Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq nəqliyyat naziri Ziya Məmmədovun keçmiş müşaviri Çingiz Baxşıyevə və onun qızlarına məxsus külli miqdarda qızıl-zinət əşyalarını mənimsəmədə ittiham olunan Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktını elan edib.
İttihama görə, Rövşən Əhmədov qohumu Çingiz Baxşıyevin külli miqdarda əmlakını talamaqda və mənimsəməkdə təqsirləndirilir. O, Çingiz Baxşıyevə, qızları Fatimə İbrahimova ilə Sevil Baxşıyevaya ümumilikdə 800 min manat məbləğində maddi ziyan vurmaqda ittiham olunur. Törətdiyi əmələ görə 18 aprel 2016-cı ildə Rövşən Əhmədova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan cinayət işinin istintaqının davam etdirilməsi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinə həvalə olunub və 17 sentyabr 2016-cı ildə ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilib.
İstintaqla müəyyən edilib ki, Rövşən Əhmədov ona etibar edilmiş külli miqdarda əmlakı talamaq məqsədilə 2015-ci il sentyabr ayının əvvəllərində qohumu Çingiz Baxşıyevin ona etibar etdiyi 695 min manat, qızları Fatimə İbrahimovanın 50 min manat, Sevil Baxşıyevanın isə 55 min manat dəyərində müxtəlif çeşiddə qızı-zinət əşyalarını, qızıl sikkələri, qızıl manetləri ələ keçirib.
Çingiz Baxşiyev Nəqliyyat nazirinin müşaviri olmazdan əvvəl Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində işləyib.
Təqsirləndirilən R.Əhmədov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib.
“Altı-yeddi kilo qızılı verdim ki, saxlasın”
Uzun illər nəqliyyat sektorunda rəhbər vəzifələrdə çalışan Çingiz Baxşıyev məhkəmədə zərərçəkmiş qismində ifadə verərkən təqsirləndirilən şəxslə qohum olduqlarını, R.Əhmədovun onun yanında müfəttiş vəzifəsində işlədiyini göstərib:
"Analarımız əmiqızı idilər. Həmişə Rövşənə etibar etmişəm, 12 il yanımda işləyib, evimə gəlib-gedən adam olub. 2015-ci ilin axırlarında mən yoldaşımla Avstriyaya gedirdik. Gedəndə evdə nə qədər qızıl var idisə, hamısını yığıb, içində də nə olduğunu yazıb Rövşənə verdim ki, saxlasın. Hardasa təxminən 6-7 kiloqram qızıl olardı".
Yerli və xarici həkimlərin diaqnoz qoya bilmədiyi “zəhərlənmə faktı”
Ç.Baxşıyevin sözlərinə görə, ötən ilin fevral ayının əvvəllərində Rövşən ona zəng vurub qızılları təhvil vermək istədiyini deyib. Evdə olmadığına görə R.Əhmədova qızılları Fatiməgilə aparmasını tapşırıb.
Zərərçəkmişin iddiasına görə, R.Əhmədov qızılları təhvil verəndən bir müddət sonra onun həyatına qəsd etmək istəyib: "Fevral ayı idi. Axşamtərəfi Rövşən bulvarda mənimlə gəzirdi. Əlində qabda su vardı, suyu mənə təklif etdi və mən də içdim. Səhər yuxudan duranda halım pisləşdi, xəstəxanaya apardılar, mədəm qan içindəydi. Həkimlər nə yediyimi soruşdular, su içdiyimi söylədim. Uzun müalicədən sonra halım düzəlmədi və müalicə üçün Avstriyaya getməli oldum. İki həftə orda qaldım, qanımı təmizlədilər. Amma həkimlər dəqiq diaqnoz qoya bilmədilər”.
“Qızılların yerini soruşanda üstümə elə bağırdı ki…”
Zərərçəkmiş ifadəsində qızılların yoxa çıxmasından xəstəxanada yatarkən xəbər tutduğunu deyib:
“Qızım xəstəxanaya yanıma gələndə dedi ki, qızıl olan torba çox yüngüldür, içində heç nə qalmayıb. Ona dedim ki, gələndə özüm baxaram. Azərbaycana qayıdandan sonra gördüm ki, Rövşənin təhvil verdiyi torbada 300-400 qram qızıl ancaq olardı. Ona görə, zəng vurub evə çağırdım. Bankaları onun yanında açdım. Qızılların yerdə qalan hissəsinin harada olduğunu soruşduqda elə bağırıbdı ki… Dedi ki, mənim üstümə oğurluq yıxırsınız? Ona dedim get evinə, sakit ol, qızılları bura gətir. Sonra kürəkənim əlaqə saxlayanda Rövşən ona deyib ki, mən Çingizə müharibə elan eləyirəm. Məcbur olub hüquqlarımın bərpa olunması üçün şikayət etdim”.
