AXTAR

ABŞ və Avropadan Qarabağ münaqişəsinin həllində yeni fəallıq gözlənilir

tillerson aliyev

 

Cənubi Qafqazda sülhün bərqərar olması vaxtıdır, çünki “dolan bulud boşalmalıdır”

Son vaxtlar yenə Qərbdə belə fiikrlər səslənir ki, ABŞ və Avropa Cənubi Qafqazda fəal olmalı, Qarabağ münaqişəsinin həllində aktiv iştirak etməlidirlər. ABŞ Ordu Kollecinin professoru, Xarici Əlaqələr Şurasının baş elmi əməkdaşı Stiven Blankın “Newsweek” həftəliyində dərc edilmiş məqaləsində toxunulan bu mövzu üzrə müəllif yazır: “Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp çox güman ki, G20 ölkələri sammitində görüşləri zamanı başqa ölkələrin daxili işlərinə qarışmağı məhdudlaşdırmağa razılaşıblar. Lakin bu razılaşma Rusiyanın xarici siyasəti ilə ziddiyət təşkil edir, çünki Rusiya Azərbaycan, Ermənistan və Gürcüstan hökumətlərinin müstəqil siyasət aparmaq imkanlarını məhdudlaşdırmağa can atır”.
Qərb dövlətlərinin diqqətlə izlədiyi və ehtiyatlandığı bir məsələ Stiven Blank öz məqaləsində təkrarlayır. Bu, Rusiyanın Qafqaz siyasətinə aiddir. Müəllif bildirir ki, Rusiya hələ də Azərbaycan, Ermənistan və Gürcüstan üçün təhdid mənbbəyi olaraq qalır. Bu fikir təzə olmasa da onun yenidən gündəmə gətirilməsi Qərbin Qafqaz siyasətində fəallaşacığına işarədir. Analitikin fikrinə görə, bu baş verməsə, Afvropanın təhlükəsizliyinə ciddi təhdid yaranacaq. Həqiqətən, «Cənubi Qaz Dəhlizi»nin yaranması ilə Aİ ölkələrinin Rusiyanın enerji asılılığından azad edilməsi birbaşa olaraq mümkün olacaq. Bəlkə də kiməsə, Bakının enerji ehtiyatları bu işdə bəs etməz. Lakin məsələ tək ehtiyatların həcmi ilə ölçülmür. Düzdür, Azərbaycanda hasil olunan bugünkü mavi yanacağın həcmi ilə Avropanın bir neçə ölkəsini uzun müddət təmin etmək oloar. Lakin ölkədə yeni yataqların açılması prosesi gedir və kəşf edilməmiş ehtiyatlar olduğu haqda güclü elmi mülahizələr mövcuddur. İkincisi də bu kəmər tək bir ölkə ilə bitmir, gələcəkdə «Cənub Qaz Dəhlizi» ilə öz qazını Avropaya nəql etməyə ən azı 3-4 ölkə onun hazır olmasını gözləyir. Buna görə də Qərbin Qafqaza geostrateji marağı son dərəcə aktuallıq kəsb etməyə başlayıb. Bu səbəbdən Stiven Blank yazır: “Qərb sadəcə olaraq nəzərlərini kənara çəkməklə işini bitmiş saya bilməz, Avropanın təhlükəsizliyi Cənubi Qafqazın təhlükəsizliyi ilə birbaşa bağlıdır”.
Stiven Blank həyəcan təbili çalaraq Qərbi regionda fəallaşmağa çağırır. Məqalədə Qarabağda bu günlərdə ermənilərin açdığı atəşlə azərbaycanlı qadının və 2 yaşlı nəvəsinin həlak olması məsələsinə də toxunulur və bu, “münaqişənin hələ qaynadığını, istənilən vaxt alovlana biləcəyini göstərən” olay kimi dəyərləndirilir. Lakin müəllif onu da qeyd edir ki, Obama administrasiyasından fərqli olaraq yeni administrasiya Qafqaz və onun problemlərinə diqqətlə yanaşır. ABŞ-ın dövlət katibi Reks Tillersonun bu yaxınlarda Prezident İlham Əliyevlə görüşməsi və xeyli söhbət etməsi buna sübut göstərilir.
Prinsipcə, xarici siyasətdə güclü dövlətlərin mənafeyinin nəzərə alınması ilə qərar qəbul edilməsi qayda, bəlkə də ustalıqdır. Azərbaycan da bu yolla gedir. Amma hər halda Amerikalı analitikin Qərbi ləngimədən regionda hərəkətə keçməyə çağırması müsbət hadisədir və dəyərləndirilməlidir. Ancaq nə Rusiyanın, nə də Qərbin Qafqaz siyasətindəki fəallıq dərəcəsi Azərbaycanın müstəqil siyasətini əngəlləyə bilməz.

İKSmedia.az

Oxşar məqalələr