AXTAR

Serj Sərkisyan Müdafiə Nazirliyinə yollanıb dedi: “Azərbaycandan birtərəfli güzəştlər istəmirik...”

serj ve mudafie

 

Bu gün Ermənistan prezidenti Serj Sərkisyan Müdafiə Nazirliyinə gedərək ordunun komandan heyəti ilə görüşüb, onların qarşısında nitqlə çıxış edib.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Sərkisyan çıxışında əsasən Ermənistanda apreldə keçiriləcək parlament seçkiləri və ölkənin parlament üsul-idarəçiliyinə keçidinə hazırlıqla bağlı danışıb.
Ermənistan prezidenti deyib ki, silahlı qüvvələr partiyalardan və siyasətdən kənardadır. Onun sözlərinə görə, müdafiə naziri Vigen Sərkisyan hakim Respublika partiyasının seçki siyahısına başçılıq etsə də heç bir seçkiqabağı təbliğat aparmayacaq və səlahiyyətlərinin icrasına zidd addımlar atmayacaq. “Orduda partiyalararası müzakirələr olmayacaq, və biz də belə müzakirələri orduya yeritməyəcəyik. Üstəlik xəbərdarlıq edirəm ki, belə hallara görə cəza nəzərdə tutulur”-Sərkisyan deyib.
Ermənistan dövlət başçısının sözlərinə görə, ehtiyatlı olmaq lazımdır, çünki Azərbaycan Ermənistandakı seçkiqabağı mübarizədən istifadə edə bilər. Ona görə də Sərkisyan orduya “parlament seçkiləri dövründə ayıq və uzaqgörən olmağı” tapşırıb.
Daha sonra Qarabağ məsələsindən danışan Sərkisyan deyib ki, münaqişənin nizamlanmasında hansısa dönüş hazırda mümkün deyil. Ona görə də yeganə yol Azərbaycanla Ermənistan arasında qüvvələrin tarazlığını saxlamaqdır. “Bakı bizi həmişə status-kvonu saxlamaqda günahlandırır. Lakin bu, doğru deyil. Hamını əmin etmək istəyirəm ki, biz doğrudan da problemin həllini arzu edirik. Ancaq reallıq belədir ki, azərbaycanlılar bizim üçün məqbul olmayan həll təklif edirlər, bu səbəbdən problem həll olunmur”-Serj Sərkisyan deyib.
Ermənistan prezidenti əlavə edib ki, danışıqlar davam etməli, sülh əldə olunmalıdır. Ancaq birtərəfli güzəştlər hesabına yox. “Biz situasiyanı dəqiq dərk edirik və Azərbaycandan birtərəfli güzəştlər gözləmirik. Eyni zamanda Azərbaycanın da bu sadə, aydın prinsipi anlamasını istəyirik”-o deyib.
Sərkisyan əlavə edib ki, Ermənistan Azərbaycanla silahlanma yarışına girməyəcək, ancaq qüvvələr balansını saxlayacaq. Çünki onun fikrincə bu qüvvələr balansının pozulması cəhdi hərbi əməliyyatların yenidən başlanması riskini yaradır.

Oxşar məqalələr