Azərbaycan vətəndaşlarının 85 faizi öz Vətəni uğrunda döyüşməyə hazırdır.
Virtualaz.org-un məlumatına görə, bu, “WIN/Gallup International” tərəfindən dünyanın 64 ölkəsində aparılan qlobal sorğu zamanı məlum olub.
Ümumilikdə respondentlərin 61 faizi ölkələri uğrunda döyüşməyə hazır olduğunu, 27 faizi isə döyüşməyə hazır olmadığını bildirib.
Vətəndaşları ölkələri uğurunda döyüşməyə hazır olan ölkələr daha çox Yaxın Şərq və Şimali Afrikada (83 faiz), Qərbi Asiyada (82 faiz), ən az isə Qərbi Avropa (25) regionundadır.
Yaponlar sorğu zamanı ölkələri uğrunda döyüşməyə ən az (11 faiz) hazır olan respondentlər olublar. Almanların 13 faizi, britaniyalıların 27 faizi, fransızların 29 faizi ölkələri uğrunda döyüşməyə hazırdır.
Rəyi soruşulmuş qadınların əksəriyyəti (52%) kişilərlə birlikdə vuruşmağa (67%) hazır olduqlarını bildiriblər.
Dini əlamətlər üzrə müsəlmanlar daha döyüşkən (78%) çıxıblar. Sonra hindular (77%) və buddistlər (66%) gəlirlər. Rusiya və Şərq pravoslavlarında bu göstərici 53% olub.
Sorğunun nəticələrinə görə, azərbaycanlıların 85 faizi Vətən uğrunda döyüşməyə hazırdır. Azərbaycanlılar ölkələri uğrunda döyüşməyə hazır olan xalqlar sırasında 6-cı yerdə qərarlaşıb.
Gürcülər 76 faizlik göstərici ilə 9-cu, ermənilər 72 faizlik göstərici ilə 15-ci yerdə qərarlaşıb. Siyahıya 94 faizlik göstərici ilə Mərakeş və Fici başçılıq edir.
Ukraynalılar 62 faizlik göstərici ilə 24-cü, ruslar 59 faizlik göstərici ilə 27-ci, İsrail 66 faizlik göstərici ilə 20-ci yerdə qərarlaşıb.
Sorğuya 62398 respondent (hər ölkədən 1000 nəfər) cəlb edilib.