İrəvanda və dünyada işğala qarşı çıxanlar çoxalır
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Azərbaycan hökumətinin qərarı bütün dünyaya səs salıb. Bu, həm də ermənilərə bir çağırişdır ki, artıq Azərbaycan ərazilərini işğaldan azad etmək vaxtıdır. Ötən ilin aprelində erməni kəşfiyyat bölümlərinin geniş təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun keçirdiyi əməliyyat, başqa sözlə, döyüş dərsi İrəvanda həm hakimiyyət dairələrinin, həm də əhalinin hafizəsində möhkəm iz salıb. Düzdür, məğlubiyyətlərini boyunlarına almırlar, bu da təbiidir, əksinə, qalib olduqları barədə uydurmalar söyləyirlər. Məsəl var, deyirlər ki, düşmən qarşısında çığır-bağır salandan soruşurlar ki, niyə qışqırırsan? Cavab verir ki, “hərbə-zorba gəlirəm”. Deyirlər, bəs, niyə titrəyirsən? Cavab verir ki, axı qorxuram! Aprel dərslərindən sonra da ermənilərin canına möhkəm qorxu düşüb. Çünki, Azərbaycan Ordusunun gücünü aydın görüblər.
Aprel dərslərini Azərbaycanın uzun illər apardığı mübarizənin sona çatdırılması üçün ilk addım saymaq olar. İkinci addım isə Cocuq Mərcanlı kəndinin bərpasıdır. Azərbaycanın səylə nail olmaq istədiyi sülh danışıqlarının ikinci mərhələsi kimi bu işin əhəmiyyəti böyükdür. Ona görə ki, yoxsulluq içində yaşayan ermənilər gözləri görən məsafədə Azərbaycanın quruculuq işlərinin vüsətini bilavasitə müşahidə edəcəklər. Müstəqil erməni eksperti Arman Melikyan ölkəsinin acınacaqlı durumundan danışaraq qeyd edir: “Ermənistan vətəndaşları yoxsulluq, aclıq və hüquqsuzluq ucbatından ölkədən qaçırlar”.
Son 25 ildə yalnız dağıtmaq və öldürmək düşüncəsi ilə yaşayan ermənilərin düşüncələrində ciddi dəyişikliklər üçün bu faktor başlıca rol oynayacaq. Çünki, artıq erməni cəmiyyətində millətçi-daşnak əhval ruhiyyəsi ilə “başqalarının bədbəxtliyi üzərində xoşbəxtlik axtarmaq” ideologiyasının çürüklüyünü anlamağa başlayıblar. Məsələn, bir müddət öncə məşhur jurnalist və publisist Liza Caqaryanın “Mən isə qorxuram” başlığı altında dərc olunmuş məqaləsi Ermənistanın ictimai fikrində böyük rezonans doğurub.
Caqaryan erməni xalqını Azərbaycanla, lap güzəştlərin hesabına olsa belə, sülhün zəruriliyini dərk etməyə, Qarabağ müharibəsi nəticəsində erməni xalqının düşdüyü vəziyyətin bütün faciəviliyini anlamağa çağırır: “Mən sülh istəyirəm, qarşılıqlı güzəştlər yolu ilə, o şərtlə ki, uşaqlarımız yaşasınlar. Siz isə bunun əvəzində mənim kimi “satqın”ların burnunun ucunda bir yığın cırıltılı sözlər əsdirirsiniz. Mən Vaqram Atanesyan kimi qarabağlıların sərsəmləmələrindən qorxuram. Nəyə görə Qarabağda heç kim Bakının Ermənistanın bir hissəsi olduğunu deyən bu adamlardan soruşmur ki, sən kimin həyatı hesabına “Bakıda çay içmək” istəyirsən?
Həyat çox şirindir, kreslolarında oturub Bakıda çay içən xanımlar və cənablar. Lakin axı kim sizin o vətənpərvər kəllələrinizə yeridib ki, məhz sizin həyatınız bu cür şirindir, sərhəddə dayanan əsgərlər isə bu “şirinliy”i yalnız qorumaq üçündür? Mən “vətən uğrunda ölmək lazımdır” deyərək təbil çalan, öz rolunu isə yalnız bu mövzuda təxribatçılıqda görənlərdən qorxuram”.
L.Caqaryan tək deyil. Onun məsləkdaşları gündən günə artır. Əslində, bu adamlar çoxdan belə düşünürlər. Amma sözlərini deyə biləcəkləri cəmiyyətin yoxluğu onları susmağa məcbur edib. İndi isə zaman yetişib. Vəziyyət belə qala bilməz. Çünki, erməni xalqı yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir. Digər tərəfdən, Azərbaycanın apardığı məqsədyönlü, humanist və ağıllı siyasət ermənilərin düzgün yola istiqamətlənməsinə şərait yaradıb. Erməni ictimai xadimlərinin, fəalların tez-tez kömək üçün Azərbaycana müraciət etməsi və beynəlxalq qanunlar çərçivəsində yardımlar alması onları bu işə cəsarətləndirib. Məhvə doğru gedən və Azərbaycana qarşı təcavüzkarlıq edən bir xalqa münasibətdə belə böyük insaniyyətlik nümayiş etdirmək dünyada da ehtiramla qarşılanır və təqdir olunur.
Faktiki olaraq, Ermənistanla müharibə şəraitinin mövcud olduğu bu zamanda Azərbaycanın Cocuq Mərcanlı kəndinin bərpası getdikcə qonşu ölkədə və beynəlxalq aləmdə daha böyük rezonans doğuracaq.
IIKSmedia.az