifadəni saytının başlığında yerləşdirib və Prezident Administrasiyasının müdaxiləsi olmayana kimi də dəyişdirməyib. Hətta dərhal yazının içində APA-dan olan “screen-shot” da peyda olub. Azərbaycanda yüzlərlə sayt, televiziya, agentlik, qəzet APA-nn minlərlə xəbərinə istinad edib, kim indiyə qədər “screen-shot” bazası yığıb?!
Prezidentin mətbuat xidmətinin rəhbəri mənə zəng edəndə artıq APA-da bu yanlış düzəldilmişdi. Lakin mən Azər Qasımova bildirdim ki, biz buna görə Prezidentdən də , oxuculardan da üzr istəyəcəyik və üzr istədik.
Bu hadisədən dərhal sonra şirkət saytları dayandırıb, bunun təxribat olub-olmadığı araşdırılır.
Lakin görünən odur ki, paralel araşdırmanı da Eynulla Fətullayev yəqin ki özündən daha çox sifariş aldıqları ilə bir yerdə aparıb və APA-nın bir daha fəaliyyət göstərməməsi üçün “dəlillər” tapıb. Hətta bu dəlillər əlində hazır olduğu üçün hər dəfə mənə “canıyananlıqla” zəng edəndə “APA-nın kitabı bağlandı” fikrini əminliklə deyirdi.
Deməli, APA bağlanan kimi dərhal bu şirkətdə çalışmış şəxslərin sosial şəbəkə dosyelərinin araşdırılmasına başlanıb.
Əvvəla, APA-da işləyənlərin bir qismi vaxtilə aktiv müxalif fəaliyyəti olmuş, digərləri isə müstəqil jurnalistlərdir. Bunun belə olduğu kimə sirr idi ki? İkincisi, müstəqil media orqanı orda hansısa müxalif fikirli jurnalistin işləməsinə görə niyə şantaj olunmalıdır ki? APA və ya Vüsalə Mahirqızı sosial şəbəkədə 187 əməkdaşının nə yazdığını, necə yazdığını güdməlidir? Hələ mən o tərəfini demirəm ki, Eynullanın bizim üçün “komplo” hesab etdiyi şəxslər xeyli vaxtdır ki, APA Holdinqdə işləmirlər.
Eynullanın “Real”çı dediyi Şahin Cəfərli bu il iyul ayının 10-dan bəri APA Holdinqdə çalışmır. Özü də siyasi təyinatı doğru yazmaq lazımdır, Şahin mövqe etibarilə müsavatçıdır, amma bildiyim qədərilə o partiyanın da üzvü olmayıb. Şahinin illərdir ki, sosial şəbəkədə yazdığı statuslar Azərbaycan saytlarında, televiziyalarında yayılır, özü isə verilişlərə dəvət olunur.
Lakin son vaxtlar daha çox analitik kimi fəaliyyət göstərdiyi və bunun şirkətin maraqları ilə üst-üstə düşmədiyi üçün öz ərizəsi ilə işdən ayrılıb. Bunu mən Eynulla Fətllayevdən əvvəl ona bu yazını hazırlatdıranlara da demişəm.
Fuad Qulubəyli isə heç vaxt APA-nın ştat əməkdaşı olmayıb, həmişə Avropa Şurasında bizimlə əməkdaşlıq edib. Lakin azı bir ildir ki, o, APA ilə belə əməkdaşlıq etmir. Konkret AŞ PA-nın sonuncu sessiyasında APA-nın London müxbiri Aytən Abbaslı Strasburqa ezam olunub, orda işləyib və bütün reportajlarda imzası yayımlanıb. Növbəti sessiyadan azı iki ay keçib.
Mən başa düşürəm, araşdırmalar müsbət nəticə verir, xüsusi, “dişə vurulası” nəsə tapılmır. Allah heç kimi APA-nın keçmiş əməkdaşlarının “facebook” statuslarının ümid qalacaq qədər aciz duruma düşürməsin.
Oysa ki, APA-nın əməkdaşları “milyarderlər ittifaqı” yaradıb, birbaşa Prezidentin əleyhinə işləyən Abbas Abbasovun, Telman İsmayılovun çağırışı və maliyyəsi ilə “biznes klass”larda sifarişli səfərlərə gedib, onlarla içki süfrəsinə oturmurlar. Halbuki bir jurnalistə bu yaraşar, bir media rəhbərinə isə əsla və əsla.
APA Azərbaycanın ən böyük informasiya yayıcısı idi, burda 187 nəfər çalışırdı. Azərbaycan informasiya məkanında təminatın 70-80 faizini bu media şirkəti edirdi. Sosial şəbəkələrin Azərbaycan seqmentində 1 milyona qədər istifadəçisi olan səhifələrdə xəbər yayımı ilə məşğul idi. APA-nın olmaması təkcə ölkənin media məkanını deyil, həm də ictimai-siyasi sferasının xəbər təminatını, ölkədə fikir formalaşdırmaq cəhdinin eynullalardan asılı edir. Və ən mühüm cəhət, mən APA-nı heç vaxt məmur davalarının poliqonuna çevirmədim. APA heç vaxt heç kimin kürəyindən bıçaq saplamaq üçün istifadə edilmədi, heç vaxt heç kimin qırmızı xəttini keçmədi.
O ki qaldı mənə. Mən Dövlətə, Millətə və Prezidentə hər zaman sadiq olmuşam. Bunu sübut edəcək işim, yaratdığım layihələr, tam 20 illik media fəaliyyətim ortadadır. Bundan artıq nəsə demək istəmirəm.
Eynullaya “həmkar” olaraq nəsə yazmaq istəyirəmmi, əlbəttə yox! Amma məni və APA-nı ona şərlədənlərə deyəcəyim bircə kəlmə var: məni ləkələyəcək adam Eynulla deyil! Heç olmasa, seçəndə iradəsi, yolu, siyasi əxlaqı özümə tən olan birini seçərdiniz. Bu hakimiyyətə, bu Dövlətə bu boyda pisliyi eləməyin!”
Yazıda adı çəkilən Şahin Cəfərli də E. Fətullayevin ittihamlarına reaksiya verib. Musavat.com xəbər verir ki, Ş. Cəfərli özünün Facebook səhifəsində yazıb ki, o, APA-dakı işindən istefa verib: "Mən bu il iyulun 10-dan bəri APA-da çalışmıram. İşdən ayrılmaq barədə ərizəni isə o tarixdən də əvvəl yazmışam"...
Musavat.com-dan: Həmkarlarımız və oxucularımız bizi başa düşər: ölkənin media sektorunda sadə olmayan proseslər baş verir. Biz buna seyrçi qala bilmərik. İttiham edən və cavab verən tərəflərin bütün fikir çalarlarını eyni yazıda verməklə, oxucumuza və cəmiyyətə məlumatlanmaq imkanı yaradırıq.
Musavat.com