Zərərçəkmiş yenə də mətbuatı günahlandırdı
Ç.Baxşıyev barəsində mətbuatda böhtan dolu xəbərlər yayımlandığını məhkəmənin diqqətinə çatdırıb: “Mənim şikayətimdən sonra Rövşəni saxladılar. Müstəntiqlərə deyirdi ki, məni buraxın, gedim qızılları gətirim. Bundan sonra Rövşənin vəkili vasitəsilə mətbuatda əleyhimə böhtan kampaniyası başladı. Haqqımda həqiqətə uyğun olmayan şeylər yazmağa başladılar. Bu qədər işlər var, amma mətbuatda yenə də məndən yazırlar".
Bundan sonra Ç.Baxşıyev tərəflərin suallarını cavablandırıb.
Dövlət ittihamçısı F.Nağıyevin “Rövşən Əhmədova saxlamağa verdiyiniz qızılların ümumi çəkisi nə qədər olardı?” sualına zərərçəkmiş “altı-yeddi kiloqram olardı, mətbuatda 50 kiloqram yazıblar, hamısı böhtandır” cavabınə verib.
“Siz mənə qızıllardan danışın, qızıllardan”
Vəkil A.Məmmədovun suallarını cavablandırarkən zərərçəkmişin R.Əhmədovun adına Salyanda klinika açdığı və
Sumqayıtda 2 hektar torpaq aldığı məlum olub.
Vəkil zərərçəkmişdən Salyanda fəaliyyət göstərən klinika ilə bağlı sualları cavablandırmasını istəyib: “Sizin Rövşən Əhmədovun adına nə qədər əmlaklarınız olubsa, hamısını qaytarıb verib özünüzə. Əgər mənimsəmək niyyəti olsaydı, elə klinikanı mənimsəyərdi”.
Zərərçəkmiş isə klinikayla bağlı danışmaq istəməyib: “Siz mənə qızıllardan sual verin, qızıllardan. Altı-yeddi kilo idi, mətbuatda 50 kilo yazırdılar. Müstəntiqin yanında mənə dedi ki, şikayətini geri götür, məni buraxsınlar, gedim qızılları gətirim”.
Vəkil: ”Müstəntiq bunu protokollaşdırdımı?”
Zərərçəkən bununla bağlı məlumatsız olduğunu dedi. Hakim Ə.Hacıyev isə ehtiyac olarsa müstəntiqlərin də çağırılıb məhkəmədə dindiriləcəklərini bildirdi.
Hakim: ”Qızılları qutuya yığmışdınız?”
Zərərçəkmiş: “Həyat yoldaşımla plastik qablara yığıb skoçlamışdıq”
Hakimin ”Qızınız nə bilirdi ki, orada nə qədər qızıl var? Onun ağır və ya yüngül olmasını haradan bilirdi?” sualına zərərçəkmiş “qızlarıma demişdim ki, hamısını Rövşənə vermişəm saxlamağa” cavabı verib.
Hakim Ç.Baxşıyevdən qızılları niyə öz qızına deyil, məhz R.Əhmədova etibar etdiyini soruşub: “Deyirsiniz ki, qızınızın yaşadığı bina daim mühafizə olunub. Onun evində kənar şəxslər olmayıb. Elə idisə, niyə qızılları qızınıza vermirdiniz saxlamağa?”
Zərərşəkmiş cavabında bildirib ki, qızılları əvvəlcə qızına vermək istəyib, ancaq sonradan ora gedə bilməyib və Rövşənə verib.
“Sənin evinə 1 milyon 360 min dollar gətirmişdim”
Ç.Baxşıyevin qızı Sevil Baxşıyeva zərərçəkmiş qismində dindirilərkən ifadəsində deyib ki, atasının qohumu R.Əhmədovun qızılları mənimsəyəcəyi onun ağlına da gəlməyib: “Mən özü qızıllarımın hamısını anama vermişdim ki, saxlasın. Rövşən gündə 70 dəfə bizə gəlib-gedirdi. Heç vaxt inanmazdım ki, qızılları mənimsəyər. Həmin qızılların arasında 50 onluq, 10 ədəd beşlik qızıllarım vardı”.
Təqsirləndirilən R.Əhmədov Çingiz Baxşıyevin tapşırığı ilə qızının evinə əvvəllər 1 milyon 360 min dollar gətirib verdiyini açıqlayıb. Zərərçəkmiş S.Baxşıyeva bunun həqiqətə uyğun olmadığını deyib və hətta ironiya ilə “yox bir, 5 milyon gətirmisən” deməklə kifayətlənib.
Daha sonra zərərçəkmiş Fatimə Baxşıyeva ifadə verib. O, ifadəsində göstərib ki, ötən ilin fevral ayında atası zəng vurub və R.Əhmədovdan çantanı almasını istəyib: “Atam dedi ki, Rövşən qızılları gətirib sənə verəcək. Həmin vaxt mən işdə idim. Həyat yoldaşım Ayaz xəstə olduğuna görə evdəydi. Mən də Ayaza zəng vurub Rövşənin qızılları gətirəcəyini xəbər verdim. Bundna sonra Rövşən gəlib. Evdə qulluqçu da olub həmin vaxt. Rövşən qızılları Ayaza verib çıxıb gedib. Evə gələndə çantanı əlimə alandan gördüm ki, yüngüldür. Tez atama zəng vurdum. Atam dedi ki, özüm araşdıracağam”.
Məhkəmə prosesi fevralın 21-də davam edəcək.