Rusiya və KTMT-yə digər üzv dövlətlər Ermənistana ciddi münasibət sərgiləmir
Məlumat verildiyi kimi mart ayının əvvəlində Ermənistanın prezidenti Serj Sarkisyan Fransaya səfərində fransız iş adamları ilə görüşüb. Ölkəsinin ağır və çıxılmaz görünən iqtisadi vəziyyətini çiçəklənmə dövrü kimi qələmə verərək fransız investorlarını Ermənistana dəvət edən Sarkisyan əvəzində xəfif təbəssümdən başqa heç nə görməyib. Fransa prezidenti Fransua Olland isə “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əvvəlcə orada referendum keçirib statusu müəyyənləşdirmək lazımdır” təklifi ilə Serji başından edib. Bu, lap “uşaq əlinə şirniquş verməyə” bənzəyir, çünki dövlətlərin əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Elə həmin görüşdən bir neçə gün sonra Azərbaycan Prezidentinin Fransaya rəsmi səfəri çərçivəsində Olland Azərbaycanı tam dəstəklədiyini bəyan edib.
Fransadan Rusiyaya gedən Serj Sarkisyan isə həmişə hər şeydən narazı qalan xislətini biruzə verib. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MQIMO) çıxış edən Ermənistan prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tənqid edib. O deyib ki, müqavilə iştirakçısı olan dövlətlər arasında hərbi-siyasi münasibətlər quruma daxil olmayan üçüncü ölkələrlə hərbi əlaqələrə nəzərən prioritet xarakter daşımalıdır.
Məlum məsələdir ki, üçüncü ölkə dedikdə o, Azərbaycanı nəzərdə tutub. Ola bilsin ki, Sarkisyan bununla Rusiyaya təsir etməyi düşünüb. Amma digər bir məlum məsələ də var ki, Ermənistanın KTMT-yə üzvlüyü sadəcə, say artıqmaq məqsədini güdüb. Çünki, onsuz da Rusiyaya lazım olan təqdirdə Ermənistan KTMT-yə üzv olda, ya olmadı, Ermənistan ərazisində yerləşdirdiyi 102-ci hərbi bazanı hərəkətə gətirəcək. Nəzərə almaq lazımdır ki, ötən ilin aprelində Ermənistan qoşunlarının təmas xəttindəki təxribatlarına cavab olaraq düşmənə verilən “dərs” Sarkisyanı yaman əndişələndirib. Onun KTMT-ə üzv olmaqla xəyalında baş qaldıran arzuları daşa dəyib. Çünki, kollektiv təhlükəsizlik təşkilatının üzvləri başda Rusiya olmaqla Azərbaycanın hücumuna qarşı silahlı müqavimət göstərmək nədir, heç bir söz belə deməyiblər. Sadəcə, Rusiya atəşkəs olunması üçün qollarını çırmalayıb. Bu isə o deməkdir ki, nəinki Rusiya, o cümlədən digər üzv dövlətlər də Ermənistana ciddi münasibət sərgiləmir. Yəni, bu ölkənin varlığı yoxluğuna bərabərdir. Xüsusilə, Belarus prezidenti Aleksandr Lukaşenkonun İrəvanda oturmuş Serj Sarkisyan komandasına etinasız münasibəti erməniləri pərt edib.
Lakin iş bununla bitmir. Məsələ burasındadır ki, Ermənistanla müttəfiqlik müqaviləsi bağlayanlar Azərbaycanla isti münasibətlərə can atır və bunu gizlətmədən açıq-açığına edirlər. Bu hal isə erməniləri nəinki pərt edir, sadəcə onları gələcək taleləri haqda bədbinliyə sürükləyir. Bu azmış kimi Azərbaycan Rusiyadan istədiyi silahı alır və hərbi hazırlığını aydan-aya artırır. İndi Sarkisyanın yuxusunu ərşə çəkdirən səbəblərdən biri də sadalanan faktlara görə Ermənistanda onu tənqid edən əleyhdarlarının güclənməsi və kütləvi şəkil almasıdır. Axı, özü kimi erməni quldurları başına yığıb Xocalıda soyqırımı törədəndə, azərbaycanlıları qanına qəltan edəndə o, hamını əmin edirdi ki, həyatları gözəlləşəcək, nağıllarda deyildiyi kimi “yağ-bal içində” yaşayacaqlar. Həmin vaxtdan 25 il keçib və indi erməni xalqının 90 faizi yaşadıqları həyatı lənətləyirlər. Hər il isə 100 min nəfər kasıbçılıq ucbatından ölkəni tərk edir.
Aprel seçkilərindən sonra nə olacaq, onu allah bilir. Çünki, Sarkisyanın vəzifə səlahiyyətləri 2018-ci ildən sonra xeyli dərəcədə əlindən çıxacaq və müqəvva təsiri bağışlayacaq prezidentə hücumlar yəqin ki, kəskinləşəcək. Bu da ona bir dədrddir...
İKSmedia.az