AXTAR

“Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə başlanılıb

made_in_azerbaijan.jpg

Bunu "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans zamanı İqtisadiyyat naziri Şahin Mustafayev öz çıxışında deyib.

Iksmedia.az Trend-ə istinadən xəbər verir ki, Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda iqtisadiyyat naziri Şahin Mustafayev çıxış edib.

Nazir qeyd edib ki, regionların davamlı inkişafında və əhalinin məşğulluğunda olduqca əhəmiyyətli rol oynayan sahibkarlığın inkişafı üzrə tədbirlər hesabat ilində də davam etdirilib: "Yoxlamaların dayandırılması ilə bağlı qanunun qəbulundan sonra ötən il vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq sahəsində cəmi 60 yoxlama keçirilib. Müqayisə üçün 2015-ci ildə bu yoxlamaların sayı 62 minə yaxın olub. Sahibkarların maarifləndirilməsi məqsədilə ötən il regionlarda 3400 sahibkarın iştirakı ilə 33 işgüzar forum keçirilib. Hesabat ilində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2500 sahibkara 190 milyon manatadək güzəştli kredit verilib və nəticədə 8100-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Kreditlərin 74 faizi regionların payına düşür. Bu il sahibkarlıq subyektlərinə qaytarılmış vəsaitlər hesabına 150 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur".

Ş.Mustafayev bildirib ki, ixracın təşviqi üzrə qəbul etdiyiniz qərarlara uyğun olaraq, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, ixrac missiyalarının təşkilinə və digər tədbirlərin icrasına başlanılıb:

"Keçirilmiş üç ixrac missiyası zamanı imzalanmış müqavilələrə əsasən, yeni bazarlar olan Çinə şərab, Birləşmiş Ərəb Əmirliklərinə ərzaq məhsullarının ixracına başlanılıb. Ötən ilin noyabrından etibarən şərab, pambıq ipliyindən məmulatlar, konservlər, su və şirələr, fındıq və digər məhsulların Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə, Belarus və sair ölkələrə ixracı ilə əlaqədar ixrac təşviqinin ödənilməsinə dair qərarlar qəbul edilib. "İxracatçılar Klubu"nun 10 iclası keçirilib, Export.az ixrac portalı istifadəyə verilib, şərab, nar, fındıq, meyvə-tərəvəz, tikinti materialları, arıçılıq məhsulları istehsalçıları və ixracatçıları assosiasiyaları yaradılıb, mənşə sertifikatının verilməsi sadələşdirilərək müddəti üç gündən bir günə endirilib. Ümumilikdə, ötən il tərəvəz ixracı 41 faiz, meyvə ixracı 11 faiz, pambıq iplik ixracı isə 25 faiz artıb".

Onun sözlərinə görə, cari il xüsusilə kənd təsərrüfatı məhsullarının və şərabın ixracının artırılması üçün bir sıra ölkələrə ixrac missiyaları və beynəlxalq sərgilərdə iştirak təmin olunacaq. Prezidentin göstərişinə əsasən, bu il Belarus, Rusiya və Ukraynada ticarət evlərinin yaradılması, habelə xarici ölkələrdə ticarət nümayəndələrinin təyin edilməsi sözsüz ki, ixracın artırılmasına mühüm töhfə verəcək:

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan, eləcə də Nazirlər Kabinetinin 2016-cı ildə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında irəli sürdüyünüz vəzifələr, o cümlədən rəqabətqabiliyyətli müəssisələrin yaradılması, qeyri-neft ixracının və idxalı əvəz edən məhsul istehsalının artırılması, yerli və xarici investisiyaların cəlb edilməsi və digər tədbirlər regionların da davamlı inkişafına öz töhfəsini verəcək. Sizi əmin etmək istərdim ki, bu vəzifələrin tam yerinə yetirilməsi üçün bütün imkanlarımızı səfərbər edəcəyik".

Oxşar məqalələr