Avropada yaşayan azərbaycanlılar prezident İlham Əliyevə dəstək nümayiş etdirmək məqsədilə Parisin Joffre meydanında – Sülh divarının yaxınlığında aksiya keçiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, mitinqdə 400-dən çox həmvətənimiz iştirak edib.
Aksiyada “Paris Azərbaycan Evi”nin rəhbəri və Azərbaycanın Dostları Assosiasiyasının Baş katibi Mirvari Fətəliyeva, Adela Naibova, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Parlamentinin üzvü Jan Fransua Mansel, Assosiasiyanın İdarə Heyətinin üzvləri Jérome Beguin, Fransa Senatının üzvləri Natali Quli, Andre Reyhart, diaspor fəalı Rza Zeyniyev və digəriləri çıxış edərək prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində siyasətinə dəstək nümayiş etdirib, Azərbaycan dövləti ilə həmrəy olduqlarını bildiriblər.
Mitinq iştirakçıları prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regionda müstəqil siyasət yürütdüyünü vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan güclü orduya, inkişaf edən iqtisadiyyata və yüksək beynəlxalq nüfuza malik dövlətdir.
Aksiyada, həmçinin beynəlxalq ictimaiyyətdən Ermənistanın təcavüzkar, işğalçı siyasətinə qarşı qətiyyətli mövqe nümayiş etdirməsi, Xocalı soyqırımına hüquqi qiymət verməsi tələb olunub.
Mitinqdə iştirak edənlər bir milyondan çox həmvətənimizin məcburi köçkünə çevrilməsinə, Ermənistanın təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların hüquqlarının pozulması faktına dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların laqeyd münasibətinin ciddi narahatlıq doğurduğunu vurğulayıblar.
Aksiyada, həmçinin qeyd olunub ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olan Fransa ilə ikitərəfli əlaqələr yüksək səviyyədə inkişaf edir. Dövlət başçılarının, hökumət və parlament nümayəndələrinin qarşılıqlı səfərləri, siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı bu əməkdaşlığın daha da genişləndirildiyini göstərir.
Əllərində Azərbaycan və Fransa bayraqları tutan mitinq iştirakçıları “Cənab Prezident, biz sizi dəstəkləyirik!”, “Ermənistan, işğaldan və terrordan əl çək!", "Biz torpaqlarımızı hökmən azad edəcəyik!", "Xocalıya ədalət", "Xocalı soyqırımı insanlığa qarşı cinayətdir!", "Terrora və soyqırımına yox deyirik!" kimi şüarlar səsləndirib, plakatlar qaldırıblar.
Aksiyanın sonunda mitinq iştirakçılarının bəyanatı oxunub. Mitinq zamanı yerli sakinlərə və şəhərin qonaqlarına Azərbaycan həqiqətlərini əks etdirən broşurlar paylanılıb.
Aksiya “Paris Azərbaycan Evi”nin təşkilatçılığı, eləcə də Nantda fəaliyyət göstərən Fransada Azərbaycan Mədəniyyət Assosiasiyası, Le Mans, Le Val, Anji şəhərlərində fəaliyyət göstərən Azərbaycan icmalarının təşkilati dəstəyi ilə baş tutub.