AXTAR

Siyasilərin riyakarlığı fonunda silahların guruldaması qaçılmazdır

qarabag gorushu

 

Avropa yetkililəri sülhdən danışsalar da, ona doğru getməyi düşünmürlər

ATƏT Parlament Assambleyasının (PA) qış sessiyasında təşkilatın baş katibi Lamberto Zanyer bildirib: “Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət narahatlıq doğurur”. Belə ki, L. Zanyer lap bu yaxınlarda keçirilmiş Münhen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb. Görüşdən sonra regiondakı vəziyyəti dəyərləndirən baş katib deyib: “Ötən il orada böyük eskalasiya baş verdi. Lakin bu il həmin ərazidə hələ də ağır silahlar var və bu, dinc insanların ölümünə səbəb olur. Ötən il atəşkəsdən sonra ən çox qurban verildiyi il olub. Biz bundan xəbərdarıq və narahatıq. Siyasi proseslərdə impulsa ehtiyac var. Problem ondadır ki, mən bu impulsu görmürəm. Biz monitorinq aparanların sayını artırmaqla bu prosesə kömək etməyə çalışırıq. Biz daha çox iş görməyə hazırıq. Hətta insidentlərin araşdırılması mexanizmini işə salmağa çalışırıq. Amma hətta bunun üçün belə tərəflərin razılığına ehtiyac var”.
Artıq neçənci dəfədir ki, ATƏT baş katibi seçilmiş şəxsdən bu cür eyni məzmunda bəyanatlar eşidilir. Təşkilatın baş katibləri dəyişilir, eyni bəyanatlar təkrar olunur, yeni gələn köhnənin dediklərinə cavabdehlik etmir və sairə bu kimi mənasız işlər də davam edir, Ermənistanın Azərbaycan torpaqlarının işğalı da… Bu təşkilatın strukturu lap elə bizim AXC-nın yarandığı vaxtlardakı iş prinsipinə bənzəyir. O vaxt cəbhənin hər bir özəyinin 7 sədri var idi. Həftənin hər günü bir nəfər təşkilata sədrlik edirdi. Bugünkü sədrin verdiyi tapşırığı sabahkı sədr heç yada da salmırdı və bu mümkün olan iş deyildi. Yadımdadır ki, o vaxt bu vəziyyəti yazılardan birində tənqid etmişdim ki, bu hal qəsdən yaradılıb. Tapşırıq yerinə yetirilir ya yox, buna heç kim məsuliyyətli deyil. Bugünkü söz sabah unudulur. Gündə bir nəfərin sədr olması ona görə idi ki, deyilən sözlər boşuna getsin və unudulsun. İndi bu ATƏT də həmin gündədir. Onun baş katibləri heç bir məsuliyyət daşımadan bəyanatı bəyanat dalınca səsləndirir, amma nəticə etibarilə ortada heç nə yoxdur. Onda bu bəyanatlar nəyə gərəkdir?
Keçən ilki aprel döyüşlərindən sonra avropalıların bəyanatında “insidentlərin araşdırılması mexanizmi” ifadələri də daimi ünsürə çevrilib. Amma “dostlarımızın” verdiyi təklifin həyata keçməsi üçün bir şərt var: tərəflər buna razılıq verməlidirlər. Azərbaycan bu işə razılıq vermədiyinə görə təklif deyildiyi kimi də qalır. Niyə? Məsələ burasındadır ki, avropalılar “tərəflər” deyəndə kimləri nəzərdə tuturlar, açıqlamırlar. Üstəlik, araşdırma mexanizmi üzrə qurğuları Azərbaycanın işğal edilmiş ərazilərində quraşdırmaq fikrindədirlər. Soruşulur: Niyə? Çünki, sülh istəyən şəxs həmin mexanizmləri Azərbaycan-Ermənistan sərhəddində yerləşdirməlidir. Bu, birinci məsələ. İkinci məsələ də odur ki, Dağlıq Qarabağ münaqişəsində status-kvonun təhlükəli olduğu hamı tərəfindən etiraf edilir. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq sənədlərin hamışında təsbit olunub. Amma bu prinsipin həyata keçirilməsinə ciddi şəkildə mane olan Ermənistana qarşı hər hansı sanksiyanın tətbiq edilməsinin yaxud tənqidin şahidi olmuruq. Belə olan təqdirdə ATƏT-in baş katibinin və ya hər hansı yetkilisinin verdiyi bəyanat mənasız söz yığınından başqa bir təsir gücünə malik deyil. Bu təşkilatın səlahiyyətsizliyi o dərəcədə açıqdır ki, məcburuq deyək “ATƏT-də çalışanlar da bizim mənzil-istismar sahələrinin işçiləri kimi havayı maaş alırlar”.

İKSmedia.az

Oxşar məqalələr